Xalq şairi Bəxtiyar Vahabzadəyə - Bakı şəhəri, 15 avqust 2000-ci il


Hörmətli Bəxtiyar Vahabzadə!

Sizi - iyirminci əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən birini 75 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin yaradıcılığınız Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Dərin məzmunu, yüksək poetik məziyyətləri və ictimai-fəlsəfi siqləti ilə səciyyələnən əsərlərin müəllifi kimi adınız ədəbiyyat tariximizə əbədi həkk olunmuşdur. Əsrlərlə formalaşmış yüksək mənəvi dəyərlərimizi vəsf edən şer və poemalarınız, səhnə əsərləriniz daim böyük rəğbət və ehtiramla qarşılanmışdır. Xalqımızın keşməkeşli taleyi, yaşadığı faciəli və əzablı günlər vətənpərvər övlad kimi daim sizi düşündürmüş, onun ağrı- acıları həssas qəlbinizi alovlandırdığı kimi, xoşbəxt günləri də sizi sevindirmişdir. Qanlı Yanvar faciəsi günlərində tutduğunuz əsl vətəndaşlıq mövqeyi öz tarixi əhəmiyyətini heç vaxt itirməyəcəkdir.

Vətənlə, xalqla, ana dilimizlə qırılmaz tellərlə bağlı olan hər bir misranızdakı hikmət ölkəmizin müstəqilliyi uğrunda vətənpərvər mübarizlərin yetişməsində böyük rol oynamış və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində bir örnək olmuşdur. Siz yüksək ideallar tərənnüm edən poeziyanızla millətin birliyinə, ləyaqətinə ehtiram hissləri aşılamış və onların təntənəsi uğrunda səbrlə, yorulmadan, ardıcıl mübarizə aparmısınız. Bəşəriliklə milliliyin vəhdətindən qaynaqlanan əsərləriniz ölkəmizdə milli şüurun yüksəlməsinə güclü təkan vermişdir. Bədii sözə böyük inam və hörmət bəsləyən xalqımızın imperiyaya, totalitarizmə qarşı nifrətini, azadlığa, istiqlaliyyətə olan sevgisini ifadə etməkdə siz bir çox siyasətçinin görə bilmədiyi işi görmüsünüz.

Azərbaycan ziyalıları sizi təkcə bir şair deyil, həm də böyük tədqiqatçı alim, mahir pedaqoq və gözəl publisist kimi tanıyırlar. İdeyalarınızla pərvazlanaraq müstəqil həyata qədəm qoyan neçə-neçə tələbə nəsli bu gün nə vaxtsa sizi dinləməkdən, sizin tələbəniz olmaqdan sonsuz qürur və şərəf hissi duymaqdadır.

Sizin ictimai-siyasi xadim kimi də fəaliyyətiniz təqdirəlayiqdir. Yaradıcılığınıza və göstərdiyiniz böyük xidmətlərə görə siz bir çox mükafatlara, fəxri adlara layiq görülmüsünüz. Lakin onların heç biri qazandığınız xalq məhəbbəti qədər qiymətli və əziz ola bilməz.

Əminəm ki, sizin qələminizdən çıxan, xalqımızın arzu və istəklərini tərənnüm edən əsr ələriniz Azərbaycan Respublikasının müstəqillik yolları ilə inkişafı uğrunda bundan sonra da ən uca, ən ülvi amalların gerçəkləşməsinə xidmət edəcəkdir.

Sizə uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.