Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiyanın "Slavneft" şirkətinin prezidenti Mixail Qutseriyevi qəbul edərkən söhbətindən - Prezident sarayı, 7 iyun 2000-ci il


Heydər Əliyev: Dünən sərgidə biz görüşmədik, yoxsa Siz orada deyildiniz?

Mixail Qutseriyev: Heydər Əliyeviç, dünən biz sərgidə yox idik. Sizin andiçmə mərasiminizdə Sizinlə bir neçə dəfə görüşmüşük. Onda mən Rusiya Dövlət Duması sədrinin müavini idim və rəsmi nümayəndə heyəti gəlmişdi.

Heydər Əliyev: Doğrudur. İndi isə Siz "Slavneft"i təmsil edirsiniz?

Mixail Qutseriyev: "Slavneft" neft-qaz şirkətini.

Heydər Əliyev: Çox yaxşı. Mən sizi salamlayıram. Yaxşı sərgidir, baxmağa, tanış olmağa dəyər. Şirkətlər çoxlu maraqlı şeylər təqdim etmişlər. Bu, artıq yeddinci "Xəzərneftqaz" sərgisidir. Artıq böyük beynəlxalq əhəmiyyətə malikdir.

Mixail Qutseriyev: Zənnimcə, Azərbaycan neft məkkəsinə, regionun neft məkkəsinə çevrilir.

Heydər Əliyev: Məkkə yox, dünən mən çıxışımda dedim ki, artıq Azərbaycan özünü, haqlı olaraq, Xəzər hövzəsinin neft-qaz kompleksinin mərkəzi hesab edə bilər. Ona görə ki, biz burada müxtəlif ölkələrdən olan xarici şirkətlərin iştirakı ilə Xəzərdəki yataqların mənimsənilməsi sahəsində, necə deyərlər, ilk addımları atırıq və ötən beş ildə artıq böyük yol keçmişik. On doqquz müqavilə bağlamışıq və bəzi müqavilələr artıq öz nəticələrini verir. 1997-ci ildən neft çıxarırıq, onu Bakı-Novorossiysk boru kəməri vasitəsilə Rusiyaya da, oradan Novorossiysk limanı vasitəsilə dünya bazarlarına da ixrac edirik. Bakı-Supsa boru kəməri vasitəsilə də dünya bazarlarına ixrac edirik. İndi böyük qaz yatağı kəşf etmişik və təxminən 2002-ci ildə qaz ixracı üçün layihələr həyata keçiririk.