SSRİ xalq artisti Mahmud Esembayevə - Bakı şəhəri, 15 iyul 1999-cu il


Çox hörmətli Mahmud Esembayev!

Sizi, müasir incəsənətin görkəmli xadimini 75 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə xoşbəxtlik, cansağlığı və əmin-amanlıq arzulayıram.

Qədim Qafqazın Sizin yaradıcılığınızda kamillik dərəcəsinə çatdırılmış gözəl rəqs nümunələri XX əsrdə ümumdünya mədəniyyətində hadisəyə çevrilə bilmişdir. Müxtəlif xalqların rəqs sənətinin sirlərinə dərindən nüfuz etməyiniz Sizə elə bir ifaçılıq səviyyəsinə nail olmağa imkan vermişdir ki, bu zaman rəqsin plastikası milli və dünya inkişaf meyllərini özündə əks etdirir, mədəniyyətlərin yaxınlaşmasına və qarşılıqlı zənginləşməsinə kömək edir.

Virtuozluq və cilalanmış texnika ilə, rəqsin üslub və xarakterini parlaq və təsirli şəkildə ifadə etmək bacarığı ilə birləşən fitri istedadınız Sizə misilsiz şedevrlər yaratmağa imkan vermişdir. Doğma xalqınıza sonsuz məhəbbət, milli ənənələrə sədaqət, tükənməz əməksevərlik və incəsənətin yüksək ideallarına uzun illər xidmətiniz böyüməkdə olan nəsillər üçün hələ bir çox illər ərzində nümunə olacaqdır.

Sizin yaradıcılığınız ölkəmizdə uzun illər boyu daim heyranlıq və məftunluq doğurmuşdur. Azərbaycanda Sizin iştirakınızla çəkilmiş film bunun daha bir təsdiqidir.

Bu gün Siz təkcə böyük rəqs sənətinin deyil, həm də Qafqaz xalqlarının çoxəsrlik müdrikliyinin təcəssümüsünüz. Xeyirxahlıq və humanizm idealları ilə aşılanmış bütün çoxcəhətli fəaliyyətiniz bu gün də bizim Ümumqafqaz evimizdə sülhə əmin-amanlığa və sabit inkişafa nail olmaq işinə xidmət edir.

Sizə uzun ömür arzulayıram. 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti 

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT