Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiyanın NTV telekanalının müxbirinə Azərbaycanda 9-cu ildönümü qeyd olunan faciə barədə müsahibəsi - Ankara, Gülhanə Tibb Akademiyası, 20 yanvar 1999-cu il


Bu gün yanvarın 20-dir. Bu gün Azərbaycan üçün matəm günüdür. Ona görə matəm günüdür ki, 1990-cı il yanvarın 20-də Siyasi Büronun qərarı ilə və şəxsən Mixail Qorbaçovun qərarı ilə iri qoşun kontingenti insanları əzmək üçün bir gecənin içində Azərbaycana, xüsusən Bakıya yeridildi. Bu insanlar Dağlıq Qarabağla əlaqədar Ermənistanın Azərbaycana hücumunun qarşısını almaq və mərkəzin, - mən sovet rəhbərliyini nəzərdə tuturam, - Azərbaycan barəsində fəaliyyətindəki ədalətsizliyə son qoyulması üçün o vaxtkı Azərbaycan rəhbərliyindən də, Sovetlər İttifaqının rəhbərliyindən də daha təsirli tədbirlər görülməsini tələb edirdilər. Amma rəhbərlikdə olanlar bu dinc adamlara qarşı qoşun yeritməkdən başqa ayrı heç nə tapmadılar. Özü də bilirdilər ki, onlarda silah yoxdur, heç nə yoxdur, onlar, sadəcə olaraq öz etirazını, öz fikrini bildirmək üçün meydanlara toplaşırlar. Bu xalqdır. Lakin qoşun yeridib camaatı qırdılar. Bir gecədə 135 adam həlak oldu, onların arasında uşaqlar, qadınlar, qocalar vardı, halbuki bu adamlar həmin mitinqlərdə iştirak etməmişdilər. 740, yaxud 750 adam ağır yaralandı.

Bax, belə bir ədalətsizlik oldu. Mən Sovetlər İttifaqının tarixini - İkinci dünya müharibəsinə qədərki tarixini də, ondan sonrakı tarixini də yaxşı bilirəm. Deyərdim ki, öz dövləti tərəfindən heç bir respublikaya qarşı belə təcavüz olmamışdı. Siz bu təcavüzün miqyasını təsəvvürünüzə gətirin, müdafiə naziri marşal Yazov, daxili işlər naziri Bakatin, quru qoşunlarına komandanlıq edən ordu generalı Varennikov, DTK sədrinin birinci müavini, ordu generalı Babkov və başqaları orada oturmuşdular. Azərbaycanda, bu kiçik respublikada görəsən nə olmuşdu ki, oraya bu qədər qoşun, bu qədər yüksək rütbəli generallar cəmləşdirmək, hamını qırmaq lazım idi?

Küçələrdə qan tökdülər. Yaralar hələ də sağalmayıbdır. Olduqca ağır cinayət törədilmişdir. Həmin vaxt mən Moskvada idim. Yeri gəlmişkən, qrip keçirdikdən sonra Barvixada istirahətdə idim. Bundan xəbər tutan kimi Moskvaya gəldim. Yanvarın 21-də Moskvada yaşayan azərbaycanlılar qarşısında çıxış etdim. Onlar Azərbaycanın daimi nümayəndəliyinin binası qarşısına toplaşmışdılar. Buraya bir neçə min adam toplaşmışdı və onların hamısı bu hadisədən çox böyük ürək ağrısı keçirirdi. O vaxt mən Qorbaçov başda olmaqla, rəhbərliyin bu xalqa zidd siyasətinə qarşı etirazımı bildirdim.

Sonra məni gözümçıxdıya saldılar, təqib edirdilər, qəzetlərdə mənim barəmdə cürbəcür məqalələr dərc edirdilər və sairə. Hiss edəndə ki, görünür, tamamilə divan tutana qədər məni təqib edəcəklər, 1990-cı ilin yayında Moskvadan çıxıb getdim. Yeri gəlmişkən, mənə hətta Moskvadan çıxıb getməkdə də bir neçə dəfə əngəl törətdilər.

Bu tarixdir. Siz mənim yanıma elə bir gündə gəlmisiniz ki, mən həmin gün haqqında danışmaya bilmərəm. Mən çox həyəcan keçirirəm, çünki mən indi, bu gün Bakıda deyiləm. Belə ki, hər il bu gün biz həmin təcavüzün qurbanlarının məzarlarını ziyarət edirik.

Məni təəccübləndirən budur ki, sonradan bütün bu işləri ört-basdır etməyə başladılar. Bunda Azərbaycan rəhbərliyinin, Azərbaycan Kommunist Partiyasının da təqsiri var idi. Lakin kommunist rejimi dövründəki həmin adamlar 1991-ci ildə Sovetlər İttifaqı dağıldıqdan sonra da rəhbərlikdə qalırdılar. Müxtəsəri, 1993-cü ildə mən Bakıya gəldikdən sonra, 1994-cü ilin yanvarında biz bu məsələni parlamentdə müzakirə edib, ona siyasi qiymət verdik. Əlbəttə, bu faciədə cinayətkar olan sovet rəhbərliyi, xüsusən də bunu törədən Qorbaçovun şəxsən özü öz cinayətləri barədə bir söz deyə bilməzdi. Amma məni təəccübləndirən budur ki, nə üçün indi, aradan bu qədər vaxt keçdikdən sonra heç kim bu cinayətdən danışmaq istəmir. Bu fürsətdən, sizin televiziyanızdan istifadə edərək, - ümidvaram ki, siz bunu verəcəksiniz, kəsməyəcəksiniz, - demək istəyirəm, ona təəccüblənirəm ki, nə üçün demokratik Rusiya sovet totalitar rejimində olmuş bir çox şeyləri pislədiyi halda, onun bu qara səhifəsini də açmaq istəmir. Əlbəttə, biz istərdik ki, təqsirkarlar cəzalandırılsın. Amma indi bəlkə də ən çox lazım olan bu deyildir. Daha çox lazım olan peşmanlıqdır, daha çox lazım olan etirafdır, daha çox lazım olan ədalətlilikdir. Axı biz sonradan etiraf etdik ki, Sovetlər İttifaqı 1956-cı ildə Macarıstana qoşun yeritməklə səhvə yol vermişdi. Axı 1968-cı ildə Çexoslovakiyaya qoşun yeridilməsinin də səhv olduğunu etiraf etdik. Yadımdadır,

Moskva mətbuatı Xruşşovun dövründə Rostov vilayətində kütləvi iğtişaşların necə yatırıldığını, Siyasi Büro üzvlərinin oraya getdiyini yazmışdı. O hadisə də pislənilir. Elə isə bəs nə üçün bu hadisə pislənilmir? Nə üçün?

Təkrar edirəm, ola bilsin, onlar bunu etməyə qadir deyildilər, çünki özləri cinayətkar idi. Amma haqq-ədalətin bərpa olunması naminə və Rusiya ilə Azərbaycan arasında, Rusiya xalqı ilə Azərbaycan xalqı arasında mehriban, dostluq münasibətlərinin inkişaf etməsi naminə demokratik Rusiya buna qiymət verməlidir. Məsələn, mən belə hesab edirəm, əgər Rusiya hökuməti, Rusiya özünü Sovetlər İttifaqının hüquqi varisi elan edibsə, onda təbii ki, Sovetlər İttifaqının beynəlxalq aləmdə istifadə etdiyi imkanların hamısından istifadə etməlidir. Bununla bərabər, sovet rəhbərliyi tərəfindən törədilmiş mənfi, rüsvayçı, cinayətkar əməllər barəsində Rusiya öz mövqeyini aydınlaşdırmalı və müəyyənləşdirməlidir. Bu iş isə heç də çoxdan deyil, 1990-cı ildə baş vermişdir.

Odur ki, bu fürsətdən istifadə edərək, Rusiya ictimaiyyəti üçün bəyan edirəm və Rusiya rəhbərliyinə üz tuturam ki, onlar 1990-cı ildə sovet rəhbərliyi tərəfindən törədilmiş cinayətə görə peşmançılıq çəkmək, belə bir cinayətə yol verildiyini etiraf etmək səviyyəsinə qalxmaq üçün nə etmək lazım olması barədə hər halda düşünsünlər. Bu, Azərbaycan xalqı ilə Rusiya xalqı arasında münasibətlərin daha da yaxşılaşmasına kömək edə bilərdi.

Tarixi arayış