Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransaya ikinci rəsmi səfəri (13-15 yanvar 1997-ci il)


Fransaya ikinci rəsmi səfərinə yollanan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev jurnalistlərə müsahibəsində bildirib ki, bu səfərin Fransa-Azərbaycan münasibətlərində yeni bir mərhələ olacağına inanır. Üç günlük səfər həqiqətən də Azərbaycan xarici siyasətinin növbəti uğuru kimi tarixə düşüb.

Səfərin ilk günü, yanvarın 13-də Azərbaycan Prezidenti Heydər Əliyevin Yelisey Sarayında Fransa Prezidenti Jak Şirakla görüşü olub. Görüşdə Fransa-Azərbaycan münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Fransanın rolu, iki ölkə arasında neft sahəsində əməkdaşlıq məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi olub.

Görüşdən sonra Yelisey Sarayında Azərbaycan Dövlət Neft Şirkəti ilə Fransanın “Elf Akiten” və “Total” neft şirkətləri arasında “Lənkəran – dəniz” və “Talış-dəniz” yataqlarının birgə işlənməsinə dair müqavilə imzalanıb.

Yanvarın 13-də Prezident Heydər Əliyev Fransa Benəlxalq Münasibətlər İnstitutunda “Azərbaycan və Qafqaz XXI əsrin astanasında” mövzusunda mühazirə söyləyib. Heydər Əliyev öz mühazirəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və baş vermə səbəbləri, onun aradan qaldırılma yolları ilə bağlı, Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatlar haqqında danışıb. Heydər Əliyev Azərbaycanın gələcəyi ilə bağlı nikbin proqnozlar səsləndirib: “Azərbaycanın sosial-iqtisadi gələcəyi gözəldir. Biz əminik ki, həyatımızın bütün sahələrini demokratikləşdirmək yolu ilə getməklə Azərbaycanı dünyanın sivilizasiyalı ölkələri sırasına çıxaracağıq. Azərbaycan özünün bütün qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşamağa çalışır”.

Yanvarın 14-də Azərbaycan Prezidenti Heydər Əliyev Fransa Ticarət-Sənaye Palatasında keçirilən görüşdə çıxış edərək, son illərdə Azərbaycanda qazanılan nailiyyətlər, iqtisadi inteqrasiya sahəsində həyata keçirilən tədbirlərdən, neft sənayesinin inkişaf perspektivlərindən bəhs edib.

Azərbaycan Prezidenti Heydər Əliyevin Fransa Respublikasına rəsmi səfəri bu ölkənin, eləcə də dünya kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olub. Prezident Heydər Əliyev səfər dövründə Frans-Prezss Agentliyinə, “TV-Arte” televiziya kanalına, həftəlik “Puan” jurnalına, “Ekspansion” jurnalına, “TV-5” telekanalına, “Yevronyus” beynəlxalq telekanalına müsahibələr verib, Fransada akkreditə olunmuş xarici jurnalistlərin suallarını cavablandırıb.

Yanvarın 14-də Prezident Heydər Əliyev Fransa-Azərbaycan Ticarət-Sənaye Palatasının açılış mərasimində çıxış edərək, bu hadisəni iki ölkə arasında iqtisadi əlaqələrin yüksək səviyyəyə qalxması, fransalı iş adamlarının Azərbaycan marağının artması kimi dəyərləndirib.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Fransa Milli Məclisində onun şərəfinə təşkil edilmiş rəsmi qəbulda çıxış edərək, iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə inkişaf etdirmək niyyətində olduğunu bildirib.

Yanvarın 14-də Prezident Heydər Əliyev həmçinin, Fransanın xarici işlər naziri Erve de Şarettin onun şərəfinə təşkil etdiyi rəsmi qəbulda çıxış edib. Heydər Əliyev Fransaya bu səfərinin nəticələrindən razı qaldığını bəyan edib.

Səfərinin son günündə, yanvarın 15-də Prezident Heydər Əliyev Fransada yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşüb. Görüş iştirakçılarına Azərbaycanın daxili və xarici siyasəti barəsində məlumat verən Heydər Əliyev Azərbaycan diasporunun qarşısında duran vəzifələrdən danışıb.

Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransa Respublikasına ikinci səfərini son dərəcə uğurlu səfər kimi səciyyələndirmək olar. Səfər dövründə aşağıdakı sənədlər imzalanıb: hava əlaqələri haqqında Saziş protokolu; mədəni əlaqələr haqqında birgə Bəyannamə; azad yerdəyişmə haqqında Saziş.

Avropa və dünya siyasətində mühüm rol oynayan Fransa ilə dostluq münasibətlərini daha da inkişaf etdirən və dərinləşdirən bu səfərdə siyasi və iqtisadi əlaqələrin inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.