Azərbaycan Respublikasının mətbuat işçilərinə - Bakı şəhəri, 19 iyul 1998-ci il


Hörmətli mətbuat işçiləri!

Sizi 22 iyul - Milli Mətbuat günü münasibətilə təbrik edir və hər birinizə səmimi arzularımı yetirirəm.

Azərbaycan mətbuatı yarandığı gündən xalqın arzu və istəklərinin ifadəçisinə çevrilərək onun yüksək əxlaqi dəyərlərinin, ictimai-siyasi ideallarının, mədəniyyətinin formalaşması, inkişafı və qorunmasına öz önəmli töhfələrini vermişdir.

Kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsidir. Müstəqillik əldə etdiyi andan ümumbəşəri dəyərləri, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan

hüquqlarının, söz və mətbuat azadlığının qorunmasını ən mühüm vəzifə kimi irəli sürmüşdür. Ölkə Konstitusiyasinda təsbit olunmuş fikir və söz azadlığı, siyasi plüralizm prinsipləri dövlətin mətbuat və informasiya siyasətinin əsasını təşkil edir. Azərbaycanda çoxşaxəli mətbuat və informasiya sistemi yaradılmışdır. Yüzlərlə kütləvi informasiya vasitəsi - teleradio şirkətləri, informasiya agentlikləri, qəzet və jurnallar azad surətdə fəaliyyət göstərir. Onların müstəqil qurulması, sərbəst fəaliyyəti və inkişafı üçün bütün zəruri tədbirlər görülür.

Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması və professional səviyyəsinin yüksəldilməsi, onların imkanlarından hüquqi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafında, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsi həm dövlətdən, həm də mətbuat işçilərindən xüsusi səy və ciddi məsuliyyət tələb edir. Dövlət jurnalistlərin qeyri-adi zəhmət tələb edən əməyini qiymətləndirir, bu sahədə mövcud olan problemləri həll etmək üçün əlindən gələn hər şeyi edir və bundan sonra da edəcəkdir.

Əmin olmaq istədiyimi bildirirəm ki, Azərbaycanın kütləvi informasiya vasitələrində çalışan azad jurnalistlər ordusu respublikamızda və onun ətrafında baş verən hadisələrin geniş ictimaiyyətə çatdırılmasında və bütün dünyaya yayılmasında yüksək professionallıq, obyektivlik, prinsipiallıq, əsl dövlətçilik və vətəndaşlıq mövqeyi nümayiş etdirəcəkdir.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış