Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB iştirakçısı olan ölkələrin Dövlət Başçıları Şurasının iclasında bəyanatı - Moskva, 2 aprel 1999-cu il


MDB-nin 1997-ci ilin oktyabrında Kişinyovda və 1998-ci ilin aprelində Moskvada keçirilmiş zirvə toplantılarında ölkələrimizin birlik çərçivəsində bərabər hüquqlu və səmərəli əməkdaşlığına mane olan problemlər haqqında prinsipial və açıq söhbət getmişdir.

Təəssüflə vurğulamaq lazım gəlir ki, MDB-də islahatlar aparılması üçün göstərilən cəhdlərə baxmayaraq, ötən il ərzində birliyimizin daxilindəki böhran hallarını aradan qaldırmaq mümkün olmamışdır.

Bunun başlıca səbəblərindən biri MDB üzvü olan dövlətlərin ərazilərində nizama salınmamış silahlı münaqişələrin olmasıdır. Bu münaqişələr etimadsızlıq və gərginlik mühiti yaradır, münasibətlərimizin bütün başqa sahələrində səmərəli əməkdaşlığın və qarşılıqlı əlaqələrin qarşısını alır.

Bununla əlaqədar Azərbaycan Respublikasının ciddi narahatlığına səbəb olan, onun suverenliyinə və ərazi bütövlüyünə, regionumuzda sülhə və sabitliyə təhlükə törədən problemlər haqqında bir daha bəyanat verməyi zəruri bilirəm.

Məlumdur ki, Ermənistan-Azərbaycan münaqişəsi çox illərdir davam edir və Azərbaycan ərazisinin iyirmi faizinin işğal edilməsinə, bir milyondan artıq vətəndaşımızın öz doğma torpaqlarından qovulmasına səbəb olmuşdur. Birliyin üzvü olan iki dövlət - Ermənistan və Azərbaycan silahlı münaqişə vəziyyətindədir, üçüncü dövlət - Rusiya isə bu münaqişəni həll etməli olan ATƏT-in Minsk konfransının həmsədrlərindən biridir.

Ancaq 1994-cü ilin may ayında atəşkəs haqqında əldə olunmuş razılaşmaya əməl edilməsinə baxmayaraq, indiyədək münaqişəyə son qoymaq mümkün olmamışdır.

Belə bir şəraitdə Rusiya Federasiyasının hökumət orqanlarının Ermənistanı militaristləşdirmək sahəsində hərəkətləri əsla yolverilməzdir.

1997-ci ilin əvvəlində Rusiyadan Ermənistana qanunsuz, gizli surətdə dəyəri bir milyard ABŞ dollarından çox olan silah, o cümlədən çoxlu tank, operativ-taktiki və zenit-raket kompleksləri, yaylım atəşi açan müxtəlif raket sistemləri və digər texnika göndərilməsi haqqında faktlar bəlli olmuşdur. Məlum olduğu kimi, bu silahlar 1993-cü ildən etibarən, yəni Ermənistan ilə Azərbaycan arasında qızğın hərbi əməliyyatlar getdiyi bir vaxtda göndərilməyə başlanmış və bu da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsinə imkan yaratmışdır. Silahların göndərilməsi atəşkəs bərqərar olunduqdan sonra da davam etdirilmişdir.

Bu faktların araşdırılması və qanunsuz göndərilmiş silahların geri qaytarılmasının təmin olunması barədə Rusiya prezidentinə etdiyimiz müraciətlərə baxmayaraq, heç bir nəticə əldə olunmadı. Rusiya Federasiyasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, federal hakimiyyətin digər icra orqanları başladıqları təhqiqatı sona çatdırmadılar.

Rusiya silahının Ermənistana qanunsuz olaraq göndərilməsi məsələlərini aydınlaşdırmaq üçün yaradılmış dövlətlərarası üçtərəfli komissiyanın (Rusiya, Ermənistan, Azərbaycan) işinə məqsədyönlü şəkildə əngəl törədilir. Bu işlərdə təqsirkar olan vəzifəli şəxslərin hüquqa zidd fəaliyyətinə müvafiq qiymət veriləcəyinə, qanunsuz verilmiş Rusiya silahlarının və hərbi texnikasının geri alınması və Ermənistandan çıxarılması üçün müvafiq tədbirlər görüləcəyinə bəslədiyimiz ümidlər özünü doğrultmadı.

Azərbaycanla silahlı münaqişə vəziyyətində olan Ermənistan Respublikasının ərazisində Rusiya Federasiyasının hərbi bazalarının yerləşdirilməsi bizi narahat edir. 1997-ci ilin avqustunda Rusiya Federasiyası ilə Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanıb və orada hərbi əməkdaşlıq barədə müddəalar var, bundan başqa hərbi-texniki sahədə iyirmidən çox saziş imzalanmışdır, müntəzəm olaraq birgə hərbi manevrlər keçirilir, hava hücumundan müdafiə qüvvələri birgə döyüş növbəsi çəkirlər.

Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasında Rusiya Federasiyasının vasitəçi olduğunu nəzərə alaraq, biz sülh əldə edilənə qədər Ermənistanla hərbi-siyasi əməkdaşlıq haqqında müqavilənin və hərbi sahədəki digər sazişlərin qüvvəsini dayandırmaq barədə xahişlə müraciət etdik. Ancaq bu müraciətlərə də diqqət yetirilmədi.

Üstəlik, Rusiya Federasiyası son aylarda hərbi bazalarına hücum xarakterli müasir hərbi texnika, məsələn, S-300 zenit raket kompleksləri və MİQ-29 təyyarələri göndərməklə Ermənistanda öz silahlı qüvvələrini artırmaqda davam edir.

Bütün bunlar Rusiya Federasiyası prezidentinin 1993-cü il 9 sentyabr tarixli sərəncamına - Ermənistan-Azərbaycan münaqişəsi sülh yolu ilə həll edilənə qədər Ermənistana və Azərbaycana Rusiya hərbi texnikası və döyüş sursatı göndərilməsini qadağan edən sərəncama, habelə ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya Federasiyasının roluna və öhdəliklərinə ziddir. Bu, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrə və ATƏT-in qərarlarına da ziddir.

Bir daha bəyan etməyi zəruri bilirəm ki, Ermənistan ərazisində böyük miqdarda müasir hərbi texnika və silahla təchiz olunmuş Rusiya hərbi bazalarının yerləşdirilməsi Azərbaycan Respublikası üçün ciddi təhlükədir, mövcud vəziyyəti mürəkkəbləşdirir və Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına kömək etmir.

Xatırlamağa məcburam ki, Ermənistan ərazisində yerləşən Rusiya hərbi hissələrinin hərbi qulluqçuları Qarabağda döyüş əməliyyatları zamanı dəfələrlə əsir düşmüşlər və Rusiya tərəfinin çoxsaylı xahişlərini nəzərə alaraq, biz onları Rusiya Federasiyasına təhvil vermişik.

Biz dəfələrlə xahiş etmişik izah etsinlər ki, Ermənistan ərazisində Rusiya hərbi bazalarının yerləşdirilməsindən məqsəd nədir? Ancaq lazımi cavab almamışıq. Həmin bazaların Azərbaycana qarşı yönəldilmədiyi barədə verilən bəyanatlar bizi sakitləşdirmir. Sual yaranır ki, bəs bunlar kimə qarşı yönəldilmişdir? Necə cavab veriləcəyindən asılı olmayaraq, belə demək olar ki, bu, Zaqafqaziyada vəziyyəti mürəkkəbləşdirir, əslində regionda ayırıcı bir hərbi-siyasi xətt çəkir.

Onu da qeyd etməyi lazım bilirəm ki, Zaqafqaziya regionunda yaranmış vəziyyət MDB ölkələrinin kollektiv təhlükəsizliyi haqqında 1992-ci il 15 may tarixli müqavilənin müddəalarına tamamilə ziddir. Müqavilənin birinci maddəsində deyilir ki, iştirakçı dövlətlər dövlətlərarası münasibətlərdə zor işlətməkdən və ya zor işlətməklə hədələməkdən çəkinməlidirlər və öz aralarında və digər dövlətlərlə olan bütün ixtilafları dinc vasitələrlə həll etməyi öhdələrinə götürürlər. Müqavilədə həmçinin göstərilir ki, iştirakçı dövlətlər digər iştirakçı dövlətə qarşı yönəldilmiş hərbi ittifaqlara daxil olmayacaq, yaxud hər hansı belə hərəkətlərdə iştirak etməyəcəklər.

Beləliklə, Rusiya silahının və hərbi texnikasının Ermənistana göndərilməsi, onun ərazisində hərbi bazaların yerləşdirilməsi MDB ölkələrinin kollektiv təhlükəsizliyi haqqında müqavilənin kobud şəkildə pozulması deməkdir.

Bizim qaldırdığımız məsələlər təkcə Azərbaycan üçün deyil, həm də ümumən regionumuz, bütünlükdə birlik üçün son dərəcə böyük əhəmiyyətə malikdir.

Bu məsələlər Rusiya Federasiyasından dəqiq cavablar və ən səmərəli tədbirlər görməyi tələb edir.