Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Bill Klintona - 25 fevral 2000-ci il


Əziz cənab prezident!

Amerika Birləşmiş Ştatlarına işgüzar səfərim zamanı fevralın 15-də Vaşinqtonda, Ağ evdə Sizinlə yenidən görüşüb ölkələrimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlər barədə bir daha ətraflı müzakirələr aparmaq imkanı əldə etdiyimə çox şad oldum.

Vaşinqtona fevral ayının 12-dən başlanan səfərim zamanı Amerika Birləşmiş Ştatlarının müdafiə, enerji və kənd təsərrüfatı nazirləri, "Eksimbank"ın prezidenti və görkəmli ictimai-siyasi xadimlərlə çoxsaylı görüşlərimiz və səmərəli danışıqlarımız oldu. Zənnimcə, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətləri və qarşılıqlı faydalı əlaqələri bütün sahələrdə inkişaf etdirmək üçün xeyli iş görə bildik.

Hər şeydən öncə, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması, Ermənistan ilə Azərbaycan arasında möhkəm, davamlı sülhün yaradılması məqsədi ilə davam edən sülh prosesini daim diqqətinizdə saxladığınıza, Ermənistan prezidenti ilə mənim aramda aparılan birbaşa danışıqların uğurla başa çatması üçün göstərdiyiniz şəxsi səylərə və dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Biz ATƏT-in Minsk qrupunun həmsədri kimi Amerika Birləşmiş Ştatlarının sülhpərvər fəaliyyətinə böyük ümidlər bəsləyirik. Əminəm ki, münaqişənin tezliklə sülh yolu ilə aradan qaldırılması Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi, bir milyondan çox azərbaycanlı qaçqınların öz yurd-yuvalarına dönməsi üçün şərait yaradacaqdır və bütün Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına öz töhfəsini verəcəkdir.

Biz ölkələrimizin arasında çoxtərəfli qarşılıqlı faydalı siyasi, iqtisadi əlaqələrin genişləndirilməsinə, strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət veririk. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən zəngin enerji ehtiyatlarının Amerika Birləşmiş Ştatlarının və dünyanın böyük neft və qaz şirkətləri ilə birgə istismar olunması və dünya bazarına etibarlı, təhlükəsiz yollarla ixrac edilməsi sahəsində Sizin administrasiyanız və Amerika şirkətləri ilə sıx əməkdaşlığımızı bundan sonra daha da artıracağıq. Sizi əmin edirəm ki, keçən ilin noyabr ayında ATƏT-in zirvə görüşü çərçivəsində İstanbulda Sizin iştirakınızla imzalanmış Bakı-Ceyhan əsas ixrac boru kəməri barədə tarixi sazişin həyata keçirilməsi və Xəzər hövzəsinin zəngin qaz ehtiyatlarının Türkiyəyə və Avropaya ixrac edilməsi üçün biz öz qətiyyətli və ardıcıl siyasətimizi davam etdirəcəyik.

Möhtərəm prezident!

Vaşinqtonda olduğum zaman Cons Hopkins Universitetinin göz xəstəlikləri klinikasında müayinədən keçdim. Gözümdə katarakt olduğu müəyyən edildi. Çox uğurlu keçən əməliyyatdan sonra bir neçə günlük müalicə kursu aldım. Sonra isə Klivlendə uçaraq müayinədən keçdim. Özümü çox yaxşı hiss edirəm. Həkimlərin dediyinə görə, səhhətimlə əlaqədar bütün göstəricilər normaldır.

Mənə göstərdiyiniz qonaqpərvərliyə, diqqətə, qayğıya, hörmət və ehtirama görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizinlə aramızda formalaşmış şəxsi dostluq münasibətləri mənim üçün çox əziz və çox dəyərlidir. Mən bu dostluğumuza daim sadiq qalacağam və ölkələrimiz arasındakı strateji dostluq münasibətlərinin günü-gündən inkişaf etməsi və möhkəmlənməsi üçün bundan sonra da var qüvvəmlə çalışacağam.

Gözəl ölkənizi tərk edərək bir daha Sizə öz dərin hörmət və ehtiramımı bildirir, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik diləyir və gələcək işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Səmimiyyətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 26 fevral 2000-ci il.