Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Şuşa və Laçın rayonları sakinlərinin bir qrupu ilə görüşdə giriş sözü- Prezident Sarayı, 6 may 1996-cı il


Əziz bacılar, qardaşlar!

Hörmətli şuşalılar, laçınlılar!

Bu gün biz buraya Azərbaycan xalqının, respublikamızın həyatında ən faciəli hadisələrdən olan Şuşanın və Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin dördüncü ildönümü ilə əlaqədar toplaşmışıq. Bu günlər mən bütün şuşalılarla və laçınlılarla görüşmək arzusundayam. Ancaq məlum səbəblərdən bu, mümkün deyil. Ona görə də Şuşa və Laçın rayonlarının nümayəndələri ılə görüşmək üçün mən sizi buraya dəvət etmişəm. Məqsədimiz о faciəli günləri bir daha yad etməkdir. Ona görə yad edirik ki, onlardan lazımi nəticələr çıxarmaq, ibrət dərsi götürmək, Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması sahəsində apardığımız işlərdə, tədbirlərdə Şuşanın və Laçının - Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş bu rayonlarımızın mütləq azad edilməsinin zəruriliyini bir daha bəyan etmək lazımdır. Məqsədimiz bundan ibarətdir.

Məlumdur ki, bu faciəli hadisələr həm Şuşa, həm də Laçın rayonlarının sakinlərini sıxır, kədərləndirir, incidir. Ancaq bu, eyni zamanda bütün xalqımızın ürək ağrısıdır, dərdidir, kədəridir. Çünki Şuşanın, Laçının Azərbaycan torpağı, respublikamız, xalqımız üçün nə qədər əziz, qiymətli olduğunu sübut etməyə ehtiyac yoxdur. Dörd ildir ki, biz bu rayonlardan məhrum olmuşuq. Ona görə də bu dərd çox ağır bir dərddir. Bu dərdi biz hamımız çəkirik. Ancaq bilirəm ki, şuşalılar, laçınlılar daha çox dərd, qəm içindədirlər. Çünki onlar, həm də yerlərindən, yurdlarından didərgin düşdüklərinə görə ağır həyat tərzi keçirirlər. Təəssüf ki, bunlar hamısı həyatımızın reallığıdır. Biz bunlara dözürük, eyni zamanda əminik ki, bütün torpaqlarımız azad ediləcək, о cümlədən Şuşa da, Laçın da azad olunacaq, şuşalılar, laçınlılar öz evlərinə, yurdlarına, torpaqlarına qayıdacaqlar. Buna heç şübhə yoxdur. Ancaq hələ ki, bu gün biz bu dərdin, kədərin, faciənin içindəyik. Bu münasibətlə fikirlərimizi bir.birimizlə bölüşdürmək üçün mən sizi buraya dəvət etmişəm. İstərdim ki, əvvəlcə sizi dinləyim, sizin sozlərinizi eşidim. Danışığımız tam sərbəst, səmimi olacaqdır. Heç kəs heç bir şeydən çəkinməsin, utanmasın. Kimin nə sozü, dərdi var desin.

Yekun sözü

Şübhəsiz ki, burada olanların hər birinin ürəyində çoxlu sözlər var və bu sözləri demək istəyir. Bu da təbiidir. Ancaq güman edirəm ki, bu danışıqlar artıq ümumi təsəvvür yaradır. Ona görə də etiraz etmirsinizsə, bu görüşümüzü sona çatdıraq.

Görüşümüzün əvvəlində bildirdim, bir daha demək istəyirəm ki, Şuşa və Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin dördüncü ilinin tamam olduğu bir vaxtda bizim həmin hadisələrə daha doğru-düzgün qiymət vermək imkanımız keçən illərə nisbətən daha çoxdur. Bu da lazımdır, zəruridir. Çünki söhbət müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyündən, ölkəmiz, xalqımız üçün müqəddəs olan şəhərlərimizdən, kəndlərimizdən, dağlarımızdan, meşələrimizdən, çaylarımızdan, bulaqlarımızdan, tarixi abidələrimizdən gedir.

Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü başlanandan indiyədək respublikamızın, xalqımızın başına çoxlu bəlalar gəlibdir. Təəssüflər olsun ki, Ermənistanın bu təcavüzkar hərəkətlərinə qarşı vaxtında lazımi tədbirlər görülməyib, ölkəmizin ərazisi qorunmayıb və vətəndaşlarımız çox məhrumiyyətlərə məruz qalıblar, torpaqlarımızın bir qismi işğal olunubdur.

Bilirsiniz, buna heç cür izahat vermək mümkün deyil. Ermənistan ilə Azərbaycan arasında olan hərbi münaqişə Azərbaycanın Dağlıq Qarabağ hissəsinə Ermənistanın torpaq iddiasından başlanıbdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. О heç vaxt Ermənistana mənsub olmayıb və ola bilməz. Belə olan halda bu təcavüzkar, qəsbkar niyyətlərə, addımlara qarşı vaxtında lazımi tədbirlər görülməli idi. Təəssüfər olsun, bu tədbirlər görülməyib və müharibə, döyüşlər başlayıbdır. Bu da Azərbaycan xalqını belə bir ağır vəziyyətə gətirib salıbdır. Mən bir də qeyd etmək istəyirəm, təsəvvür etmək mümkün deyil ki, nə üçün Azərbaycan belə bir halda öz ərazisini qoruyub saxlaya bilməyibdir. Nə üçün? Azərbaycan əraziyə görə də Ermənistandan iki dəfə, bəlkə iki dəfədən də çox böyükdür; əhalisinə görə də münaqişə başlayan vaxtda da - Ermənistandan iki dəfə böyük olub. Dağlıq Qarabağda isə erməni millətinə mənsub yüz minə qədər Azərbaycan vətəndaşı yaşayıb. Belə olan halda, təsəvvür etmək mümkün deyil, - nə üçün Azərbaycan öz torpaqlarını qorumayıbdır?

Mən həmişə belə fikirdə olmuşam. Azərbaycan prezidenti kimi də bunu dəfələrlə bəyan etmişəm, bu gün də bəyan edirəm ki, biz azərbaycanlılar, Azərbaycan xalqı başqalarının torpağına göz dikməmişik. Baxmayaraq ki, keçmiş dövrlərdə Azərbaycanın torpaqlarının bir qismi cürbəcür hadisələr nəticəsində başqa əllərə keçibdir, о cümlədən indi Ermənistanın sərhədlərinin içərisində olan torpaqların bir hissəsi də dövri-qədimdən Azərbaycan torpağı, Azərbaycan diyarı olubdur: Göyçə mahalı da, Zəngəzur mahalı da, başqaları da.

İllər, əsrlər keçib, cürbəcür hadisələr baş veribdir. Nəhayət, bu əsrin əvvəllərində, yəni 1918-20-ci illərdə Azərbaycanın indiki sərhədləri müəyyən olunubdur. Bu sərhədlər içərisində olan torpaqları biz doğma torpaqlarımız kimi qorumuşuq və qorumalıyıq. Bu baxımdan, bir halda ki, sərhədlər belə müəyyən olunubdur, Cənubi Qafqazda yaranmış bu sərhədlər çərçivəsində biz başqa ölkələrin, dövlətlərin torpaqlarına göz dikməmişik və bu gün də dikmirik. Ancaq öz torpaqlarımızı qorumalıydıq, saxlamalıydıq və qorumalıyıq. Biz heç zaman razı ola bılmərik ki, torpaqlarımızın hansı bir hissəsi isə başqa bir dövlətin əlinə keçsin. Ona görə də mən hesab edirəm kı, Azərbaycan hökuməti, dövləti bu münaqişə başlayan zamandan anlamalıydı ki, söhbət Ermənistanın Azərbaycana olan torpaq iddiasından gedir və onun qarşısının alınması üçün ciddi və çox səmərəli tədbirlər görülməlidir. Elə tədbirlər ki, bu hadisələrin qarşısını vaxtında alsın, bu hadisələrə cavab versin.

Bunlar olmayıb. 1988-ci ildən başlayan bu proseslər, - indi artıq 8 il tamam olubdur, - bizi belə bir ağır vəziyyətə gətirib çıxarıb. Bu proseslərin gedişində Şuşa və Laçın rayonlarının Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunması respublikamıza, xalqımıza, dövlətimizə bu münaqişə dövründə vurulmuş ən böyük zərbədir. Şuşanın, Laçının Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu siz yaxşı bilirsiniz, xalqımız da yaxşı bilir. Birincisi, Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında azərbaycan xalqının bir neçə əsrlik tarixə malik olan böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Ona görə də Şuşa təkcə şuşalılar üçün yox, bütün Azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. Ona görə də Şuşa bu qiymətinə, Azərbaycan üçün bu qədər mühüm əhəmiyyət kəsb etdiyinə görə xüsusi qorunmalı, saxlanmalı idi.

Şuşanı qurub-yaradanlar Şuşanı qoruyub saxlamaq üçün elə yerdə yaradıblar ki, onu fəth etmək mümkün deyil. Şuşanın məhz о yüksək qayalar başında, Qarabağın ən yüksək yerlərindən birində yaranması da təsadüfi deyil. Bu о demək deyil ki, Şuşanı yaradanlar onu təsadüfi olaraq orada yaradıblar. Yox, onu məhz orada yaradıblar ki, o, bir qalaya çevrilsin və Azərbaycanın dövlətçiliyinə, torpaqlaгına sahib olan adamlar orada öz dövlətini, torpağını, xalqını qoruya bilsinlər. Ona görə də Şuşanın mövqeyinin hərbi-strateji əhəmiyyəti var. Buna görə də Şuşanı qoruyub saxlamaq bəlkə də respublikamızın başqa yerlərini erməni təcavüzündən qoruyub saxlamaqdan asandır. Ancaq bu olmayıbdır.

Şuşa belə böyük tarixə malik olduğuna görə o, daim bütün azərbaycanlıların nəzər-diqqətini cəlb edib, azərbaycanlıların qayğısı altında olubdur, tək şuşalıların, orada yaşayanların, Şuşadan çıxmış adamların yox. Şuşanı dünyanın çox yerində tanıyırlar, sevirlər və Şuşaya böyük hörmət və ehtiram edirlər. Təsadüfi deyil ki, əsrimizin əvvəlində də Şuşaya xüsusi münasibət göstərilmişdi.

Xatirimdədir, mən Şuşanı ziyarət edərkən, - biz о vaxtlar Şuşanın qədim abidələrini bərpa etdik, çoxlu işlər gördük - abidələrin bərpasının vəziyyəti ilə tanış olarkən şəhərin mərkəzindəki bir məscidə gəldim. Orada mənə böyük bir foto göstərdilər. Bu fotoda Nəriman Nərimanovun 20-ci illərdə Şuşaya gəlməsi və orada xalqın qarşısında çıxış etməsi təsvir edilmişdi. Mən bunu bilirdim. Ancaq о muzeydə bu fotonun qorunub saxlanması məni çox sevindirdi. Demək istəyirəm ki, Şuşaya daim diqqət və qayğı olubdur. Şuşa Azərbaycanın demək olar ki, böyük bir tarixi abidəsi, eyni zamanda - əgər bunu şer dili ilə desək, - incisidir.

Mən əvvəllər Azərbaycanda işləyən zaman məhz bu səbəblərə görə о vaxtkı dövlət tərəfindən Şuşaya həmişə daimi qayğı göstərməyə çalışmışdım və biz bu barədə çox işlər gördük. Burada Nizami Bəhmənov qeyd etdi, bizim əsrimizdə Şuşanı 1905-ci ildə də, 1907-ci ildə də, 1920-ci ildə də yandırıb dağıdıblar. Şuşanın başına 1920-ci ildə daha dəhşətli bəlalar gəlib. Ancaq təəssüflər olsun ki, о vaxtdan on illər keçirdisə də, Şuşanın evləri, binaları dağılmış, yanmış vəziyyətdə qalırdı.

Mən ilk dəfə Şuşaya 1967-ci ildə, о vaxt baş vermiş faciəli bir hadisə ilə bağlı getdim. Bilirsiniz ki, о vaxtkı Stepanakertdə 1967-ci ildə böyük bir münaqişə olmuşdu, Dağlıq Qarabağdakı ermənilər ilə azərbaycanlılar arasında qan tökülmüşdü. Çox böyük bir faciə baş vermişdi. О dövrdə Dağlıq Qarabağda olan bəzi quldurlar, Azərbaycan xalqına düşmən münasibəti bəsləyən adamlar həbsdə olan iki-üç nəfər azərbaycanlını aparan dustaq maşınını dağıdıb yandırmışdılar. О vaxt biz bunun səbəblərini araşdırdıq. Onda mən on beş gün orada qaldım və Şuşanı ətraflı gəzdim, baxdım və gördüm.

О vaxt mən hələ Azərbaycanın birinci rəhbəri deyildim, ancaq rəhbər vəzifədə idim. Şuşanı gördüm, onu ətraflı öyrəndim. Bu fikrə gəldim ki, Şuşanı belə vəziyyətdə saxlamaq olmaz. Ona görə də о zaman gəlib Azərbaycanın rəhbərlərinə öz fikrimi dedim. 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra mən Şuşanı abadlaşdırmaq,

1920-ci ildə bu şəhərin başına gəlmiş hadisələrin izlərini tamamilə ləğv etmək, dağıdılmış, yandırılmış evləri bərpa etmək, eyni zamanda onun tarixi abidələrini qoruyub saxlamaq, bərpa etmək, Şuşanı böyük bir muzeyə çevirmək üçün ilk addımlar atdım.

Şuşa həqiqətən bir şəhər kimi eyni zamanda vahid bir muzey - Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, elminin böyük bir hissəsini əks etdirən muzeydir. Şəhər Özü həm quruluşu, həm də abidələri, yüksək memarlıq səviyyəsində olan binaları, Cıdır düzü ilə, təbii gözəlliyi ilə böyük bir muzeydir. Ona görə də 70-ci illərdə Şuşa şəhərinin inkişaf etdirilməsi üçün biz bir neçə xüsusi qərar qəbul etdik. Mən bu müşavirədən əvvəl xahiş etdim, həmin qərarları arxivdən tapıb mənə gətirdilər. Bunlar о vaxt, 70-ci illərin əvvəllərində, ortalarında mənim təşəbbüsümlə qəbul olunmuş, mənim imzaladığım qərarlardır. Nizami Bəhmənov bu barədə dedi, mən də bildirmək istəyirəm ki, о vaxt biz Şuşanın keçmişdə yaradılmış binalarını, abidələrini bərpa etdik, eyni zamanda çox yeni şeylər yaratdıq.

Molla Pənah Vaqif Azərbaycan xalqının fəxri, böyük şairimizdir. Xatirimdədir, 60-cı illərin ortalarında biz Molla Pənah Vaqifin 250 illik yubileyini qeyd etdik. 1967-ci ildə mən Şuşada olarkən Molla Pənah Vaqifin məzarını ziyarət etməyə getdim. Onu əvvəl heç tapa bilmirdilər, sonra mən xahiş etdim, tapdılar, gedib baxdım. Şübhəsiz ki, о məzar Molla Pənah Vaqifə layiq deyildi. Şübhəsiz ki, belə bir böyük şəxsiyyətin qəbrini onun şəxsiyyətinin səviyyəsinə çatdırmaq lazım idi. Mən 70-ci illərdə bu fikrimi həyata keçirməyə çalışdım və buna nail oldum. 1980-1981-ci illərdə Molla Pənah Vaqifin qəbri üzərində böyük bir abidə, türbə tikildi. Bu, çox gözəl memarlıq abidəsi idi. Mən bunu Azərbaycanın həyatında böyük, əlamətdar, tarixi hadisə kimi qəbul edərək oraya nəinki özüm getdim, eyni zamanda Azərbaycanın о vaxtkı elm, mədəniyyət, incəsənət xadimlərinin çoxunu da oraya getməyə dəvət etdim. Biz çox böyük bir dəstə ilə Şuşaya getdik, orada Molla Pənah Vaqifin türbəsini açdıq, nitqlər söyləndi.

Amma təkcə bu deyil. Mən qeyd etdim, orada bir çox tarixi abidələr, məscidlər, başqa binalar bərpa olundu və çox yaxşı vəziyyətə salındı. Eyni zamanda bir çox yeni binalar tikildi. Bizim üçün çox əziz olan Üzeyir Hacıbəyovun ev muzeyi, Вülbülün ev muzeyi və başqa belə muzeylər, abidələr yaradıldı. Bunların hamısı haqqında Nizami Bəhmənov danışdı, ona görə də mən bir daha təkrar etmək istəmirəm. Yeni abidələrin yaradılması, qorunması böyük işlər idi. Yadımdadır, о vaxt Şuşada Azərbaycanın böyük şəxsiyyəti Natəvanın heykəli qoyuldu. Mən onun da açılışında çox böyük sevinclə iştirak etdim.

Beləliklə, biz bu abidəni də yaratdıq, keçmişdə Şuşada nə yaranmışdısa, onları təzələdik, bərpa etdik. Eyni zamanda Şuşanı daha da zənginləşdirmək, onun tarixini daha da əyaniləşdirmək üçün çox işlər gördük, yeni binalar tikdik.

Xatirinizdədir, Şuşada böyük bir mehmanxana, çoxmərtəbəli yaşayış binaları, ayrı-ayrı inzibati binalar tikildi. Biz о vaxt Şuşanı çox mötəbər bir statusa qaldırdıq. Şuşa Ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi ki, bunun da böyük əhəmiyyəti var idi. Çünki о vaxtlar Sovet İttifaqının çox yerlərindən - vilayətlərindən, şəhərlərindən adamlar buraya istirahətə gəlirdilər. Onlar eyni zamanda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə tanış olurdular. Bunlar hamısı о illərdə Şuşanın inkişaf etdirilməsi üçün görülmüş işlərdir. Eyni zamanda bunlar Şuşaya göstərilmiş qayğıdır. Bu qayğı tamamilə təbiidir və belə də olmalıdır. Əgər 1920-ci ildən 1970-ci ilə qədər Şuşada belə işlər görülməmişdisə, şübhəsiz ki, bu, insanların səhvi olmuşdur.

Yeri gəlmişkən mən bir məsələni də demək istəyirəm. Biz burada səmimi söhbət aparırıq. Bir çoxları belə hesab edirlər ki, əgər kim hansı yerdə doğulub-böyüyübsə, o, həmin yeri başqasına nisbətən daha çox sevir. Bu, belə deyil. Ümumiyyətlə, biz Azərbaycanın hər bir yerini doğma Vətən kimi sevməliyik. "Kim haralıdır oranı sevir" kimi əhval-ruhiyyəni aradan götürmək lazımdır. Vətən hamımız üçün Vətəndir. Vətənin hər bir yeri, hər bir nöqtəsi bizim üçün Vətəndir. Hər bir adam üçün Şuşa da, Laçın da Vətəndir. Bu yerlər təkcə şuşalılar, laçınlılar üçün yox, hamımız üçün Vətəndir. Şəxsən mən belə fikirdəyəm, belə duyğularla yaşamışam və bu gün də belə duyğularla yaşayıram. Ona görə də mən Şuşanı özüm üçün doğma bir yer hesab edirəm. Bu doğmalıq mənim daxili insani hisslərimlə əlaqədardır. Bir də, bir halda ki, mən Azərbaycanda rəhbər olmuşam, demək bu mənim borcum, vəzifəm olub.

Təəssüflə deyirəm ki, məsələn, keçmiş illərdə Azərbaycanın rəhbərliyində Şuşada doğulmuş, böyümüş adamlar, bu şəhərin qayğısına qalmaq imkanı olan adamlar da olub. İndi mən bunu deyirəm, çünki buna əsasım var. Nədənsə onlar həmin 70-ci illərdə Şuşaya göstərilən qayğını 40-cı, 50-ci, yaxud 60-cı illərdə göstərməyiblər. Bu da həqiqətdir. Çünki hər şey göz qabağındadır ki, Şuşanın inkişafı üçün о illərdə nə olub, sonrakı dövrdə nə olub. Doğrudur, bu, bizim borcumuzdur və şəxsən mən bu barədə söhbət aparıramsa, sadəcə onu demək istəyirəm ki, mən öz borcumu yerinə yetirməyə çalışıram. Bəlkə bundan da artıq etmək mümkün idi. Ancaq mən hesab edirəm ki, Şuşanın inkişafı, abadlaşdırılması, tarixi abidələrinin bərpası üçün görülmüş işlər də çox dəyərlidir.

Bax, bütün bunların hamısına görə də bu gün Şuşanın işğal altında qalması qəlbimizi kədərləndirir, sıxır, əzir, incidir. İnanın ki, mənim qəlbimi sizinkindən də çox sıxır. Çünki bir о qədər nəsillər zəhmət çəkib, orada о şəhəri yaradıblar, onu qalaya çeviriblər və mən də buna öz payımı vermişəm. Ona görə də bu, mənim üçün çox sıxıntılıdır, çox əzabvericidir.

Bax, bütün bunlara görə də, - bu gün burada da aşkar oldu, - Şuşanın işğalına imkan verənlər onu sadəcə olaraq hakimiyyət mübarizəsi zamanı qurban veriblər ki, bu dəhşətlidir. Bu fikirlər keçən il məhkəmə prosesində müəyyən olunub, təsdiq edilibdir. Yəni bunlar yeni fikirlər deyil. Əslində belə fikirləri hər kəs deyə bilər, eyni zamanda onu təsdiq etmək lazımdır. Ancaq gedən istintaq, Ali Məhkəmənin apardığı məhkəmə prosesi və çıxardığı hökm artıq bunu hüquqi nöqteyi-nəzərdən sübut edib ki, Şuşa da, Laçın da о vaxt Azərbaycanda ayrı-ayrı qrupların, dəstələrin, hakimiyyət uğrunda mübarizə aparan insanların mübarizəsinin qurbanı olublar. Bu, bu gün burada deyilən sözlərdən bir daha məlum oldu və təsdiq edildi. Bu həddindən artıq dəhşətlidir.

Şuşa haqqında mən çox danışdım. Ancaq bu о demək deyil ki, Laçın bizə Şuşa kimi qiymətli deyil. Laçın rayonu Azərbaycanın çox gözəl guşələrindən biridir, dağ rayonudur. Onun gözəl insanları, gözəl təbiəti, dağları, meşələri, yamacları var. Laçında 60 minə qədər azərbaycanlı yaşayırdı. Nə qədər nəsillər orada qurublar, yaradıblar.

Burada Sultan bəyin adı çəkildi. Doğrudan da o, cəsur bir qəhrəman olub. Amma tək Sultan bəy deyil, orada bir çox nəsillər Laçını yaradıblar, yaşadıblar. Kimsə burada dedi ki, Əbülfəz Elçibəy, yaxud kimsə deyib ki, guya Laçın qəsəbədir, orada az adam yaşayır. Mənim xatirimdədir, 1974-cü ildə biz Laçın şəhərinin 50 illik yubileyini qeyd etdik. О vaxt biz Laçın şəhərinin 50 illiyi münasibətilə böyük bir qərar qəbul etdik və Laçın şəhərinin, rayonunun ümumi inkişaf proqramı da bu qərarla yarandı. Necə ola bilər ki, əgər biz 1974-cü ildə Laçının 50 illik yubileyini qeyd etmişiksə, 1993-cü ildə kimsə desin ki, o, kiçik qəsəbədir və orada az adam yaşayır? Demək, bu sözü deyən heç Azərbaycanı tanımır. Bəs onlar Azərbaycana hakim olmaq iddiası ilə necə yaşayırdılar? Bu, çox dəhşətli bir haldır.

Laçın rayonunun inkişafı üçün о vaxt biz başqa qərarlar da qəbul etmişdik. Xüsusən, dağ rayonlarının inkişafı barədə qərarlar qəbul etmişdik və bu qərar Laçın rayonuna da aid idi. Dağ rayonlarından gənclərin Azərbaycan Respublikasının ali məktəblərinə güzəştlə qəbul olunması haqqında da qərar qəbul etmişdik, bu qərar Laçın rayonuna da aid idi. Laçın rayonunun gəncləri Azərbaycanın ali məktəblərinə güzəştlə qəbul olunurdular. İndi bəzən deyirlər ki, Laçında yaşayanlar dağ adamlarıdır, yaxud bəzisi deyir ki, çobandır, bəzisi deyir kəndçidir, filandır və s.

Kəlbəcərin işğalının ildönümü ilə əlaqədar mən kəlbəcərlilərlə görüşdüm, indi də laçınlılarla görüşürəm. Laçınlılardan alimlər, şairlər, ziyalılar çoxdur. Laçından Azərbaycanın nə qədər görkəmli elm, mədəniyyət, dövlət xadimləri çıxıblar. Ona görə də, bu baxımdan da Laçın rayonu həm təbiətinə, həm də insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir.

Azərbaycanın müstəqilliyini, ərazisini qorumaq nöqteyi-nəzərindən Laçın rayonu çox böyük strateji əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, 1992-ci ilin may ayında, yəqin ki, ona qədər də ermənilər Azərbaycanın başqa ərazilərini zəbt etmək üçün birinci növbədə məhz Laçınla Şuşanı ələ keçirmək istəyirdilər. Bu, təbiidir. Coğrafiyanı bilən adamlar yəqin ki, bunu dərk edirlər. Çünki Ermənistan Dağlıq Qarabağı daim özünə bağlamaq istəyirdi. Ermənistan ilə Dağlıq Qarabağ arasında isə Laçın rayonu durar və əsas yol da Laçından keçir. Əgər Laçın rayonu varsa, demək, Ermənistan ilə Dağlıq Qarabağ arasında bilavasitə əlaqə yoxdur. Onlar isə bilavasitə əlaqə yaratmaq istəyirdilər və buna 1992-ci ildə nail oldular.

Yenə də deyirəm, Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini qorumaq və Ermənistanın ölkəmizə qarşı torpaq iddiasının qarşısını almaq baxımından Laçın və Şuşa çox böyük strateji əhəmiyyətə malik olan rayonlardır, heç də təsadüfi deyildir ki, Ermənistan silahlı qüvvələri, bizə düşmən olan qüvvələr məhz bu rayonların işğal olunmasına bütün səylərini cəlb ediblər. Mən böyük ürək ağrısı, ürək açısı ilə bir daha deyirəm ki, bu, Azərbaycanın başında duran adamların xəyanətinin, satqınlığının nəticəsidir.

Nə Laçın, nə də Şuşa rayonları fəth oluna bilməzdi. Yenə də tarixə qayıdıram. Keçmişdə Şuşaya nə qədər hücumlar olubdur. О vaxt vahid Azərbaycan dövləti də yox idi. Amma Şuşanı məhz onun tutduğu strateji mövqeyə görə fəth edə bilmədilər. Eləcə də Laçın. Bugünkü çıxışlar da bunu bir daha təsdiq etdi ki, Şuşa, Laçın, ancaq və ancaq Azərbaycanın о vaxt rəhbərliyində olan adamlar, həm də onları yıxıb hakimiyyətə özləri gəlmək istəyən adamlar tərəfindən qəsdən erməni işğalçılarına təslim olunub. Çox təəssüflər olsun ki, bu, belədir. Bilirsiniz, ola bilər, bir adam öz məqsədinə nail olmaq üçün kiməsə, hansı bir adamasa qəsd etsin. Bu da cinayətdir, yolverilməzdir, ancaq ola bilər, bu, həmin şəxsə aiddir. Ola bilər, kiminsə bir hərəkəti başqa bir dövlətə zərər verə bilər. Bu da cinayətdir, amma bunun da miqyası var. Ancaq Azərbaycan Respublikası Ermənistanın təcavüzü qarşısında çapaladığı bir zaman, - bu gün Nizami Bəhmənov həmin vaxtlar aybaay, günbəgün hansı kəndin nə vaxt işğal olunduğunu, nə vaxt yandırıldığını, alındığını dedi, - belə bir zamanda sən Şuşanı qəsdən təslim edəsən? O, Şuşa və Şuşanın ətrafında Dağlıq Qarabağın kəndlərinin işğal olunmasından bəhs etdi, - belə bir zamanda sən bir neçə gündən sonra Mütəllibovu hakimiyyətə gətirməkdən örtü Şuşanı qəsdən təslim edəsən, - bundan artıq cinayət yoxdur.

Bilirsiniz ki, mən о vaxtlar Şuşa və Laçın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən zaman Naxçıvanda idim, bütün bunları qəzetlərdən oxuyurdum, bəzi məlumatlara baxırdım. Şübhəsiz ki, bütün bunlar barədə mənim məlumatım da, heç təsəvvürüm də yox idi. Mən 93-cü ildə bura gəldim, işlədim. Laçının və Şuşanın işğalı ilə əlaqədar 1995-ci ildə məhkəmə prosesinə qədər mənim bu barədə məlumatım yox idi. Mən bu məlumatları, məhkəmə prosesindən sonraо məlumatları alanda da hələ inanmırdım ki, yəni bu qədər böyük cinayət etmək olarmı? Xalqına qarşı bu qədər ağır xəyanət etmək olarmı? İnanmaq mümkün deyil. Amma məhkəmə prosesi də, məhkəmənin hökmü də və bu işlərin şahidləri olan sizlərin bu gün burada dedikləri də tam həqiqətdir. Bəli, bu, belə də olubdur. Bunu Rəhim Qazıyev, Mütəllibov ediblər. Bunu onların tərəfdarları ediblər.

Digər tərəfdən, bunu edənlər о vaxt о hakimiyyətdə olanlara müxalifət qüvvələri idi: Xalq Cəbhəsi olubdur, Xalq Cəbhəsinin törəmələri - indi cürbəcür partiyalara yığışıblar - onlar olublar. Bu, həqiqətdir.

Məsələn, burada danışdılar, mən bunu bu qədər təfsilatı ilə bilmirdim ki, Şuşanın müdafiəsində cürbəcür dəstələr, qruplar biri о birisinə tabe olmurmuş: bu, Rəhim Qazıyevin dəstəsidir; bu, о birisinin dəstəsidir; - bu, başqasının dəstəsidir belə müharibə, müdafiə aparmaq olmaz. Bir də ki, Xalq Cəbhəsi dövlət deyildi axı, nə üçün gedib özbaşına işlər görürdü? Ən dəhşətlisi odur ki, gedib orada şəhəri müdafiə edə bilməyiblər.

Şuşa işğal olunub və bundan sonra Mütəllibov hakimiyyətə gəlib, qaçıb gedib və nəhayət, bundan sonra Rəhim Qazıyev hakimiyyəti ələ almaq üçün, - burada siz də dediniz, - öz hərbi dəstələrini oradan çıxarıb gətirib. Xalq Cəbhəsi də öz hərbi dəstələrini oradan çıxarıb Azərbaycanın bu meydanlarına, Prezident sarayının, parlamentin, Ali Sovetin önünə gətirib ki, bəli, burada mübarizə aparsınlar, hakimiyyəti silahla ələ alsınlar. Bu, belə də olubdur. Mən vaxtilə bunların hamısını televiziya vasitəsilə görmüşəm. Ali Sovetin qabağındakı mitinqlərə Rəhim Qazıyev öz dəstəsi ilə о tərəfdən gəlirdi, İsa Qəmbər bu biri tərəfdən gəlirdi, Əbülfəz Elçibəy bu tərəfdən gəlirdi, Etibar Məmmədov öz dəstəsi ilə gəlirdi, о birisi burdan gəlirdi. Hərəsi bir dəstə ilə mitinq edirdi.

Dəhşətli hal budur ki, - mən belə başa düşdüm, - demək, mayın 8-də Şuşa işğal edilib, Azərbaycana rəhbərlik edən adamların isə bundan xəbəri olmayıb. Deyirlər mayın 9-da Yaqub Məmmədov Ağdama gəlib ki, xəbərim yoxdur. Burada Şuşanı işğala verəndən sonra Rəhim Qazıyev qaçıb gedib oturub Daşkənddə ki, Azərbaycanın başçısı olmaq üçün danışıq aparsın. О vaxt burada qarışıq düşüb, ondan sonra qayıdıb bura. O, yenə də öz niyyətlərinə çatmaq üçün qoşunları çixarıb və siz də dediniz, - mayın 18-də Laçın işğal olunubdur. Ayın 18-də burada, - xatirinizdədir, onu da о vaxt televiziyada verirdilər, - kimin Ali Sovetin sədri olması uğrunda mübarizə gedirdi. Nəhayət, İsa Qəmbərovu seçdilər ki, о, Аli Sovetin sədri olsun. Orada torpaq, Laçın kimi rayon əldən gedir, - Laçın demək olar ki, Azərbaycanın alaqapısıdır, böyük qapısıdır. Əgər o, əldən gedibsə, demək, qapı açıldı, demək, Ermənistan Azərbaycana nə qədər silahlı quvvə istəsə gətirə bilər, - ora əldən gedir, onlar isə bunu unudub, burada meydanda, yaxud da ki, Ali Sovetin binasında bir-birinin üstünə silah çəkdilər, hakimiyyəti ələ aldılar.

Kimlər? Hakimiyyəti saxlamağa, dövləti idarə etməyə heç bir səriştəsi, heç bir mənəvi haqqı, heç bir bacarığı, heç bir qabiliyyəti olmayan adamlar. Bilirsiniz, Azərbaycanın faciəsi təkcə ondan ibarət deyil ki, respublikamız Ermənistan tərəfindən təcavüzə məruz qalıbdır və bu təcavüzün qarşısını ala bilməyibdir. Azərbaycanın ən böyük faciəsi ondan ibarətdir ki, küçədə gəzən ayrı-ayrı adamlar, xalqımızın qarşısında heç bir xidməti olmayan, bacarığı, səriştəsi olmayan adamlar şəxsi məqsədlər güdərək, bu fürsətdən istifadə edib Azərbaycanda hakimiyyəti əllərinə keçiriblər. Bu, dəhşətlidir. Xəyanət edib, satqınlıq edib vəzifə tutanlar bu vəzifəni heç vaxt əldə saxlaya bilməzlər. Allah buna yol verməz, yol verməməlidir.

Əgər bu qədər qurbanlar, bu qədər qanlar, xəyanətlər nəticəsində siz hakimiyyətə gəldinizsə, bəs onu saxlayaydınız da, nə üçün saxlaya bilmədiniz? Əgər gücünüz yoxdursa, hakimiyyətə nə üçün can atırdınız? Hakimiyyətə gəlmək istəyən adam gərək ölçsün-biçsin ki, onun gücü nədir, imkanı, bacarığı nədir, Azərbaycan belə bir müharibə şəraitində olduğu zaman о bu işi edə bilər, yoxsa yox? Onlara nə Azərbaycan lazım idi, nə millət lazım idi, nə torpaq lazım idi. Sadəcə olaraq onlara bu vəzifələri gəlib tutub, Azərbaycanın varını, dövlətini dağıdıb, öz şəxsi məqsədlərinə nail olmaq lazım idi.

Bir dəstə - Mütəllibovun dəstəsi satqınlıq edib Azərbaycana bu qədər zərbələr vurubdur, indi qaçıb gedib dörd ildir Moskvada oturubdur ki, guya yenidən Azərbaycanda hansısa bir hakimiyyəti ələ keçirmək istəyir. О biri dəstə öz şəxsi mənafelərinə nail olmaq üçün guya müxalifətdə olub, gəlib hakimiyyəti əllərində saxlaya bilmədi, 1993-cü ildə respublikanı vətəndaş müharibəsi vəziyyətinə gətirib çıxardı. Qaçdılar, dağıldılar, indi də keçiblər müxalifətə, qəzetdə gündə bir şey yazırlar. Müxalifət olublar. Əgər siz hakimiyyətdə olduğunuz zaman Azərbaycana belə zərbələr vurmusunuzsa, nə müxalifətdə ola bilərsiniz? Siz müxalifətdə olduğunuz zaman Azərbaycan torpaqlarının işğal edilməsinin səbəbkarısınız. Sizin nə haqqınız var? Onların heç birisinin - nə Moskvada gizlənənlərin, nə Kələkidə gizlənənlərin, nə hakimiyyətdə olub, sonra qaçıb, indi özlərini müxalifət hesab edənlərin heç birisinin gəlib Azərbaycanda vəzifə almağa, hakimiyyətə gəlməyə heç bir mənəvi haqları yoxdur.

Onların hamısı etdikləri günah, xəyanətlər, cinayətlər üçün Azərbaycan xalqı qarşısında cavab verməlidirlər. Bəzilərinin cinayəti artıq sübut olunubdur. Amma bəzilərinin cinayəti sübut olunmayıbsa, bu о demək deyil ki, onlar cinayət, xəyanət etməyiblər. Bugünkü danışıqlar da tam aydınlıq yaratdı. Siz də bu işlərin şahidisiniz, bu prosesləri öz gözlərinizlə görmüsünüz, - onlar cinayət ediblər. Ona görə də bunlar hamısı tək sizi yox, bütün xalqımızı, millətimizi incidir. İndi hamımızın dərdi, fikri ondan ibarətdir ki, işğal olunmuş torpaqlarımız azad edilsin, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun.

Bu baxımdan, mən yenə də deyirəm, Şuşanın, Laçının işğalı görün Azərbaycana nə qədər böyük zərbələr vurubdur. Şuşanın və Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı Azərbaycanın başqa bölgələrinin işğal olunması üçün qapı, yol açıbdır və onlar üçün böyük imkanlar yaradıbdır.

Bilirsiniz ki, biz 1994-cü il mayın 12-də atəşin dayandırılması haqqında Ermənistan ilə saziş əldə etmişik. Bir neçə gündən sonra iki il tamam olacaqdır ki, atəş yoxdur. Biz atəşkəs rejimi şəraitində yaşayırıq, müharibə getmir. Mən bu gün hesab edirəm ki, 1993-1994- cü illərdə yaranmış vəziyyətə görə bizim bu atəşkəs sazişini imzalamağımız doğru-düzgün addım olubdur. Ötən iki il bu addımımızın, qərarımızın nə qədər doğru olduğunu sübut edib. Biz bu müddət ərzində çalışmışıq və çalışırıq ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişəni sülh yolu ilə həll edək. Cürbəcür səviyyələrdə danışıqlar gedir. Sizin bu barədə televiziya, qəzetlər vasitəsilə məlumatlarınız var. Güman edirəm ki, əlavə məlumata ehtiyac yoxdur. Çünki mənim apardığım bütün danışıqlar, eyni zamanda mənira tapşırığımla müşavirimin, yaxud Xarici İşlər Nazirliyinin, başqa şəxslərin apardıqları danışıqların hamısı radio, televiziya və mətbuat vasitəsilə ictimaiyyətə çatır.

Ermənistania aparılan danışıqlarda son nəticəyə gələ bilmirik. Nə üçün? Şuşa, Laçın məsələsi bizi irəli getməyə qoymur. İndi görün Şuşa, Laçın Ermənistan üçün, təcavüzkar qüvvələr üçün nə qədər lazımdır. Mən bunu demişəm, sizə də açıq deyirəm, bu il aprelin 21-də Lüksemburqda olarkən mən gecə yarısı Ermənistan prezidenti Ter-Petrosyanla görüşüb ətraflı söhbət etdim. Biz bu məsələni necə həll etməyi yenə də götür-qoy etdik. Onlar işğal etdikləri ərazilərdən, rayonlardan, - şübhəsiz ki, Dağlıq Qarabağdan başqa, - çəkilməyə etiraz etmirlər. Amma Laçın rayonundan çəkilmək istəmirlər. Çünki hesab edirlər ki, Laçın rayonu onlar üçün çox həyati əhəmiyyət kəsb edir. Əgər Laçin rayonundan çəkilsələr onların Dağlıq Qarabağla əlaqələri pozulacaqdır. Şuşa rayonundan isə ona görə çəkilmək istəmirlər ki, onlar hesab edirlər ki, Şuşa rayonu keçmiş inzibati bölgüyə görə Dağlıq Qarabağın tərkibindədir. Ona görə də əgər onlar Dağlıq Qarabağda qalırlarsa, demək Şuşadan da çəkilmirlər.

Bax, bu iki məsələ danışıqlarımızın irəli getməsinə imkan vermir. Biz imzalayacağımız sazişə "Ermənistan silahlı qüvvələri işğal olunmuş bütün rayonlardan, о cümlədən Laçın və Şuşadan çıxmalıdırlar" sözlərinin yazılmasını tələb edirik. Onlar isə deyirlər ki, о biri rayonlardan silahlı qüvvələri çıxarmağa hazırdırlar, ancaq Laçın və Şuşa rayonlarından yox. Orada cürbəcür variantlar var, biz onları müzakirə edirik. Sizin vaxtınızı alıb bunları demək istəmirəm. Onlar bir variant təklif edirlər, biz bir variant təklif edirik. Hər halda məsələ bu yerdə dayanıbdır.

Sizə deyə bilərəm ki, bəzi dairələr, qüvvələr, о cümlədən mənim ətrafımda olanların da bəziləri dəfələrlə mənə deyiblər ki, axı siz niyə belə inadkarlıq edirsiniz, - bəzi xarici ölkələrin başçıları da bunu mənə deyiblər, - bir halda ki, birdən-birə altı rayon azad olunaçaq, bu rayonlardan olan qaçqınlar öz yerlərinə qayıdacaqlar. İndi məsələ bununla qurtarmır. Biz Dağlıq Qarabağa da status söz vermişik. Onlar deyirlər ki, Laçınla Şuşa məsələsi Dağlıq Qarabağın statusu müzakirə edilən vaxt müzakirə olunsun. Siz niyə buna razılıq vermirsiniz, inadkarlıq edirsiniz bəziləri bunları mənə deyirlər. Deyirlər ki, bu məsələni mərhələ-mərhələ həll etmək olar. Məsələn, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları azad olunacaq, bu rayonların vətəndaşları, sakinləri öz yerlərinə qayıdacaq, bunun özü müəyyən mühit yaradacaq. Ermənistan tərəfi də bunu deyir ki, bu, müəyyən mühit yaradacaqdır, yəni bir-birinə inam artacaq, ziddiyyət aradan götürüləcək və sair. Deyirlər, ikinci mərhələdə Dağlıq Qarabağa hansı status verilərsə, Laçın və Şuşa məsələsi onda müzakirə edilsin.

Mən bununla razı olmuram. İndi görün Şuşa və Laçın nə qədər əhəmiyyətlidir və nə qədər əzizdir. Güman edirəm, siz də mənim fikrimlə razısınız. Bunları sizə çatdırmaqda məqsədim odur ki, siz vəziyyətin nə yerdə olduğunu biləsiniz. İkincisi də, yenə deyirəm, görün əgər Şuşa və Laçın əldən getməsəydi, bu məsələlərin həlli nə qədər asan olardı.

Burada çıxış edənlərin hamısı bildirdi ki, siz mənə çox böyük ümidlər bəsləyirsiniz, inanırsınız. İnanırsınız ki, mən bu məsələni həll edə bilərəm. Siz də bilirsiniz ki, əgər bu məsuliyyəti mən öz üzərimə götürmüşəmsə, həyatımı, canımı, nəyim varsa hamısını buna həsr edirəm ki, Azərbaycanı bu bəladan çıxarım. Bu, mənim həyatımın məqsədidir. Bu barədə mənə müraciət etmək lazım deyil. Əgər bu məqsədi qarşıma qoymasaydım, 1993-cü ildə Bakıya qayıtmağa razılıq verməzdim. İndi burada o-bu mübarizə edir ki, hakimiyyətə gəlsin. Bilirsiniz ki, о vaxt gedib oturmuşdum Naxçıvanda və heç yenidən Azərbaycanda vəzifə tutmaq məqsədim də yox idi. İndi də deyirsiniz ki, mən о vaxt, bu vaxt gəlsəydim yaxşı olardı, siz о vaxt, bu vaxt müraciət edirdiniz. Bu, sizin fikrinizdir. Amma axı, mənim fikrim belə deyildi. Mənim fikrim doğulduğum yerdə daim yaşamaq və yenidən Azərbaycana rəhbərliyə qayıtmamaq idi. Mənim qəti fikrim belə idi.

1993-cü ildə vətəndaş müharibəsi başlayanda mənə nə qədər müraciətlər oldu. Mən elə о dəqiqə durub gəlmədim. Mənə bir neçə gün müraciətlər oldu, məni buraya gətirmək üçün bir neçə gün təyyarələr gəldi. Razılıq vermirdim. Mən buraya gələndən sonra da razılıq vermirdim. Bakıya gəldim, bundan bir həftə sonra razılıq verdim. Buraya gəlmək üçün mənimlə beş-altı gün danışıq aparıldı. Respublikanın vəziyyətinin çox gərgin olduğunu görəndən sonra razılıq verdim. Dedim ki, indi xalq necə, mən də elə. Dedim ki, əgər xalq ağır vəziyyətə düşəcəksə, mən də bu ağır vəziyyətin içində olmalıyam. Ona görə də razılıq verdim.

Yəni demək istəyirəm ki, bu, heç də mənim arzum-istəyim olmayıbdır. Çünki mən hesab edərdim ki, keçmişdə Azərbaycan xalqı qarşısında nə xidmət etmişəm-etmişəm. Yetər. Ancaq bir halda ki, bu məsuliyyəti öz üzərimə götürmüşəm, demək, dərk edərək götürmüşəm ki, qarşımda duran məsələ budur, bunu həll etmək lazımdır. Siz əmin ola bilərsiniz ki, mən bunları həll etmək üçün bütün imkanlarımı sərf edirəm. Amma bax, bunların həll olunmasında da bir nöqtə var, gəlib orada dayanırıq. Bu danışıqlarda Nizami Bəhmənov iştirak edib, o, bunları bilir. Ermənilər də bu nöqtədən çəkilmirlər, biz də çəkilmirik.

Yenə də təkrar edirəm, görün Şuşanın və Laçının Ermənistan silahlı qüvvələrinə təhvil verilməsi bizim üçün nə qədər böyük itkidir, zərbədir və bu, məsələnin həllinə nə qədər böyük çətinliklər yaradıb. Görün bu rayonlar bizim üçün nə qədər əzizdir ki, biz başqa rayonların azad olunmasını bu iki rayonun azad edilməsi üçün saxlayırıq ki, hamısı birdən azad olunsun. Cüman edirəm, bax, bunların hamısı şəxsən mənim Şuşa, Laçın probleminə olan münasibətimi, səylərimi tam əyani surətdə göstərir.

Mən şübhə etmirəm ki, bu illərdə, düşdüyü bu ağır vəziyyətdə Azərbaycana xəyanət etmiş adamların hamısı öz cəzasını alacaqdır. Ancaq bu bizə heç bir şey verməyəcəkdir: kimsə cəzalandı, həbs olundu, həbsxanada yatdı - bununla bizim torpaqlarımız azad olmur. Yəni demək istəyirəm ki, onlar nə qədər böyük cəzalar alsalar da, bu, Azərbaycana dəyən zərbələrin müqabili deyil. Bu, bizim о yaralarımızı sağaltmır. Dəyən zərbələrdən bizi xilas etməyibdir. Ona görə də görün bu xəyanətin Azərbaycana vurduğu zərbələr nə qədər ağırdır, dərindir.

Bütün bu xainlər, cinayətkarlar öz cəzalarını alacaqlar. Hesab edirəm ki, Şuşanın və Laçının Ermənistan silahlı qüvvələrinə təslim olunmasında günahkarlar və ümumiyyətlə, о vaxtkı siyasi proseslərdə xəyanət edənlər üçün gərək məhkəmə cəzasından savayı ümumxalq hökmü çıxarılsın. Məhkəmə hökmü müəyyən bir hüquq çərçivəsindədir. Amma Azərbaycan xalqının, Şuşa, Laçın əhalisinin ümumxalq hökmü lazımdır. Güman edirəm ki, siz bu barədə düşünməlisiniz. О canilərə, xəyanətkarlara qarşı ümumxalq, ümumvətəndaş hökmü çıxarılmalıdır. Nə üçün? Ona görə yox ki, onlar indi cəza çəksinlər. Ona görə kı, ibrət götürsünlər, bunlar daha təkrar olunmasın.

Şuşadan burada çıxış edən dostumuz bir neçə dəfə təkrar etdi ki, niyə bizim xalqımız belədir. Mən məcbur oldum ona deyəm ki, bu, xalqımız deyil, bu, xalqın içindən çıxan ayrı-ayrı adamlardır. Ancaq bunlar var, bunlar keçmişdə də, bu son illərdə də olubdur, bu gün də var. Bunlar sayca az olsalar da, Azərbaycan xalqı, müstəqil Azərbaycan dövləti üçün çox təhlükəlidirlər. Əgər onlar bu gün о qədər təhlükəli deyillərsə, gələcək üçün təhlükəlidirlər. Siz bunu bilməlisiniz.

Bilirsiniz, bu dövləti əldə saxlamaq üçün, indi siz özünüz də dediniz ki, vaxtilə səriştəli rəhbərlər olmayıb, Azərbaycan belə vəziyyətə düşübdür. Ancaq indi siz gələcəyə də baxmalısınız. Azərbaycan gələcəkdə kimlərin əlində olacaq? Əgər doğrudan da səriştəli adamların əlində olsa, bu, şübhəsiz, təhlükəli deyil. Amma bəlkə bu, belə olmadı, onda nə olacaq? Azərbaycanın gələcəyi haqqında düşünməliyik.

Ona görə də mən ümumxalq hökmü, bu cəzalar haqqında danışanda, yalnız və yalnız hər bir adamın bu hadisələrdən ibrət dərsi alması üçün deyirəm, hər bir adamın özü üçün nəticə çıxarması üçün deyirəm. Güman edirəm və çox istərdim ki, həmin adamlar bugünkü görüşümüzdən də nəticə çıxarsınlar. Bilsinlər ki, о yolla ki, onlar gediblər - bəziləri indi də о yolla gedirlər - bu yol onlara heç vaxt uğur gətirməyəcəkdir. Onlar müvəqqəti olaraq nə vaxtsa nə isə edirlər. Bəli, etdilər. Mütəllibov da orada müvəqqəti bir şey etdi, о biriləri də, ondan sonra gələnlər də etdilər, amma bunun axırı olmadı. Əksinə, onlar xain olduqlarını, xalqın mənafeyinə qəsd etdiklərini nümayiş etdirdilər. Buna baxmayaraq, mən hesab edirəm ki, onlar da nəticə çıxarmalıdırlar, düz yola gəlməlidirlər və hamı düz yola gəlməlidir. Bax, buna görə də mən deyirəm ki, bu məsələlərə dair ümumxalq hökmü lazımdır.

Burada çıxış edənlərin hamısı bir ümumi sözü də dedilər ki, əgər bu sülh danışıqları bir nəticə verməsə biz gedib öz torpaqlarımızı azad etməyə hazırıq. Doğru fikirdir. Mən də belə fikirdəyəm. Mən tamamilə sizinlə razıyam. Biz nə qədər mümkündürsə, bu məsələnin sülh yolu ilə həll olunmasına çalışacağıq. Buna əmin ola bilərsiniz.

Ancaq eyni zamanda bilmək lazımdır ki, biz heç vaxt razı ola bilmərik ki, torpaqlarımız uzun müddət Ermənistan silahlı qüvvələrinin işğalı altında qalsın. Buna razı ola bilmərik. Müəyyən bir hədd var, əgər bu həddə qədər biz bu məsələni sülh yolu ilə həll etməyə nail ola bilməsək, şübhəsiz ki, bütün vasitələrdən istifadə etməliyik. Buna görə də şuşalılar da, laçınlılar da, ağdamlılar da, füzulililər de, cəbrayıllılar da, kəlbəcərlilər də, zəngilanlılar da, qubadlılılar da, tək onlar yox, Azərbaycanın bütün vətəndaşları, gənclərimiz bilməlidirlər ki, öz torpağını müdafiə etmək, öz torpağını işğalçılardan azad etmək üçün hər kəs gərək hazır olsun. Sözlə yox.

Həmin о adamlar sözlə gördünüz nə etdilər? Siz deyirsiniz ki, həmin adamlar gəlib Şuşaya yığışmışdılar. Niyə gəlib yağışmışdılar? Çünki Şuşa elə bir yer idi ki, orada hərə özünə bir siyasi məqsəd əldə etmək istəyirdi. Rəhim Qazıyev də, Arif Hacıyev də, Xalq Cəbhəsindən başqaları da oraya gəliblər, Etibar Məmmədov da, о birisi də oraya gəlibdir. Nəyə gəliblər? Gəlib nə ediblər? Gəliblər, iki gündən, Şuşa işğal olunandan sonra biri Rusiyaya, biri Daşkəndə, biri Türkiyəyə gedib. Yaxşı, nəyə gedirdin? Bürada sənin torpağın işğal olunubdur, sən çalış bunu geri qaytar. Biri ora uçur, biri bura uçur. Nəyə gedirsiniz?

Ona görə də bu işlər sözlə yox, - sözlər çox eşidilib, - əməli işlə görülməlidir. Mən başa düşürəm, indi burada ağsaqqallarımız çıxış edirlər ki, biz gedib vuraşa, döyüşə bilərik. Bəli, onlar da gedə bilərlər, ancaq bununçün gənc qüvvələrimiz lazımdır. İndi ordumuz qurulub, qurulur, - müdafiə naziri buradadır, - ancaq sizin adamlardan nə qədəri orduda xidmət edir, onlar necə xidmət edirlər, hazırlaşırlar. Bunu düşünmək lazımdır. Tək buna görə yox. Biz müstəqil bir dövlətik. Müstəqil dövlətin müstəqilliyini qorumaq üçün yetərli qədər ordusu olmalıdır və bu ordu da yüksək səviyyədə olmalıdır. Ona görə də ordu quraculuğu ilə biz nə qədər məşğul oluruqsa, gərək siz də о qədər məşğul olasınız. Hər bir gənc orduda xidmət etməlidir, hazırlaşmalıdır, hərbi peşəni mənimsəməlidir, silahdan istifadə etməyi bilməlidir. Əgər bir hadisə baş versə, gərək elə olmasın ki, səriştəli adamımız yoxdur. Bizim əsgərimiz də, zabitimiz də, generalımız da olmalıdır.

Hamısı olmalıdır.

Şübhəsiz ki, bu, Müdafiə Nazirliyinin işidir. Amma bu, eyni zamanda sizin, bütün xalqın işidir. Ordu xalqın ordusudur. Ordu xalqın gənclərindən yaranır. Ona görə də mən sizin fikrinizlə razıyam. Biz bu barədə həmfikirik. Amma bu fikri reallaşdırmaq üçün mən də, siz də, hamımız bundan sonra daha çox səylər qoymalıyıq. Sizin məskunlaşdığınız yerlər çoxdur. Şübhəsiz ki, hamını bir yerə yığmaq mümkün deyil, bəlkə bu, heç lazım da deyil. Burada müəllimə çıxış etdi, mənim çox xoşuma gəldi. Biz buna da şərait yaradırıq ki, məsələn, Şuşadan olan uşaqlar Şuşa məktəbinə getsinlər. Müəllimə dedi ki, assimilyasiya olmasınlar, mən bu fikirlə razıyam. Yəni, şuşalılar, laçınlılar, yaxud da ki, zəngilanlılar, ağdamlılar Azərbaycan xalqının içərisində əriyib bir-birinə qatışmasınlar. Mən bununla demək istəmirəm ki, onların arasına sərhəd qoymaq lazımdır, yox. Bilirsiniz, torpağa, Vətənə, əcdadlarımızın yurduna bağlılıq məsələsi var.

Məsələn, Laçın rayonundan nə qədər adamlar Bakıya, Azərbaycanın başqa şəhərlərinə gəliblər, təhsil alıblar, böyük elm, mədəniyyət xadimləri olublar. Şuşadan həm elm, həm mədəniyyət, dövlət adamlarımız daha çoxdur. Bu da təbiidir. Azərbaycan tək Bakı demək deyil. Bakı bütün Azərbaycandır. Heç kəs hesab etməsin ki, Bakı elə bir Bakıdır. Əgər Bakı paytaxtdırsa, demək, o, Azərbaycandır. Demək, orada hər kəsin öz yeri var, hər kəs də gəlib burada yaşaya, işləyə bilər, fəaliyyətini, istedadını göstərə bilər. Ancaq eyni zamanda biz о torpaqlarımızı da boş qoya bilmərik. Hamımız bir yerə yığışmamalıyıq. Ona görə də şuşalı gərək daim düşünsün ki, о Şuşaya qayıdacaq, qayıdıb öz evini bərpa edəcək, yaşayacaq, Şuşanın mənzərəsindən həzz alacaq, atasının, babasının qəbrinin üstünə gedəcək - təkcə bir dəfə ziyarətə getməyəcək, daim gedəcək. Bunu laçınlı da, о birisi də bilməlidir.

İşğal olunmuş torpaqlardan didərgin düşmüş vətəndaşlarımız məskunlaşdıqları yerlərdə öz rayonlarının ənənələrini daim qoruyub saxlamalıdırlar. Ona görə də bu rayonların bütün dövlət orqanları - icra orqanı da, polis, prokuror, hərbi komissarlıq orqanı da var. Bunlar mütləq olacaqdır. Baxmayaraq ki, siz, məsələn, 40, 50, yaxud 60 məntəqədə məskunlaşmısınız. Gərək, bir-birinizlə bağlılığı həmişə saxlayasınız. Gərək öz torpağınızı, evinizi unutmağa heç vaxt yol verməyəsiniz. Qayıdarsınız, gedərsiniz, öz evinizi bərpa edərsiniz, komanızı düzəldərsiniz, bundan sonra ya özünüz, yaxud uşaqlarınız gələr, yenə də Bakıda oxuyar, təhsil alar, böyük işə keçər. Bu, təbiidir. İndiyə qədər olduğu kimi elə də olmalıdır. Güman edirəm siz, məni anlayırsınız.

Bax, mən bunu bəyəndim ki, bəli, Şuşanın da öz məktəbi var. Qoy olsun. О demək deyil ki, mən şuşalıları bakılılardan ayırmaq istəyirəm, yox. Amma öz məktəbi olsun. Öz məktəbi olanda o, Şuşa haqqında daha çox düşünəcək. Bilirsiniz, Vətən hissi haradan

başlayır? Adamın öz evindən, öz anasından, atasından başlayır. Elədirmi? Vətən insanın öz torpağından başlayır. Bəzisı var ki, elə onu Vətən hesab edir, amma əksəriyyəti həm onu, həm də ümumi Vətəni Vətən hesab edir. Məsələn, mən bu gün dedim ki, Azərbaycanın hər bir yeri, nöqtəsi, guşəsi hər birimiz üçün - sizin üçün də, mənim üçün

də Vətəndir. Belə də olmalıdır. Amma eyni zamanda, bir yer var ki, biz oranı qorumalı, saxlamalıyıq, - o, bizim üçün xüsusi vətəndir: Şuşa da, Laçın da, Ağdam da, Füzuli də, Zəngilan da və sair. Bu, çox mühümdür.

Mən icra hakimiyyəti başçılarına demişəm, bu gün də deyirəm. Şübhəsiz ki, bu rayonlardan, - biz bu gün xüsusən Şuşa və Laçın rayonlarından söhbət açdıq, - gəlib Azərbaycanın müxtəlif yerlərində məskunlaşmış adamların hamısına qayğı göstərmək, kömək etmək lazımdır. Qərar qəbul edilməsi, ayrı-ayrı vəsaitlərin ayrılması nöqteyinəzərindən nə mümkündür mən edirəm. Mən İzzət Rüstəmovu baş nazirin müavini təyin etmişəm ki, qaçqınların işi, humanitar yardımların alınması, gətirilməsi, toplanması işləri ilə məşğul olsun. Bəli, mən bu iş üçün xüsusi vəzifə təsis etmişəm. Onun da oğlu şəhid olub. Şəhid atası İzzət Rüstəmovu vəzifəyə təyin etmişəm, ona görə ki, o, sizin dərdinizi başqalarından yaxşı başa düşər. Yəni biz öz tərəfimizdən nə lazımdırsa edirik, amma gərək siz də öz tərəfinizdən lazımi tədbirlər görəsiniz.

Mənə çoxlu siqnallar gəlir ki, xaricdən göndərilən humanitar yardımlar qaçqınların bəzilərinə çatmır. Bəzi yerlərdə bunlardan suiistifadə edirlər, oğurlayırlar, dağıdırlar, səhlənkarlıq edirlər. Mən İzət Rüstəmova da, Prezident Aparatına da göstəriş vermişəm ki, bu məsələlərlə ciddi məşğul olsunlar, ona nəzarət etsinlər. Amma əgər sizin özünüz bu işləri yaxşı təşkil etsəniz, vallah, heç bir başqa nəzarət lazım deyil.

Mən bu gün bir daha deyirəm, - Şuşa, Laçın rayonlarından da, işğal olunmuş başqa rayonlardan da harada bizim vətəndaşlarımız məskunlaşıblarsa onlara xüsusi qayğı, diqqət göstərilməlidir. Bakı şəhər icra hakimiyyətinin başçısı da buradadır. Mən onu buraya dəvət etmişəm ki, sizin bu dərdlərinizi bilavasitə eşitsin. Güman edirəm ki, başqa rayonların icra hakimiyyəti başçıları da mənim bu çıxışımı radio və televiziya ilə eşidəcəklər. Prezident Aparatının rəhbərinə göstəriş verirəm ki, mənim bu tapşırıqlanmı onlara da çatdırsın.

İndi burada bir məsələ meydana çıxdı ki, bir qaçqını evdən çıxarıblar. Bəhmənov dedi ki, onu artıq yerləşdiriblər. Bu, başqa məsələdir. Amma onu nə üçün çıxarıblar! Deyir ki, həmin mənzili guya başqa adama satıblar. Bunu yoxlamaq və mənə məruzə etmək lazımdır. Belə hallara yol vermək olmaz. Güman edirəm ki, bu məsələlərin müzakirəsinə, fikir mübadiləsinə bizim bu gün bu qədər çox vaxt ayırmağımız təbiidir, məqsədəuyğundur. Çünki bütün bu problemləri həll etmək üçün Şuşa, Laçın problemi mərkəz nöqtədir. Ona görə də həm bu məsələləri dərindən bilmək, həm də fikirlərimizi bir-biri ilə uyğunlaşdırmaq üçün belə bir görüş çox zəruridir, əhəmiyyətlidir. Mən bu görüşdən çox razıyam. Sizin hamınıza, xüsusən burada çıxış edən adamlara, verdiyiniz bu məlumatlara görə təşəkkür edirəm. Mənim haqqımda dediyiniz xoş sözlərə görə sağ olun. Mən çalışacağam ki, sizin sözlərinizə bundan sonra da layiq olum.

Laçın rayon icra hakimiyyətinin başçısı Muradxan Cabbarovun bu gün 70 yaşı tamam olur. Bu münasibətlə mən onu təbrik edirəm. Güman edirəm ki, uzun illər Laçın rayonunda fəaliyyət göstərdiyinə görə Muradxan Cabbarov yüksək mükafata layiqdir. Mən Muradxan Cabbarovu "Azərbaycan bayrağı" ordeni ilə təltif etmək barədə bu gün fərman imzalayıram.

Mən qeyd etdim, çalışacağam ki, sizin mənə ünvanlanmış xoş sözlərinizə bundan sonra da layiq olum. Bu, mənim həyatımın mənasıdır. Mən bütün həyatımı xalqa xidmət etməyə həsr etmişəm, bundan sonra da bu yolla gedəcəyəm. Başqa yolum yoxdur. Vətənə, millətimə, xalqıma məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur. Buna tam arxayın ola bilərsiniz. Arxayın ola bilərsiniz ki, bütün bu problemlərin xüsusən Laçın, Şuşa probleminin həll olunması üçün mən bundan sonra da öz səylərimi əsirgəməyəcəyəm. Sağ olun.