Xalq artisti Leyla xanım Vəkilovaya Azərbaycan Prezidenti Heydər Əliyevin təbrik məktubu - Bakı şəhəri, 29 yanvar 1997-ci il


Hörmətli Leyla xanım!

Sizi - xalqımızın böyük sənətkarını, görkəmli balet ustasını, tanınmış pedaqoqu 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Sizin yarım əsrdən artıq bir dövrü əhatə edən fəaliyyətiniz sənətsevərlər tərəfindən daim yüksək qiymətləndirilmişdir. Klassik ənənələrlə Azərbaycan xalq rəqslərinə xas olan xüsusiyyətləri böyük məharətlə birləşdirən parlaq ifaçılıq ustalığınız mədəniyyətimizin tarixində əbədi iz qoymuşdur.

Uzun illər opera və balet teatrımızın aparıcı solisti kimi siz Azərbaycan milli balet sənətinin tarixində yeni bir səhifə açmısınız. Öz ülvi sənətinizlə çoxsaylı xarici qastrollar zamanı da siz bütün tamaşaçılarınızın qəlbini fəth etmisiniz.

Səhnəmizdə oynadığınız unudulmaz rollar yeni nəsil Azərbaycan balet ustaları üçün yaradıcılıq məktəbi, ifaçılıq örnəyinə çevrilmişdir. Bu nəslin yetişməsində sizin xidmətləriniz danılmazdır.

Çoxillik pedaqoji fəaliyyətinizdə siz balet sənətinin tədrisi ilə yanaşı, Azərbaycan Dövlət rəqs ansamblının rəhbəri kimi milli rəqs sənətimizini təbliği və inkişafına böyük əmək sərf etmisiniz.

Əminəm ki, siz həyatınız boyu incəsənətimizin tərəqqisi üçün çalışdığınız kimi bundan sonra da müstəqil Azərbaycanın mədəniyyətinin inkişafı naminə əlinizdən gələni əsirgəməyəcəksiniz.

Sizə uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT