Azərbaycan Prezidenti Heydər Əliyevin ANS teleşirkətinin xüsusi müxbirinə müsahibəsi - 19 yanvar 1999-cu il


Sual: Cənab prezident, Siz burada da işləyirsiniz. Xarici işlər nazirini qəbul eləmisiniz, Süleyman Dəmirəl burada olubdur.

Cavab: Əlbəttə, işləyirəm. Siz yəqin ki, bunları çəkdiniz. Dünən çox adamlar gəliblər. Bülənd Ecevit də gəldi, Hikmət Çətin də gəldi.

Sual: Özünüzü necə hiss edirsiniz.

Cavab: Normal.

Sual: Cənab prezident, rəsmi diaqnoz nə qoyublar?

Cavab: Bilirsən, rəsmi diaqnozu doktor deyə bilər. Mən belə şeylərlə heç vaxt maraqlanmıram. Hər halda bir şey məlumdur ki, bədənimdə nəsə ağrı var. Gündüz işlədim və hiss etdim ki, temperaturum var. Bunu bəzən hiss edirəm. Amma bu, mənim üçün qeyri-adi bir şey deyildir. Bəzən ya soyuq dəyir, ya qrip oluram, amma bunları ayaqüstə keçirirəm. Düzdür, bu, az hallarda olur, amma ara-sıra olur. Ona görə də bu günlərdə - ikinci, üçüncü, dördüncü günlər mən işləyərkən bir gün rahatsız olurdum.

Nəhayət, beşinci gün mən çox işlədim. Saat on idi, gedəndə gördüm ki, bədənim artıq çox istidir. Gəldim, temperaturu ölçdüm, gördüm ki, yüksəkdir - 38 dərəcəyə yaxındır. Aspirin içdim ki, temperaturu aşağı salım. Mən artıq demişəm, doqquz ildir ki, həkimsiz yaşayıram, heç bir müalicə aparmıram. Amma gecə gördüm ki, istim daha da qalxır. Məndə bir az da öskürmə əmələ gəldi. Səhər, altıncı gün siyahıyaalma ilə əlaqədar müşavirə təyin eləmişdim, yadınızdadır.

Müxbir: Bəli, Sizi orada görmədik, ondan narahat olduq.

Heydər Əliyev: Bəli, saat 12-də onu mən özüm aparmalı idim. Fikrim də var idi ki, işə gəlim. Ancaq təxminəm saat 1-ə yaxın gördüm ki, temperaturum çox qalxdı. Rasizadəyə və Mehdiyevə telefon elədim və dedim ki, iclası siz aparın, mən gəlməyəcəyəm.

Ondan sonra, axşam istiliyim daha da qalxdı. Mən yenə də istəyirdim ki, istiliyimi aspirinlə aşağı salım. Ancaq axşam saat 9-da, 10-da öskürmə artdı. Onda mən həkimlərə müraciət etdim. Gəldilər, mənə iynə - antibiotiklər vurdular. Məndə yüksək temperatur, öskürmə iki-üç saat davam etdi. Şübhəsiz ki, bunlar da məni bir az zəiflətdi.

İlham mənim belə vəziyyətimi gördü və dostum prezident Süleyman Dəmirələ sadəcə telefon etdi. Şübhəsiz ki, o da narahat olduğuna görə, dərhal iki təyyarə ilə həkimlər göndərdi. Onlar gələnə qədər artıq məndə temperatur da keçmiş, normallaşmışdı, öskürmə də kəsilmişdi və mən hesab edirdim ki, bazar günü yenə işə gedə bilərəm. Ancaq bunlar gəldilər, məsləhətləşdilər. Gecə Rusiyadan da bir briqada kardioloqlar gəldi, onlar da bizim Cəmilin (professor Cəmil Əliyev - red.) dostlarıdır, öz təşəbbüsü ilə telefon edib çağırmışdı.

Onlar və bunlar, yəni Türkiyədən gələnlər, Rusiyadan gələnlər məsləhətləşdilər və hamısı bir yerdə gəlib mənə dedilər ki, heç şey yoxdur. Ancaq bir halda ki, siz doqquz ildir həkimsiz yaşayırsınız, heç bir müayinə keçməmisiniz, - hər halda həyatınızda ağır bir neçə saat olubdur, - ona görə də haraya istəyirsiniz müayinəyə gedin.

Şübhəsiz ki, məni prezident Süleyman Dəmirəl dəvət etmişdi. Mən yenə də tərəddüd edirdim. Sonra həkimlər prezident Süleyman Dəmirələ xəbər verdilər. O, mənə telefon etdi, çox təkidlə, qardaşyana dedi ki, səni görmək istəyirəm, buraya gəl, - həm görüşək, həm də müayinə, müalicə olun. Ona görə də mən qərara aldım və gəldim buraya. Burada qeyri-adi bir şey yoxdur.

Sual: Cənab prezident, bizi narahat edən başqa şeydir. Azərbaycan televiziyasından Sizin səhhətiniz haqqında məlumatı eşidəndə, sözün düzü, çox nigaran olduq. Bu informasiyanın efirə getməsinə, ümumiyyətlə bu şəkildə yayılmasına Siz özünüzmü icazə vermisiniz?

Cavab: Nəinki icazə vermişəm, bu mənim öz təşəbbüsüm idi. Çünki niyə? Bir halda ki, gecə Türkiyədən təyyarə ilə həkimlər gəldilər və Moskvadan həkimlər gəldilər, mən belə anladım ki, cürbəcür şayiələr yayılacaqdır. Ona görə mən özüm səhər Əli İnsanova göstəriş verdim, dedim ki, kiçik bir xəbər hazırla, ver. Çünki başqa dövlət başçıları xəstələnir, nə bilim, qrip olurlar, o dəqiqə məlumat verirlər. Mən də dedim ki, hazırla, ver. Mən bunu sadəcə, insanların cürbəcür şayiələr yaymamasına görə dedim. Bilirəm ki, bu həkimlərin gəlməyini kimsə görübdür, kimsə bilibdir. Hərə bir şayiə yayacaq ki, Türkiyədən birdən-birə həkimlərlə iki təyyarə gəldi Ona görə də bunu mən özüm etdim.

Müxbir: Amma orada terminoloji çətinliklər var idi.

Heydər Əliyev: Nə idi?

Müxbir: Kəskin respirator virus infeksiyası fonunda obstruktiv..., Nə bilim nə. Bəlkə də camaatı çaşdıran elə bu olub ki, xəstəliyin adı belə çətindirsə, görəsən, özü necədir.

Cavab: Yəqin ki, bizim səhiyyə naziri gərək daha sadə dildə deyəydi.

Sual: Cənab prezident bu həm də strateji seçimdir - Siz Rusiyanın yox, məhz Türkiyəni seçdiniz. Bu, böyük neftin Ceyhandan keçməsi ilə bağlı Azərbaycan prezidentinin daha bir eyhamı deyilmi?

Cavab: Bilirsən, siz jurnalistlər böyük şeyləri kiçildirsiniz. Bu, Azərbaycanla Türkiyə arasında olan dostluq, qardaşlıq əlaqəsinin bir daha təzahürüdür. Mənim prezident Süleyman Dəmirəllə də çox səmimi, qardaşcasına dostluğumun təzahürüdür. İnsan xəstələnəndə və yaxud çətinliklərlə qarşılaşanda ən yaxın adamları ilə bir yerdə olur, elədirmi? Bunlar ailə üzvləridir, dostlarıdır. Süleyman Dəmirəl mənim çox qədim dostumdur. Otuz ildən artıqdır biz bir-birimizi tanıyırıq və əlaqələrimiz də həmişə davam edibdir. Gecə biz İlhamla bərabər onunla iki-üç dəfə telefonla danışırıq - başa düşürsünüz, narahat olubdur, məni dəvət eləyibdir. Belə olan halda mən hara gedə bilərdim? Bu, birinci. İkincisi də, əgər seçim olsaydı, mənim özümə qalsaydı ki, hansı ölkəyə gedim, mən yenə də Türkiyəyə gələcəkdim. Bu, heç də Bakı - Ceyhanla əlaqədar deyildir. Bu, Azərbaycan Türkiyənin əlaqələrinin nə qədər qardaşlıq əlaqələri olduğunu göstərir və bir də bizim münasibətlərimizin nə qədər strateji əhəmiyyət xarakteri daşıdığını göstərir.

Sual: Sizin Süleyman Dəmirəllə münasibətlərinizdən mənim xəbərim var. Səhv eləmirəmsə, Siz demişdiniz ki, Süleyman Dəmirəl elə adamdır ki, mənim qolumu da istəsə, ona verərəm. Öz canınızı ona etibar eləməklə bunu bir daha sübut etdiniz.

Amma bu sual mənim sualım deyil, müxalifət mətbuatında daha çox hallanan suallardan biridir. Yeri gəlmişkən, müxalifət mətbuatını izləyə bilirsinizmi, burada imkanınız varmı?

Cavab: Bilirsiniz, mən heç vaxt ona o qədər fikir vermirəm. Bu gün burada mənə bir az danışdılar. Əgər sən bu barədə bir məlumat vermək istəyirsənsə, buyur.

Sual: Sizin xəstəliyiniz müxalifət mətbuatında çox narahatlıqla izlənilir və bu narahatlıq çox özünəməxsusdur. Məsələn, mən bu ifadənin heç dilimə gətirmək istəmirəm çox qəribə, axmaq hazırlıq, tədarük ovqatı var, nə bilim. Murtuz Ələsgərov hələlik prezident oldu və sair. Mən belə, bu tipli söhbətlərə sizin münasibətinizi soruşmaq istəyirəm də, istəmirəm də.

Cavab: Sən narahat olma, istə. Onların arzusu gözlərində qalacaqdır. Murtuz Ələsgərov prezident olmayacaqdır, çünki mən prezidentəm. Mən sənə deyim ki, buraya gəlmək haqqında qərar qəbul edəndən sonra təhlükəsizlik şurasının üzvlərini və bir neçə başqa rəhbər vəzifəli şəxsləri iqamətgaha dəvət etdim, bu xəstəliyim haqqında özüm məlumat verdim. Onlara dedim ki, mən qərar qəbul etmişəm. Türkiyəyə gedirəm. Göstərişlərimi verdim - kim nə etməlidir, kim nə iş görməlidir və bəyan etdim ki, mənim elə bir ağır xəstəliyim yoxdur ki, səlahiyyətimi kiməsə verim.

Ona görə prezident səlahiyyətləri mənim özümdədir. Mən bu gün də, dünən də Ankaradan Azərbaycanın prezidenti səlahiyyətlərini həyata keçirirəm. Əlaqə saxlayıram, mənə məlumatlar verirəm. Ona görə də mən səlahiyyətlərimi heç kəsə verməmişəm. Nə üçün belə qəribə şeylər qururlar ki, "Murtuz Ələsgərov nə qədər prezident ola biləcəkdir?". Onlar yəqin ki, mənim vəfat etməyimi arzu edirdilər.

Bilirsiniz, bu arzularla yaşayan insanlara mən insan deyə bilmərəm. İnsan bir-birinə nə qədər pis münasibət də bəsləsə, hətta düşmən də olsa, humanist olmalıdır. Amma müxalifətdə meydana gələn həmin o sən dediyin fikirlər onların nəinki humanist olmadığını, onların vəhşi olduğunu, mədəniyyətdən tamamilə uzaq olduqlarını göstərir.

Bizim xalqımızın mənəvi dəyərlərindən biri də odur ki, çətin vəziyyətdə insan həmişə başqa şeyləri unudub öz xoş münasibətini göstərməlidir. Ancaq əgər mən bir gün xəstə olmuşamsa... Başqaları, hökumət başçıları var, on gün, on beş gün xəstə olurlar. Nə oldu, indi mən bir gün, iki gün xəstə olmuşam, belə cürbəcür fərziyyələr irəli sürürlər.

Mən sənə deyirəm və sən də bunların hamısını ver efirə: onların arzuları gözlərində qalacaqdır. Heydər Əliyev hələ bir çox illər prezidentliyini davam etdirəcəkdir və Azərbaycanın problemlərini həll edib, Azərbaycanı inkişaf etmiş bir dövlət kimi başqa əllərə verəcəkdir.

Sual: İnşallah, nə vaxt çıxacaqsınız?

Cavab: Bunlar deyirlər ki, hələ bir iki-üç gün də müayinə lazımdır. Mən bunlarla razıyam. Məsələn, bir şey deyim. Dünən diş həkimi gəlmişdi, deyir dişlərinizi göstərin. Baxır mənim dişlərimə, deyir ki, bunlar cümhur başkanının dişləri ola bilməz. Dedim niyə? Dişlərim sağlamdır, mən yeyirəm, özü də bu yaşımda hamısı öz dişlərimdir. Deyim ki, yox, bax, bunu müalicə etmək lazımdır, onu etmək lazımdır. Təsəvvür edin ki, həqiqətən, doqquz ildir mənim dişlərimə bir diş həkimi baxmayıbdır. Amma, məsələn, vaxtilə mən Moskvada Siyasi Büroda işləyəndə qanun idi ki, gərək ayda bir dəfə dişlər profilaktika nöqteyi-nəzərindən yoxlanılsın, nə bilim, daş varsa, təmizlənsin, profilaktik dərmanlar vurulsun. O vaxt mən buna riayət edirdim, çünki orada o şəraitdə idim.

Amma mən 90-cı ildə oradan Naxçıvana gəldim, - hansı imkanım var idi bunu etməyə? Bakıya gələndən sonra mənim imkanım var idi. Ancaq bunu bilin, mən belə qərar qəbul etdim: üç il ki, o ağır blokda şəraitində həkimsiz və böyük məişət çətinlikləri içərisində yaşadım, hesab etdim ki, bundan sonra da heç bir həkimə, tibbə müraciət etməyəcəm, təbiət, Allah-təala məni yaşadıb, yaşadacaqdır. Enerjim var, işləyirəm, yorğunluğum - filanım yox, nə üçün müraciət edim.

Ona görə də indi bunlar deyirlər, bir halda ki, doqquz ildir müayinə olunmamısan, bir neçə gün də qalmaq lazımdır. Düzdür, gələn günü çox şeyləri - qan analizi, başqa şeylər ediblər, cürbəcür aparatlarla baxıblar. İndi mənim burada olmağım yalnız bununla bağlıdır.

Mən də düşündüm, - bir halda ki, "ibtidai icma şəraitində" doqquz il yaşamışam, heç olmasa indi müasir şəraitə keçim. Ona görə razılıq verdim ki, qoy nə yoxlama aparılarsa - aparsınlar, orqanizmin bütün hüceyrələrini yoxlasınlar, bilsinlər nə var, lazım olsa müxalifətə də göstərərlər ki, arxayın olsunlar.

Sual: Heydər müəllim, bu, balaca da olsa, sınaqdır. Mən son sualımı verirəm, Sizi yormaq istəmirəm. Bu sınaqdan yaxın və uzaq ətrafınız necə çıxdı? Bir prezident kimi bunu necə qiymətləndirirsiniz?

Cavab: Bu sınaqdan mən özüm çıxıram, necə yəni yaxın və uzaq... Mən xəstələnən kimi oğlum yanımda, yaxınlarım, ailə üzvlərim mənim yanımdadır. Başqa bir adam yoxdur mənim yanımda. Yəni o axşam ki, məndə temperatur qalxdı, səhərə qədər heç bilmirdilər, mən telefon eləyənə qədər heç xəbərləri də yox idi ki, gecə Süleyman Dəmirəl mənə telefon edib, həkimlər göndəribdir. Heç birisinin xəbəri yox idi, hamısı yatmışdı. Amma ona görə yox idi ki, onlar biganə olmuşdular. Sadəcə, mən heç kəsə heç bir şey deməmişdim ki, çünki buna ehtiyac duymamışdım. Mən hesab edirdim ki, keçib gedəcəkdir. Ona görə də mən özüm onları dəvət etdim, sınaqdan keçməyə imkanları da yox idi. Mən onları özüm dəvət etdim, göstərişlərimi verdim. Güman edirəm, onlar mənim göstərişlərimi düzgün yerinə yetirirlər.

Amma İlham da təsadüfi gəlmişdi. Eşitdi ki, mən işə çıxmamışam, - özü işdə idi, - telefon elədi ki, niyə işə çıxmamısan? Dedim ki, belədir. Dedi, yaxşı, gələcəyəm. İndi mənə deyir ki, saat 4-də gəlmək istəyirdim, sonra işdə başım qarışdı. Axşam saat 9-da gəldi. O gələndə məndə temperatur artıq çox yüksək idi, öskürək də artmışdı. Yaxud da qardaşım Cəlal, - deyəsən gecə yarısı idi, - haradansa bilmişdi, gəlmişdi. İlham gələndən sonra bizim Cəmili dəvət etmişdi. Çünki Cəmil də bizim yaxın qohumumuzdur, həkimdir, doğma adamdır. Mənim yanımda başqa bir adam yox idi. Sonra həkimlər gəldilər.

Sual: "Azərbaycan" qəzetində verilmiş rəsmi informasiyaya əsasən, konsiliumda kardioloqlar çoxdur. Yeri gəlmişkən, müxalifət mətbuatı Sizin bronxlarınız haqqında yox, nə üçünsə, ürəyiniz haqqında yazır.

Cavab: Yəqin ki, müxalifət tibdən az şey bilir. Mənim əsas bronxlarımdır. Ancaq bronxlar ürəklə çox sıx əlaqədədir. Onlar bu işləri yəqin bilmirlər. Bu da məlumdur, gizlin deyil ki, mən 1987-ci ildə Moskvada infarkt xəstəliyi keçirmişəm. Ancaq sonra mən çox enerji yaşadığıma görə, məndə bəzən şübhə olurdu ki, bəlkə heç infarkt olmayıb. Sadəcə, o vaxtlar məni işdən uzaqlaşdırmaq istəyir, mənim başıma işlər gətirirdilər. Amma indi bunlar yoxladılar ki, həqiqətən məndə infarkt izi var. İndiyə qədər yoxlanmamışdı, indi dedilər ki, infarktın balaca bir izi var. Ona görə də təbiidir, ürəklə ağ ciyər bir-biri ilə çox bağlıdır. Əgər tibb mövzusuna keçsək, orqanizmin hər bir orqanı bir-biri ilə bağlıdır.

Müxbir: Heydər müəllim, Sizi yormuram. Tez sağalın, Allah şəfa versin, Sizi Bakıda gözləyirik.

Heydər Əliyev: Sağ ol. Mən təşəkkür edirəm ki, sən maraq göstərib buraya gəlmisən.

"Azərbaycan" qəzeti, 23 yanvar 1999-cu il.

Tarixi arayış