Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rumıniya Prezidenti Emil Konstantineskunun Binə hava limanında qarşılanma mərasimində bəyanatı - 29 iyun 1998-ci il


Hörmətli cənab prezident!

Hörmətli qonaqlar!

Sizi Azərbaycanda ürəkdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

Rumıniya ilə Azərbaycan arasında faydalı əlaqələr yaranıbdır və artıq bu əlaqələrin müəyyən nailiyyətləri mövcuddur. Dövlətlərimiz, hökumətlərimiz arasında müqavilələr, sazişlər, çox əhəmiyyətli sənədlər imzalanıbdır. Hörmətli prezident Emil Konstantinesku, sizin Azərbaycana bu rəsmi səfəriniz Rumıniya - Azərbaycan əlaqələrinin inkişafda olmasını nümayiş etdirir. Mən ümidvaram ki, biz ölkələrimizin, dövlətlərimizin arasında əlaqələrin gələcək inkişafı ilə əlaqədar mühüm məsələləri müzakirə etmək imkanına malik olacağıq.

Cənab prezident, mən bilirəm ki, buna sizin - Rumıniyanın da, bizim - Azərbaycanın da ehtiyacı vardır. Mən bununla bərabər arzu edərdim ki, siz, Azərbaycana ilk dəfə səfər edən Rumıniya prezidenti Azərbaycanla, paytaxtımız Bakı şəhəri ilə mümkün qədər tanış ola biləsiniz, bizim bu günümüzü görə biləsiniz. Əmin ola bilərsiniz ki, Siz Azərbaycanda qonaqpərvərlik, dostluq və mehribanlıq şəraitində olacaqsınız. İnanıram ki, bizim danışıqlarımız, görüşlərimiz çox səmərəli olacaq, həm Rumıniya üçün, həm Azərbaycan üçün faydalı olacaqdır. Bir daha sizi salamlayıram. Xoş gəlmisiniz!