Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına Yeni İl təbriki - 31 dekabr 1995-ci il


Hörmətli həmvətənlər!

Əziz bacılar, qardaşlar, Azərbaycan Respublikasının vətəndaşları!

Sizi qarşıdan gələn 1996-cı - Yeni il münasibətilə təbrik edirəm, sizə cansağlığı, səadət, işlərinizdə uğurlar diləyirəm.

Biz 1995-ci ilin son dəqiqələrini yaşayırıq. 1995-ci il Azərbaycan Respublikasının, xalqımızın həyatında böyük nailiyyətlər ili, əlamətdar hadisələr ili kimi tariximizə artıq daxil olubdur. 1995-ci ilin ən böyük nailiyyəti ondan ibarətdir ki, Azərbaycan xalqı öz dövlət müstəqilliyini daha da möhkəmləndirdi, Azərbaycan Respublikası müstəqil dövlət kimi yeni bir ili başa vurdu.

1995-ci ildə biz uzun illər arzusunda olduğumuz müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasını qəbul etdik. Bu, tarixi hadisədir. Azərbaycan dövlət müstəqilliyinin dördüncü ilini müstəqil dövlətin konstitusiyası ilə başa vurdu. Biz ilk dəfə müstəqil Azərbaycanın demokratik parlamentini seçdik və parlament artıq formalaşıb fəaliyyət göstərir. Azərbaycanın ilk demokratik konstitusiyasının qəbul olunması, ölkəmizin ilk demokratik parlamentinin seçilməsi Azərbaycanda demokratiyanın inkişafında böyük bir mərhələdir və müstəqil Azərbaycanın gələcəyi üçün yaxşı əsaslar yaradır. Müstəqil Azərbaycan bir daha dünyaya nümayiş etdirdi ki, xalqımız tutduğu yol ilə əzmlə gedir. Azərbaycanda demokratik hüquqi dövlət qurulur, demokratik vətəndaş cəmiyyəti yaranır, demokratiyanın bütün tələbləri respublikamızda bərqərar olub və bunların gələcəkdə də inkişaf etməsi, insanların sərbəst, azad yaşaması üçün, onların haqlarının qorunması üçün və hər bir vətəndaşın öz istəyini, arzusunu sərbəst yerinə yetirməsi üçün lazımi şərait yaranıbdır.

Azərbaycanın konstitusiyasının qəbul olunması və ilk demokratik parlamentin seçilməsi respublikamızın həyatında dörd il gedən çətin, ağır ictimai-siyasi proseslərin sona çatdığını göstərir. Bu proseslər Azərbaycanda müstəqil dövlətin yaşaması üçün çox çətinliklər yaratmışdı. Ona görə də bunların hamısının nizama salınması və nəhayət, konstitusiyanın qəbul olunması Azərbaycanda dövlət müstəqilliyinin daimi, əbədi olmasını bir daha dünyaya sübut etdi. Biz 1995-ci ili sona çatdıraraq böyük məmnuniyyət hissi ilə deyə bilərik ki, Azərbaycanın dövlət müstəqilliyi qorundu, saxlanıldı və onun əbədi olması üçün, Azərbaycan xalqının əbədi olaraq milli azadlıq şəraitində yaşaması üçün yaxşı şərait əldə edilib.

1995-ci ilin mühüm cəhəti bir də ondan ibarətdir ki, bu ildə xalqımız atəşkəs rejimində, sülh və əmin-amanlıq şəraitində yaşayıbdır. Ermənistanla Azərbaycan arasında yeddi ildən artıq gedən müharibədə, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində baş vermiş münaqişədə 1994-cü ildə əldə edilmiş atəşkəs sazişi bütün 1995-ci ildə qorunub saxlanıbdır. Bütün ilin sakit keçməsi, yəni cəbhədə atəşin olmaması, qan tökülməməsi, insanlarımızın sülh şəraitində yaşaması son illərin böyük nailiyyətlərindən biridir.

1995-ci ildə respublikamızı atəşkəs rejimində yaşadaraq biz müharibəyə son qoymaq, böyük sülh əldə etmək üçün, işğal olunmuş torpaqlarımızdan işğalçı silahlı dəstələrin çıxarılması, respublikamızın ərazi bütövlüyünün təmin olunması üçün ardıcıl fəaliyyət göstərmişik. Bu gün demək olar ki, biz müəyyən nailiyyətlər əldə etmişik. Bir il müddətində atəşkəs rejiminin saxlanması onu göstərir ki, biz artıq həm dünya ictimaiyyətini, həm də Azərbaycana təcavüz edən Ermənistanın dairələrini sülhün zəruri olması üçün lazımi qərarlar qəbul edilməsi fikrinə gətirib çıxara bilmişik. Bununla yanaşı, bir il müddətində ardıcıl surətdə cürbəcür səviyyələrdə, çərçivələrdə aparılan danışıqlar bizim sülhə doğru hərəkətimizi sürətləndirib və Ermənistan-Azərbaycan münaqişəsinin aradan götürülməsi, Dağlıq Qarabağ probleminin həll olunması üçün gərəkli şərait yaranıbdır.

Ümidvaram ki, 1995-ci ildəki nailiyyətlər 1996-cı ildə Böyük Sülh Sazişinin əldə olunması, böyük sülhün yaranması üçün yaxşı əsas yaradır və bunlardan səmərəli istifadə edərək biz 1996-cı ildə respublikamızı hərbi təcavüzdən xilas edə bilərik, işğal olunmuş torpaqlarımızdan işğalçı qüvvələri çıxara bilərik, respublikamızın ərazi bütövlüyünü təmin edib, yerindən-yurdundan didərgin düşmüş Azərbaycan vətəndaşlarını öz elinə-obasına qaytara bilərik. Bu barədə həm beynəlxalq təşkilatlar səviyyəsində - BMT-nin qurumlarında, ATƏT-in Minsk qrupu çərçivəsində, başqa beynəlxalq təşkilatlarda apardığımız işlər, həm də dünyanın böyük dövlətlərinin başçıları, nümayəndələri ilə aparılan danışıqlar və bizim göstərdiyimiz cəhdlər həmin bu nəticələrə gətirib çıxarıbdır.

1995-ci ildə bu sahədə görülmüş işlər barədə danışmaq çox vaxt aparar. Ancaq onu qeyd etmək istəyirəm ki, beynəlxalq təşkilatlarda aparılan danışıqlarla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün son illərdə təşəbbüs göstərmiş Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klinton ilə, Rusiyanın prezidenti cənab Boris Yeltsin ilə, Türkiyənin prezidenti cənab Süleyman Dəmirəl ilə və başqa böyük ölkələrin başçıları ilə mənim şəxsən apardığım danışıqlar və əldə olunan anlaşmalar, razılıqlar onu göstərir ki, bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən dünyanın aparıcı dövlətləri, bizim bölgədə sülhün yaranmasını arzu edirlər, bunun yaranması üçün fəaliyyət, səylər göstərirlər və ümidvaram ki, bundan sonra da göstərəcəklər.

Bizim 1995-ci ildə əldə etdiyimiz ən böyük nailiyyət ondan ibarətdir ki, son illərdə respublikamızı ağır vəziyyətə salan, daxilimizdə mövcud olmuş qarmaqarışıqlığa, ayrı-ayrı qrupların hakimiyyət, vəzifə uğrunda mübarizəsi, ayrı-ayrı silahlı dəstələrin Azərbaycanı içəridən dağıtması hallarına artıq son qoyulmuşdur. Mən bu gün, Yeni il ərəfəsində, bir daha qeyd etmək istəyirəm ki, xalqımızın, respublikamızın son illərdə bu ağır vəziyyətə düşməsinin əsas səbəbi Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bərabər, respublikamızın daxilində ayrı-ayrı qrupların, dəstələrin, qüvvələrin vəzifə mübarizəsi, şəxsi ambisiyaları, şəxsi məqsədlərinə nail olmaq üçün qeyri-qanuni hərəkətləridir. Onların qeyri-qanuni hərəkətləri xalqımızı belə bir ağır vəziyyətə salmışdır.

Əziz həmvətənlər, siz bunların şahidisiniz. 1993-cü ildə Azərbaycan Respublikasının vətəndaş müharibəsi həddinə gəlib çıxması, 1994-cü ildə Azərbaycanda müxtəlif dəstələrin, qrupların, o cümlədən, təəssüf ki, ayrı-ayrı siyasi partiyalara, təşkilatlara mənsub olan qrupların ilboyu respublikamızda sabitliyi pozmaq, dövlət quruculuğunu dağıtmaq meylləri - bunlar hamısı dediklərimə əyani sübutdur.

Biz bunların qarşısını aldıq. Ancaq buna baxmayaraq 1995-ci ildə yenə də bu cəhdlər davam etdi. Bu cəhdlər davam etdikcə insanlarımız qorxu altında yaşayıb sabitlik olmadığına görə gələcəyə ümidsiz olmuşdu və respublikamızda ağır bir vəziyyət yaranmışdı. 1995-ci ilin əvvəlindən bu cinayətkar qruplar yenə də öz cinayətkar əməllərini həyata keçirməyə cəhdlər göstərdilər. Mart ayında yenidən Azərbaycanda dövlət çevrilişi etmək cəhdləri oldu, onların qarşısı alındı. Ancaq bunlar da dərs olmadı. Azərbaycanın daxilində olan düşmən qüvvələr və ölkəmizin müstəqilliyini pozmaq üçün, respublikamızın inkişafına mane olmaq üçün təxribat xarakterli tədbirlərə əl atan xarici qüvvələr yenə də öz cəhdlərindən əl çəkmədilər. Məlum mart hadisələrindən sonra 1995-ci ildə Azərbaycanda müxtəlif terror aktlarının həyata keçirilməsi cəhdləri, körpü partlatmaq, başqa təxribat halları və yenidən bir dəstənin terror vasitəsilə Azərbaycanda dövlət çevrilişi etmək cəhdləri də mövcud oldu. Bunların da qarşısı alındı. Bütün bu cinayətlərin qarşısı alınarkən, onlar təhqiq olunarkən, araşdırılarkən respublikamızda yeni-yeni cinayətkar qruplar, silahlı dəstələr aşkar oldu. Onlar da zərərsizləşdirildilər, aradan götürüldülər. Onlara qarşı lazımi qanuni tədbirlər görüldü.

Bütün bunların nəticəsində həm respublikamızın ictimaiyyəti, həm də dünya ictimaiyyəti gördü ki, Azərbaycan dövləti öz dövlətçiliyini qorumağa qadirdir və Azərbaycan Respublikasında insanların normal yaşaması üçün şərait yaratmaq mümkündür. Məhz görülən tədbirlərin nəticəsində respublikamızda siyasi-ictimai sabitlik, əmin-amanlıq əldə olunubdur. Respublikamızda dövlət quruculuğu prosesini, ölkəmizin iqtisadiyyatında islahatları aparmaq üçün artıq lazımi şərait yaranıbdır.

Beləliklə, 1995-ci ilin əlamətdar cəhəti bir də ondan ibarətdir ki, son illərdə ölkəmizin xaricindən və daxilindən respublikamızı dağıtmaq, parçalamaq, qarışıqlıq yaratmaq, insanları təhlükə altında yaşatmaq cəhdləri ilə fəaliyyət göstərən qruplar artıq zərərsizləşdiriliblər, aradan götürülüblər, onların haqqında qanun çərçivəsində tədbirlər görülür. Onların xaricdə yaşayan havadarları da və bu gün hələ respublikanın daxilində gizli olaraq yenə də bəzi ümidlərlə yaşayan qüvvələr də artıq dərk etməlidirlər ki, bunların heç biri nəticə verməyəcəkdir. Ölkəmizdə stabil vəziyyət yaranıbdır, yenə də qeyd edirəm, Azərbaycanın dövləti özünü qorumağa qadirdir, vətəndaşlarımız rahat yaşaya bilərlər, öz arzu və istəklərini yerinə yetirə bilərlər.

1995-ci ildə Azərbaycan Respublikası beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirmək üçün çox tədbirlər gördü və bunlar çox yaxşı nəticələr verdi. Beynəlxalq təşkilatların toplantılarında respublikamızın iştirakı və Azərbaycanın mövqelərinin bəyan edilməsi, dünyanın bir çox dövlətləri ilə qarşılıqlı əlaqələrin yaranması və davam etdirilməsi, ayrı-ayrı ölkələrə respublika başçısının səfərləri və dünyanın bir çox ölkələrinin başçılarının, nümayəndə heyətlərinin Azərbaycana səfərləri, əldə olunan sazişlər və bunların nəticəsində respublikamızın dünyanın bir çox ölkələri ilə yaranmış ikitərəfli, qarşılıqlı surətdə faydalı əlaqələri Azərbaycan Respublikasının, müstəqil dövlətimizin dünya miqyasında mövqelərini möhkəmləndirdi, Azərbaycanı müstəqil dövlət kimi dünya ictimaiyyətinə daha da yaxından tanıtdırdı.

Bu baxımdan mən beynəlxalq aləmdə ən mühüm hadisələri qeyd etmək istəyirəm. İkinci dünya müharibəsində alman faşizmi üzərində çalınmış qələbənin 50 illik yubileyini bütün dünya, o cümlədən Azərbaycan Respublikası, qeyd etdi. Dünya miqyasında keçirilən tədbirlərdə Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndə heyəti Londonda, Parisdə, Moskvada iştirak etdi və ölkəmizi təmsil etdi.

İkinci dünya müharibəsindən sonra dünyada sülhü, əmin-amanlığı təmin etmək üçün yaranmış Birləşmiş Millətlər Təşkilatının 50 illik yubileyi də beynəlxalq aləmdə 1995-ci ildə baş vermiş ən mühüm hadisələrdən biridir. Azərbaycan Respublikası bərabərhüquqlu bir dövlət kimi BMT-nin 50 illik yubileyində iştirak edərək ölkəmizi layiqli təmsil etdi. Həmin tədbirlərdə dünyanın bir çox ölkələrinin başçıları ilə keçirilən görüşlər, aparılan danışıqlar Azərbaycan Respublikasının dünya miqyasında mövqelərini bir daha möhkəmləndirdi.

1995-ci ildə biz respublikamızda iqtisadiyyatı inkişaf etdirmək, iqtisadi islahatları aparmaq üçün ölkəmizdə demokratikləşməni bütün sahələrdə həyata keçirmək üçün bir çox tədbirlər gördük. O cümlədən respublikamızın bazar iqtisadiyyatı yolu ilə inkişaf etməsi sahəsində bir çox tədbirlər həyata keçirdik. Məhz bu tədbirlərin nəticəsində, respublikamızda demokratiyanın mövcud olub inkişaf etməsini, ölkəmizdə bazar iqtisadiyyatı yolunda islahatların keçirilməsini nəzərə alaraq, dünyanın iqtisadi və maliyyə mərkəzləri Azərbaycana müsbət münasibətlərini daha da artırdılar. Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və dünyanın başqa iqtisadi, maliyyə mərkəzləri Azərbaycanla əlaqələrini daha da gücləndirdilər və respublikamıza yardımı artırdılar.

Bu müddətdə bizim apardığımız danışıqlar, keçirdiyimiz görüşlər nəticəsində Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi, ölkəmizin iqtisadiyyatının inkişaf etdirilməsi üçün xeyli müddətə kreditlər ayrılmış və biz artıq onlardan istifadə edirik. Avropa İttifaqı Azərbaycana yardım göstərərək ölkəmizi ərzaq malları ilə təmin etmək üçün bizə xeyli kömək etmiş və bu kömək davam edir. Avropa İttifaqı ilə olan əlaqələrimiz Azərbaycanın bu İttifaqa daxil olması üçün yeni bir addım kimi qiymətləndirilməlidir.

Biz Azərbaycanı dünya iqtisadiyyatına açmışıq və ölkəmizi dünya iqtisadiyyatı ilə bağlamaq istəyirik, dünya iqtisadiyyatı ilə inteqrasiya prosesini aparırıq. Buna görə də 1995-ci ildə dünyanın mühüm iqtisadi mərkəzlərində bizim görüşlərimiz, danışıqlarımız və Azərbaycanın imkanlarının dünya iqtisadi mərkəzlərinə geniş surətdə bildirilməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Londonda Adam Smit İnstitutunun Azərbaycana həsr olunmuş iqtisadi konfransı, Parisdə Ümumdünya Bankının Azərbaycana investisiya qoyulması ilə əlaqədar keçirdiyi böyük bir konfrans və bu kimi başqa tədbirlər ölkəmizin iqtisadi inkişafı üçün çox böyük tədbirlərdir. Güman edirəm ki, biz bunlardan səmərəli istifadə edəcəyik.

Bildiyiniz kimi, 1994-cü ilin sonunda respublikamız öz təbii sərvətlərindən səmərəli istifadə etmək üçün dünyanın nüfuzlu neft şirkətləri ilə böyük neft müqaviləsi imzaladı. Bu müqavilə dünyada çox böyük əks-səda doğurdu, müxtəlif fikirlər meydana çıxardı. Bir tərəfdən, Azərbaycanın böyük imkanları olduğunu nümayiş etdirdi, dünyanın böyük şirkətlərinin nəzər-diqqətini respublikamıza cəlb etdi. İkinci tərəfdən, ayrı-ayrı ölkələrdə, dairələrdə bizə qarşı təzyiqləri artırdı və mənfi münasibətləri meydana çıxardı. Amma bunlara baxmayaraq, biz tutduğumuz yol ilə getdik. 1995-ci ildə "Əsrin müqaviləsi" adlanan müqavilənin həyata keçirilməsi üçün çox gərəkli işlər görüldü və onlar da öz nəticəsini verdi. Bunların əməli nəticələrindən biri 1995-ci ilin oktyabrında imzalanmış böyük bir qərardır: Azərbaycanda müqavilə əsasında hasil ediləcək ilkin neftin nəqli üçün iki neft kəmərinin tikilməsi haqqında qəbul olunmuş qərar - bir neft kəmərinin Rusiyadan, ikinci neft kəmərinin Gürcüstandan keçib Qara dənizə çıxması haqqında olan qərardır. Bu qərar dünyada çox böyük maraq doğurdu, dünya dövlətlərinin nəzər-diqqətini bizə cəlb etdi və ümumiyyətlə, çox yüksək qiymətləndirildi.

Azərbaycanın neft yataqlarından istifadə etmək üçün 1995-ci ilin noyabrında yeni bir müqavilə, "Qarabağ" neft yatağından istifadə olunması barədə müqavilə imzalandı və bu müqavilənin də həyata keçirilməsi üçün lazımi tədbirlər görüldü.

Beləliklə, iqtisadiyyatımızın imkanlarından istifadə etmək üçün dünya miqyasında gördüyümüz işlərə mane olmaq istəyən qüvvələr öz istəklərinə nail ola bilmədilər. Biz isə tutduğumuz yol ilə əzmlə gedirik və ümidvaram ki, 1996-cı ildə bu tədbirlər davam edəcək və Azərbaycanın iqtisadiyyatı üçün çox yeni nəticələr verəcəkdir.

1995-ci ildə respublikamızın iqtisadiyyatını inkişaf etdirmək, xalqın rifah halını yaxşılaşdırmaq üçün bir çox addımlar atdıq, bir çox qanunlar, proqramlar qəbul etdik. O cümlədən aqrar sektorda iqtisadi islahatların keçirilməsi üçün qanunlar qəbul olunub və onlar artıq əməli surətdə həyata keçirilir. Özəlləşdirmə proqramı qəbul olunub və qanun səviyyəsinə qaldırılıb. Özəlləşdirmə proqramı 1996-cı ildə geniş miqyasda həyata keçiriləcəkdir. Başqa tədbirlər də görülür və görülməkdədir. Bunlar hamısı bir tərəfdən Azərbaycanın daxili imkanlarından, böyük iqtisadi potensialından istifadə etmək üçün çox yaxşı şərait yaradır, ikinci tərəfdən Azərbaycanın dünya iqtisadiyyatına bağlanması, dünyanın inkişaf etmiş dövlətlərindən ölkəmizə sərmayələr gəlməsi üçün çox yaxşı şərait yaradılıb. Biz bu istiqamətdə bundan sonra da irəliyə gedəcəyik və ümidvaram ki, 1996-cı il bu tədbirlərin nəticələri ili olacaqdır.

1995-ci ildə görülən işlər çoxdur. Məhz buna görə də mən qeyd etdim ki, o, bizim tariximizə böyük nailiyyətlər və əlamətdar hadisələr ili kimi daxil olacaqdır. Bunların əsasında biz 1996-cı ilə böyük ümidlərlə baxırıq. Ümid edirəm ki, 1996-cı ildə bizim ən böyük, ən ağır problemimiz - xalqımızın Ermənistanın hərbi təcavüzündən xilas olması, müharibəyə son qoyulması, işğal olunmuş torpaqlarımızın azad edilməsi, yerindən, yurdundan didərgin düşmüş bir milyondan çox vətəndaşımızın öz elinə-obasına qayıtması problemi həll olunacaqdır.

Biz əvvəlki illərdə olduğu kimi, 1996-cı ildə də bu problemi sülh yolu ilə həll etməyə çalışacağıq. Bu sahədə indiyə qədər apardığımız tədbirləri davam etdirəcəyik. Hesab edirik ki, bunun üçün yaxşı zəmin yaranıbdır və biz burada istədiyimiz nailiyyətləri əldə edə biləcəyik. Xalqımız əmin ola bilər ki, respublikanın prezidenti kimi mənim üçün bu, əsas vəzifədir. Bu, mənim həyatımın mənasıdır. Bu vəzifəni və öz Vətənimin, xalqımın qarşısında olan borcumu mən sona qədər həyata keçirmək üçün çalışacağam.

İqtisadi vəziyyətimiz ağırdır. Biz keçid dövründə yaşayırıq. Bunlar hamısı iqtisadiyyatda, xalqın rifah halında böyük çətinliklər yaradıbdır. Bunlar təkcə bizim respublikaya aid olan məsələlər deyil, bir iqtisadi sistemdən başqa bir iqtisadi sistemə keçən digər respublikaların həyatında da mövcud olan proseslərdir. Ancaq onu da demək istəyirəm ki, biz bu proseslərin öhdəsindən gələcəyik. Əminəm ki, 1996-cı ildə nəzərdə tutulmuş tədbirlər iqtisadiyyatda tədricən yüksəlişə nail olmaq üçün əsas yaradacaqdır və xalqın rifah halının yaxşılaşdırılması üçün yeni şərait əldə olunacaqdır. Mən buna əminəm, buna inanıram və bu inamla da 1996-cı ildə biz öz işimizə başlayacağıq.

Respublikamız son illər ağır vəziyyətdə, müharibə şəraitindədir, bir milyondan çox vətəndaşımız qaçqındır, onlar ağır şəraitdə yaşayırlar. Bizi daim düşündürən, narahat edən onların vəziyyəti və öz yerlərinə, yurdlarına qayıtmasıdır. Qeyd etdiyim kimi, fəaliyyətimizin əsas istiqaməti bundan ibarətdir və əmin ola bilərsiniz ki, 1996-cı ildə bu sahədə səylərimiz daha da artacaqdır.

Beləliklə, biz 1996-cı ilə böyük ümidlərlə, arzularla gedirik və istərdim ki, Azərbaycanın hər bir vətəndaşı nikbin əhval-ruhiyyə ilə yaşasın. Nikbinlik üçün əsas var. Çünki, bir də deyirəm, biz müstəqilliyimizi möhkəmləndirmişik, ölkəmizin daxilində ictimai-siyasi sabitliyi əldə etmişik, buna nail olmuşuq. Xalqımızı bir çox cinayətkar qruplardan, dəstələrdən, hadisələrdən xilas etmişik. Əmin-amanlıq şəraiti yaratmışıq, insanların sakit yaşaması üçün imkanlar yaratmışıq və bundan sonra da yaradacağıq. Ona görə də nikbinlik üçün əsas var.

Şübhəsiz ki, 1995-ci ildə əldə olunmuş nailiyyətlər bizi qane etməməlidir və şəxsən məni qane etmir. Mən o nailiyyətlər haqqında deyərkən xalqımızda, millətimizdə gələcəyə inam yaratmaq istəyirəm. İnam yaratmaq üçün də əsasımız var. Bir də qeyd edirəm, əgər biz 1993-cü ildə vətəndaş müharibəsindən xilas olduqsa, 1994-cü ildə respublikamızı bir neçə dəfə dövlət çevrilişi cəhdlərindən xilas etdiksə, 1995-ci ildə bir neçə dövlət çevrilişinin qarşısını aldıqsa və cinayətkar qrupları aradan götürdüksə, respublikamızı bu cinayətkar qruplardan müəyyən qədər təmizlədiksə, xalqımızda ümumi həmrəylik, milli həmrəylik hissləri yarada bildiksə, gələcəyə böyük ümidlər bəsləməyə bizim haqqımız, əsasımız var.

Məni sevindirən hal odur ki, artıq insanlar rahat yaşayırlar, bir-biri ilə mehribandırlar. Keçmiş illərdə olan o ədavət, qorxu, düşmənçilik hissiyyatları aradan götürülübdür. Əgər biz bunların hamısına nail olmamışıqsa da, ancaq çox irəliyə getmişik, çox şeylərə nail olmuşuq. Ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasının qəbul olunması və demokratik prinsiplər əsasında Azərbaycan Respublikasının ilk parlamentinin seçilməsi respublikamızın həyatında, xalqımızda milli həmrəyliyin, vətəndaş həmrəyliyinin, milli birliyin artıq mövcud olduğunu göstərir.

Ancaq eyni zamanda, bunlar bizdə sayıqsızlıq hissləri yaratmamalıdır. Hələ bizim respublikamız çox təhlükələrdən xilas olmayıb. Azərbaycan Respublikasının dünya miqyasında müstəqil siyasət aparması çox dairələri narahat edir. Bizim müstəqilliyimizi əlimizdən almaq, yaxud onu məhdudlaşdırmaq üçün hələ də cəhdlər göstərilir. Bu, təkcə ayrı-ayrı dövlətlərdə olan müxtəlif dairələrin məramları, niyyətləri deyil, təəssüf olsun ki, həm respublikamızın daxilində, həm də ölkəmizin hüdudlarından kənarda yaşayan, xalqımıza mənsub olan ayrı-ayrı qrupların da niyyətləri və məramlarıdır. Ona görə də dövlət müstəqilliyimizi qorumaq bizim əsas vəzifəmizdir və bu gün sizi əmin edirəm ki, mən bir prezident kimi bunun keşiyində daim duracağam və bunu özüm üçün müqəddəs vəzifə hesab edirəm.

Respublikamızda qarışıqlıq yaratmaq, Ermənistanın təcavüzünü yenidən gücləndirmək və respublikamıza bəzi şərtləri qəbul etdirmək üçün təzyiq göstərmək istəyən qüvvələr də var. Bunları da unutmaq lazım deyil. Ona görə də biz birliyimizi daha da möhkəmləndirməliyik. Bizim əsas məqsədimiz, amalımız haqqında daim düşünməliyik və onu heç vaxt unutmamalıyıq. Ona görə də sayıqsızlığa yol vermək olmaz.

Biz nailiyyətlərimizi əlimizdə saxlamalıyıq. Amma eyni zamanda bilməliyik ki, hələ bizim qarşımızda duran vəzifələr də çoxdur və gələcəkdə gedəcəyimiz yol da hələ ağırdır, çətindir. Ona görə biz bir tərəfdən rahat, sakit olmalıyıq. Hər bir təxribatın, respublikamıza qarşı hər bir mənfi münasibətin qarşısını almağa hazır olmalıyıq. Bunları hər bir vətəndaş bilməlidir.

Vətəndaşlarımız bundan sonra da vətənpərvərlik hissi ilə, vətəni, milli azadlığımızı, milli varlığımızı qorumaq hissi ilə yaşamalıdırlar. Bu hisslər hər bir vətəndaşın, hər bir azərbaycanlı insanın həyatının mənası olmalıdır. Məhz bu yolla biz xalqımızı daha da sıx birləşdirə bilərik və qarşımızda duran vəzifələri həyata keçirə bilərik.

Mən bu gün, Yeni il axşamı bildirmək istəyirəm ki, respublikamızın ağır sosial-iqtisadi vəziyyəti ilə əlaqədar əhalimizin bir hissəsi çətin, ağır maddi şəraitdə yaşayır. Biz bunu bilirik. Bu, şəxsən məni rahat qoymur, məni incidir. Ancaq xalqımız əmin olmalıdır ki, bütün bu çətinlikləri aradan götürmək, əhalimizin bütün təbəqələrinin rifahını yaxşılaşdırmaq üçün əlimizdən gələni edirik və mən bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm. Əmin ola bilərsiniz ki, bunlara nail olmaq üçün bizim imkanlarımız var və 1996-cı ildə bu imkanları hərəkətə gətirmək üçün biz lazımi tədbirlər görəcəyik.

Bir sözlə, 1995-ci ili biz məmnuniyyət hissi ilə yola salırıq, 1996-cı ili nikbinliklə qarşılayırıq. Yeni il münasibəti ilə sizin hamınıza nikbinlik arzulayıram, xoş niyyətlər arzulayıram, xoş əhval-ruhiyyə arzulayıram.

Mən Yeni il münasibətilə salamlarımı və təbriklərimi Azərbaycan Respublikasının müstəqilliyinin, torpaqlarımızın keşiyində duran, cəbhə bölgəsində olan Azərbaycan Milli Ordusunun əsgərlərinə, zabitlərinə, Milli Orduda xidmət edən övladlarımıza çatdırıram. Əziz döyüşçülərimiz, əsgərlərimiz, mən sizi Yeni il münasibətilə ürəkdən təbrik edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, müstəqil Azərbaycanın hüdudlarının, torpaqlarının keşiyində siz bundan sonra da cəsarətlə duracaqsınız.

Son illərdə respublikamızın müstəqilliyinin qorunmasında, torpaqlarımızın müdafiəsində, milli azadlıq uğrunda Azərbaycan xalqı şəhidlər verib. Son vaxtlarda dövlət çevrilişinə cəhd göstərən qüvvələrin qarşısını alarkən xalqımızın igid övladları şəhid olmuşlar. Mən bu Yeni il axşamı bütün şəhidləri böyük minnətdarlıq hissi ilə xatırlayıram. Allah onlara rəhmət eləsin. Onların ruhu şad olsun. Bir də bəyan edirəm ki, şəhidlərin qəhrəmanlığı bizim qəlbimizdə, gələcək nəsillərin qəlbində əbədi yaşayacaqdır. Şəhid ailələrini Yeni il münasibəti ilə ürəkdən təbrik edirəm! Əziz həmvətənlərim! Sizin dərdiniz, qəminiz bütün xalqımızın, mənim dərdimdir, qəmimdir. Biz sizinlə daim bir yerdəyik. Sizi təbrik edirəm, eyni zamanda sizə təşəkkür edirəm ki, sizin ailələrinizdə Azərbaycanın mənliyini qoruyaraq, özünü şəhid verən qəhrəman övladlar olublar. Siz bununla fəxr edə bilərsiniz.

Yeni il təbrikimi, salamlarımı qaçqın, köçkün vəziyyətində olan vətəndaşlarımıza çatdırıram. Onların bir çoxu çadırlarda yaşayır. Bəlkə də onlarda televizor yoxdur. Radio vasitəsilə, başqa vasitə ilə bəlkə mənim səsimi eşidəcəklər, mənim bu sözlərim onlara çatacaqdır. Sizin ağır vəziyyətdə yaşamağınız bizi daim rahatsız edir, incidir. Ancaq sizin dözümlülüyünüz bizdə böyük iftixar, qürur hissi doğurur.

Siz öz dözümlülüyünüzlə xalqımıza xas olan dözümlülüyü bir daha dünyaya nümayiş etdirirsiniz. Əmin ola bilərsiniz ki, siz öz evinizə, obanıza qayıdacaqsınız, öz doğma torpağınıza, öz əcdadlarınızın yaşadığı, sizin özünüzün yaşadığınız yurdlara qayıdacaqsınız. Buna əmin ola bilərsiniz. Dözmüsünüz, dözümlülüyə görə sizə təşəkkür edirəm. Sizi təbrik edirəm. Nikbin olun. Bu Yeni ili nikbinliklə qarşılayın və əmin olun ki, 1996-cı il sizə də, bizə də - hamımıza böyük nailiyyətlər gətirəcəkdir.

Mən Yeni il təbrikimi, salamımı Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün azərbaycanlılara çatdırıram. Bu gün, dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik günüdür, çox əlamətdar gündür. Artıq dünyanın çox ölkələrində azərbaycanlılar yaşayır. Onlar günü-gündən bir azərbaycanlı kimi müstəqil Azərbaycan Respublikasına öz hörmətini, məhəbbətini, sevgisini bildirirlər. Bu, müstəqil Azərbaycan üçün əlamətdar bir haldır. Ümidvaram ki, bu proses günü-gündən inkişaf edəcək və dünyanın bir çox ölkələrinə səpələnmiş azərbaycanlılar azərbaycanlı kimi özlərini daha da cəsarətlə dərk edəcəklər, bir-biri ilə həmrəy olacaqlar, bir-birinə əl tutacaqlar, bir-birinə yardım edəcəklər, bir-birinə dayaq olacaqlar. Hamısı birlikdə müstəqil Azərbaycan Respublikası ilə həmrəy olacaqdır. Biz də - müstəqil Azərbaycanda yaşayan azərbaycanlılar bütün dünya azərbaycanlıları ilə daim həmrəyik, daim onların qayğıları ilə yaşayırıq, onlar haqqında düşünürük, onlara öz hörmət və ehtiramımızı bildiririk. Mən sizi, əziz azərbaycanlılar, dünyanın hansı qitəsində, hansı ölkəsində olmağınızdan asılı olmayaraq, səmimi qəlbdən salamlayıram, sizi Yeni il münasibəti ilə təbrik edirəm!

Bütün Azərbaycan xalqını, Azərbaycan vətəndaşlarını bir daha ürəkdən təbrik edirəm! Hər bir vətəndaşımıza cansağlığı, səadət arzulayıram, işlərinizdə uğurlar arzulayıram. Əminəm ki, müstəqil Azərbaycan Respublikası, Azərbaycan dövləti, demokratik Azərbaycan 1996-cı ildə yeni bir tarixi addım atacaqdır.

Yeni iliniz mübarək olsun, əziz bacılar, qardaşlar, əziz həmvətənlər!

"Azərbaycan" qəzeti, 3 yanvar 1996-cı il