Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Fransanın xarici işlər naziri Alen Jüppe ilə görüşmüşdür - 21 dekabr 1993-cü il


Dekabrın 21-i Azərbaycan dövlətinin başçısı öz iqamətgahında Fransanın xarici işlər naziri Alen Jüppeni qəbul etdi. Mehribanlıq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Heydər Əliyev Fransa prezidenti Fransua Mitteranla dekabrın 20-də apardığı danışıqların ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsində mühüm rolundan söhbət açaraq dedi ki, bu danışıqlar Fransa ilə Azərbaycan arasında möhkəm əməkdaşlığın əsasını qoyur. Heydər Əliyev dedi: Mən əminəm ki, dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilə çoxcəhətli əlaqələrimizə yeni təkan verəcək, ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına şərait yaradacaqdır. Azərbaycan prezidenti xatırlatdı ki, Fransua Mitteranın dediyi kimi, Fransada Azərbaycan haqqında çox az bilirlər. Bir daha bildiririk ki, Azərbaycan Fransa üçün açıqdır və biz bütün sahələrdə sıx əlaqələr qurulmasına tərəfdarıq.

Alen Jüppe hazırda Fransada ən nüfuzlu siyasətçilərdən biri hesab olunur. Ölkənin siyasi xəttinin müəyyənləşdirilməsində və həyata keçirilməsində onun həlledici rolu vardır. Heydər Əliyev bunu xüsusilə vurğulayaraq dedi ki, o, çox inanır ki, Fransanın xarici işlər naziri Azərbaycana bundan sonra da böyük maraq göstərəcəkdir. Respublika prezidenti Fransa nazirini Azərbaycana qonaq dəvət etdi.

Alen Jüppe Heydər Əliyev kimi təcrübəli bir siyasi xadimin onun haqqında dediyi xoş sözlərə görə minnətdarlıq edərək dedi ki, o, Azərbaycan və Fransa prezidentləri arasında görüşün keçirilməsi üçün əlindən gələni edib və möhkəm inanır ki, bu danışıqlar və bağlanmış müqavilə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində və yeni istiqamət almasında mühüm rol oynayacaqdır.

Aslan Aslanov,
Azər TAC-ın xüsusi müxbiri, Paris.

"Azərbaycan" qəzeti, 30 iyun 1993