"Kitabi-Dədə Qorqud dastanının 1300 illik yubileyi üzrə dövlət komissiyasının yekun iclasında Azərbaycan Prezidenti Heydər Əliyevin giriş nitqi - 14 aprel 2000-ci il


Hörmətli komissiya üzvləri!

Xanımlar və cənablar!

Üç il bundan öncə, elə aprel ayında "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar fərman imzalandı. O fərmanın imzalanması ərəfəsində də bizim tarixçilər, ədəbiyyatçılar, alimlər arasında müxtəlif fikirlər var idi. Mübahisələr getmiş, təbiidir ki, müxtəlif fikirlər bildirilmişdi. Ancaq alimlərimiz, yazıçılarımız, tədqiqatçılarımız - hamısı birlikdə təklif verdilər ki, "Kitabi-Dədə Qorqud"un 1300 illiyi bütün sənədlərlə tamamilə təsdiq olunur və bu 1300 illiyi də biz qeyd etməliyik.

Üç il - bu, o qədər də böyük vaxt deyildir. Bəzən biz yubileylərdən 5-6 ay öncə qərar qəbul edirik ki, yubiley keçiririk. Yubiley də müəyyən mərasimlərlə, yaxud da bəzi nəşrlərlə sonlanır.

Ancaq mən hesab edirəm ki, bu yubiley bizim tariximizlə, ədəbiyyatımızla, mədəniyyətimizlə əlaqədar indiyə qədər Azərbaycanda keçirdiyimiz yubileylərdən ən müfəssəli olması, yəni dərin məzmunlu hazırlıq işləri görülməsi və xüsusən "Kitabi-Dədə Qorqud"un irsinin öyrənilməsi, haqqında əsərlər hazırlanması - ən böyük nailiyyət də "Kitabi-Dədə Qorqud" ensiklopediyası"nın yaradılmasıdır - baxımından fərqlənir. Bunlar hamısı dünyada "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyini indiyə qədər keçirdiyimiz buna bənzər bütün tədbirlərdən fərqləndirir.

Yubiley tədbirləri və bunun beynəlxalq səviyyədə keçirilməsi, yubiley tədbirlərində bir çox ölkələrdən qorqudşünasların, şərqşünasların, alimlərin, ictimai-siyasi xadimlərin gəlib iştirak etməsi, yubiley tədbirlərinin Türkdilli Dövlətlər Birliyi dövlət başçılarının və onlarla bərabər olan nümayəndə heyətlərinin iştirakı ilə keçirilməsi - bunlar hamısı, təbiidir ki, birincisi, "Dədə Qorqud" yubileyinə tam beynəlxalq xarakter verdi. YUNESKO-nun baş direktorunun öz iştirakı ilə "Dədə Qorqud" yubileyi haqqında vaxtilə YUNESKO tərəfindən qəbul olunmuş qərarın və həyata keçirilmiş tədbirlərin nəticəsi kimi bunu təsdiq etdi. İkinci tərəfdən də, tariximizi, keçmişimizi, zəngin mədəniyyətimizi xalqımıza bir daha, bir daha göstərdi.

Bir sözlə, bu üç il müddətində çox iş görülübdür. Bu işi də görən sizlərsiniz və sizlərlə bərabər böyük-böyük kollektivlərdir.

Mən bu gün komissiyanın iclasını iki məqsəd üçün çağırmışam. Birincisi, görülən işlərə yekun vurmaq, ikincisi də gələcək tədbirlər haqqında lazımi fikirləri müzakirə etmək və tədbirlər görməkdir.

Mən elə bilirəm, hamımızın yekdil fikri bundan ibarətdir ki, biz qarşımızda qoyduğumuz çox böyük milli, dövləti əhəmiyyət kəsb edən vəzifəni layiqincə yerinə yetirdik. Bunun yerinə yetirilməsinə, yenə də deyirəm, bütün Azərbaycan xalqının səfərbər olduğunu biz hiss etdik. Burada gördüyünüz və bu üç il müddətində nəşr edilmiş kitablar, yaxud da başqa əsərlər ən yüksək səviyyədə olanlardır.

Amma bu üç il müddətində, demək olar ki, hər bir kollektivdə, hər bir şəhərdə, hər bir rayonda, hər bir qəsəbədə, kənddə Dədə Qorqud yada salındı, təbliğ olundu, Dədə Qorqudun tanınması üçün xeyli işlər görüldü. İndi demək olar ki, bizim xalqımız öz ulu əcdadını - Dədə Qorqudu tanıyır və güman edirəm ki, bundan sonra heç vaxt unutmayacaqdır.

Yaranmış əsərlər isə təbiidir ki, gələcəkdə "Dədə Qorqud"un Azərbaycanda, digər türkdilli dövlətlərdə, başqa ölkələrdə təbliği üçün çox dəyərli işlərdir. Amma bununla bərabər, onlar xalqımızın təhsilində, təlimində, tərbiyəsində "Dədə Qorqud"dan istifadə olunması üçün çox əhəmiyyətlidir.

Bütün bu işləri görən dövlət komissiyasının üzvlərinə, alimlərimizə, tədqiqatçılarımıza, yazıçılarımıza, şairlərimizə, bəstəkarlarımıza, rəssamlarımıza - bütün mədəniyyət işçilərinə və bütün elm xadimlərinə, ziyalılarımızın hamısına təşəkkür edirəm. Kim nə iş görübsə, o, bu işlə xalqına xidmət edibdir. Təbiidir ki, hərə öz səlahiyyəti çərçivəsində, yaxud da imkanı dairəsində iş görübdür. Amma həqiqətən də çoxları buna öz payını veribdir. Payın böyük və ya kiçik olmasından asılı olmayaraq, mən hamıya təşəkkür edirəm.

Sizə dedim, məqsəd bir də ondan ibarətdir ki, bundan sonra nə etməliyik? Bəzən keçmiş zamanlarda belə olubdur ki, bu cür tədbirləri hazırlamışıq, keçirmişik və zirvə tədbirindən sonra bu unudulub, yaxud da nəticələri əməli işimizdə istifadə edilməyibdir. Ancaq - bunu dəfələrlə demişik və bu gün də təkrar etmək olar - biz bu yubileyi ona görə keçirdik ki, xalqımız öz tarixini dərk edə bilsin, öz keçmişini, zəngin mədəniyyətini dərk edə bilsin, ikinci tərəfdən də dünya bizim nə qədər zəngin tarixə, mədəniyyətə malik olduğumuzu bilsin. Bir də ki, bu, gələcək işlərimizdə istifadə edilsin. Əgər keçmiş dövrləri, sovet hakimiyyəti dövrünü götürsək, - biz başqa, bizim üçün yabançı olan oriyentirlərə əsaslanıb onların istiqamətində təhsil, təlim, tərbiyə işlərini aparırdıq. İndi isə təkcə "Dədə Qorqud" deyil, bu cür böyük, dahiyanə tarixi abidələrimiz, tarixi əsərlərimiz, tarixi irsimiz var, onlardan istifadə etməliyik ki, xalqımız bundan sonra bunların ruhu ilə yaşasın, bu dastanlardan, bu əsərlərdən irəliyə gələn milli-mənəvi dəyərlərlə yaşasın.

Ona görə də biz konkret tədbirlər həyata keçirməliyik. Bunu özbaşına buraxmamalıyıq ki, hansı təşkilat nə cür istəyirsə, eləsin. Təbiidir ki, hansı təşkilat, şəxs tərəfindən olur-olsun, şəxsi təşəbbüs yüksək qiymətləndirilməlidir. Amma eyni zamanda bu işi təşkil etmək lazımdır. Bax, bizim komissiyanın bugünkü iclasının ikinci məqsədi də bundan ibarətdir.

Mən istərdim ki, bizim komissiyanın sədr müavinləri söz demək istəyirlərsə, desinlər. Ondan sonra mən başqalarına da imkan verə bilərəm. Ancaq vaxtı da çox almayaq, qısa zamanda bu işi qurtaraq.

Mənə belə gəlir ki, burada çox danışmaq olar. Ancaq əsas fikirlər bildirildi. Ona görə də mən bir neçə kəlmə söz deyərəm, bununla da bitirərik. İndi daha da çox iş görmək lazımdır, nəinki danışmaq.

Ancaq öncə bir şeyi sizinlə məsləhətləşmək istəyirəm, - görürəm, burada çoxlu dilçilər, ədəbiyyatçılar var. Dünən mən burada bizim mühüm bir sahəmiz olan hava limanında qüsurlar, nöqsanlar və bizi çox narahat edən hallar ilə əlaqədar müşavirə keçirirdim. Yəqin ki, siz onu televiziya ilə izləyə bilərsiniz.

Bu, hər bir insana aiddir, bu məni ağrıdır. Ona görə də dünən müşavirəni də sərt keçirdim və bizim nazirləri çox ciddi tənqid etdim. Bəzilərinə də töhmət verdim.

Ancaq orada bir şey mənim ağlıma gəldi. Yəni onu çoxdan deyirdim. Yadınızdadır, biri çıxış edəndə başladı ki, nə bilim, "Əsgərov cənabları, Rasizadə cənabları". Düzdür, ədəbiyyatçı kimi Vilayət Quliyev bu barədə mənim fikrimin düzgün olduğunu təsdiq etdi. Amma yenə də demək istəyirəm: bu "cənabları" sözü haradan çıxıbdır? Niyə biz "cənabları" sözünü işlədirik, cəm şəklində müraciət edirik - cənabları? Vaxtilə biz bir-birimizə "yoldaş" deyirdik. Sonra bəziləri dedi ki, gəlin bir-birimizə "bəy" deyək. Keçmişdə bizdə "cənab" olub, "ağa" olubdur, elədir? "Bəy" sözü də olubdur. Yeni dövrdə "cənab" dünyada hər yerdə işlənilən sözdür. Ruslar da deyirlər "qospodin", məsələn, ingilisdillilər də deyirlər "mister". Yaxud ukraynalılar, polyaklar "pan" deyirlər, gürcülər "batono" deyirlər. Bunlar hamısı bir mənalı sözlərdir. Bizdə də "cənab" sözü var. Məsələn, cənab Vahabzadə, cənab Anar, cənab Fəraməz Maqsudov. Amma deyəndə ki, "Əsgərov cənabları", "filan cənabları" - bu, neçə ildir mənim qulağımı deşir. Baxıram - televiziyada ona deyirlər "cənabları", buna deyirlər "cənabları". Fikirləşirəm ki, a balam, bu, bir adamdır, niyə buna "cənabları" deyirlər? Bu, bir neçə adam deyil ki!

Vilayət Quliyev dünən məlumat verdi ki, keçmişdə şahlara, padşahlara müraciət cəm şəklində olubdur. Bu, həqiqətdir. İndi də var. Amma bu, müraciət forması deyildir. Rəsmi görüşlərdə dövlət başçısı dövlət başçısına müraciət edəndə belə deyir, məsələn, bizim dilimizdə "zati-aliləri" sözü var, rus dilində "vaşe prevosxoditelstvo" var. Amma bu, deyəsən Qərb dillərində heç yoxdur. (Yerdən - "ekselens" sözü var). "Ekselens"i də çox işlədirlər, bizim türk qardaşlarımız da çox işlədirlər.

Bu, rəsmi hallardır. Amma biz bir-birimizə müraciət edirik ki, cənab Anar, cənab Bəxtiyar müəllim, - bəlkə də "cənab" deyəndə "müəllim" demək lazım deyildir, - cənab Elçin, cənab Ramiz. Bu, bəs deyilmi? "Cənabları" sözündən biz xilas ola bilərik, yoxsa yox? Ya dünən mən səhv eləmişəm? Yəni siz ədəbiyyatçı, dilçi kimi, dünən mənim dediyim sözləri təsdiq edirsinizmi? (Yerdən səslər - bəli). Onda xahiş edirəm, gəlin bu "cənabları" sözünü aradan çıxardaq.

Mən dünən dedim, mənə də "cənabları" demək lazım deyildir. Elə "cənab prezident" deyin - qurtardı getdi, "cənab Heydər Əliyev" deyin - qurtardı getdi. İstəmirəm mənə nə "yoldaş" desinlər, nə "Heydər Əliyeviç" desinlər. Keçmişdəki kimi bəziləri indi də deyirlər. Düzdür, mən bunun qabağını kəsirəm.

Bəxtiyar Vahabzadə: Amma mümkün olmur, yenə "Heydər Əliyeviç" deyirlər.

Heydər Əliyev: Sən ki, görürsən, mən dərhal ağzından vururam. Bilirsiniz, bu inersiyadır, öyrəniblər.

Demək, bu məsələni də mən sizinlə yoxladım, fikrimin düz olduğunu aydınlaşdırdım.

Yekun nitqi

- Hörmətli dostlar!

Xanımlar və cənablar!

Mən hesab edirəm, biz bu gün "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi ilə əlaqədar üç il bundan əvvəl başladığımız işə yekun vuraraq hamımız eyni fikirdəyik ki, birincisi, həqiqətən biz bu yubileyin keçirilməsi ilə əlaqədar düzgün qərar qəbul etmişik. İkincisi, bu üç ildə çox işlər görülübdür. Üçüncüsü, bu yubiley tədbirlərinin son mərhələsi həqiqətən həm elmi, həm ictimai, həm siyasi, həm də bədii nöqteyi-nəzərdən ən yüksək səviyyədə olmuşdur.

Təbiidir ki, bu, xalqımız üçün iftixar hissidir. Şəxsən mən çox qürur hissi keçirirəm ki, xalqımız, millətimiz öz tarixini, mənşəyini, keçmişini, mədəniyyətinin zənginliyini dünyaya bir daha sübut etdi. Xalqımız özü-özünü tanıdı, dərk etmək yoluna düşdü, haradan gəldiyini, kim olduğunu, hansı kökdən çıxdığını tamamilə dərk etdi. Ancaq əvvəl dediyim kimi, bu, işin başlanğıcıdır. Biz bu işi davam etdirməliyik.

Burada bir çox təkliflər irəli sürüldü. Mən hesab edirəm ki, bu təkliflərin əksəriyyəti qəbul oluna bilər və biz onların əksəriyyətini həyata keçirə bilərik. Buna görə də mən komissiya sədrinin müavinləri Elçin Əfəndiyevə, Anara, Fəraməz Maqsudova, Fatma Abdullazadəyə tapşırıram, - başqalarına o qədər də əziyyət verməyin, - siz bütün bu təkliflərin hamısını təhlil edin, baxın ki, nə vaxt nə etmək olar və mənim yanıma gəlin, məsləhətləşək. Təbiidir ki, komissiyanın hər bir üzvü də burada öz fikrini deyə bilər. Bəziləri öz fikirlərini bildirdilər, bir çoxları isə, gördüm, - istədilər danışsınlar, amma vaxt məhdudiyyətinə görə mümkün olmadı. Ancaq hərə öz fikrini desin. Onda bizim bu tədbirlərimiz daha da geniş və istədiyimiz şəkildə ola bilər.

Təbiidir ki, bu tədbirlər 1,2,3 il üçün yox, uzun bir müddətə nəzərdə tutulmalıdır. Bütün bu tədbirlərin hamısı dəyərlidir. Mən hesab edirəm ki, bunun içərisində bizim orta məktəblərdə, uşaqların, gənclərin təhsili ilə əlaqədar dərsliklərimizdə, kitablarımızda, hətta uşaq bağçaları üçün hazırlanan kitablarda "Dədə Qorqud" mövzusundan çox ətraflı istifadə olunmalıdır.

Bizim bütün ali məktəblərdə tariximizin, ədəbiyyatımızın müəyyən hissələrində "Dədə Qorqud"un tarixi, Dədə Qorqud haqqında məlumatlar, fikirlər məcburi qaydada mütləq öz əksini tapmalıdır. Ona görə də gərək bizim Təhsil Nazirliyi fikirləşsin, - bəlkə sentyabr ayına qədər dərsliklərə müəyyən əlavələr etmək olar? Fikirləşin, nə mümkün olar - indi, nə mümkün olmaz - sonra edərsiniz. Amma bunlar mütləq olmalıdır. Yəni biz bundan sonra millətimizi uşaqlıqdan öyrətməliyik ki, sənin kökün nədir, sənin millətinin kökü nədir, sənin ulu baban, əcdadın kimdir, bu millət haradan gəlibdir, nə çətinliklərlə gəlibdir və bu gün kimdən ibarətdir. Bu özünüdərk məsələsinə xüsusi fikir verməliyik.

Biz cürbəcür, müxtəlif mərhələlərdən keçmişik. İndi hər birimiz özümüzü müəyyən səviyyədə dərk edə bilirik. Bəziləri hələ indiyədək bir azərbaycanlı kimi özünü dərk edə bilmir. Yəqin ki, buna da zaman lazımdır, dərk edəcəkdir. Amma bizim gələcək nəsil, yəni uşaqlar gərək uşaq vaxtından bunu dərk etsinlər. Ona görə də bu, mühüm məsələlərdən biridir.

Mən başqa məsələlərə daha toxunmaq istəmirəm. Ancaq Bəxtiyar müəllim əlifba haqqında məsələ qaldırdı. Həqiqətən, gərək bizim burada da bir dəqiq proqramımız olsun. Bizim xalqımız tamamilə latın əlifbasına keçəcəkdir. Bunu özbaşına buraxsaq ki, kim nə cür keçir, nə vaxt keçir, - bu, bir az çətin olacaqdır. Burada müəyyən çətinliklər də var.

Doğrudur, deyirsiniz ki, indi qəzet oxuyanların çoxu kiril əlifbasını oxuyur, latın əlifbasını oxumur. Amma biz kiril əlifbasından nə qədər istifadə etsək, latın əlifbasını də o qədər bilməyəcəyik. Gərək gözləyək, latın əlifbasında təhsil alan adamlar 10 ildən sonra gəlib onu oxusunlar. Onda gərək biz 10 il kiril əlifbası ilə oxuyaq.

Biz bu keçid dövrünü özbaşına buraxa bilmərik, bunu tənzimləməliyik. Bunun tənzimlənməsi ilə əlaqədar mən həm Elçin Əfəndiyevə, həm Fatma Abdullazadəyə göstəriş verirəm, sizinlə birlikdə otursunlar, fikirləşsinlər və təklif irəli sürsünlər ki, nə etmək lazımdır.

Siz indi dedikcə, mən düşünürdüm. Məsələn, müxalifət qəzeti necə yazır - özü bilər. Bizim 2-3 dövlət qəzetimiz var, bəlkə onların tirajının bir hissəsini kiril əlifbası ilə, - yarısını, yaxud 30 faizini latın əlifbası ilə, 70 faizini kirillə verək? Kim latın əlifbası ilə oxuya bilirsə, oxusun. Beləliklə, alışdıraq. Başqa metodlardan da istifadə etmək olar. Hər halda, bunu etmək lazımdır.

İndi Bəxtiyar deyir ki, Türkiyədə bir ilin içərisində keçdilər. Əlbəttə ki, bu, bir az mübaliğəyə bənzəyir. İkincisi də, siz hamınız bilirsiniz ki, Azərbaycan latın əlifbasına Türkiyədən qabaq keçibdir. Mən orada bunu onlara dəfələrlə demişəm. Ərəb əlifbasından istifadə edən xalqlar içərisində latın əlifbasına birinci olaraq Azərbaycan keçibdir. Türkiyə də, Orta Asiya ölkələri də bizdən sonra keçiblər. Latın əlifbasına birinci Azərbaycan keçibdir. Bizim o dövrdəki insanların bu fəaliyyətini qiymətləndirmək lazımdır.

Amma 1939-cu ildə latın əlifbasından kiril əlifbasına keçmək mənim xatirimdədir. Mən sizə doğrusunu deyim, bu da böyük bir çətinlik yaratmışdı. Amma indi, məsələn, bu, mənim üçün çətin deyil. Bilirsiniz niyə? Çünki mən həm latın əlifbasını bilirdim, həm də rus dilini bilirdim. Rus dilini bildiyimə görə mən dərhal kiril əlifbasında oxuyub başa düşə bilirdim. Ancaq belələri azdır. İndi də azdır.

Ona görə də bu məsələ özbaşına qalmamalıdır. Siz müəyyən təkliflər hazırlayın, biz bunu da tənzimləyək.

Mən görülən işlərə görə sizin hamınıza bir daha təşəkkür edirəm və uğurlar arzulayıram.

Amma bir şeyi unutdum. Nəşr edilən bu kitablara görə sağ olun. Ancaq bunlar da sadəcə, sərgi üçün olmasın. Məsələn, mən soruşdum ki, ensiklopediyanın tirajı nə qədərdir? Dedilər ki, 2 mindir. 2 min kimə çatacaqdır? Ancaq kitabxanalara çatacaqdır. Təbiidir ki, biz bu ensiklopediyanı bu cür nəfis şəkildə böyük tirajla nəşr edə bilmərik. Ancaq biz onu sadə nəşrdə bir çox min tirajla nəşr edə bilərik.

Fatma Abdullazadə: 10 min hazırlanır.

Heydər Əliyev: 10 min hazırlanır, çox gözəl. Hazırlayın, elə olsun ki, bütün xalqımızı əhatə edə bilsin. Yoxsa, bunu sərgidə göstərdik, kitabxanaya qoyduq, - amma biz istəmirik ki, bu, kitab kimi, sadəcə kitabxanada olsun. Biz istəyirik ki, insanlar, xalqımız bundan istifadə etsinlər. Ona görə bunların da tirajı artırılmalıdır və sadə şəkildə nəşr edilməlidir ki, hamı alıb oxusun.

Burada nəfis şəkildə nəşr olunmuş eləcə də başqa, dəyərli kitablar var. Onların da tirajını artırmaq lazımdır ki, həqiqətən, onlar ayrı-ayrı qruplar, alimlər üçün yox, bütün kütlə üçün olsun. Bu da o məqsədlə bağlıdır ki, biz istəyirik, "Kitabi-Dədə Qorqud" ayrı-ayrı adamlar tərəfindən yox, kütlə tərəfindən bilinsin, hamı onu tanısın.

Sizə təşəkkür edirəm, hamınıza yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 15 aprel 2000-ci il.

Ümumi tarixi arayış

Dədə-Qorqud dastanı

Tarixi arayış

MƏDƏNİYYƏT