Azərbaycan Prezidenti Heydər Əliyevin "Moskovskiy Komsomolets" qəzetinin müxbirinə müsahibəsi - Ankara, Gülhanə Tibb Akademiyası, 26 yanvar 1999-cu il


Heydər Əliyeviç, birinci sual aydındır: Türkiyədə müalicə olunmaq zərurəti nə üçün yarandı və siz özünüzü indi necə hiss edirsiniz?

Heydər Əliyev: Dərhal cavab verim ki, özümü çox yaxşı hiss edirəm. Mənə nə olmuşdur? Bilirsinizmi, mən 9 il əvvəl Moskvadan getdiyim vaxtdan bəri həkimin xidmətlərindən bir dəfə də olsun istifadə etməmişdim. Soyuq dəyəndə və ya qriplə xəstələnəndə özüm-özümü müalicə edirdim. Əsasən aspirin içirdim. Demək istəyirəm ki, orqanizmimdən inciməyə əsasım yoxdur. Bu doqquz ildə mən əslində gecə-gündüz işləmişəm.

Bu dəfə - iki həftə əvvəl, bazar ertəsi axşam özümü rahatsız hiss etdim. Lakin çərşənbə axşamı buna əhəmiyyət verməyib işə getdim. Axşam isə temperaturum 38 dərəcəyə qalxdı. Aspirin içdim və ertəsi gün işə getdim, ancaq özümü tam sağlam hiss etmirdim. Hətta katibi iki dəfə çağırdım - soruşdum ki, nə üçün kabinet soyuqdur. Cavab verdi ki soyuq deyildir - hər şey həmişəki kimidir. Cümə gününədək belə davam etdi. Cümə günü axşam isə temperatur kəskin surətdə qalxdı və məndə öskürək əmələ gəldi, həkim çağırmaq lazım oldu. O, "Sizdə qrip var, bu da bronxlara fəsad veribdir" deyib dərman verdi. Mən şənbə günü saat ikidə əhalinin siyahıyaalınmasına həsr olunmuş respublika müşavirəsi təyin etmişdim.

Amma hiss etdim ki, qüvvəm kifayət qədər deyildir. Günün sonuna yaxın güclü öskürək əmələ gəldi, temperaturum isə daha da qalxdı. Belə olduqda ağ ciyərlərimi rentgenə saldılar və şəkildə göründü ki, onlarda dəyişiklik əmələ gəlibdir. Nə isə, çox pis virus qripi ağ ciyərlərə fəsad verdi - yüksək temperatur, öskürək də bu səbəbdən yaranmışdı. Demək lazımdır ki, şənbə axşamı bütün illər ərzində mənim üçün nə qeyri adi axşam idi. Həkimlər gecədən xeyli keçənədək yanımda oldular və dedilər ki, stasionar müalicə lazımdır.

Elə bu vaxt Türkiyə prezidenti, dostum Süleyman Dəmirəl mənim xəstəliyimdən xəbər tutdu. O, oğlumla telefonla danışdı və dedi ki, dərhal həkimlər briqadası göndərir. Həqiqətən onlar iki təyyarə ilə elə həmin axşam gəldilər. Uzun illər Moskvada işləmiş qohumum, tibb professoru Rusiyadakı dostlarına zəng vurdu və onlar səhər gəldilər. Türkiyə həkimlərdə, Rusiya həkimləri də təkid edirdilər ki, stasionarda müayinədən keçmək və müalicə olunmaq lazımdır. Türklər təkid edirdilər ki, mən onlarla birlikdə gedim. Mən isə istəyirəm ki, onlar müalicəni Bakıda təşkil etsinlər. Lakin onların fikrincə, bu , mümkün deyildi. Üstəlik, onlar Dəmirələ zəng vurdular. Bundan sonra Dəmirəlin özü zəng vurdu və məni inandırmağa başladı ki, onların ən müasir səviyyəli Hərbi Tibb Akademiyasına gəlmək lazımdır. Hava limanında məni Dəmirəlin özü, digər rəhbərlər qarşıladılar. Məni birbaşa buraya da onlar gətirdilər.

Bəs nə üçün Siz müalicə olunmağa Rusiyaya getmədiniz?

Heydər Əliyev: Bilirsinizmi, Türkiyə tərəfindən dövlət səviyyəsində maraq göstərildi. Rusiyadan isə həkimlər qeyri-rəsmi surətdə gəlmişdilər və mənə heç bir rəsmi dəvət yox idi. Hərçənd, Rusiyanın Baş Naziri Primakovdan da, Moskvanın meri Yuri Lujkovdan da, bir çox qubernatorlardan da teleqramlar almışam. Digər tərəfdən, Türkiyədə mənim gəlişim üçün hər şey hazır idi. Üstəlik, düşündüm ki, Rusiyada onun öz xəstələri var və nəyə görə mən həkimlərə əlavə zəhmət verməliyəm.

Son vaxtlar mətbuatda şayiələr yayılmışdır ki, xəstəliyiniz qismən "diplomatik xarakter" daşıyır və Siz əslində Türkiyəyə Azərbaycanda Türkiyənin hərbi bazalarının yaradılması haqında danışıqlar aparmağa gəlmisiniz. Buna baxmayaraq, Azərbaycan ərazisində Türkiyənin və ya NATO -nun hərbi bazalarının yerləşdirilməsi mümkündürmü?

Heydər Əliyev: Azərbaycanda xarici bazalar yoxdur. Ancaq onların olmasının mümkünlüyündən danışarkən bir sıra məsələlər kompleksini xatırlamaq lazımdır. Bəzi MDB ölkələrində, o cümlədən Ermənistanda Rusiyanın hərbi bazaları var. Mən tamamilə səmimi olaraq hesab edirəm ki, bilavasitə Rusiya üçün buna zərurət yoxdur. Demək lazımdır ki, "MDB-nin xarici sərhədləri"nin birgə mühafizəsi barədə bizə də təkliflər edilmişdi. Mən bu təklifləri orada öz hərbi qüvvələrinin olmasını təmin etmək üçün bəhanə hesab edirəm.

Rusiyanın Müdafiə Nazirliyi tərəfindən Ermənistana gizli surətdə silahlar göndərilməsi faktları 1997-ci ilin martında aşkara çıxarıldı. Son yarım ildə isə bu silahlar tamamilə açıq-aşkar və leqal surətdə göndərilir. Rusiya ilə hətta ümumi sərhədi olmayan Ermənistanın ərazisində birinci dərəcəli "MİQ-29" təyyarələri, "S-300" zenit-raket kompleksləri yerləşdirilir. Mətbuatda xəbərlər yayılıb ki, guya Rusiyanın və Ermənistanın hava hücumundan müdafiə vasitələri birləşdirilməlidir.

Məni sakitləşdirməyə çalışırlar: Bütün bunlar Sizə qarşı yönəldilməyibdir. Onda bəs, kimə qarşı yönəldilibdir? İrana qarşımı? Axı Rusiyanın İranla gözəl münasibətləri var. Türkiyəyə qarşımı? Lakin belə hesab etmək sadəcə ağılsızlıq olardı ki, Türkiyə nə vaxtsa Rusiyaya hücum edəcəkdir. Mənə deyirlər: NATO-ya qarşı. Mən cavab verirəm: Axı sizin NATO ilə Avropada çox böyük sərhədiniz var. Burada, ucqar bir yerdə niyə bazalar yaradırsınız?

Bu cür siyasət MDB-ni qətiyyən möhkəmlətmir. Mən razıyam ki, MDB-ni qətiyyən lazımdır və Rusiya, şübhəsiz, MDB-nin özəyidir. Lakin ittifaqı necə möhkəmlətmək olar, - bir halda ki, ona daxil olan bir ölkə digər ölkə ilə müharibə edir və həm də həmin ittifaqın üçüncü bir ölkəsi tərəfindən silahlandırır? Mən buna bənzər bir şey bilmirəm. Ona görə də Rusiya rəhbərliyinin indiki siyasətini düzgün siyasət hesab etmirəm, üstəlik, o qədər də uzaqgörən siyasət hesab etmirəm.

Amma hər halda cavab verin, Azərbaycanda Türkiyənin hərbi bazaları yerləşdiriləcəkmi?

Heydər Əliyev: Gəlin qabağa qaçmayaq. İndi belə məsələ qarşıda durmur.

Heydər Əliyeviç, Siz xəstəliyiniz müddətində prezidentin bəzi vəzifələrinin icrasını kiməsə tapşırıbsınızmı?

Heydər Əliyev: Xeyr. Mən buna ehtiyac görmürəm. Mən tamamilə normal vəziyyətdəyəm. Bakı ilə daim əlaqə saxlayıram. Mənə zəng edir, məsləhətləşir, bütün mühüm məsələlər barəsində fikrimi soruşurlar. Mən deyərdim ki, Azərbaycan dövləti və hökuməti normal işləyirlər.

Xəstəlik Sizi varis hazırlamağın zəruriliyi barədə düşünməyə vadar etdimi?

Heydər Əliyev: Yaxın beş il üçün mən heç kimi hazırlamıram və hazırlamaq fikrində də deyiləm. Mən hələlik öz vəzifələrimi yerinə yetirməyə qadirəm. Zəruriyyət hesab etdikdə isə, bunu hökmən edəcəyəm.

Müsahibəni qəzetin müxbiri Aleksandr Budberq aparmışdır.( "Moskovski Komsomolets" qəzeti), 28 yanvar 1999-cu il.

Tarixi arayış