Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq şairi Qabilə təbriki - 15 avqust 1996-cı il


Hörmətli Qabil müəllim!

Sizi - Azərbaycan poeziyasının görkəmli nümayəndəsini 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Klassik poeziyanın ənənələrini layiqincə davam etdirən yaradıcılığınız müasir Azərbaycan ədəbiyyatında yüksək mövqe qazanmışdır. Əsərlərinizə müraciət edən oxuyucu həm müasir şairin fikir və düşüncələri, həm də Azərbaycan ədəbiyyatını tarixində görkəmli rol oynamış parlaq şəxsiyyətlərin poetik obrazları ilə tanış olur.

Sizin şeirlərinizdə xalqa, Vətənə sarsılmaz məhəbbət hissi, vətənpərvər sənətkar mövqeyi öz əksini tapmışdır. Yüksək bədii təsirə malik əsərləriniz insanlarda mənəvi qüvvə və yaşamaq həvəsi yaradır.

Poeziyanız və ictimai fəaliyyətiniz öz müstəqilliyini əldə etmiş Azərbaycan vətəndaşlarının azadlıq hissinin, vətənpərvərlik ruhunun daha da yüksəlməsinə xidmət etmişdir. Yaradıcılığınızda, şəxsiyyətinizdə millilik həmişə özünü büruzə verərək sizi həqiqətən xalq şairi kimi tanıtmışdır.

Əminəm ki, siz ömrünüzün bu müdrik cağında öz pərəstişkarlarınıza yeni-yeni əsərlər bəxş edəcək, sənətkarın bəşəriyyət və zaman qarşısında imtahana çəkildiyi bir dövrdə məslək və əqidənizə sadiq qalacaqsınız. Sizə uzun ömür, cansağlığı və yaradıcılığınızda yeni müvəffəqiyyətlər arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT