Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Anadolu Acansının Roma müxbiri Yasəmən Taşkına müsahibəsi - Roma, 25 sentyabr 1997-ci il


Jurnalist: Cənab prezident, mənə vaxt ayırdığınıza görə minnətdarlığımı bildirirəm və Sizinlə görüşümdən şərəf duyuram.

Cənab prezident, Sizin İtaliyaya ilk rəsmi səfəriniz böyük əks-səda doğurmuşdur. Romada keçirdiyiniz görüşlərdə, danışıqlarda siyasi və iqtisadi məsələlər, Ermənistan-Azərbaycan münaqişəsinin sülh ylu ilə həll olunması haqqında müzakirələr aparmısınız. Bu barədə fikirlərinizi mənimlə bölüşə bilərsinizmi?

Heydər Əliyev: Mən hesab edirəm ki, İtaliyaya rəsmi səfərim Azərbaycan üçün çox əhəmiyyətlidir. Çünki bu ziyarət müstəqil Azərbaycan Respublikası prezidentinin İtaliyaya ilk rəsmi səfəridir. Bu özü-özlüyündə çox əhəmiyyətlidir. Eyni zamanda biz burada çox səmərəli işlər görürük. Yəni prezident Oskar Luici Skalfaro ilə, baş nazir Roman Prodi ilə, yüksək vəzifəli digər rəsmi şəxslərlə görüşlər keçirdik, danışıqlar apardıq. Biz burada çox yaxşı müqavilələr imzaladıq. Baş nazir cənab Prodi ilə biz iki bəyannamə imzaladıq. Onlardan biri siyasi, digəri isə iqtisadi məsələlər barədədir. Bütün bunlar İtaliya-Azərbaycan əməkdaşlığının və dostluq əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi üçün çox yaxşı təməl, yəni hüquqi-normativ əsas yaratdı.

İqtisadi cəhətdən əməkdaşlıq etmək üçün biz bir-birimizin imkanlarını aradıq. Hər iki tərəf eyni fikirdədir ki, bu sahədə imkanlarımız çoxdur. Xəzərin Azərbaycan sektorundakı "Kürdaşı" blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü barədə sazişin əsas kommersiya prinsipləri və müddəaları haqqında İtaliyanın "Acip" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında müqavilə imzalandı. Bu, kontraktqabağı bir müqavilədir. "Kürdaşı" neft yatağına digər neft şirkətləri də maraq göstərirlər. Amma İtaliyanın "Acip" şirkəti bu yatağa çox maraq göstərdiyinə görə mən buna razılıq verdim, həmin sənəd imzalandı.

Siz bilirsiniz ki, İtaliya Minsk qrupunun üzvüdür və 1992-1993-cü illərdə Minsk qrupuna sədrlik edibdir. Ermənistan-Azərbaycan münaqişəsinin həllində Minsk qrupunun üzvü kimi İtaliya indi də çox iş görə bilər. İtaliya bizim bu barədə mövqeyimizi tamamilə dəstəkləyir. Yəni Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir, respublikamızın ərazi bütövlüyü təmin olunmalıdır, yerindən-yurdundan zorla qovulmuş, çadırlarda ağır vəziyyətdə yaşayan bir milyondan çox vətəndaşımız öz yerlərinə qayıtmalıdır. Biz Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək dərəcəli özünüidarəetmə, muxtariyyət verməyə razıyıq.

Bilirsiniz ki, bu prinsiplər ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1996-cı ilin dekabrında Lissabon Zirvə görüşündə qəbul edilmişdir. Türkiyə Respublikası da bu prinsipləri çox dəstəkləmişdir. Bu prinsipləri İtaliya da dəstəkləmişdir. İtaliyanın bu barədə mövqeyi dəyişilməzdir.

Sual: Demək, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarılmasına İtaliya da tərəfdardır?

Heydər Əliyev: Bəli.

Sual: Əlbəttə, bu məsələdə İtaliyanın Azərbaycanın mövqeyini dəstəkləməsi çox faydalı bir addımdır. Cənab prezident, Roma papası II İoann Pavel ilə bugünkü görüşünüz barədə nə deyə bilərsiniz?

Heydər Əliyev: Bəli, mən bu gün onunla görüşdüm. İtaliyaya rəsmi səfərə gələrkən Vatikan dövləti də məni rəsmi dəvət etdi ki, mən eyni zamanda Vatikan dövlətini də ziyarət edim. Mən də bu dəvəti qəbul etdim.

Sual: Cənab prezident, Roma papası ilə görüşünüz necə keçdi?

Heydər Əliyev: Çox gözəl. Roma papasını siz yaxşı tanıyırsınız. Mən onunla ilk dəfədir ki, görüşürəm. Amma görüşümüz, danışığımız, söhbətimiz çox maraqlı, məzmunlu, faydalı oldu.

Sual: Cənab prezident, bu barədə bir qədər geniş danışa bilərsinizmi?

Heydər Əliyev: Biz bu görüşümüzdə bir çox məsələləri müzakirə etdik. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması məsələsi barədə də fikir mübadiləsi apardıq. Yəni Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işğal edilmiş torpaqlardan işğalçı ordunun çıxarılması və bir milyondan çox azərbaycanlı qaçqının yerinə-yurduna qayıtması məsələsini müzakirə etdik. Roma papası Azərbaycanın mövqeyini tamamilə dəstəkləyir.

Sual: Cənab prezident, Roma papası II İoann Pavelin bu münaqişənin həllində şəxsi bir yardımı mümkündürmü?

Heydər Əliyev: Xeyr. Bu barədə söhbət olmadı.

Sual: Cənab prezident, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi Xəzərin Azərbaycan sektorundakı yataqlardan hasil olunan nefti dünya bazarına çıxaracaq boru kəmərlərinin marşrutlarının müəyyənləşdirilməsində və çəkilişinin sürətləndirilməsində nə kimi rol oynaya bilər?

Heydər Əliyev: Neft kəmərlərinin marşrutlarının müəyyənləşdirilməsi məsələsi bunsuz da həll olunur və həll olunacaqdır. Əlbəttə, şübhəsiz ki, Ermənistan-Azərbaycan münaqişəsi sülh yolu ilə aradan qaldırılsa bu, boru kəmərlərinin çəkilişi məsələsini də asanlaşdıracaqdır. Amma bundan asılı olmayaraq biz boru kəmərlərinin çəkilişi məsələsi ilə məşğul oluruq.

Sual: Cənab prezident, Amerika Birləşmiş Ştatlarına və İtaliyaya rəsmi səfərləriniz bölgədə Azərbaycanın gücü bir dövlət olduğunu göstərir, həmin dövlətlərin və bütün Avropa ölkələrinin Azərbaycana diqqət və marağını daha da artırır. Bütün bunların perspektivlərini necə görürsünüz? Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın inkişaf etdirilməsi barədə nə deyə bilərsiniz?

Heydər Əliyev: Türkiyə ilə Azərbaycanın əlaqələri dəyişməzdir. Biz dost və qardaş ölkələrik. Bizim dostluğumuzu, qardaşlığımızı heç kəs poza bilməz.

Bilirsiniz ki, mən bu ilin may ayında Türkiyədə rəsmi səfərdə idim. Bu, çox gözəl bir səfər idi. Biz orada çox yaxşı sənədlər imzaladıq. Türkiyənin xarici işlər və dövlət nazirləri bu yaxınlarda Azərbaycana gəlmişdilər. Biz çox faydalı danışıqlar apardıq. Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrdə bir problem yoxdur. Yenə də deyirəm, biz dost və qardaşıq, beləcə olaraq qalacağıq.

Mən bu il Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Türkiyədə, Qazaxıstanda, Özbəkistanda rəsmi səfərlərdə olmuşam. Buraya gəlməmişdən əvvəl Polşaya rəsmi səfərə getmişdim. İndi İtaliyaya rəsmi səfərə gəlmişəm. Bunlar hamısı Azərbaycanın mövqelərini bütün dünyaya daha da aydın göstərmək məqsədi daşıyır. Bu səfərlərimdə hər dəfə görürəm ki, Azərbaycana maraq gündən-günə daha da artır.

Sual: Cənab prezident, Siz Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsinə ciddi diqqət yetirirsiniz. Bu sahədə görülən işlər barədə nə deyə bilərsiniz?

Heydər Əliyev: Bəli, biz buna çalışırıq. Biz istəyirik ki, Avropa dövləti kimi Azərbaycan həm Avropa Şurasına, həm də Avropa Birliyinin bütün strukturlarına daxil olsun.

Sual: Azərbaycan bu sahədə qarşıya qoyduğu məqsədə çatmaq üçün hansı nailiyyətlər əldə edib?

Heydər Əliyev: Bizim bu sahədə ilk nailiyyətimiz ondan ibarətdir ki, Azərbaycanı Strasburqda Avropa Şurasına xüsusi qonaq kimi qəbul ediblər. Biz istəyirik ki, Avropa Şurasının tam hüquqlu üzvü olaq. Doğrudur, Avropa Birliyinə üzv qəbul olunmaq bir qədər çətindir. Çünki Türkiyə də hələ Avropa Birliyinin üzvü deyildir. İndi biz istəyirik yardım edək ki, Türkiyə də Avropa Birliyinin üzvü olsun. Biz indi həmin qapıları döyürük. Hesab edirəm ki, o qapılar bizim üçün açılacaqdır.

Sual: Cənab prezident, İtaliyanın baş naziri cənab Prodi Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsinə necə baxır?

Heydər Əliyev: Azərbaycanın Avropa Birliyinə, Avropa Şurasına üzv qəbul olunmasını cənab Prodi də dəstəkləyir.

Sual: Mənimlə bu müsahibənizdən sonra İtaliyanın bir neçə şirkətinin rəhbərləri ilə görüşəcəksiniz, həmin danışıqların gündəliyində yeni bir müqavilənin imzalanması məsələsi dururmu?

Heydər Əliyev: Xeyr. Biz "Eni-Acip"lə bir müqavilə imzalamışıq. Digər şirkətlərlə görüşlər keçirim, baxım görüm nə olacaq.

Sual: Cənab prezident, Sizin bu rəsmi səfəriniz Azərbaycan-İtaliya münasibətlərinin daha da yaxşılaşması üçün çox faydalı oldu. Bu yaxınlaşmanın yolunun Türkiyədən keçəcəyini düşünmək olarmı?

Heydər Əliyev: Şübhəsiz ki, belədir. Mənim burada keçirdiyim görüşlərdə, apardığım danışıqlarda biz Türkiyə haqqında da söhbət açdıq. Çünki mən bilirəm ki, Türkiyə ilə İtaliya arasında da çox sıx əlaqələr vardır. Biz istəyirik ki, bu əlaqələr daha da inkişaf etsin.

Jurnalist: Siz istəyirsiniz ki, bu üç ölkə arasında daha çox yaxınlaşma olsun.

Cənab prezident, gərgin iş cədvəlinizdən mənə vaxt ayırdığınıza görə Sizə bir daha təşəkkür edirəm.

Heydər Əliyev: Çox sağ olun.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı -2004, 12-ci cild, səh. 201