Azərbaycan - Rumıniya münasibətləri


                                                                                                   

Münasibətlərin tarixi: Tarixi faktlar təsdiq edir ki, Azərbaycan - Rumıniya münasibətlərinin əsası hələ XV əsrdə qoyulub. 1473-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsən və Moldav knyazı Böyük Stefan hərbi əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Bu əlaqələr Səfəvilər dövründə də davam etdirilib. Güman olunur ki, Azərbaycan dilində ilk çap məhsulu rumın knyazı Dmitri Kantemirin iştirakı ilə meydana çıxıb. Belə ki, I Pyotru Xəzərsahili səfərində (1722) müşayiət edən knyaz onun yerli əhaliyə müraciətinin Azərbaycan dilində (tatarca) mətnini hazırlayıb.

İkitərəfli siyasi münasibətlər: Rumıniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 11-də tanıyıb. 1997-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi, 2001-ci ildə isə Şərqi Avropa dövlətlərində ilk dəfə olaraq Azərbaycanın Rumıniyada səfirliyi açılıb. 1995-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rumıniyaya rəsmi səfər edib. Rumıniya Prezidenti İon İliyesku ilə görüşən Heydər Əliyev Rumıniya prezidentinin onu bu ölkəyə səfərə dəvət etməsini iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün çox mühüm addım kimi qiymətləndirib. Prezident Heydər Əliyevin Rumıniyaya səfəri zamanı Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə, eləcə də elm, təhsil, mədəniyyət və idman, həmçinin iqtisadi və elmi - texniki əməkdaşlıq haqqında sazişlər imzalanıb. 1996-cı ilin martında Rumıniya Prezidenti İon İliyesku Azərbaycana rəsmi səfərə gəlib. Rumıniya prezidentinin səfəri çərçivəsində iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, hava əlaqələri, ticarət gəmiçiliyi, beynəlxalq avtomobil daşımaları haqqında və digər sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalanıb. Dövlətlərarası və hökumətlərarası sənədlər imzalandıqdan sonra hər iki prezident birgə mətbuat konfransı keçirib. Prezident Heydər Əliyev mətbuat konfransında bəyanatla çıxış edib: "Azərbaycan Respublikası öz dövlət müstəqilliyini, milli azadlığını yüksək qiymətləndirir. Odur ki, bunların möhkəmlənməsinə yönəldilmiş hər bir addım bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Biz hüquqi, demokratik, sivilizasiyalı dövlət, cəmiyyət quruculuğu yolu ilə gedirik və bu yolda Azərbaycanın inkişaf etmiş demokratik ölkələr səviyyəsinə qalxa bilməsi üçün hər şeyi edirik".

1998-ci il iyunun 29-da Rumıniya Prezidenti Emil Konstantinesku Heydər Əliyevin dəvətilə Azərbaycana rəsmi səfərə gəlib. Səfər zamanı "Azərbaycan Respublikası ilə Rumıniya Respublikası arasında dostluq münasibətlərinin və tərəfdaşlığın inkişafı haqqında" bəyannamə imzalanıb.

2002-ci ilin oktyabrında Rumıniya Prezidenti İon İliyeskunun Azərbaycana növbəti səfəri zamanı onunla Azərbaycan Prezidenti Heydər Əliyev arasında tərəfdaşlıq haqqında bəyannamə və iki ölkənin müvafiq qurumları arasında iqtisadi və elmi - texniki sahələrdə sazişlər imzalanıb.

Azərbaycanın dövlət başçısı Heydər Əliyev Rumıniya prezidenti İon İlyesku ilə keçirdikləri birgə ‎mətbuat konfransında Rumıniya və Azərbaycan arasında siyasi sahədə razılıq olduğunu elan edib: "Prezident cənab İliyesku ilə mənim imzaladığımız bəyannamə, hesab edirəm, xüsusi əhəmiyyət kəsb edir. ‎Bu bəyannamə siyasi məsələlərə həsr olunub və Azərbaycan ilə Rumıniyanın həm beynəlxalq ‎problemlərlə əlaqədar, həm də bölgəmizdə olan problemlərlə əlaqədar eyni fikirdə olduqlarını və bir çox ‎məsələlərdə razılıq əldə etdiklərini göstərir".

Səfər zamanı İon İliyeskuya Azərbaycan Texniki Universitetinin fəxri doktoru diplomu təqdim olunub.

2003-cü ilin oktyabrında İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da Rumıniya ilə əlaqələr uğurla inkişaf etdirilir.

2004-cü ilin oktyabrın 11-12-də İlham Əliyev Rumıniyaya rəsmi səfərə gedib. Yenidən Rumıniya prezidenti seçilən İon İliyesku ilə görüşüb. Səfər zamanı "Azərbaycan Respublikası Prezidentinin və Rumıniya Respublikası Prezidentinin Birgə Bəyannaməsi" də daxil olmaqla müxtəlif sahələri əhatə edən 12 sənəd imzalanıb. Səfər çərçivəsində Buxarestdə Heydər Əliyevin abidəsinin açılış mərasimi keçirilib.

Rumıniyaya rəsmi səfəri zamanı Prezident İlham Əliyev Ployeşti Neft və Qaz Universitetində olub. Prezident İlham Əliyevə universitetin fəxri doktoru adı verilib.

2006-cı il oktyabrın 11-12-də Rumıniyanın yeni prezidenti Trayan Basesku Azərbaycana rəsmi səfər edib. İki ölkə prezidentinin görüşündə ölkələr arasında siyasi - iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Dövlət başçıları həmçinin, Avroatlantik strukturlara inteqrasiya prosesində ölkələr arasında əməkdaşlığın daim genişləndiyini qeyd ediblər.

2007-ci il sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyaya işgüzar səfərə gedib. Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya prezidenti Trayan Basesku arasında təkbətək görüş olub. Görüşdə Azərbaycanla Rumıniya arasında ikitərəfli əlaqələr, beynəlxalq layihələr çərçivəsində işbirliyi, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə Fondun Rumıniya nümayəndəliyinin açılışı mərəsimi keçirilib. Daha sonra Buxarestdə Heydər Əliyev Parkının və parkdakı büstün açılışı olub. Açılış mərasimində çıxış edən Rumıniya prezidenti T.Basesku Azərbaycanı ölkəsinin böyük dostu adlandırıb. O, iki ölkə arasında əməkdaşlıqdan danışaraq, bu əlaqələrin əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu, buna görə də onun xatirəsini əbədiləşdirməyi borc bildiklərini qeyd edib.

21 avqust 2008-ci ildə Rumıniya Prezidenti Trayan Basesku növbəti dəfə Azərbaycana səfər edib. Prezident İlham Əliyev ikitərəfli dostluq münasibətlərinin sürətlə inkişaf etdiyini, siyasi, iqtisadi, mədəni, enerji sahəsində ölkələrimizin yaxın tərəfdaş olduğunu və regional əməkdaşlığın uğurla həyata keçirildiyini bildirib. Prezident Trayan Basesku Azərbaycanın bölgədə mühüm ölkə olduğunu və regional məsələlərdə çox güclü rol oynadığını vurğulayıb. O bildirib ki, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. 28-29 sentyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyada rəsmi səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Basesku "Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə" imzalayıblar. Mərasimdə "Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş" və digər sənədlər imzalanıb. Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra dövlət başçılarının birgə mətbuat konfransı olub. Prezidentlər bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev bildirib: "Siz qeyd etdiyiniz kimi, bütün dondurulmuş münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq prinsiplərin rəhbər tutulması və ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılması mövqeyi çox böyük əhəmiyyətə malikdir və buna görə mən Sizə minnətdaram. Dünyada bütün məsələlər, o cümlədən münaqişələr ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapa bilər".

İqtisadi əlaqələr: Rumıniya-Azərbaycan iqtisadi münasibətləri yüksək templə inkişaf etməkdədir. Rumıniya Azərbaycan neftinin Avropa bazarlarına ixracında iştirak etmək istədiyini bəyan edib. Bu ölkələr müxtəlif regional layihələrdə, o cümlədən TRASEKA proqramı çərçivəsində əməkdaşlıq edir. Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrə dair 43 sənəd imzalanıb. 1998-ci il sentyabrın 8-10-da Tarixi İpək Yolunun bərpası ilə əlaqədar Bakıda keçirilən konfransda digər dövlətlərin prezidentləri ilə yanaşı Rumıniya Prezidenti Emil Konstantinesku da iştirak edib və beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas Sazişə imza atıb.

4 iyun 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev Qara Dəniz Dialoq və Əməkdaşlıq Forumunda iştirak etmək üçün Buxarestdə səfərdə olub. Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın ən müxtəlif aspektlərinə dair müzakirələr aparılıb.

Mədəni əlaqələr: İki ölkə arasında mədəni əlaqələr getdikcə genişlənir. Bakıda "Azərbaycan - Rumıniya dostluq cəmiyyəti", Buxarestdə isə "Rom-Azer" Rumıniya - Azərbaycan dostluq cəmiyyəti fəaliyyət göstərir. 2006-cı ildə məşhur rumın bəstəkarı J.Eneskuya Bakıda abidə ucaldılıb. Tanınmış jurnalist Minodor Mitrikanın Azərbaycanın tarixinə, müstəqillik dövründə əldə etdiyi nailiyyətlərə, Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr edilmiş "Azərbaycanın dirçəlişi" kitabı rumın və ingilis dillərində çapdan çıxıb. Böyük Azərbaycan şairi Məhəmməd Füzuli Rumıniyada rumın dilinə tərcümə edilmiş yeganə klassik şairdir. Yazıçı Anarın, Çingiz Abdullayevin, Elçinin əsərləri, B. Vahabzadənin poemaları rumın dilinə tərcümə edilib və çap olunub.

Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Bunu qiymətləndirən digər Avropa ölkələri kimi Rumıniya da Azərbaycanı regionda əsas tərəfdaş ölkə hesab edir. Regional və beynəlxalq təşkilatlarda Azərbaycan və Rumıniya yaxından əməkdaşlıq edirlər. Rumıniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılması mövqeyindən çıxış edir.

Ümumi tarixi arayış 5 aprel 2010-cu ildə tərtib olunub.