Sizə də yəqin məlumdur, 1992-ci ildən türkdilli dövlətlər başçılarının görüşləri başlanıbdır və ardıcıl surətdə keçirilir. Bu görüşlərdə türkdilli dövlətlərin həm tarixi keçmişi, ənənələri ilə bağlı, həm mədəni, elmi, təhsil, tarixi məsələlər, eyni zamanda dövlətlərin müasir dövrdə əməkdaşlığı, hamımız bir regionda yerləşdiyimizə görə regional məsələlər və şübhəsiz ki, beynəlxalq aləmdə gedən proseslər müzakirə olunur, fikir mübadiləsi aparılır.
Bu, növbəti görüşdür, Daşkənddə keçirilir və türkdilli dövlətlərin başçıları oraya bu münasibətlə dəvət olunmuşlar. Eyni zamanda Özbəkistan Əmir Teymurun 660 illik yubileyini keçirir və yubiley mərasimlərində də iştirak edəcəyik.
Hesab edirəm ki, belə görüşlər əhəmiyyətlidir. Keçmişdə olan görüşlər öz səmərəsini göstəribdir. Güman edirəm ki, bu görüş də əhəmiyyətli olacaqdır.