Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Mond diplomatik" qəzetinin müxbirinə müsahibəsi - Paris, 3 dekabr 1995-ci il


Sual: Müharibədə atəşkəs əldə edilməsinə baxmayaraq daimi sülh yaranmasına mane olan məsələlər, sizcə, nədən ibarətdir?

Cavab: Siz bilirsiniz ki, atəşkəs var, ancaq nə üçün sülh yoxdur. Siz bu sualı Ermənistanın nümayəndələrinə vermisiniz, yoxsa yox? Onlar nə deyirlər?

Müxbir: Mən iki ay bundan əvvəl Levon Ter-Petroysanla görüşmüşəm. Onun verdiyi cavab onu göstərdi ki, böyük dövlətlərin ümumi sülh layihəsi hələ hazır deyil.

Heydər Əliyev: Bu da ola bilər. Amma mənim cavabım bundan fərqli olacaq. Bizim məsələlərimizin böyük dövlətlər həll etməməlidir. Öz məsələlərimizi birinci növbədə biz özümüz həll etməliyik. Ermənistanla Azərbaycan arasında yeddi ildir ki, hərbi münaqişə gedir. Bir jurnalist, Fransanın vətəndaşı, kökünüzə görə erməni olduğunuz üçün siz özünüz fikirləşin. Bu münaqişə nəyə lazımdır? Azərbaycanın bir parçası olan Dağlıq Qarabağı Ermənistan silah gücü ilə özünə bağlamaq istəyir. Bu, dünyada bütün normalarına zidd olan hərəkətdir.

Siz bilirsiniz ki, bir ölkənin başqa bir ölkənin zəbt etməsi üçün əsrlər boyu nə qədər müharibələr gedib. Ancaq bunlar heç vaxt yaxşı nəticə verməyib. Eləcə də Ermənistan ilə Azərbaycan arasında gedən müharibə. Bu müharibəni Azərbaycan başlamayıb. Qeyd etdiyim kimi, Dağlıq Qarabağı öz ərazisinə bağlamaq üçün bu müharibəni Ermənistan başlayıb. Yeddi ildə nə qədər qan tökülüb, nə qədər insanlar həlak olub. Ermənistanla Azərbaycan arasında olan o dostluq, iqtisadi, insani əlaqələr pozulub. Ermənistan ağır iqtisadi vəziyyətə düşüb. Azərbaycan da ağır iqtisadi vəziyyətə düşüb. Ermənistan da, Azərbaycan da blokada şəraitindədir.

Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edib. İşğal olunmuş ərazilərdən bir milyondan çox Azərbaycan vətəndaşı Ermənistan işğalçılarının qəsbkarlıq hərəkətləri nəticəsində öz yerlərindən qovulubdur. Onlar üç ildir ki, Azərbaycanın başqa bölgələrində çadırlarda ağır vəziyyətdə yaşayırlar. Müharibədə 30 mindən çox azərbaycanlı həlak olub. Bir neçə min azərbaycanlı Ermənistanda əsirlikdədir. Şübhəsiz ki, Ermənistan tərəfindən həlak olanlar az deyil.

Qeyd etdiyim kimi, bu müharibə həm Ermənistana, həm də Azərbaycana çox böyük zərbələr vurub. Ancaq bunlara baxmayaraq biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz hesab edirik ki, müharibə yolunun gələcəyi yoxdur. Ermənistanda və Ermənistandan kənarda yaşayan, Ermənistana tərəfdar olan adamlardan heç kəs düşünməsin ki, silah işlətmək yolu ilə Azərbaycanın ərazisini qoparıb ələ keçirmək olar. Ona görə də biz məsələni sülh yolu ilə həll etmək istəyirik.

Artıq il yarımdır, 18 aydan çoxdur ki, atəşkəs rejimi yaranıbdır. Biz hesab edirik ki, bu, müsbət haldır. Çünki müharibə yeddi il idi ki, ara vermədən gedirdi. Ancaq indi atəş yoxdur, qan tökülmür, insanlar qırılmır. Bu müharibəyə son qoyulmalıdır.

Siz sual vermisiniz ki, bu məsələ nə üçün həll olunmur. Mən sizə deyirəm ki, Ermənistanın bu məsələlərdə qeyri-konstruktiv mövqeyinə görə…

Müxbir: Üzr istəyirəm, Levon Ter-Petrosyan da eynilə bu ifadəni Azərbaycan barədə işlətdi.

Heydər Əliyev: Onun sübutu yoxdur. Bu sözü demək olar, ancaq onu sübut etmək lazımdır. Mənim sübutum ondan ibarətdir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdir. Əhalimizin bir milyondan çoxu qaçqın vəziyyətində çadırlarda yaşayır. Bunu ədalətli hesab etmək olarmı?

Müxbir: Yox.

Heydər Əliyev: Biz istəyirik ki, müharibə qurtarsın. Şərtimiz nədir? İşğal olunmuş torpaqlardan Ermənistan silahlı qüvvələri çıxsın. Azərbaycanlı vətəndaşlar öz yerlərinə qayıtsınlar. Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Dağlıq Qarabağda yaşayan ermənilərin istəkləri odur ki, onlara status verilsin. Orada ağılsız adamlar hesab edirlər ki, Dağlıq Qarabağa dövlət müstəqillik statusu verilə bilər. Bunu unutmaq lazımdır. Bu heç vaxt ola bilməz və heç bir beynəlxalq təşkilat, heç bir böyük dövlət Dağlıq Qarabağa müstəqillik statusu verilməsinə razı ola bilməz.

Rusiya bir ildir ki, Çeçenistanda müharibə aparır. Çeçenlər istəyirlər ki, dövlət müstəqilliyini əldə etsinlər. Rusiya buna razı deyil və orada öz hakimiyyətini möhkəmləndirmək üçün müharibə aparır. Biz hesab edirik ki, Rusiyanın ərazisi toxunulmazdır. Onun ərazisinin heç bir hissəsini ayrı müstəqil dövlət etmək olmaz. Eləcə də Azərbaycanın ərazisi toxunulmazdır, heç kəs zorla Azərbaycanın ərazisinin bir hissəsini əlimizdən ala bilməz. Ermənistanın da ərazisi toxunulmazdır. Biz bu dəqiqə Ermənistanın ərazisinin hansısa bir hissəsini əlimizə keçirmək istəmirik. Amma tarixi araşdırsanız, o ərazilərin bir çox hissəsi vaxtilə Azərbaycanın olub. Artıq sərhədlər yaranıb. Ermənistan da, Azərbaycan da müstəqil dövlətdir. Ermənistan da, Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Bizim sərhədlərimiz beynəlxalq hüquq normalarına görə BMT tərəfindən tanınıb, qəbul olunubdur. Bunları dəyişmək olmaz. Ona görə də mən deyirəm ki, Ermənistanın mövqeyi - qeyri-konstruktivdir.

Biz Dağlıq Qarabağa status, özü də əvvəlkindən daha yüksək status verməyə etiraz etmirik. Amma bu status yalnız müstəqil Azərbaycan Respublikasının tərkibində verilə bilər. Biz Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə də tamamilə zəmanət veririk. Dağlıq Qarabağın Ermənistanla yolunun da təmin olunmasına zəmanət veririk. Dağlıq Qarabağın Ermənistana yolu Laçın rayonundan keçir. Biz hətta razı olmuşuq ki, o yol beynəlxalq qüvvələrin nəzarəti altında olsun. Ermənistanda və Dağlıq Qarabağda heç kəs narahat olmasın, bu yoldan rahat istifadə etmək olar. Bizim konstitusiyamızda qeyri-konstruktiv heç bir şey yoxdur. Amma Ermənistan bu məsələni güc işlətməklə, zorla həll etmək istəyir. Siz, düzdür, ermənisiniz. Amma Fransalısınız. Fransanın demokratiyası belə şeylərə yol verə bilməz. Elədir, yoxsa yox?

Müxbir: İndi söylədikləriniz barədə sizə bir neçə sualım var.

Heydər Əliyev: Buyurun.

Sual: Siz deyəndə ki, ancaq torpaqlarınızın 20 faizi işğal olunub, Dağlıq Qarabağı da bu 20 faizin içərisinə qatırsınız, yoxsa yox?

Cavab: Bəli, oraya Dağlıq Qarabağı da qatıram. Amma mən sənə bir arayış verim. Azərbaycanın işğal olunmuş ərazisi 16 min kvadrat kilometrdir. Bunun 4 min kvadrat kilometri Dağlıq Qarabağdır. Deməli, Dağlıq Qarabağın ətrafında 12 min kvadrat kilometr ərazi işğal olunub. Yəni üç Dağlıq Qarabağın ərazisinə bərabər ərazimiz də işğal edilib.

Sual: Ermənilər bəyan edirlər ki, onlar işğal olunmuş bütün torpaqları geri qaytarmağa hazırdırlar. Şuşa və Laçını çıxmaq şərti ilə. Sizcə, bu təklif qəbul edilə bilərmi?

Cavab: Qəbul edilə bilməz. Nə üçün, nəyə görə qəbul edilə bilməz? Birincisi, Laçın rayonu haqqında. Laçın Dağlıq Qarabağda deyil. Ona görə də Laçın haqqında bu fikirlər hüquqdan tamamilə kənar fikirlərdir. İkincisi, Şuşa haqqında. Şuşa Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Yaxşı olar ki, mən mövcud vəziyyəti xəritə üzərində sizə izah edim.

Sual: Belə başa düşürəm ki, ermənilər Dağlıq Qarabağ da daxid olmaqla bütün torpaqlardan çıxıb getməlidirlər?

Cavab: Yox. Biz razıyıq ki, ermənilər Dağlıq Qarabağda qalıb yaşasınlar. Amma Ermənistan silahlı qüvvələri Şuşadan, Laçından və işğal edilmiş digər rayonlarımızın hamısından çıxmalıdır. Xəritədə bu yolu görürsünüzmü? Biz razıyıq ki, bu yolu beynəlxalq qüvvələrin nəzarəti altına verək. Yəni Dağlıq Qarabağ bu yol vasitəsi ilə Ermənistanla normal əlaqə saxlaya bilər. Bir də ki, əgər o torpaqlar azad edilsə, Böyük Sülh Müqaviləsi əldə olunsa, bizim keçmiş əlaqələrimiz yenə də bərpa olunacaq. Dağlıq Qarabağa dəmir yolu var. Onlar bu dəmir yolu vasitəsilə də Ermənistanla əlaqə saxlaya bilərlər. Vaxtilə, 70-ci illərdə Azərbaycana rəhbərlik edəndə Xankəndinə dəmir yolunu mən çəkdirmişəm. Bu dəmir yolu vasitəsilə Dağlıq Qarabağ həm Azərbaycanla, həm Rusiya ilə, həm də Ermənistanla bağlanmışdı. İndi Dağlıq Qarabağ bunların hamısından məhrum olub. Belə vəziyyətdə nə qədər yaşamaq olar?

Sual: Dağlıq Qarabağda ermənilər özlərini müstəqil dövlət elan ediblər. Siz Dağlıq Qarabağ respublikasının prezidenti Koçaryanla danışıqlar aparmağa hazırsınızmı?

Cavab: Siz çox qəribə sual verdiniz. Qeyri-qanuni bir qurumla mən necə danışıq apara bilərəm? Dağlıq Qarabağ Azərbaycanın torpağadır. Koçaryan da Azərbaycan vətəndaşıdır. Mən də Azərbaycanın prezidentiyəm. Mən Azərbaycanın prezidenti kimi Azərbaycanın hər bir vətəndaşı ilə görüşüb danışa bilərəm. Amma qeyri-qanuni özünü prezident elan edən adamla mən necə görüşüb danışa bilərəm?

Sual: ATƏT bu münaqişədə Dağlıq Qarabağı tərəf kimi qəbul edib?

Cavab: Xeyr. Dağlıq Qarabağ tərəf kimi tanınmayıb. Biz də onları tərəf kimi tanımırıq.

Sual: Mən bildiyimə görə Ermənistan özü də Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayıb. Ona görə ermənilər Dağlıq Qarabağa status istəyəndə, müstəqil olmasa da müstəqilliyinə yaxın bir status tələb edirlər.

Cavab: Nə olunsun ki, onlar tələb ediblər? Mən də çox şey istəyirəm. O demək deyil ki, bunların hamısı olmalıdır. Bəlkə sən də istəyirsən ki, Fransanın prezidenti olasan, amma bu mümkün deyil.

Müxbir: Fransanın prezidenti olmaq çox ağır bir vəzifədir, işdir. Mən ola bilərəm.

Heydər Əliyev: Amma burada sənin kimi bəziləri prezident olmaq istəyirlər.

Müxbir: Bildiyimə görə, Azərbaycan Dağlıq Qarabağa mədəni hüquqları olan muxtariyyət vermək fikrindədir.

Heydər Əliyev: Yox, ondan yüksək muxtariyyət vermək fikrindəyik. Mən bunu Ter-Petrosyana demişəm və birdə deyirəm. Azərbaycanın tərkibində, dünya təcrübəsində mövcud olan yüksək statuslardan birini Dağlıq Qarabağa verməyə hazırıq.

Sual: Bu o deməkdir ki, onların özlərinin ayrıca silahlı qüvvələri də olacaqdır?

Cavab: Yox, ola bilməz. Münaqişə qurtarana qədər ola bilər.

Sual: Bəs keçid dövründən sonra necə?

Cavab: Keçid dövründən sonra onlar Azərbaycanın tərkibində olacaqdır. Silahlı qüvvələri neynirlər? Onların polisi olacaq. İctimai asayişi təmin etmək üçün müəyyən qüvvələr olacaq. Yenidən müharibə etmək istəyirlər? Silahlı qüvvələri nədən ötrü saxlamaq istəyirlər?

Sual: Cənab prezident, Dağlıq Qarabağda yaşayan ermənilərin Ermənistanda yaşayan ermənilərdən ayrı xalq, ayrı adamlar kimi qəbul edirsiniz, yoxsa onları eyni ermənilər kimi qəbul edirsiniz?

Cavab: Erməni elə hər yerdə ermənidir. Siz də ermənisiniz, burada, Fransada yaşayırsınız. Necə, bir neçə növ erməni var? Siz ermənisiniz, Fransanın vətəndaşısınız, Ermənistanda yaşayan ermənilər Ermənistanın vətəndaşlarıdır. Azərbaycanda yaşayan ermənilər Azərbaycanın vətəndaşlarıdır. Bakıda on beş min erməni yaşayır. Bu, bizim azərbaycanlıların arvadlarıdır. Bizim on beş min erməni gəlinimiz var. Bu on beş min kəbindən də gör nə qədər uşaqlar olub. Bilirsiniz də, bizdə ailədə çox uşaq olur. Orta hesabla hər ailədə dörd-beş uşaq olsa, demək, o ailələrdə 60 min - yarısı erməni, yarısı azərbaycanlı adamlar var. İndi bunlar özlərini azərbaycanlı yazdırırlar, çünki ataları azərbaycanlıdır. Amma istəsələr erməni də yazdıra bilərlər. O baxır ata güclüdür, yoxsa ana güclüdür.

Sual: Hörmətli prezident, burada sizdən eşitdiklərimlə Ermənistanda söylənilənlər bir-biri ilə tamamilə ziddiyyət təşkil edir. Sizcə, bu ziddiyyətlərin olduğu bir dövrdə sülhə necə nail olmaq olacaq? Qarşıdan ATƏT-in Moskva görüşü gəlir. Bu görüş də əvvəlki görüşlərəmi bənzəyəcəkdir? Çünki hələ də görüşlər olur, amma heç bir nəticə əldə edilmir.

Cavab: Bilirsiniz, nə qədər ziddiyyətlər olsa da, sülh əldə etmək lazımdır. Erməniləri başa salmaq lazımdır ki, onlar reallığı anlasınlar. Siz də - Fransada yaşayan ermənilər bu münaqişənin həqiqətən həll olunmasını istəyirsinizsə, bu reallıqdan çıxış etməlisiniz. Siz Moskvada olacaq danışıqlardan söhbət açdınız. Moskvada yox, iki gün bundan əvvəl Bonnda danışıqlar başa çatmışdır.

Sual: Bu danışıqların bir nəticəsi olubmu?

Cavab: Biz istəyən nəticə olmayıbdır. Ancaq belə bir qərar qəbul edilibdir ki, bu danışıqlar davam etdirilməlidir. Əgər Ermənistan tərəfi müharibəyə başlamasa, biz müharibə etmək istəmirik. Ancaq indiki belə vəziyyətdə də daim yaşamaq olmaz. "Nə müharibə, nə sülh" vəziyyəti şübhəsiz ki, bizi qane edə bilməz.

Sual: Azərbaycanın Rusiya ilə münasibətləri barədə nə deyə bilərsiniz? Bəziləri deyirlər ki, Rusiya Ermənistana kömək edir, amma Azərbaycana kömək etmir. Rusiya Azərbaycanın əleyhinə olaraq Ermənistana kömək edir ki, Azərbaycan Rusiya ordularının qüvvələrinin Azərbaycanda yerləşdirilməsinə razı olsun. Bu doğrudurmu?

Heydər Əliyev: Bunları kim deyir?

Müxbir: Şərhçilər.

Heydər Əliyev: Bunun bir hissəsi doğrudur. Rusiya Ermənistana kömək edir. Siz bilirsiniz ki, Rusiyanın Ermənistanda çox böyük hərbi hissələri, bazaları var. Orada otuz min nəfərdən artıq ordusu var. Ermənistanın Türkiyə ilə, İran ilə sərhədlərini də Rusiyanın qoşunları qoruyur. Siz Ermənistanda olanda soruşmamısınızmı ki, bu, onların müstəqilliyinə nə qədər uyğundur?

Müxbir: Soruşmuşam. Deyiblər ki, bu ona görədir ki, bizi Türkiyədən qorusunlar. Siz bilirsiniz ki, bizim Türkiyə ilə problemimiz var.

Heydər Əliyev: Bu, doğru deyil, Türkiyənin Ermənistanda nə işi var! Türkiyə demokratik bir ölkədir, heç kəslə müharibə etmək istəmir.

Sual: Azərbaycan keçmiş sovet respublikaları arasında yeganə respublikadır ki, orada Rusiyanın qoşunları yoxdur. Niyə? Siz bunu necə izah edərsiniz?

Cavab: Siz istəyirsiniz ki, olsun? Biz müstəqil bir dövlətik.

Müxbir: Siz müstəqil dövlətsiniz, amma axı MDB-nin bir hissəsiniz.

Heydər Əliyev: Biz MDB-nin üzvüyük. MDB-nin üzvü olsaq da hərənin öz müstəqil siyasəti var. MDB-nin üzvü olmaq o demək deyildir ki, gərək Rusiyanın qoşunları hər yerdə olsun. Ümidvaram ki, siz bunları yaxşı bilirsiniz. Demək, siz seçə bilərsiniz ki, hansı dövlət doğrudan da, həqiqətən də müstəqildir, hansı müstəqil deyil.

Sual: Yəni siz Rusiya qoşunlarını heç vaxt, qətiyyətlə qəbul etməmək fikrindəsiniz?

Cavab: Axı, bu sənin nəyinə lazımdır?

Müxbir: Çünki həmin o şərhçilər onu da bəyan edirlər ki, Azərbaycan Rusiya qoşunlarını qəbul etməyə razılıq verdiyi gün Rusiya artıq Ermənistana kömək etməyi dayandıracaqdır.

Heydər Əliyev: Sən buna zəmanət verirsən?

Müxbir: Mən sizin bu barədə mövqeyinizi bilmək istəyirəm.

Heydər Əliyev: Sənin bu barədə bir zəmanətin olsa onda bu barədə danışa bilərik.

Müxbir: Başqa sözlə, belə çıxır ki, siz Rusiya qoşunlarının Azərbaycanda yerləşdirilməsinin tamamilə əleyhinə deyilsiniz, yalnız şərtiniz var. Əgər Rusiya Ermənistana kömək etməsə, bu, mümkün ola bilər.

Heydər Əliyev: Bunu siz deyirsiniz, mən demirəm.

Sual: Rusiyanın öz hərbi bazalarını Azərbaycanda yerləşdirmək arzusunu bir kənara qoyaraq, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər barədə nə deyə bilərsiniz? Məsələn, iqtisadi münasibətlər.

Cavab: Yaxşı münasibətlər var. Biz istəyirik ki, münasibətlərimiz daha da yaxşı olsun. Rusiya böyük dövlətdir. Tarixən bizim onlarla iqtisadi əlaqələrimiz çox sıx olub. İndi Rusiyada da demokratik proseslər gedir. Azərbaycanda da demokratik proseslər gedir. Ona görə də müstəqilliyimizə zərər dəymədən biz Rusiya ilə dostluq əlaqələrini bundan sonra da inkişaf etdirməyə çalışacağıq.

Sual: Siz rus ordusunu istəmirsiniz, amma rus ordusundan başqa hər şey olar?

Cavab: Sən bu sualdan niyə yapışmısan? Mən başa düşmürəm, ümumiyyətlə, Fransa demokratik bir ölkədir. Sən Fransanın vətəndaşısan. Amma elə ordudan danışırsan. Burada biz gərək mədəniyyətdən, - Pikassodan, Jan Jak Russodan, Fransanın başqa demokratik ənənələrindən danışaq. Amma siz mənimlə ancaq ordu haqında danışırsınız.

Sual: Yaxşı, gəlin onda bu məsələni bitirək. Azərbaycan ilə Ermənistan arasında hər hansı kompromis güzəşt ola bilərmi ki, bu münaqişə sülh yolu ilə başa çatsın?

Cavab: Mütləq olar.

Sual: Hansı güzəştlər ola bilər?

Cavab: Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinin hamısından öz silahlı qüvvələrini çıxarmalıdı. Azərbaycan Dağlıq Qarabağa yüksək səviyyəli status verə bilər. İşğal olunmuş torpaqlardan Ermənistan silahlı qüvvələri çıxandan sonra bir milyondan artıq Azərbaycan vətəndaşı öz yerlərinə, evlərinə qayıtmalıdır. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Azərbaycanın pozulmuş sərhədləri bərpa olunmalı və sərhədlərimizin toxunulmazlığı təmin edilməlidir. O cümlədən Laçın və Şuşa rayonlarından da Ermənistanın silahlı qüvvələri çıxmalıdır.

Sual: Bunlar sülh sazişindən sonra olmalıdır?

Cavab: Sülh sazişi elə bunun əsasında bağlanmalıdır. Dediyim kimi, Laçın rayonunun ərazisindən beynəlxalq qüvvələrin nəzarəti altında Ermənistana yol təmin edilməlidir. Hesab edirəm ki, biz bu şərtlər əsasında Ermənistanla Azərbaycan arasında münasibətləri bərpa edib, yaxşı iqtisadi əlaqələr qura bilərik. Dağlıq Qarabağda yaşayan erməni əhalisi də Azərbaycanın tərkibində çox firavan həyat tərzi qura bilər. Ermənistanla Azərbaycan arasında ticarət əlaqələri genişlənə bilər.

Dağlıq Qarabağın əhalisinin bütün kişiləri ordudadır. Bu orduda silah altında nə qədər olmaq olar? Axı, bu insanlar rahat həyat keçirməlidirlər. Ona görə də bu münaqişə qurtarmalıdır. Dağlıq Qarabağın ərazisində böyük inkişaf meydana gələ bilər.

Sual: Ermənistanda ermənilər bildirirlər ki, biz bu münaqişədə iştirak etmirik. Yalnız Dağlıq Qarabağın ordusu ilə Azərbaycan arasında müharibə gedir. Siz bu barədə nə deyə bilərsiniz?

Heydər Əliyev: Siz buna inanırsınız?

Müxbir: Xeyr.

Heydər Əliyev: Onda niyə sual verirsiniz? Əgər müharibədə Ermənistan iştirak etməsəydi, Dağlıq Qarabağın ordusu heç bir şey edə bilməzdi və Azərbaycan öz ərazi bütövlüyünü təmin edərdi. Orada tək Ermənistan yox, başqa ölkələrin də silahlı qüvvələri iştirak edir. Siz bunu yaxşı bilirsiniz.

Sual: Hansı ölkələrin silahlı qüvvələri?

Cavab: Siz özünüz bunu yaxşı bilirsiniz.

Müxbir: Rusiya?

Heydər Əliyev: Mən dedim ki, siz özünüz bilirsiniz.

Sual: Bir dövlətin torpaqları tutulanda və danışıqlar yolu ilə onu geri qaytarmaq mümkün olmayanda həmin dövlət müharibəyə başlayır. Siz yenidən müharibəyə başlamağa hazırsınızmı?

Cavab: Mən sizə dedim ki, biz məsələni sülh yolu ilə həll etməyə çalışırıq və ümidvaram ki, məsələni sülh yolu ilə həll edəcəyik. Əgər sizin kimi adamlar da bu işə kömək etsələr. Fransada çoxlu erməni yaşayır. Siz onları başa salın ki, müharibə ilə heç bir şey etmək olmaz. Hamınız çalışın Ermənistanda olan davakar qüvvələri başa salasınız ki, silah ilə heç bir şey əldə etmək olmaz.

Müxbir: Bunu başa düşüblər, ona görə də danışıqlar aparırlar.

Heydər Əliyev: Ona görə də danışıqlarda konstruktiv mövqe tutmaq lazımdır.

Sual: Oktyabrın 23-də Levon Ter-Petrosyanla Nyu-Yorkda görüşmüsünüz. O sizə nə dedi?

Cavab: O dedi ki, gərək biz çalışaq, məsələni sülh yolu ilə həll edək. O da mən dediyimi deyir. O, sizin kimi demir.

Sual: Əgər siz sülh yolu ilə bunu əldə etməsəniz, onda müharibə edəcəksinizmi?

Heydər Əliyev: Siz provakasiyalı sual verirsiniz.

Müxbir:Jurnalistin vəzifəsidir ki, provakasiya xarakterli sual versin.

Heydər Əliyev: Amma jurnalist bilməlidir ki, kiminlə söhbət edir.

Müxbir: Mən sizi yaxşı tanıyıram, tərcümeyi-halınıza da bələdəm. Bilirəm ki, bütün dünyada siz nüfuzlu bir siyasətçisiniz.

Bircə sualım qaldı, o da boru kəməri barədə.

Heydər Əliyev: Buyurun. Çoxdandır, sənin kimi erməni ilə görüşməmişdim. Ona görə də mən sənin bütün suallarına cavab verəcəyəm. Keçmişdə mənim ermənilərdən çox dostum olubdur. Amma bu münaqişəyə başlayandan sonra çoxdandır görüşməmişəm. Cənab Ter-Petrosyanla hərdənbir görüşürük. Biz onunla bir-birimizi yaxşı başa düşürük. Ona görə də mən ümidvaram ki, bu məsələləri sülh yolu ilə həll edəcəyik. Axırıncı sualınızı verin.

Sual: Mümkündürmü ki, boru kəməri Ermənistandan keçsin? Çünki bu, iqtisadi cəhətdən ən sərfəli variantdır.

Cavab: Hansı şərtlərə əsasən?

Sual: Hansı şərtləri deyəndə siz nəyi nəzərdə tutursunuz?

Cavab: Əgər biz müharibə ediriksə, necə ola bilər ki, boru kəməri oradan keçsin?

Sual: Əgər sülh əldə etsəniz?

Cavab: Əgər sülh əldə olunsa keçə bilər. Əgər siz Ermənistana kömək etmək istəyirsinizsə, çalışın ki, sülh olsun. Ondan sonra neft kəməri də oradan keçə bilər.

"Azərbaycan" qəzeti, 6 dekabr 1995-ci il.

Tarixi arayış