Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının milli bayramı-İstiqlaliyyət Günü münasibətilə ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqi - 1 iyul 2000-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanım Eskudero!

Hörmətli xanımlar və cənablar!

Mən Sizi Amerika Birləşmiş Ştatlarının dövlət müstəqilliyinin 224-cü ildönümü münasibətilə, bu milli bayram münasibətilə ürəkdən təbrik edirəm. Amerika xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram.

Amerika Birləşmiş Ştatları dünyanın böyük, iqtisadi cəhətdən inkişaf etmiş, demokratiya yolu ilə uğurla gedən bir dövlətidir və 224 il müddətində Amerika xalqı, Amerika dövləti böyük nailiyyətlər əldə etmişdir.

Azərbaycan öz dövlət müsləqilliyini əldə edəndən sonra Amerika Birləşmiş Ştatları ilə əlaqələr yaradıb və bu gün mən böyük məmnuniyyət hissi ilə bəyan edirəm ki, bu əlaqələr tarix nöqteyi-nəzərindən qısa bir zamanda sürətlə inkişaf edibdir. Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın əlaqələri bütün sahələri əhatə edir və mən bu gün bildirmək istəyirəm ki, Azərbaycan bu əlaqələrdən çox fayda götürübdür. Ümidvaram ki, bundan sonra da faydalanacaqdır.

Amerika Birləşmiş Ştatlarının Qafqaza və o cümlədən Azərbaycana, Mərkəzi Asiyaya böyük marağı var və bu maraq həm iqtisadi xarakter daşıyır, həm də digər sahələri əhatə edir. Azərbaycanın da Amerika Birləşmiş Ştatları ilə sıx əlaqə saxlamağa və sıx əməkdaşlıq etməyə böyük marağı və böyük istəyi vardır. Ötən illər biz bu istiqamətdə müstərək iş görərək böyük nailiyyətlər əldə etmişik. Bu illər Amerika Birləşmiş Ştatlarının dövlət xadimləri, iş adamları, biznesmenləri, mədəniyyət, elm xadimləri ardıcıl surətdə Azərbaycanı ziyarət ediblər. Eyni zamanda azərbaycanlılar da, Azərbaycanın dövlət xadimləri də, Azərbaycanın müxtəlif sahələrində görkəmli vəzifə, mövqe tutan şəxslər də Amerika Birləşmiş Ştatlarına ziyarətlər etmişlər. Bizim ölkələrimiz, xalqlarımız arasında mehriban əlaqələr yaranmışdır. Xüsusən, Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Bill Klinton ilə mənim aramda yaranmış əlaqələrə çox yüksək qiymət verirəm. Ötən illərdə biz həm Amerika Birləşmiş Ştatlarında, həm də beynəlxalq təşkilatlarda prezident cənab Bill Klinton iilə dəfələrlə görüşmüşük, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında Ağ Evdə sazişlər imzalamışıq, çox danışıqlar aparmışıq. Bunlar hamısı da bizim ölkələrimiz arasında olan əlaqələrin inkişaf etdirilməsinə həsr olunmuşdur.

Amerika Birləşmiş Ştatlarının müxtəlif şirkətlərinin, o cümlədən boyük neft şirkətlərinin Azərbaycanda işləməsi üçün bütün imkanlar yaranıbdır və ötən illərdə Amerika Birləşmiş Ştatlarının neft şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında bir çox sazişlər, müqavilələr imzalanmışdır. Sevindirici haldır ki, onlar artıq həyata keçirilir və çox müsbət nəticələr verir. 1997-ci ilin iyul-avqust aylarında mənim Amerika Birləşmiş Ştatlarına etdiyim rəsmi ziyarət, apardığımız çoxsaylı danışıqlar və Ağ Evdə imzalanmış sənədlər Amerika-Azərbaycan əlaqələri tarixində xüsusi yer tutur. Çox əlamətdar haldır ki, 1997-ci il avqust ayının 1-də Ağ Evdə prezident cənab Bill Klinton ilə mən ölkələr arasındakı sazişi imzalayarkən, eyni zamanda Ağ Evdə dörd neft müqaviləsi imzalanıbdır. Amerikanın dörd böyük neft şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında böyük muqavilələr imzalanıbdır. Bunun əhəmiyyəti ondan ibarətdir ki, onlar məhz Vaşinqtonda, Ağ Evdə və cənab Bill Klintonun, Amerika dövlətinin digər başçılarının iştirakı ilə imzalanıbdır.

Müstəqil Azərbaycanın tarixində 1994-cü il sentyabr ayının 20-də Bakıda «Əsrin müqaviləsi»nin imzalanması məhz Amerika-Azərbaycan əlaqələrinin yaranması və inkişaf etməsi nəticəsində olmuşdur və Amerika Birləşmiş Ştatları hökumətinin, şəxsən prezident Bill Klintonun dəstəyi nəticəsində olmuşdur. O gündən ötən illər ərzində çox işlər görülmüş və məhz o vaxt müqavilə ilə əsası qurulan proqramlar uğurla yerinə yetirilmiş, yeni neft kəmərləri yaranmış, neft hasilatına başlanmış, neftin ixraci təmin olunmuş və nəhayət, keçən ilin noyabr ayında İstanbulda, ATƏT-in zirvə görüşündə bizim hamımızın uzun illər üzərində çalışdığımız Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin inşası haqqında da müqavilə imzalanmışdır. Bu, tarixi hadisədir. İstanbulda bu müqaviləni Türkiyə Cümhuriyyətinin Prezidenti, Gürcüstan Prezidenti, Qazaxistan Prezidenti, Azərbaycan Prezidenti imzalamışlar. O müqaviləni eyni zamanda Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Bill Klinton da imzalamışdır.

İftixar hissi ilə deyə bilərəm ki, bizim bir neçə ay bundan öncə İstanbulda, ATƏT-in zirvə görüşündə, «Çırağan» Sarayında imzaladığımız müqavilə artıq həyata keçirilir. Azərbaycan parlamenti, Gürcüstan parlamenti və Türkiyə parlamenti bu müqaviləni ratifikasiya ediblər, təsdiq ediblər. Artıq Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin əməli surətdə inşa edilməsinə başlanıbdır.

Bunlar bizim əməkdaşlığımızın, Amerika Birləşmiş Ştatları - Azərbaycan əlaqələrinin nə qədər uğurlu olmasını əyani surətdə nümayiş etdirir. Ancaq bizim əlaqələrimiz - iqtisadi əlaqələrimiz, siyasi əlaqələrimiz gətirdiyim bu faktlarla məhdudlaşmır. Səfir cənab Eskudero da bir çox məsələlərə toxundu. Bunların hamısını bir yerə toplayanda təsəvvür etmək olar ki, bizim əlaqələrimiz nə qədər genişdir və nə qədər yüksək səviyyədədir. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı əlaqələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması məsələsi xüsusi yer tutur. Amerika Birləşmiş Ştatları Rusiya və Fransa ilə birlikdə 1997-ci ilin əvvəlindən ATƏT-in Minsk qrupunun həmsədridir. Bu illərdə məsələnin sülh yolu ilə həll olunması üçün çox səylər göstərilibdir və Amerika Birləşmiş Ştatları da bu prosesdə çox fəaldır. Mən bu məsələni prezident cənab Bill Klinton ilə həm 1997-ci il avqust ayının 1-də, sonra keçən ilin noyabr ayında İstanbulda, ondan sonra isə bu ilin yanvar ayında Davosda, bu ilin fevral

ayında Vaşinqtonda, Ağ Evdə çox geniş müzakirə etmişəm. Amerika Birləşmiş Ştatlarının hökuməti, prezident Bill Klinton və dövlət katibi xanım Olbrayt bu məsələni çox yaxşı bilirlər və məsələnin həll olunması üçün səylər göstərirlər.

1999-cu ildə və bu il, 2000-ci ildə Ermənistan Prezidenti ilə Azərbaycan Prezidenti arasında birbaşa, bilavasitə danışıqlar başlanmış, bir neçə görüş keçirilmiş və Amerika Birləşmiş Ştatları, şəxsən prezident Bill Klinton dəfələrlə bəyan etmişdir ki, onlar bu görüşləri dəstəkləyirlər, bu görüşlərin uğurla keçirilməsi üçün öz səylərini göstərməyə hazırdırlar və bu görüşlərə çox böyük ümidlər bəsləyirlər. Biz bütün bu səyləri yüksək qiymətləndiririk. Amma eyni zamanda, biz Amerika Birləşmiş Ştatlarından Ermənistan- Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması sahəsində daha da səmərəli fəaliyyət gözləyirik. Biz hesab edirik ki, bu istiqamətdə Amerika Birləşmiş Ştatlarının imkanları çoxdur. Arzu edirik ki, bu imkanlardan tamamilə istifadə olunsun, Ermənistanla Azərbaycan arasında sülh yaransın, Ermənistan silahli qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqları azad edilsin, öz yerindən-yurdundan zorla çıxarılmış bir milyondan artıq azərbaycanlı evlərinə, obalarına qayıtsınlar, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun.

Bu ilin fevral ayında Vaşinqtonda - Ağ Evdə mən prezident Bill Klintonla söhbət edərkən o bir daha bəyan etdi ki, bu sahədə öz səylərini göstərəcəkdir. Eyni zamanda bildirdi ki, sülh əldə ediləndən, saziş imzalanandan sonra Amerika Birləşmiş Ştatları həm öz imkanlarının, həm dünyanın maliyyə mərkəzlərinin imkanlarını, başqa donorların imkanlarını Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpasına cəlb etmək üçün lazımı tədbirlər görəcəkdir. Bu gün burada səfir Eskudero da bu bəyanatı verdi.  Bunlardan belə nəticə çıxarmaq olar ki, demək, biz məsələnin sülh yolu ilə həll edilməsinə yaxınlaşırıq. Bunlardan belə nəticə çıxarmaq olar ki, indi Amerika Birləşmiş Ştatları təkcə sülh əldə edilməsi barədə yox, eyni zamanda, sülh bağlanandan sonra ərazilərin bərpa olunması və abadlıq işlərinin aparılması haqqında da düşünür. Buna görə çox minnətdarıq. Ancaq eyni zamanda, bir daha, bir daha deyirəm - biz tezliklə sülh əldə etməliyik. Sülh əldə edəndən sonra isə bütün bərpa işləri aparılacaqdır. Təbiidir ki, biz bunları Dünya Birliyinin yardımı ilə edə bilərik. Onların yardımı olmasa, biz bunu təkbaşına edə bilməyəcəyik.

ATƏT-in Minsk qrupu həmsədrlərinin nümayəndələri sabah Azərbaycana gələcəklər. Mən onlarla görüşü gözləyirəm və danışıqlar aparacağıq. Ümidvar olduğumu bildirmək istəyirəm ki, sülh prosesinin intensivləşdirilməsi sahəsində həmsədrlərin fəaliyyəti başlanıb və davam edəcəkdir.

Bir sözlə, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı əlaqələr genişdir və sürətlə inkişaf edir. Sizi əmin edə bilərəm ki, bundan sonra daha yüksək sürətlə inkişaf edəcəkdir. Ancaq Qafqazda, xüsusən Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, Ermənistanla Azərbaycan arasında sülh yaranmalıdır. Bu bütün Qafqaz üçün, Cənubi Qafqaz ölkələri üçün çox böyük və gözəl gələcək açacaqdır.

Amerika Birləşmiş Ştatları-Azərbaycan əlaqələrinin inkişaf etməsində mən ABŞ-ın Azərbaycandakı səfirliyinin və şəxsən səfir cənab Eskuderonun xüsusi rolunu qeyd edirəm. Cənab Eskudero bəyan etdi ki, Artıq o, səfirlik fəaliyyətini başa çatdırır, Yaxın zamanlarda Azərbaycanı tərk edəcək, başqa işlə məşğul olacaqdır. Mən buna təəssüf edirəm. Eyni zamanda, dövlətin qanunu hamı üçün qanundur. Amma onu demək istəyirəm ki, cənab Eskudero Azərbaycanda işlədiyi zaman bir səfir kimi, həm öz ölkəsinin bütün milli, dövlət maraqlarını təmsil etmək sahəsində, həm də Azərbaycan-Amerika əlaqələrinin inkişaf etdirilməsi sahəsində böyük xidmətlər göstərmişdir. Bu xidmətlərə görə mən ona səmimi-qəlbdən təşəkkür edirəm. Mənim düşüncəmə görə, səfirlik fəaliyyəti çox ağır bir vəzifədir. Ancaq hər bir səfir işlədiyi ölkədə böyük vəzifələri həyata keçirməlidir: birincisi, öz ölkəsinin milli maraqlarını layiqincə yerinə yetirməli, ikincisi, öz ölkəsi ilə səfirlik fəaliyyəti göstərdiyi ölkə arasında əlaqələrin inkişaf etməsi üçün həmişə müsbət addımlar atmalı, üçüncüsü isə, səfirlik elədiyi ölkənin xalqına, millətinə, milli ənənələrinə, adətlərinə hörmətlə yanaşmalıdır. Səfir cənab Eskudero bütün bu keyfiyyətləri özündə cəmləşdirən bir şəxsdir. Buna görə əvvəlki ölkələrdə də onun fəaliyyəti uğurlu olubdur, Azərbaycanda da fəaliyyəti çox uğurla başa çatır.

Mən səfir cənab Eskuderoya, xanım Eskuderoya, onların ailəsinə səadət, xoşbəxtlik arzu edirəm. Səfir Eskuderoya gələcək işlərində uğurlar arzulayıram. Ən əsası isə, hamısına cansağlığı arzu edirəm. Bu əlamətdar və çox mötəbər bayram münasibətilə sizi bir daha təbrik edirəm. Amerika xalqına sülh, əmin-amanlıq, rifah arzulayıram. Sağ olun.