Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qurban Bayramı münasibətilə Azərbaycan xalqına təbriki - Bakı şəhəri, 16 aprel 1997-ci il


Mərhəmətli, rəhmli Allahın adı ilə!

Əziz bacılar yə qardaşlar!

Ulu tanrının İslamı bir din kimi tamamlayıb insanlar üçün hidayət yolu seçdiyi bu əziz Qurban bayramı günündə hamınızı səmim-qəlbdən təbrik edirəm.

Bütün müsəlmanların həmrəylik və qardaşlıq rəmzi olan mübarək Qurban bayramının ölkəmizdə rəsmi qeyd olunması həm müstəqilliyimizin dönməzliyini, həm də Azərbaycan xalqının öz milli, dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir.

İnanıram ki, bu müqəddəs bayram günlərində böyük xalqın bəxş etdiyi nemətlərə görə minnətdarlığınızı bildirməklə yanaşı Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi, xalqımızın xoşbəxt həyata qovuşmasını diləyirsiniz. Əminəm ki, arzu və diləkləriniz Allahın köməyi və xalqımızın qeyrəti ilə həyata keçəcəkdir. Xalqımızın haqq işi qalib gələcəkdir. Şəhid balalarımızın ruhlarının şad olacağı gün - Vətən torpağının mənfur düşmən tapdağından tamamilə azad ediləcəyi və taleyinə qaçqınlıq, köçgünlük düşmüş həmvətənlərimizin öz doğma yerlərinə qayıdacaqları gün uzaqda deyildir. Azərbaycan-Ermənistan münaqişəsinin dinc yolla həlli uğrunda apardığımız ardıcü siyasət və tutduğumuz qətiyyətli mövqe, gənc ordumuzun günü-gündən artan döyüş qüdrəti bu inam üçün möhkəm zəmindir.

Qurban bayramı insanlar arasında mehribanlıq və qardaşlıq tellərinin möhkəmləndirilməsi üçün ən gözəl vasitədir. Qoy bu ilki Qurban bayramı da bütün azərbaycanlıların, o cümlədən xaricdə yaşayan soydaşlarımızın bir-birinə qayğı və diqqətinin artırılması, cəmiyyətdə milli həmrəyliyin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini versin!

Əziz bayram münasibətilə AllahTəaladan hər birinizə cansağlığı və xoşbəxtlik arzulayır, xalqımıza müstəqil Azərbaycanın tərəqqisi naminə daha böyük əzmkarlıq və hünər diləyirəm!

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.