Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstanın Milli bayramı - Dövlət Müstəqilliyi Günü münasibətilə Gürcüstanın Azərbaycandakı səfirliyində rəsmi qəbulda çıxışı - "Gülüstan " Sarayı, 20 may 1997-ci il


Hörmətli nazir, hörmətli səfir!

Hörmətli xanımlar və cənablar!

Mən Gürcüstanın dövlət müstəqilliyi günü bayramı münasibətilə sizi təbrik edirəm, gürcü xalqına səadət, xoşbəxtlik, yeni-yeni nailiyyətlər arzulayıram.

Gürcüstan və Azərbaycan əsrlər boyu qonşu yaşamış xalqlardır. Bizim çoxəsrlik tariximizdə parlaq dostluq, qardaşlıq səhifələri vardır. İndiyə qədər xalqlarımız arasında yaranmış dostluq əlaqələri bizdə daim iftixar hissi doğurur. Gürcü və Azərbaycan xalqları əsrin əvvəlində öz dövlət müstəqilliklərini əldə etmək arzusunda olmuşlar. Xalqlarımızın mübarizəsi öz nəticəsini vermişdir. 1918-ci ilin mayında Gürcüstan da, Azərbaycan da müstəqil dövlət elan olunublar və ölkələrimizdə demokratik respublikalar yaranıbdır. Sonrakı illər, onilliklər ərzində biz bir yerdə olmuşuq, həm nailiyyətlərimizi bölüşmüşük, həm də çətin günlərdə bir-birimizə dayaq olmuşuq, yardım etmişik. Nəhayət, 1991-ci ildə Gürcüstan da, Azərbaycan da yenidən öz müstəqilliklərini əldə ediblər. Əsrin əvvəlində - 1918-ci il mayın 26-da Gürcüstan Respublikası, mayın 28-də isə Azərbaycan Respublikası öz müstəqillik günlərini ilk dəfə elan ediblər. Biz bu günləri milli bayramımız kimi qeyd edirik. Çox məmnunam ki, bu gün biz Gürcüstanın milli bayramını, müstəqillik bayramını bir yerdə, burada, Azərbaycanın paytaxtında qeyd edirik.

Dövlət müstəqilliyini yenidən əldə etmək gürcü xalqı üçün də, Azərbaycan xalqı üçün də tarixi nailiyyətdir. Son illər, dövlət müstəqilliyi əldə ediləndən sonra gürcü xalqının atdığı addımlar və Gürcüstanda görülən işlər, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesi, aparılan siyasi və iqtisadi islahatlar qardaş

Gürcüstanda dövlət müstəqilliyinin nə qədər möhkəm və daimi, əbədi olduğunu nümayiş etdirir.

Mən müstəqillik illərində əldə etdiyi böyük nailiyyətlərə görə bu bayram günü gürcü xalqını təbrik edirəm və ona tutduğu yolla gələcəkdə də əzmlə gedərək yeni uğurlar qazanmağı arzulayıram. Dövlət müstəqilliyi əldə ediləndən sonra Gürcüstan ilə Azərbaycan arasındakı əlaqələr daha da sürətlə inkişaf etməyə başlamışdır. Biz keçmiş illərdə də, əsrlərdə də olmuş dostluq əlaqələrimizi yüksək qiymətləndiririk. Müstəqil dövlətlər kimi bizim əlaqələrimizin yaranması və inkişaf etməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, həm Azərbaycanın, həm də Gürcüstanın çoxəsrlik dostluq tarixində çox dəyərli illərdir. Biz bu illəri artıq yaşamışıq və həmin illərin əsasında həm Gürcüstanın, həm də Azərbaycanın müstəqilliyinin daimi, əbədi olmasının imkanlarını yaratmışıq.

Bu müddətdə Gürcüstan ilə Azərbaycan arasında yaranmış əlaqələr imzalanmış hüquqi normativ sənədlərə söykənir. Gürcüstanla Azərbaycan arasında imzalanmış müqavilələr və sazişlər, xüsusən keçən ilin martında Tbilisidə imzalanmış müqavilələr, sazişlər və Gürcüstan prezidenti cənab Eduard Şevardnadzenin bu ilin fevralında Azərbaycana rəsmi səfəri zamanı imzalanmış müqavilələr və sazişlər bizim müstəqil dövlətlərimiz arasında olan əlaqələrin, bir daha qeyd edirəm, hüquqi-normativ bazasını yaradıbdır. Bu müqavilələrin və sazişlərin həyata keçirilməsi, onların genişləndirilməsi və inkişaf etdirilməsi bizim məqsədimizdir. Ümidvaram ki, həm Gürcüstanda, həm də Azərbaycanda biz bu məqsədə nail olacağıq.

Bizim imzaladığımız sənədlərdən ən əhəmiyyətlisi Azərbaycan və Gürcüstan prezidentləri tərəfindən 1996-cı ilin martında imzalanmış Tbilisi bəyannaməsidir. O, Qafqazda sülhün və əmin-amanlığın təmin olunmasına həsr edilmiş bəyannamədir. Bununla yanaşı, ən mühüm sənəd cənab Eduard Şevardnadze bu ilin fevralında Bakıda olarkən Gürcüstan ilə Azərbaycan arasında imzalanmış, strateji əməkdaşlığın inkişaf etdirilməsinə həsr edilmiş müqavilədir. Biz bunları çox yüksək qiymətləndiririk. Bunlar Gürcüstan və Azərbaycan arasındakı əlaqələrin nə qədər sıx, münasibətlərimizin nə qədər yaxın olduğunu və məqsədlərimizin də eyni olduğunu bir daha sübut edir.

Gürcüstanda da, Azərbaycanda da xalqlarımız, demək olar, eyni problemlərlə qarşılaşıblar. Biz Gürcüstanda görülən bütün tədbirləri çox maraqla izləyirik və əldə olunan nailiyyətlərə sevinirik. İqtisadi və siyasi islahatlar müstəqil Gürcüstan dövlətini gündən-günə gücləndirir və möhkəmləndirir.

Bununla bərabər, həm Gürcüstanın, həm də Azərbaycanın qarşılaşdığı çətin problemlər də var. Gürcüstanda Abxaziya münaqişəsi və Azərbaycanla Ermənistan arasında münaqişə - Dağlıq Qarabağ münaqişəsi bizim bu sahədə də eyni problemlərlə rastlaşdığımızı göstərir. Biz daim arzu etmişik və beynəlxalq aləmdə həmişə bürün imkanlarımızdan istifadə edərək çalışmışıq ki, Gürcüstanda sülh və əmin-amanlıq yaransın, Gürcüstanın ərazi bütövlüyü bərpa edilsin və suverenliyi təmin olunsun.

Azərbaycanda da Ermənistan-Azərbaycan münaqişəsinin - Dağlıq Qarabağ münaqişəsinin həll olunması yolunu sülhdə görürük. Artıq üç ildir ki, biz atəşkəs haqqında imzalanmış sazişə sadiqik, atəşkəs rejimini qoruyub saxlamışıq. Üç ildir ki, biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə çalışırıq və bunun üçün mübarizə aparırıq. Bu sahədə tam sülh əldə olunmasa da, nailiyyətlər göz qabağındadır. Xüsusən 1996-cı ilin dekabr ayında ATƏT-in Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün qəbul olunmuş bəyannamə və bu sənəddə öz əksini tapmış prinsiplər Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün çox yaxşı əsasdır və hesab edirik ki, diplomatiya sahəsində əldə olunan böyük nailiyyətdir.

Mən böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Lissabonda Gürcüstanın problemlərinin həlli üçün qərarın qəbul olunmasında Azərbaycan daim öz dəstəyini göstərdiyi kimi, Azərbaycan Respublikasının probleminin həlli üçün də Gürcüstan öz dəstəyini, yardımını əsirgəməmişdir. Beləliklə, problemlərimiz və çətinliklərimiz də bir-birinə bənzərdir, amma getdiyimiz yol da eynidir. Biz məsələləri sülh yolu ilə həll etmək istəyirik. Biz bu yolda da bir-birimizə kömək edir, bir-birimizə yardım göstəririk, bir-birimizə arxa, dayaq dururuq.

Güman edirəm ki, bunların hamısı Qafqazda, o cümlədən Zaqafqaziya regionunda sülhün və əmin-amanlığın təmin olunmasına gətirib çıxaracaqdır, biz buna nail olacağıq. Əminəm ki, Gürcüstan - Azərbaycan dostluğu və ölkələrimiz, dövlətlərimiz arasında yaranmış səmimi dostluq münasibətləri nəinki Zaqafqaziya regionunda, həm də bütün Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasına kömək edəcəkdir. Biz bu əməkdaşlığımızdan məmnunuq və gələcəkdə də əməkdaşlıq etmək arzusundayıq.

Mən bu gün Gürcüstanın istiqlal günü, müstəqillik günü münasibətilə çox böyük məmnuniyyətlə, sevinclə bu bayrama gəlmişəm və Gürcüstanın xarici işlər nazirinin də gəlib burada, məhz Bakıda bu gün bu bayram mərasimində iştirak etməsi Gürcüstan- Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasını nümayiş etdirir. Mən sizi bu bayram münasibətilə bir daha təbrik edirəm, gürcü xalqına, Gürcüstanın bütün vətəndaşlarına, o cümlədən Gürcüstanda Gürcüstan vətəndaşı kimi yaşayan azərbaycanlılara, bizim soydaşlarımıza sülh, əmin-amanlıq, səadət, xoşbəxtlik arzulayıram və Gürcüstan Respublikasının qarşısında duran bütün vəzifələrin yerinə yetirilməsində Gürcüstan dövlətinə və mənim əziz dostum cənab Eduard Şevardnadzeyə yeni-yeni uğurlar diləyirəm.

Sizi təbrik edirəm. Sağ olun.