Müstəqil Dövlətlər Birliyi ölkələrinin inşaat sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının XIII toplantısına - Bakı şəhəri, 20 sentyabr 2000 - ci il


Hörmətli toplantı iştirakçıları!

Sizi - Müstəqil Dövlətlər Birliyi Ölkələrinin İnşaat Sahəsində Əməkdaşlıq üzrə Hökumətlərarası

Şurasının XIII toplantısının iştirakçılarını qonaqpərvər Azərbaycan torpağında səmimi-qəlbdən salamlayır, dövlətlərimizin və xalqlarımızın tərəqqisinə yönəldilmiş nəcib fəaliyyətinizdə uğurlar diləyirəm.

Şuranızın XX əsrdə son toplantısının memarlıq və inşaat sahəsində özünəməxsus qədim və zəngin ənənələri olan Azərbaycanda keçirilməsi rəmzi məna daşıyır. Dahi sələflərimizin əsrlər boyu, o cümlədən başa vurduğumuz əsr ərzində yaratdıqları nadir sənət inciləri dünya memarlıq və inşaat tarixinin parlaq səhifələrini təşkil edərək, bu faydalı və vacib sahənin perspektivləri ilə bağlı strateji planların hazırlanmasını zəruri edir.

Toplantının keçirildiyi günlər ərzində siz Azərbaycanın tarix və mədəniyyət abidələri ilə yanaşı, inşaat sahəsində respublikamızın əldə etdiyi son nailiyyətlərlə, habelə ölkəmizdə həyata keçirilən investisiya siyasəti ilə tanış olmaq imkanına malik olacaqsınız. Bu da xalqlarımız arasında qarşılıqlı anlaşma və səmərəli əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəkdir.

Ümidvar olduğumu bildirirəm ki, Hökumətlərarası Şuranın XIII toplantısı ölkələrimiz arasındakı əlaqələrin inkişaf etdirilməsi, vahid normativ bazanın yaradılması, elmi-texniki nailiyyətlərin və müasir texnologiyaların istehsalata tətbiq edilməsi yolunda mühüm rol oynayacaq, inşaat sahəsinin bir çox ümumi problemlərinin həllinə öz töhfəsini verəcəkdir.

Toplantınızın işinə müvəffəqiyyətlər, hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.