Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almatıda Nursultan Nazarbayevlə görüşdə çıxışı - 10 mart 1994-cü il


Əvvəlcə qeyd etmək istəyirəm ki, mən özüm Almatıda dayanmağı xüsusi olaraq planlaşdırdım ki, məhz Nursultan Abişoviçlə görüşə bilim. Başqa sözlə, söhbət təkcə texniki ehtiyacdan deyil, həm də mənim Nursultan Abişoviçlə görüşmək, danışmaq arzumdan gedir.

Biz onunla çoxdan dostuq. İndi, üzərimizə böyük məsuliyyət götürdüyümüz bir vaxtda, əsrlərlə dostluq etmiş xalqlarımızın taleyi üçün böyük məsuliyyət daşıdığımız bir vaxtda şübhəsiz ki, görüşməyimiz, fikir mübadiləsi aparmağımız tələb olunur. Buna görə də mən bu gün Nursultan Abişoviçlə məmnuniyyətlə görüşdüm. Biz dövlətlərarası münasibətlərimizin bir çox məsələlərinə dair fikir mübadiləsi etdik. Nursultan Abişoviçin dediyi kimi, həqiqətən də onun Azərbaycana rəsmi səfəri gözlənilir. Həm Qazaxıstan, həm də Azərbaycan tərəfindən sənədlərin layihələri hazırlanmışdır. Zənnimcə, bu səfər təkcə iqtisadi sahədə deyil, bütün istiqamətlərdə ölkələrimiz arasında münasibətlərin daha müvəffəqiyyətlə inkişafı üçün yaxşı zəmin yaradacaqdır. Ona görə də indiki görüşümüz zəruri idi. Görüşmək və bir çox məsələlər barədə danışmaq üçün imkan yarandığına görə Nursultan Abişoviçə minnətdaram.

Əlaqələrimizin perspektivinə gəldikdə isə, Qazaxıstan ilə Azərbaycan arasında daha müvəffəqiyyətlə əməkdaşlıq üçün çox böyük perspektivlər var. Nursultan Abişoviç bu sahələri qeyd etdiyinə görə mən bir daha sadalamaq istəmirəm. Çox böyük ehtiyatlar, imkanlar var. Belə hesab edirəm ki, biz bunları hərəkətə gətirə biləcəyik və bu, həm Qazaxıstan, həm də Azərbaycan üçün qarşılıqlı surətdə faydalı olacaqdır.

O ki qaldı MDB-də əməkdaşlığımıza, bildiyiniz kimi Azərbaycan bu birliyə yaxın vaxtlarda daxil olmuşdur. Qazaxıstan isə lap əvvəldən onun üzvüdür və bu sahədə təcrübəsi böyükdür. Biz hamımız çalışmalıyıq ki, MDB daha təsirli İttifaq olsun və həm öz məsələlərini, həm də respublikalarımız arasındakı məsələləri daha fəal surətdə həll etsin. Nursultan Abişoviç Ermənistanla Azərbaycan arasındakı münaqişə probleminə toxundu. Daha dəqiq desək, bu, Ermənistanın Azərbaycana qarşı təcavüzüdür. Bu, tamamilə qeyri-normal haldır ki, Müstəqil Dövlətlər Birliyinə daxil olan iki dövlət bir-biri ilə müharibə vəziyyətindədir.

Azərbaycan hərbi əməliyyatlara, münaqişəyə son qoyulmasına dair öz mövqeyində möhkəm dayanır. Lakin bir şərtlə: BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏM-in qərarları, beynəlxalq hüququn tələbləri əsasında Azərbaycanın ərazi bütövlüyü, onun sərhədlərinin toxunulmazlığı təmin edilməlidir. Zənnimcə, hərbi əməliyyatlara, müharibəyə son qoymaq üçün və regionumuzda - həm Azərbaycanda, həm də Ermənistanda normal həyat üçün şərait yaratmaqdan ötrü hələ MDB-nin imkanları var.

"Azərbaycan" qəzeti, 4 oktyabr 1994-cü il.