"Nyu-Yorkda Amerikanın neft şirkətlərinin təşkil etdikləri qəbulda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı" (Nyu-York, 29 sentyabr 1994-cü il) sənədinə tarixi arayış


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 26 sentyabr 1994-cü ildə BMT Baş Məclisinin 49-cu sessiyasında iştirak etmək üçün ABŞ-da işgüzar səfərdə olub. "Əsrin müqaviləsi"nin imzalanmasından dərhal sonraya təsadüf edən işgüzar səfər çərçivəsində Azərbaycan Prezidenti Heydər Əliyev ABŞ-ın istər rəsmi, istərsə də işgüzar dairələrinin nüfuzlu nümayəndələri ilə əhəmiyyətli görüşlər keçirib, danışıqlar aparıb.

Belə görüşlərdən biri də 29 sentyabrda Nyu-Yorkda "Əsrin müqaviləsi"ndə pay alan ABŞ neft şirkətlərinin rəhbərləri tərəfindən təşkil olunub. Qeyd edək ki, 20 sentyabr 1994-cü ildə Bakıda imzalanan "Əsrin müqaviləsi"ndə on bir iri xarici neft şirkəti iştirak edib. Bu şirkətlərdən dördü - "Amoko", "Yunokal", "MakDermott" və "Pennzoyl" ABŞ-a məxsus olub. ABŞ şirkətlərinin həmin müqavilədə ümumi payı 36,35% təşkil edib. Bu rəqəm müqavilədə təmsil olunan ölkələr üzrə qruplaşmada ən böyük pay idi. "Əsrin müqaviləsi"ndə böyük payın bu ölkənin neft şirkətlərinə məxsus olması Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra perspektiv inkişafını Avroatlantik məkana inteqrasiyada gördüyündən xəbər verirdi.

Həmin dövrdə Azərbaycanda və ümumiyyətlə, Cənubi Qafqaz regionunda mövcud beynəlxalq ictimai-siyasi proseslər kontekstindən Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ-a bu səfəri kifayət qədər mürəkkəb dövrə təsadüf edirdi. Heç təsadüfi deyil ki, o, bu işgüzar səfər çərçivəsində görüşlərini davam etdirərkən sentyabrın 30-da Bakıda Azərbaycan Ali Soveti sədrinin müavini Afiyəddin Cəlilov və Respublika Prezidenti yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirildi. Bu hadisə Azərbaycanın müstəqil xarici siyasətinə və ölkədə həyata keçirilən siyasi-iqtisadi islahatlara mane olmaq istəyən xarici dövlətlərin daxildəki əlaltıları tərəfindən həyata keçirilən terror idi. Lakin hadisələrin sonrakı inkişafı Azərbaycanın nə yeni neft strategiyasının reallaşmasına, nə də dünya birliyinə inteqrasiyaya əsaslanan xarici siyasət konsepsiyasına mane ola bilmədi.

Amerikanın neft şirkətlərinin təşkil etdikləri qəbulda adı çəkilən şirkətlərin rəhbərləri və tanınmış konqresmen Qreq Laflin çıxış edib. Sonra Azərbaycan Prezidenti Heydər Əliyev tədbirdə geniş nitq söyləyib. Görüşdə ABŞ-ın iri neft şirkətlərinin rəhbərləri, Azərbaycana investisiya qoymaq niyyətində olan iri biznes adamları, Azərbaycan və ABŞ tərəfindən rəsmi şəxslər, mətbuat işçiləri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev bir neçə gün əvvəl Bakıda imzalanan "Əsrin müqaviləsi"inə qiymət verərək deyib: "Şübhəsiz ki, bu, Azərbaycan üçün cəsarətli bir addımdır. Ancaq mən əminəm ki, bu, Azərbaycanın gələcəyi üçün çox ümidverici bir addımdır. Bu müqavilədə iştirak edən Qərb ölkələrinin və ABŞ-ın neft şirkətləri də belə fikirdədirlər".

Tarixi arayış 8 iyul 2008-ci ildə tərtib edilib.