Birləşmiş Millətlər Təşkilatının Baş katibi zati-aliləri Kofi Annana - 5 iyul 1999-cu il


Hörmətli baş katib, imkandan istifadə edərək, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit edilmiş insan hüquqlarının və əsas azadlıqlarının təmin edilməsi kimi yüksək amala nail olmaq üçün səy göstərdiyinizə və ölkəmizin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin məqsədlərinə daim sadiq olduğu barədə verdiyiniz qiymətə görə Sizə minnətdarlığımı bildirirəm.

Bununla belə, qeyd etməyi zəruri hesab edirəm ki, Azərbaycan Respublikası mütərəqqi bəşəriyyətlə birlikdə ümumdünya bəyannaməsinin müddəalarının həyata keçirilməsinə yönəldilmiş tədbirlərdə fəal iştirak edir.

Dövlət müstəqilliyini əldə etmiş Azərbaycan Respublikası demokratik prinsiplərə, insan hüquqlarına və əsas azadlıqlarına hörmət və riayət edilməsinə sadiq olduğunu bəyan etmişdir.

Ümumdünya bəyannaməsinin məqsəd və vəzifələrini yerinə yetirən Azərbaycan Respublikası 125 beynəlxalq konvensiyalara, o cümlədən insan hüquqlarının müdafiəsi sahəsində çoxtərəfli müqavilələrə - "İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt"a, "Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt"a, "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq konvensiya"ya, "İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalara qarşı konvensiya"ya, "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiya"ya və "Uşaq hüquqları haqqında konvensiya"ya qoşulmuşdur.

İnsan hüquqları sahəsində beynəlxalq sazişlərdə və Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş yaşamaq hüququna təminat verilməsi məqsədi ilə Şərqdə ilk dəfə olaraq 1998-ci il fevralın 10-da Azərbaycan Respublikasında ölüm cəzasının ləğv edilməsi haqqında qanun qəbul edilmişdir. 1998-ci il dekabrın 11-də isə ölkəmiz "Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt"ın ölüm cəzasının ləğv edilməsinə yönəldilmiş ikinci fakultativ protokoluna qoşulmuşdur.

Əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması, onların müdafiəsi məqsədi ilə Azərbaycan Respublikasında müvafiq qanunlar, prezidentin fərman və sərəncamları, o cümlədən "Məlumat azadlığı haqqında", "Sərbəst toplaşmaq haqqında", "Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərmanları, "Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyinin keçirilməsi haqqında", "İnsan hüquqlarının müdafiəsinə dair dövlət proqramının təsdiq edilməsi haqqında" sərəncamları və digər normativ-hüquqi aktlar qəbul edilmişdir.

Hal-hazırda beynəlxalq təşkilatların dəstəyi ilə insan hüquqlarının müdafiəsi sahəsində bir sıra qanunların layihələri hazırlanır.

Ölkəmiz insan hüquqlarının müdafiəsi sahəsində nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissiyasının İdarəsi ilə əməkdaşlığı yüksək qiymətləndirir və daim inkişaf etdirir.

Azərbaycan Respublikası hökuməti ilə BMT-nin İnsan hüquqları üzrə Mərkəzi arasında 1998-ci il avqustun 18-də imzalanmış "İnsan hüquqlarının inkişaf etdirilməsi və müdafiəsi üzrə potensialının gücləndirilməsi və infrastrukturunun yaradılması"na dair layihə sənədinin əhəmiyyətini xüsusilə vurğulamaq istərdim.

Son illər ərzində Azərbaycan dilində orta və ali təhsil müəssisələri üçün insan hüquqlarının müdafiəsi sahəsində müxtəlif dərsliklər və tədris vasitələri dərc edilmişdir.

Azərbaycan Respublikası Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin bütün maddələri ilə yanaşı, 30-cu maddədə əks olunmuş müddəaları tamamilə dəstəkləyir və onların həyata keçirilməsinə səy göstərir.

Bütün yuxarıda göstərilənlərlə bərabər, beynəlxalq ictimaiyyətin və Birləşmiş Millətlər Təşkilatının nəzərini bir daha Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində bir milyondan artıq soydaşlarımızın Ermənistandakı və Azərbaycanın işğal olunmuş ərazilərindəki daimi yaşayış yerlərindən didərgin salınmasına, etnik təmizləmə və ayrı-seçkiliyə, bununla da insan hüquq və azadlıqlarının kütləvi surətdə pozulmasına yetirmək istərdim.

Göstərilənləri qeyd etməklə, öz doğma yurdlarından qovulmuş azərbaycanlıların pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə, işğal edilmiş Azərbaycan ərazilərinin azad olunması, qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına tezliklə qayıtması üçün səylərinizi əsirgəməməyə və Azərbaycan xalqının qanuni mənafelərini dəstəkləməyə çağırıram.

Dərin hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər