Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasına işgüzar səfərə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 26 aprel 1998-ci il


Sual: Cənab Prezident, Türkiyənin dövlət başçısı Süleyman Dəmirəlin xüsusi dəvəti ilə bu ölkəyə işgüzar səfərə gedirsiniz. Bu səfər barədə nə deyə bilərsiniz?

Cavab: Türkiyənin prezidenti Süleyman Dəmirəl Gürcüstanın prezidenti Eduard Şevardnadzeni və məni bu gün Türkiyənin şimali-şərqində, Trabzon yaxınlığındakı Artvin məntəqəsində, Gürcüstan ilə Türkiyə sərhədində təməli qoyulacaq su bəndinin açılış mərasiminə dəvət edibdir. Mən bu dəvəti qəbul etmişəm və indi yola düşürəm. Orada görüşəcəyik. Bu, Türkiyə Cümhuriyyətində əlamətdar bir hadisədir. Türkiyə ilə Azərbaycan, Türkiyə ilə Gürcüstan, Azərbaycanla Gürcüstan arasında olan dostluq əlaqələrinə görə belə mərasimlərdə iştirak etmək, bizim ölkələrin bir-birinə olan münasibətlərini nümayiş etdirmək və eyni zamanda fürsətdən istifadə edib bəzi məsələlər haqqında danışmaq, söhbət etmək, - bunlar hamısı bizim üçün çox lazımdır. Ona görə də mən ora gedirəm və bu gün də qayıdacağam. Görüşlərimiz, danışıqlarımız olacaqdır. Mən o yerləri görməmişəm, ora ilə də tanış olaram. Hər halda yaxşı bir səfərdir.

Sual: Aprelin 29-da Moskvada MDB sammitində iştirak edəcəksinizmi?

Cavab: Qayıdıb gələndən sonra baxacağam.

Sual: Cənab Prezident, qərbə gedəcək əsas neft boru kəməri məsələsi danışıqlarınızın əsas mövzusu olacaqdır. Gözləmək olarmı ki, Bakı-Ceyhan marşrutunun baha başa gəlməsi bu layihənin reallaşdırılmasını çətinləşdirsin?

Cavab: Sən sualı həmişə rus dilində verirsən, amma bizim televiziya Azərbaycan televiziyasıdır. Ona görə də mən Azərbaycan dilində cavab verəcəyəm. Sənə də məsləhət görürəm ki, Azərbaycan dilini öyrənəsən. Şübhəsiz ki, bu məsələ orada ola bilər, söhbətin mövzusu olsun. Çünki Bakı-Ceyhan neft kəməri, neft borusu Bakıdan, Gürcüstan ərazisindən, Türkiyə ərazisindən Ceyhan limanına gedəcəkdir. Bizim indi qərb marşrutu üzrə inşa etdiyimiz neft borusu - Bakı-Supsa neft borusu da Azərbaycanla Gürcüstan arasındadır. Amma Türkiyə də bunda çox maraqlıdır. Şübhə etmirəm ki, bu söhbətlər orada olacaqdır. Amma mən güman etmirəm ki, nəsə mənə mane olacaqdır. Biz işlərimizi elə qurmuşuq ki, nəzərdə tutulmuş proqramların hamısı yerinə yetiriləcəkdir.

Sual: Cənab prezident, siz NTV kanalına son müsahibənizdə dediniz ki, Bakı-Ceyhan xəttinə qərar verdiniz. Bu barədə əslində konsorsiumun da fikri ola bilər. Amma son sözü Azərbaycan deyəcəkdir.

Cavab: Xeyr, "Qərar verdim" deyəndə mən öz fikrimi deyirəm. Ancaq biz konsorsiumla daim əlaqədəyik. Konsorsium da belə fikirdədir, artıq bu fıkrə gəlibdir. Ona görə də mən "qərar verdim" deyəndə tək öz adımdan demirəm, ümumi fikri deyirəm. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR