Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin zəmanəmizin görkəmli musiqiçisi Mstislav Rostropoviçlə görüşdəki söhbətindən - Prezident sarayı, 17 iyun 1998-ci il


Heydər Əliyev: Əziz Mstislav Leopoldoviç! Sizi səmimiqəlbdən salamlayıram. Çox böyük təəssüf hissi ilə bildirirəm ki, Bakını belə tez tərk edirsiniz. Bütün bu günlər ərzində siz Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində idiniz. Bu günlər maestro üçün də, xalqımız üçün də maraqlı, səmərəli, məzmunlu və böyük əhəmiyyətə malik günlər idi.

Coşğunluqla çalışan, fəaliyyətiniz təkcə mədəniyyət, musiqi sahəsini deyil, məsələlərin, o cümlədən ictimai-siyasi fəaliyyətlə bağlı məsələlərin daha geniş dairəsini əhatə edən bir insan kimi Siz öz üzərinizə belə böyük yük götürən dahi musiqiçi bunu öz ürəyinizin çağırışı ilə, vicdanınızın tələbi ilə və öz insani təbiətinizin hökmü ilə edirsiniz. Ona görə də bizə təəccüblü deyil ki, iyunun 7-dən başlayaraq Siz burada gərgin cədvəllə işləmisiniz. Sizin bütün həyatınız gərgin cədvəl üzrə gedir. Mən bunu başa düşürəm. Lakin bu, bizim ictimaiyyətimiz üçün təəccüblüdür, çünki insan istedadının yüksək sahəsi ilə - musiqi, özü də yüksək professional musiqi ilə məşğul olan yaradıcı insan düşüncələr, yaradıcılıq axtarışları, ona yeni ilham verən istirahət üçün, adətən, çox vaxta malikdir. Mənim fikrimcə Mstislav Rostropoviç bu kateqoriyadan olan adamlardan özünün məhz coşğun, fəal işi ilə, gərgin fəaliyyət cədvəli ilə fərqlənir və onun xoş təəccüb doğuran, qeyri-adi təəssürat yaradan xüsusiyyəti və bənzərsizliyi də elə bundan ibarətdir. Sizi kim tanımasa da, mən yaxşı tanıyıram, ona görə də buna çox təəccüblənmirəm, əksinə, heyranam. Belə düşünürəm ki, bu günlər siz öz vətəninizi - Azərbaycanı, Bakını yenidən fəth etdiniz. Sizin bu günlər Azərbaycanın ictimai-siyasi və mədəni həyatına verdiyiniz töhfəyə görə, indi göstərdiyiniz çox böyük köməyə görə və Azərbaycanda musiqi sənətinin, yüksək professionalizmin inkişafına gələcək köməyinizə görə, habelə maestronun köhnə dostlarının və Azərbaycan musiqiçilərinin gənc nəslinin taleyinə qayğıkeş münasibətinizə görə Sizə təşəkkürümü bildirirəm.

Ermənistan tərəfindən hərbi təcavüzlə bağlı işlərə, Azərbaycan ərazisinin bir hissəsinin işğal olunması, vətəndaşlarımızın öz doğma yerlərindən zorla didərgin salınması ilə əlaqədar xalqımızın düşdüyü vəziyyətə canıyananlıqla yanaşdığmıza görə, təcavüzlə əlaqədar hər şeylərini itirən və bütün çətinliklərə baxmayaraq, başlıca niyyətləri doğma yerlərinə qayıtmaq olan bu mərd, qəhrəman insanların yaşadıqları çadır şəhərciklərinə getdiyinizə görə Sizə ayrıca təşəkkür etmək istəyirəm.

Mən çox şadam ki, bir gün əvvəl olmuş o əla konsertinizdə iştirak etdim və bu konsertdən çox məmnun qaldığımı bildirirəm. Sizin Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestri ilə dirijor kimi çıxış etməyiniz, Qərbin dahi ustadlarının və Azərbaycan bəstəkarı Qara Qarayevin mürəkkəb və maraqlı əsərlərinin səsləndirilməsi böyük mədəniyyət, incəsənət, musiqi bayramı oldu. Bununla bərabər, bu, sizin yeni yaradıcılıq qələbənizdir, müvəffəqiyyətinizdir. Bilirəm ki, siz uzun illər ərzində Londonda, Parisdə, Nyu-Yorkda, Vaşinqtonda, Tokioda dünya şöhrətli simfonik orkestrlərə dirijorluq etmisiniz, mən hələ Moskva və Sankt-Peterburqu demirəm. Bakı bu şəhərlərlə və onların orkestrləri ilə hələlik bəhsləşə bilməz, amma, zənnimcə, orkestrimizin daha yüksəyə qalxmasında sizin iştirakınız ona belə orkestrlərlə bir sırada olmağa kömək edəcəkdir. İndiki halda musiqiçilərimiz də, mən də sizə böyük ümidlər bəsləyirik. Dünən siz belə böyük və nəcib işin yaxşı bünövrəsini qoydunuz. Sizin Bakıdan getməyinizdən bir daha təəssüfləndiyimi bildirirəm.

Sizin bu günlərdə gördüyünüz bütün işlər Azərbaycanın, onun mədəniyyətinin tarixinə, şübhəsiz, ən parlaq səhifə kimi daxil olacaqdır. Hesab edirəm ki, bu, gələcəkdə böyük əməkdaşlığımızın, böyük yolun başlanğıcıdır; elə yolun ki, biz sizinlə bu yolla gedərək, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirəcək, onu demokratiyanın, azadlığnı, siviliza-siyanın bütün müasir dünya standartlarına cavab verən dövlətə çevirəcəyik. Bununla birlikdə, bu, Azərbaycan mədəniyyətinin, xüsusən onun simfonik musiqisinin daha da inkişaf etdirilməsi üçün bizim sizinlə birlikdə getdiyimiz yolun başlanğıcıdır. Çox sağ olun.

Mstislav Rostropoviç: Hörmətli prezident, mənim ünvanıma söylədiyiniz xoş sözlərə, görülən işlər barədə ətraflı məlumat verdiyinizə görə Sizə öz təşəkkürümü bildirirəm. Eyni zamanda bildirmək istəyirəm ki, mən Azərbaycanı tərk etmirəm. Bu fikirlə razılaşmaq mənim üçün çox çətindir. Mən buradan yalnız müvəqqəti olaraq gedirəm. Həmişə sevdiyim Azərbaycan mənim üçün yeni səpgidə açılmış, məndə yeni ruh yüksəkliyi yaratmışdır.

Cənab Heydər Əliyev! Gördüyünüz bu iki fotoalbomu Sizə hədiyyə olaraq hazırlamışam. Onlardan biri mənim qaçqınların çadır şəhərciyinə getməyimdən bəhs edir və jurnalistlərə üz tutub demək istəyirəm ki, bu səfəri mən öz təşəbbüsüm ilə həyata keçirmişəm. Həmin şəhərciklərdə yaşayan insanların layiq olmadıqları bədbəxtlik barədə fikir məni həmişə narahat edibdir. Mən öz sənətimlə qaçqınları sevindirmək üçün violonçelimi özümlə oraya aparmaq istəmişdim. Lakin belə etmədim, yalnız ona görə ki, indi güzəram çox pis olan qaçqınların məni düzgün başa düşməməsini istəməmişəm. Amma bunu mən adamlar öz doğma yerlərinə qayıtdıqdan sonra onları sevindirmək üçün, onlara həyatlarının yaxşı olacağına ümid vermək üçün mütləq edəcəyəm.

Çadır şəhərciyinə səfərdən aldığım təəssüratı bölüşərək vurğulamaq istəyirəm ki, mənim orada gördüklərim bütün həyatımda bəlkə də ən güclü təəssüratdır. Bütün bunlar mənim yaddaşıma həmişəlik həkk olacaqdır. Mən söz verirəm ki, qaçqınların öz doğma yerlərinə qayıtması məsələsində irəliləyişlə hər gün maraqlanacağam. Belə düşünürəm ki, vicdanın oyanacağı və hər şeyin öz yerini tutacağı vaxt gəlib çatmalıdır.

Cənab Heydər Əliyev! Bu ikinci fotoalbom isə mənə "Şöhrət" ordeni təqdim olunmasına həsr edilmişdir. Bunu mən həyatımda ən mühüm, unudulmaz anlar adlandırıram.

Heydər Əliyev: Hörmətli Mstislav Leopoldoviç! Sizin Bakıya indiki səfərinizə həsr olunmuş bu fotoalbomu, "Şöhrət" ordenin təqdim olunmasına dair materiallar verilmiş "Bakinski raboçi" qəzetinin nömrəsini, habelə bu saatı unudulmaz görüşlərimizdən yadigar olaraq hədiyyə verirəm.

Mstislav Rostropoviç: Bakıya səfərim məndə çox böyük sevinc hissləri doğurmuşdur. Lakin indiki səfərimdə mütəəssir olmuşam. Mən özümü həmişə dünyada ən xoşbəxt insan sanmışam, hətta məruz qaldığım çətinliklər mənim xeyrimə olmuşdur - mən zəmanəmizin dahi insanları ilə - Pikasso, Şaqal, Araqon, Çarli Çaplin, Sikorski ilə görüşmək imkanı qazanmışam. Lakin mən Azərbaycan qaçqınlarının düşərgələrində olduqdan, öz doğma ocaqlarını itirmiş insanların ağır həyat və məişət şəraiti ilə tanış olduqdan sonra özümü xoşbəxt hesab edə bilmirəm. Hesab edirəm ki, bu adamlar xoşbəxt olduqdan sonra mən özümü yenidən xoşbəxt saya bilərəm.

Üzümü mətbuat nümayəndələrinə tutaraq, Azərbaycan qaçqınlarının faciəsi barədə, habelə prezident Heydər Əliyevə qaçqınların böyük məhəbbəti, ona böyük ümidlər bəslədikləri barədə dünyaya daha çox məlumat verməyin zəruri olduğunu söyləmək istəyirəm. Belə düşünürəm ki, bu, məhəbbət və bu ümidlər onların ən gözəl keyfiyyətidir. Müharibənin dayandırılmasında Azərbaycan dövlətinin başçısının xüsusi xidməti olduğunu nəzərə çarpdırıram. Mən bu insanı çox sevirəm və ona inanıram.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT