Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Trabzondan Bakıya qayıdarkən Binə beynəlxalq hava limanında jurnalistlərə verdiyi müsahibə - 30 aprel 2002-ci il


Heydər Əliyev: Trabzon zirvə görüşünün gedişi və yekunları, güman edirəm ki, sizə məlumdur. Çünki televiziya vasitəsilə hamısı verilibdir. Ona görə də bu barədə sizə əlavə məlumat verməyə ehtiyac yoxdur. Ancaq onu qeyd etmək istəyirəm ki, bu çox əhəmiyyətli görüş idi. Üç ölkənin – Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin zirvə görüşünün məqsədi bizim bölgədə bir neçə əsas sahələrdə əməkdaşlığı gücləndirməkdən ibarətdir. Bunlar beynəlxalq terrorizmlə mübarizədir, bölgənin təhlükəsizliyinin təmin olunmasıdır və Şərq–Qərb enerji dəhlizinin, yəni Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum neft və qaz kəmərlərinin mühafizəsi, təhlükəsizliyinin təmin edilməsidir. Əsasən bu məsələlər bizim toplaşmağımıza, belə bir regional əməkdaşlıq etməyimizə səbəb olmuşdur. Bu təşəbbüsü Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Əhməd Necdət Sezər irəli sürmüşdü. Orada bəyan etdim, bu gün bir daha deyirəm ki, bu çox dəyərli təşəbbüsdür və mən görülən işlərdən də çox məmnunam.

Sual: Cənab Prezident, təkbətək görüşlərdə hansı məsələlər müzakirə olundu?

Cavab: Təkbətək görüşlərdə, təbiidir ki, birinci növbədə iki ölkə arasında olan münasibətlər, bütün sahələrdə – həm iqtisadi, həm də başqa sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə söhbət getdi, habelə yenə bölgəmizdə olan vəziyyəti təhlil edib fikir mübadiləsi apardıq.

Sual: Dağlıq Qarabağ məsələsinə toxunuldumu?

Cavab: Bəli, Dağlıq Qarabağ məsələsinə toxunuldu. Həm Əhməd Necdət Sezərlə, həm də Eduard Şevardnadze ilə mənim görüşlərimdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında söhbət getdi və xüsusən Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezərlə bu barədə çox ətraflı danışdıq. Çünki bilirsiniz ki, Türkiyə Minsk qrupunun üzvüdür və bu qrupun həmsədrləri axırıncı dəfə bölgədə olandan sonra Ankaraya getmişdilər, Türkiyənin prezidenti və başqa şəxslərlə də görüşmüşdülər. Aparılan işlər, vəziyyət haqqında məlumatlar vermişdilər.

Bundan əlavə, Türkiyə Ermənistan–Azərbaycan münaqişəsi baş verəndən Azərbaycanı birmənalı dəstəkləyən bir ölkədir.

Tək dəstək vermək deyil, o, bəyan edib, bu gün də bu bəyanatında qalır və Türkiyənin prezidenti bunu yenə də təkrar etdi ki, Ermənistan–Azərbaycan münaqişəsi sona çatmayana qədər, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmayana qədər, bu torpaqlar işğaldan azad olunmayana qədər Türkiyə Ermənistanla sərhədlərini açmayacaq və heç bir əməkdaşlığa getməyəcəkdir.

Sual: Cənab Prezident, Reykyavikdə Türkiyə, Azərbaycan və Ermənistan görüşünü keçirməkdə məqsəd nədir?

Cavab: Reykyavik görüşü Türkiyə tərəfinin təşəbbüsü ilə olacaqdır. Biz də ona etiraz etməmişik. Ola bilər ki, hər bir görüşün əhəmiyyəti olsun.

Sual: İmzalanan sənəddə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı məsələ öz əksini tapdı. Son vaxtlar Dağlıq Qarabağın adı bu məsələdə çox tez-tez hallanır. Bununla bağlı Dağlıq Qarabağda fəaliyyət necə tənzimlənəcək?

Cavab: Bilirsiniz, bu çox mürəkkəb məsələdir. Bu barədə bir şey demək olmaz.

Sual: Neft kəmərlərinin mühafizəsində hər bir ölkə öz ərazisindən keçən hissəyə cavabdehdir. Ola bilərmi ki, hansısa ölkə, məsələn, Gürcüstan çətinlik çəksə, Azərbaycan və Türkiyə ona kömək göstərsinlər?

Cavab: Siz niyə qabağa qaçırsız? Biz orada razılaşmışıq ki, hər ölkə öz ərazisində kəmərlərin təhlükəsizliyini təmin edəcəkdir.

Mən güman edirəm ki, hər bir ölkə bu təhlükəsizliyi təmin etməyə qadirdir. Biz əməkdaşlıq edirik, əgər şayət, nə vaxt, nə isə olsa, onda bu məsələləri həll edəcəyik. İndidən bu məsələni ortaya atmağa ehtiyac yoxdur.

Sual: Cənab Prezident, Rusiyanın ATƏT-in Minsk qrupundakı keçmiş həmsədri Vladimir Kazimirov bildirib ki, Ermənistan və Azərbaycan prezidentlərinin xüsusi nümayəndələrinin Praqada keçiriləcək görüşləri kifayət qədər əhəmiyyətlidir. Buna münasibətiniz necədir?

Cavab: O öz fikrini bildiribdir. Biz isə başqa fikirdəyik.

Sual: Cənab Prezident, Yunanıstan Azərbaycan qazının Türkiyə ərazisindən öz ölkəsinə və oradan da Avropaya nəql edilməsini təklif etmişdi. Siz cənab Sezərlə görüşünüzdə bu məsələyə toxundunuzmu?

Cavab: Ay qızım, bunların hamısı gələcəyin işləridir. Gəlin əvvəlcə biz Azərbaycan qazını Türkiyəyə aparıb çatdıraq, Türkiyəni istənilən qədər təmin edək, Türkiyəyə qaz nəql etmək imkanlarımız artsın, sonra, əlbəttə, bizim fikrimiz gələcəkdə Avropaya çıxmaqdır. Ola bilər ki, Yunanıstan da bu sırada olsun. Amma bu çox uzaq gələcəyin işidir. Başınızı belə şeylərlə ağrıtmayın.

Sual: Cənab Prezident, Ankarada Azərbaycan səfirliyinin yeni binasının açılışı nə vaxt olacaq?

Cavab: İnşallah, bu yaxınlarda olacaq. Hörmətli jurnalistlər, görürəm sizin əməlli suallarınız yoxdur. Sual naminə sual vermək lazım deyildir. Mən sadəcə, sizə məsləhət görürəm ki, belə görüşlərə gələndə əvvəldən hazırlaşın, hərəniz bir yaxşı sual hazırlayın. Onda doğrudan da məzmunlu, günün tələbinə çox aid olan sual verən jurnalist kimi görünərsiniz.

Bu da o məsələ barədə sizə geniş məlumat verməyə imkan yaradacaqdır. Amma elə suallar verirsiniz ki, bunlara aldığınız cavabı da görürsünüz. Ona görə də siz bundan o qədər faydalana bilmirsiniz. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR