Azərbaycan Prezidenti Heydər Əliyevin Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Prezidenti Kimio Fucita ilə görüşmüşdür - Tokio, 24 fevral 1998-ci il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev fevralın 24-də Tokioda onun üçün ayrılmış iqamətgahda Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Prezidenti Kimio Fucita ilə görüşmüşdür.

Prezident Heydər Əliyevi mehribanlıqla salamlayan cənab Fucita dövlətimizin rəhbəri ilə görüşmək imkanından məmnun qaldığını söyləyərək, bu səfərin ölkələrimiz arasında əməkdaşlığın inkişafında tarixi hadisə olduğunu vurğuladı.

Qeyd edildi ki, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (CAYKO) ikitərəfli əlaqələr çərçivəsində əsasən texniki əməkdaşlıq və əvəzsiz yardım proqramları ilə məşğul olan rəsmi orqan kimi hökumətin strukturuna daxildir. Ölkənin ən nüfuzlu qurumlarından sayılan CAYKO yüksək ixtisaslı ekspertlərin köməyi ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət verir.

Cənab Fucita bildirdi ki, agentlik Azərbaycanla əlaqələrə də böyük maraq göstərir və qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar vardır. Azərbaycanın müvafiq nazirlikləri və təşkilatları respublikanın Nazirlər Kabineti ilə razılaşdırılmaqla və Yaponiya təşkilatlarının iştirakı ilə, bu ölkənin hökumətindən əvəzsiz yardım - qrant almaq barədə sifarişlər göndərmişlər. Agentliyin rəhbəri ölkəmizlə əməkdaşlığın konkret istiqamətləri barədə də fikirlərini açıqladı.

Prezident Heydər Əliyev verilmiş məlumat üçün cənab Fucitaya təşəkkür etdi və söylənilən fikirlərdən ətraflı xəbərdar olduğunu bildirdi. Dövlətimizin başçısı dedi ki, Azərbaycan ilə bu agentliyin əlaqələrinin qurulması hər iki tərəf üçün çox faydalıdır və əməkdaşlığın daha da möhkəmləndirilməsindən ötrü mövcud imkanlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirmək lazımdır.

Makroiqtisadiyyat, maliyyə sistemi, ətraf mühitin mühafizəsi, idarəetmə sahələri üçün mütəxəssislər hazırlanmasında Azərbaycana göstərilən köməyə görə cənab Fucitaya təşəkkür edən respublikamızın rəhbəri yeni müstəqillik qazanmış ölkəmizin inkişafı üçün bu qurumların vacib olduğunu vurğuladı.

Azərbaycana bundan sonra da təmənnasız kömək göstərməyə, respublikamızın kənd təsərrüfatı üçün maşın və avadanlıq göndərməyə böyük imkanları olduğunu söyləyən cənab Fucita ətraf mühitin qorunması ilə əlaqədar layihənin hazırlanması barədə təkliflərini prezident Heydər Əliyevə bildirdi.

Dövlətimizin başçısı bu təklifləri məmnunluqla qəbul etdi və belə layihələrin həyata keçirilməsini faydalı hesab etdiyini nəzərə çarpdırdı.

AzərTAc

"Azərbaycan" qəzeti, 25 fevral 1998-ci il