Üç Qitə Beynəlxalq kino festivalının təşkilatçıları və iştirakçılarına - 21 noyabr 1995-ci il


Əziz dostlar!

Sizi - Nant Beynəlxalq kinofestivalının təşkilatçı və iştirakçılarını Azərbaycan xalqı adından ürəkdən salamlayır və kino sənətinin gələcək inkişafı naminə hamımza gərgin fəaliyyətinizdə uğurlar arzulayıram.

Kino sənətinin 100 illik yubileyi ərəfəsində Azərbaycan kinosuna retrospektiv baxışın məhz kinematoqrafiyanın vətəni sayılan Fransada keçirilməsini əlamətdar mədəni hadisə kimi qiymətləndirirəm. Azərbaycan və fransız xalqlarını bir-birinə bağlayan mədəni əlaqələr çox qədimdir. İnanıram ki, Azərbaycan və Fransa kinematoqrafçıları bu tarixi ənənələri bundan sonra da sədaqətlə yaşadacaq, kino sənətinə qədəm basan yeni nəslin bu ruhda tərbiyəsinə zəmin yaradacaqlar.

Əminəm ki, humanist ideallara xidmət edən, sülhsevər qüvvələri birləşdirən, Yer kürəsinin müxtəlif dinli, müxtəlif dilli, müxtəlif irqli övladlarının həmrəylik rəmzinə çevrilən Nant festivalı Azərbaycan və Fransanın mədəniyyət aləmi üçün böyük əhəmiyyət kəsb etməklə yanaşı, dünya xalqları arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində unudulmaz tarixi bir mərhələ olacaqdır.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT