Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bərdə rayonunda bir sıra şəhər və rayonların icra hakimiyyəti başçılarının və əlaqədar təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə çıxışı - 9 aprel 1994-cü il


Burada icra başçıları məlumat verdilər. Lakin mən bunlardan mənfi nəticə çıxarıram. Hərə keçmiş qayda ilə hesabat verərək rəqəmlər sadaladı. Amma ortada nəticə yoxdur. Mən qeyd etdim ki, hərbi xidmətə çağırış respublika üzrə nəzərdə tutulmuş planın yarısı qədər yerinə yetirilmişdir. Bütün rayonlarda kəsir var. Ona görə də mən sizə bu məsələ ilə çox ciddi məşğul olmağı tapşırıram. Sizdən tələb edirəm, əgər bir neçə günədək bu sahədə dönüş yaranmasa, icra başçıları, rayonların hərbi komissarları məsuliyyətə cəlb olunacaqlar. Ordumuzu qurmaq, möhkəmləndirmək üçün gənclərimiz hərbi xidmətə çağırılmalıdır. Bunsuz ordu ola bilməz. Çıxış edənlərə bir daha bildirirəm ki, onların məlumatlarını qənaətbəxş saymıram. Bu, çıxış etməyənlərə də aiddir, çünki, yəqin, onlar da bu səpkidə danışacaqlar. Güman edirəm ki, yaxın günlərdə sizin işlərinizin nəticəsi bəlli olacaq və mən bu barədə məlumat alacağam.

Fərariliklə mübarizəyə gəldikdə isə, ola bilər, Müdafiə Nazirliyi məlumatları dəqiq vermir. Hər bir icra başçısının, hərbi komissarın, hər bir polis rəisinin və başqa hüquq-mühafizə orqanları rəhbərlərinin borcu odur ki, onların rayonundan hərbi xidmətə çağırılmış gənclər orduda qulluq etsin və fərarilik edənlər hərbi hissəyə qaytarılsın, yaxud cəzalandırılsın. Sizin konkret vəzifəniz bundan ibarətdir. Prezidentin səlahiyyətli nümayəndəsi kimi hər bir rayon icra başçısı öz rayonunun bu mühüm məsələləri üçün cavabdehdir. Elə hesab etməyin ki, ordunu təşkil etmək kiminsə işidir, siz isə kənardan buna kömək göstərməlisiniz. Bu əhval-ruhiyyəni bir kənara atın. Əgər biz düşmən təcavüzünün qarşısını almaq, torpaqlarımızı layiqincə qorumaq və erməni silahlı qüvvələrinin ərazimizin qalan hissəsinə soxulmasına bir daha yol verməmək istəyiriksə, eyni zamanda düşməni geri oturtmaq, işğal olunmuş torpaqlarımızı azad etmək istəyiriksə, bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Mən sizi rayonlara təyin etmişəm və sizdən də borcunuzu yerinə yetirməyi tələb edirəm. Əgər bacarmırsınızsa, istefa verin. Bir daha təkrar edirəm, ordunun qurulması, möhkəmləndirilməsi hər bir vətəndaşın, hər bir vəzifəli şəxsin borcudur. Bu, rayon rəhbərlərinin bir nömrəli vəzifəsidir və bunu sizdən tələb edirəm.

Şübhəsiz ki, fərariliklə mübarizənin cürbəcür yolları var. Biz keçən ilin noyabr-dekabr aylarında da tədbirlər gördük və fərarilik edənlərin çoxu hərbi hissələrə qayıtdı. Bu hal bizdə ümumən böyük razılıq hissi doğurdu. Lakin son vaxtlar fərarilik yenidən artmışdır. Tələb edirsiniz ki, cəza tədbirləri gücləndirilsin. Bu, düzgün tələbdir. Bizim özümüzdə də belə təkliflər var və bunlar həyata keçiriləcəkdir. Ancaq biz bütün imkanlardan, təsir vasitələrindən istifadə etməliyik ki, fərarilik edən olmasın, gənclər başa düşsünlər ki, fərarilik artarsa, bəs orduda kim qalmalıdır, torpaqlarımızı kim qorumalıdır?

Necə olur ki, əhalisi bizdən iki dəfə az olan Ermənistan ordu yaratmışdır və o gəlib bizim torpaqlarımızı işğal etmişdir? Yerevandan, Leninakandan gəlib Füzuli, Ağdam, Tərtər bölgələrində vuruşur, həlak olur, erməni millətçilərinin iddialarını həyata keçirirlər. Biz isə öz torpağımızı qorumaqda acizlik çəkirik...

Fərarilik olmamalıdır. Rayonun vahid rəhbəri kimi sizin də borcunuzdur ki, tabeliyinizdəki hüquq-mühafizə orqanları ilə birlikdə, ictimaiyyətlə, ziyalılarla, rayonun hörmətli adamları, ağsaqqalları ilə birlikdə respublikanın indiki ağır vəziyyətində fərariliyin qarşısını alasınız.

Rayonlarda nə qədər qaçqın var. Qaçqınlar Komitəsinin sədri çıxışında bu barədə dedi: bir rayonda 20 min, o birisində 30 min, digərində 40 min qaçqın məskunlaşıb. Axı onların arasında gənclər də var. Əgər onlar erməni təcavüzü nəticəsində qaçıb gəlmişlərsə, orduya gedərək öz torpaqlarını azad etməlidirlər. Orduya ilk növbədə, işğal olunmuş rayonlardan qaçqın düşmüş gənclər getməlidirlər. Onlar respublikamızın digər vətəndaşlarına nisbətən bu işdə daha fəal olmalıdırlar.

Dünən mən hərbi hissələrdə olarkən gördüm ki, orada respublikanın bütün şəhərlərindən, rayonlarından gələn adamlar xidmət edirlər. Xaçmazdan da, Astaradan da, Qusardan da, Şəkidən də, eyni zamanda Ağdamdan da, Füzulidən də, Laçından da, Kəlbəcərdən də xidmət edənlər var. Bu, çox sevindirici haldır. Ancaq işğal olunmuş rayonlardan olan gənclər bilməlidirlər ki, onlar bütün işlərini bir kənara qoyaraq, orduya getməli, torpaqlarımızın geri qaytarılması üçün vuruşmalıdırlar. Belə rayonların, həmçinin qaçqınların müvəqqəti məskunlaşdığı rayonların icra başçıları bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Burada verilən izahatların heç biri qəbul edilə bilməz. Yalnız bir cavab ola bilər: Bu iş təşkil edilməlidir. Başqa yol yoxdur.

Dünən Beyləqanda keçirilən müşavirədə hərbi komissarlar barədə danışdım, bu gün də təkrar edirəm: onların günahı çoxdur, rüşvətxorluqları barədə çox söz-söhbət gedir və bu, əsassız deyildir. Bunlara son qoyulmalıdır. Müdafiə Nazirliyinin rəhbərləri bununla ciddi məşğul olmurlar. Mən onlara bu barədə dəfələrlə demişəm. Ancaq rayon icra başçıları da hərbi komissarların işinə nəzarət etməlidirlər. Bundan ötrü isə özünüzün mənəvi hüququ olmalıdır ki, onlardan tələb edə biləsiniz. Yəni özünüz qayda-qanunu gözləməli, bu işləri lazımi səviyyədə həll etməlisiniz ki, tabeçiliyinizdəki başqa dövlət strukturlarından da eyni şeyi tələb edəsiniz. Görüşümüzdən istifadə edərək bunları sizə deməyi vacib bildim və bu tələbləri qarşınızda kəskin şəkildə qoyuram.

Kənd təsərrüfatı sahəsindəki işlər barədə burada məlumat verdilər. Bərdə rayonunun icra başçısı, başqa şəxslər də çıxış etdilər. Son illərdə kənd təsərrüfatına münasibət çox pis olmuşdur. Mən Ağcabədiyə getmişdim. Qarabağ zonasında bizim nə qədər münbit torpaqlarımız var. Başqa yerlərdə də belədir. Lakin həmin torpaqlar istifadəsiz qalmışdır. Biz isə hansı dövlətdənsə kredit valyuta alırıq ki, taxıl yaxud başqa ərzaq məhsulları alıb gətirək. Nə vaxtadək belə yaşayacağıq? Öz imkanlarımızdan istifadə edilmir, onun-bunun ümidinə qalmışıq. Belə yaramaz. Keçirdiyimiz müşavirələrdə bu məsələləri kəskin şəkildə qoymuşuq və sizdən tələb edirəm ki, həmin vəzifələri layiqincə yerinə yetirəsiniz. Bununla da görüşümüzü yekunlaşdıraq. Güman edirəm ki, belə görüşlərə, müşavirələrə dəvət olunanlar deyilənlərdən özləri üçün nəticə çıxaracaqlar. Həmin nəticələr əməli işdə öz əksini tapmalıdır. Əminəm ki, siz konkret işinizlə bizim bu çağırışlarımıza, tələblərimizə cavab verəcəksiniz.

Tarixi arayış