Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Londondakı Azərbaycan Mədəniyyət Mərkəzində bir sıra şirkətlərin rəhbərləri ilə görüşdə söhbəti - 24 iyul 1998-ci il


Tim Eqqar ("Monument Oil ənd Gas" şirkətinin baş direktoru): Cənab prezident, Böyük Britaniyada bir daha Sizi görməkdən şərəf duyduğumu və məmnun olduğumu bildirirəm. Təəssüflənirəm ki, Şotlandiyaya sizinlə bərabər gedə bilmədim. Amma eşitdim ki, Edinburqa səfəriniz də çox uğurlu olubdur.

Heydər Əliyev: Səmimi sözlərə görə minnətdarlığımı bildirirəm. Bəli, Şotlandiyaya səfərim də çox uğurlu oldu. Birləşmiş Krallığın xarici işlər üzrə dövlət naziri cənab Henderson da oraya gəlmişdi. Biz onunla həm söhbət etdik, həm də o, orada böyük bir rəsmi qəbul təşkil etdi. Həmin rəsmi qəbul Şotlandiyadakı qədim kral qəsrində keçirildi.

Tim Eqqar: Cənab prezident, həmin qəsrdə çörək yemək mənə nəsib olmayıbdır.

Heydər Əliyev: Oraya hər adamı buraxmırlar. Əgər mənimlə getsəydiniz, bəlkə də mümkün olardı. Gələn dəfə gələndə sizi oraya apararam. Həmin kral qəsrində böyük bir rəsmi qəbul oldu. Şotlandların qədim müsiqi alətində ifa olunan müsiqi də çox xoşagələndir.

Tim Eqqar: Cənab prezident, iyulun 22-də Londonun "Viktoriya və Albert" müzeyində Azərbaycan incəsənət ustalarının konserti çox gözəl oldu. Kaş onların daha 2-3 gün Londonda qalıb Azərbaycan musiqisini Böyük Britaniyanın gözəl salonlarında təbliğ etmək imkanları olaydı. Buna çox ehtiyac vardır.

Heydər Əliyev: Bəli, buna ehtiyac vardır. Biz həmin konsertə sizinlə birlikdə baxdıq. Muzeyin salonuna Böyük Britaniyanın çox dəyərli insanları toplaşmışdılar. Azərbaycanın incəsənət ustaları xalqımızın musiqisini orada çox gözəl nümayiş etdirdilər. Mən bu ifaçıları dəfələrlə dinləmişəm. Amma mən həmin konsertdə çox böyük hisslər keçirdim.

Tim Eqqar: Cənab prezident, Sizi əmin edirəm ki, Britaniya-Azərbaycan Cəmiyyəti belə tədbirlərin keçirilməsini bundan sonra da davam etdirəcəkdir.

Heydər Əliyev: Bilirsiniz, mən Edinburqda təşkil olunmuş rəsmi qəbuldakı nitqimdə də bir çox məsələlərdən bəhs etdim, Britaniya-Azərbaycan Cəmiyyəti yaradılmasının çox tarixi bir hadisə olduğunu qeyd etdim. Cənab Eqqar, siz və Azərbaycanın Britaniyadakı səfirliyi bu sahədə çox böyük iş görmüsünüz. Çünki dörd il bundan əvvəl mən buraya ilk dəfə gələndə bu sahədə heç bir iş görülmürdü, necə deyərlər, hər şey tamam quru yerdə idi. Amma indi böyük bir cəmiyyət vardır. Şübhəsiz ki, bizim dövlətlərarası əlaqələrimiz qurulub inkişaf edəcəkdir. Amma Britaniya-Azərbaycan Cəmiyyətini siz mənə bu səviyyədə təqdim etdiniz, - bu, çox böyük hadisədir. Mən ümid edirəm ki, bu işi davam etdirəcəksiniz və cəmiyyətin sədri kimi siz bu işləri irəliyə doğru aparacaqsınız.

Heydər Əliyev: Mən bizim bu görüşümüzdə iştirak edən Böyük Britaniyanın "Şell" və Amerikanın "Teksako" şirkətlərinin rəhbərləri ilə də görüşməyimə şad olduğumu bildirir və onları səmimiyyətlə salamlayıram. Bu şirkətlərin Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsinin vacib olduğunu vurğulayıram.

Fill Vots ("Şell" şirkətinin icraçı direktoru): Hörmətli cənab prezident, Sizinlə görüşdən şərəf duyduğumu bir daha bildirirəm və eyni zamanda, Sizin Birləşmiş Krallığa rəsmi səfərinizin Böyük Britaniyada hədsiz maraq doğurduğunu nəzərinizə çatdırıram.

Heydər Əliyev: Ümidvaram ki, ölkələrimiz arasında yaranmış yaxşı münasibətlər həm "Şell", həm də "Teksako" şirkətləri ilə də əməkdaşlığımızın genişlənməsinə səbəb olacaq və bunun üçün Azərbaycanda hər cür şərait yaradılacağını vurğulayıram.