Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiyanın "LUKoyl" neft şirkətinin nümayəndə heyətini qəbul edərkən söhbətindən - 27 mart 2001-ci il


Heydər Əliyev: Hörməti qonaqlar, mən sizi salamlayıram. Rusiya Federasiyasının "LUKoyl"un özünün direktorlar şurasının növbəti iclasını burada, Azərbaycanda, Bakıda keçirməyi qərara alması ağıllı qərardır. Mən bunu "LUKoyl" şirkəti ilə Azərbaycan arasında əməkdaşlığı daha da genişləndirmək arzusunun təzahürü kimi qiymətləndirirəm. Ona görə də bu təşəbbüsü alqışlayıram. Vahid Ələkbərov mənə belə bir qərar olduğunu deyəndə, mən onu dərhal dəstəklədim, çünki Azərbaycan qədim neft məmləkətidir. İndi Rusiya bu baxımdan olduqca böyük imkanlara malikdir. Tarixə nəzər salsaq görərik ki, Rusiya Federasiyasının ərazisində yerləşən bir çox yataqlar vaxtilə Azərbaycan mütəxəssislərinin iştirakı ilə kəşf edilmişdir, çünki ötən əsrin əvvəllərində Rusiyanın tərkibində yalnız Azərbaycanda neft çıxarılırdı və buna görə də sonrakı rayonlar yaddaşımızda beləcə də qalmışdır - ikinci Bakı, üçüncü Bakı, dördüncü Bakı.

Bax, hətta "LUKoyl" şirkətinin prezidenti də burada institutu bitirdikdən sonra Tümenə göndərilmiş və ya özü oraya getmək istəmişdi, orada görkəmli rəhbər işçi, "LUKoyl" şirkətinin prezidenti kimi böyümüşdür. Zənnimcə, sizin qərarınızı məqsədəuyğun edən digər hal isə bundan ibarətdir ki, artıq Rusiyanın və Azərbaycanın müstəqilliyi şəraitində, Azərbaycan özünün müstəqil neft strategiyasını həyata keçirməyə başladığı ilk günlərdən "LUKoyl" Xəzər dənizinə maraq göstərdi, "Azəri-Çıraq-Günəşli" yataqlarına dair ilk iri müqaviləmizin hazırlanmasında fəal iştirak etdi və dünyanın digər ən böyük neft şirkətləri ilə birlikdə müqaviləni imzaladı və bu müqavilə tarixə "Əsrin müqaviləsi" kimi daxil oldu. Sonra o, Azərbaycanda, Xəzər dənizinin Azərbaycan sektorunda öz fəaliyyət imkanlarını daha da genişləndirdi.

Şadam ki, "LUKoyl" artıq Rusiyanın belə çox iri, dünya əhəmiyyətli neft şirkətinə çevrilmişdir. Eyni zamanda şadam ki, "LUKoyl" öz strategiyasını düzgün müəyyənləşdirir. Mən bunu təkcə Azərbaycanın mənafeləri, - hərçənd bu da var, - baxımından deyil, bizə dost olan Rusiyanın da mənafeləri baxımından deyirəm.

Ümumiyyətlə, mən Rusiyada "LUKoyl"dan başqa bir şirkət tanımıram, heç bir ad eşitməmişəm. Bəlkə də siz haradasa belələrinin olduğunu bilirsiniz, dünyanın ən iri neft şirkətləri arasında isə "LUKoyl" əsas şirkətlərdən biridir.

Beləliklə, bu müddət ərzində "LUKoyl" Xəzər hövzəsinə, neft və qaz hasilatı sahəsində onun perspektivlərinə Rusiyanın hər hansı başqa şirkətinə nisbətən daha yaxşı bələd ola bilmişdir.

Ona görə də biz "LUKoyl" ilə də başqa sazişlər bağladıq və "LUKoyl" burada fəal iştirak edir. Deyə bilərəm ki, biz bütün Xəzəryanı ölkələrə Xəzər dənizi hövzəsində fəal işləmək nümunəsi göstərmişik. Bilmirəm, Rusiya Xəzər dənizindəki öz sektorunda qazma işləri aparmağa başlamaq qərarına nə vaxt gəlmişdir. Onu nəzərdə tuturam ki, biz Xəzər dənizinin Azərbaycan sektorunda bizə məxsus olan ehtiyatlarımızdan istifadə etmək məsələsini qaldıranda, Rusiyada bir çoxları belə hesab edirdi ki, ümumiyyətlə, sektor haqqında nə söhbət gedə bilər. Lakin tədricən, yavaş-yavaş başa düşdülər ki, sektorlar var. Rusiya da öz sektorunu müəyyənləşdirdi və Ələkbərovun mənə söylədiyi kimi, siz artıq orada quyu qazırsınız, böyük perspektivə maliksiniz. Odur ki, bu, birgə fəaliyyətimizin mühüm və hesab edirəm, müsbət nəticələrindən biridir, "LUKoyl"un uzaqgörən olduğunu göstərir.

Müstəqil dövlət olaraq Azərbaycan Xəzər dənizində öz fəaliyyətini gücləndirməyə başlayan kimi, "LUKoyl" dərhal özünü buraya yetirmişdir, halbuki o vaxtlar fəaliyyətimizi Rusiyada az-az adam dəstəkləyirdi. Ünvanımıza çoxlu məzəmmətlər söyləyib deyirdilər ki, biz nə üçün Qərbin, Avropanın, Amerika Birləşmiş Ştatlarının şirkətlərini buraya dəvət etmişik. Artıq bu gün demək olar ki, bunlar çox geri qalmış, bəsit fikirlər idi. İndi dünya böyük inteqrasiyaya doğru gedir və ona görə də düşünmək ki, Sovetlər İttifaqında, onun sərhədləri daxilində nəyi bacarırdıqsa onu da edirdik və belə də davam etməlidir - indi bu, mümkün deyildir.

Buna görə də mən "LUKoyl" barədə bəzi müşahidələrimi belə bir fikri bir daha təsdiqləmək üçün söylədim ki, "LUKoyl"un direktorlar şurasının növbəti iclasının Azərbaycanda keçirilməsi, görünür, "LUKoyl"un bütün strukturlarına əlavə təkan verəcək və "LUKoyl" ilə Azərbaycanın Dövlət Neft Şirkəti arasında əməkdaşlıq daha da inkişaf edəcəkdir.

Mən sizi salamlayıram. Ümidvaram ki, siz burada çox yaxşı işləmisiniz, işinizin nəticələrindən razısınız və şadam ki, indi sizinlə görüşmək imkanına malikəm.

Vahid Ələkbərov ("LUKoyl" şirkətinin prezidenti): Çox hörmətli Heydər Əliyeviç, icazə verin, bizi qəbul etdiyinizə görə, "LUKoyl" şirkətinin direktorlar şurası adından Sizə təşəkkürümü bildirim. İndicə şirkətimizin ünvanına söylədiyiniz sözlərə görə Sizə təşəkkür edirik, əməyimi belə yüksək qiymətləndirdiyinizə görə şəxsən mən Sizə minnətdaram.

Direktorlar şurasının səyyar iclaslarını keçirmək bizdə artıq ənənəyə çevrilmişdir, lakin biz bu iclası Rusiya Federasiyasının hüdudlarından kənarda ilk dəfə keçiririk. Hamı yekdilliklə belə qərara gəldi ki, ilk səyyar iclas Bakı şəhərində, nəinki Sovet İttifaqının, Rusiyanın neft sənayesinin bünövrəsinin qoyulduğu, həm də dünya neft sənayesinin beşiyi olan tarixi yerdə keçirilməlidir.

Direktorlar şurasında üç məsələ müzakirə edildi. Birinci məsələ Xəzər dənizindəki təşəbbüslərimizin inkişaf etdirilməsi, ikinci məsələ "LUKoyl" neft şirkətinin neft məhsullarının emalı və satışı sahəsində beynəlxalq istiqamətdə perspektivləri barədə idi. Üçüncü məsələ o idi ki, direktorlar şurası 1998-1999-cu illərdə fəaliyyətimizin auditor yolu ilə öyrənilməsini bəyənmişdir, özü də bu araşdırma mühasibat uçotunun beynəlxalq sistemi üzrə aparılmışdır. Həmin üç mühüm məsələ müzakirə olunmuş və qərarlar qəbul edilmişdir. Direktorlar şurası "LUKoyl" şirkəti idarə heyətinin Xəzər dənizində fəaliyyəti genişləndirmək səylərini dəstəkləmişdir. Siz bilirsiniz ki, indi biz neft hasilatına dair dörd layihə həyata keçiririk. Hazırda Xəzərin Azərbaycan sektorunda investisiyalarımız kifayət qədər böyükdür, təxminən yarım milyard dollardır və əminik ki, investisiyalarımız həm Azərbaycan sənayesinin dirçəldilməsinə, həm də şirkətimizin mənfəət götürməsinə yönəldilmişdir. Biz pərakəndə ticarəti fəal inkişaf etdiririk, yanacaqdoldurma məntəqələrimiz respublikanın avtomobil həvəskarlarının üzünə açıqdır.

Bu gün direktorlar şurasının üzvlərinə sizinlə görüşmək imkanı yarandı. Biz fəaliyyətimiz barədə sizin əməkdaşlardan çoxlu xoş sözlər eşitdik, çünki direktorlar şurasında Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri Natiq Əliyev də, onun müavini İlham Əliyev də iştirak edirdilər. Onlar fəaliyyətimizə qiymət verdilər, eyni zamanda "LUKoyl" şirkətinin zəif cəhətlərini də göstərdilər. Son illər biz Azərbaycan sektorundakı neft yataqlarının işlənilməsi üzrə iri konsorsiumlarda iştirak etməkdə o qədər də təşəbbüskar deyilik. Odur ki, biz bunların hamısını nəzərə alacağıq. Ümidvaram ki, bizim buradakı fəaliyyətimiz Azərbaycan xalqının rifahının yüksəlməsinə yönəldiləcəkdir.

Əminəm ki, indi direktorlar şurasının üzvləri öz fikirlərini söyləyəcəklər. Mən Rusiya neft sənayesinin ən görkəmli və layiqli xadimlərindən biri olan Valeri İsaakoviç Qrayferə söz vermək istəyirəm. O, "Qlavtümenneftqaz"a başçılıq etmişdir. Biz hamımız neft işini ondan öyrənmişik və indi o, dünyanın ən iri şirkətlərindən birinin direktorlar şurasına haqlı olaraq başçılıq edir.

Valeri Qrayfer ("LUKoyl" şirkəti direktorlar şurasının sədri): Heydər Əliyeviç, mən Sizin hər həftə keçirdiyiniz operativ selektor müşavirələrini xatırlayıram. Bu müşavirələrdən dərhal sonra qatarlar daha sürətlə hərəkət edir, yüklər daha tez boşaldılırdı. Bunların hamısının necə olduğunu əla xatırlayıram və bu gün Sizi salamlamağıma, sağlam görməyimə çox şadam.

Bu yaxınlarda biz Nikolay Konstantinoviç Baybakovun 90 illiyini qeyd etdik.

Heydər Əliyev: Mən ona təbrik göndərdim.

Valeri Qrayfer: Siz onu mükafatla təltif etdiniz və bu böyük hadisə bir qədər keçmişə qayıtmaq üçün bir növ əsas oldu, çünki Baybakovun tərcümeyi-halı, əgər belə demək mümkündürsə, neft sənayesinin salnaməsidir.

Biz hamımız Azərbaycan xalqının nümayəndəsi, nurlu, çox gözəl insan olan Sabit Atayeviç Orucovu xatırladıq. O, bizim müəllimimiz, qayğıkeş adam və parlaq şəxsiyyət idi. Biz hamımız Valentin Dmitriyeviç Şarşini xatırladıq. Bilirəm, ona Siz də böyük rəğbətlə yanaşırdınız.

Heydər Əliyev: Bəli, biz birlikdə işləmişdik.

Valeri Qrayfer: 1974-cü ildə biz Sizin qəbulunuzda olmuşduq. Görkəmli alimləri - çoxpilləli qazma turbinin müəllifi Tağıyevi, Ələkbər Bağıroviç Süleymanovu, Mansur Bilaloviç Əhmədovu xatırladıq. Onların hamısı bizim dostlarımız idi. Bu gün biz qəlbimizin hökmü ilə fəxri xiyabanda olduq, bu insanların məzarlarını ziyarət etdik, ona görə ki, bizi səmimi dostluq telləri bağlayırdı.

Sizə demək istəyirəm ki, Vladimir Vladimiroviç Putinlə görüşünüzə Rusiyada hamı sevindi. Bu, bizim hamımız üçün bayram idi. Lakin neftçilər xüsusilə sevinirdilər. Çünki bu, bizim üçün həqiqətən bayram idi, çünki biz heç vaxt hesab etməmişik ki, müxtəlif tərəflərdəyik. Bakı bizim üçün həmişə Bakı olmuşdur, Siz düz deyirsiniz, ikinci Bakı, üçüncü Bakı. Mən Veteranlar Şurasına başçılıq edirəm və biz hamımız müharibə dövründə Bakının nə kimi rol oynadığını xatırlayacağıq. Ona görə də Sizin görüşünüz bizim üçün həqiqətən bayram olmuşdur və hesab edirəm ki, bu gün "LUKoyl" tarixi yaddaşın daşıyıcısıdır. Bizim buraya gəlməyimiz və bizi qəbul etməyə razılıq verməyiniz keçmişimiz qarşısında borcun yerinə yetirilməsi demək idi. Üzr istəyirəm, mən bir qədər çox danışdım, amma nə etmək olar, ürək belə hökm edir.

Sözsüz ki, biz əlaqələri inkişaf etdirəcəyik, nəinki yeni layihələrin, bütün təsərrüfatımızın inkişaf nailiyyətlərinin mübadiləsini aparacağıq, həm də qabaqcıl texnologiyaların mübadiləsini aparacağıq. Biz buraya yeni texnologiyalar gətirmək niyyətindəyik, çünki bu texnologiyalar işlənilmiş yataqlar - çoxlu su olan, ehtiyatların hələ çox böyük olduğu və hələ çox şey hasil edilə biləcək yataqlar üçün yararlıdır. Biz belə texnologiyalara malikik, bu məsələlərlə yaxından məşğul oluruq.

İcazə verin, direktorlar şurasının üzvləri adından Sizə təşəkkür edim, respublikaya uzun illər başçılıq etməyinizi arzulayım. Biz isə həmişə burada Sizinlə birlikdə olacağıq.

Heydər Əliyev: Sağ olun. Xatirələrə görə, o vaxtları, yaxşı vaxtları xatırladığınıza görə sağ olun. O vaxtlar biz çox işlər görmüşdük. Əgər o vaxtlar Sovetlər İttifaqının, o cümlədən də Rusiyanın və Azərbaycanın neft sənayesinin bünövrəsini qoya bilməsəydik, indi yaşamaq çox çətin olardı. Heç bir durğunluq olmamışdır, bunların hamısını kimlərisə qınamaq istəyənlər uydurmuşdular.

Vahid Ələkbərov: Hörmətli Heydər Əliyeviç, Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putinin yanvarda Azərbaycana tarixi səfəri nəinki siyasi, həm də iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinin bünövrəsini qoydu. Biz çox şadıq ki, yanvarda burada qəbul olunmuş bütün qərarlara nəzarət etmək tapşırılan idarənin rəhbərinin - xarici işlər nazirinin göstərişi ilə bu gün direktorlar şurasının işində Viktor İvanoviç Kalyujnı da iştirak edir. O, Xəzərin statusunun nizama salınması üzrə olduqca böyük, nadir bir vəzifəni yerinə yetirir.

Heydər Əliyev: Bəli, o da bizim bakılıdır.

Viktor Kalyujnı: Mən artıq bunu hər yerdə deyirəm. Burada, Bakıda olmaq çox xoşdur. Mən bunu buraya hər gəlişimdə deyirəm. Biz buraya öz evimizə gəldiyimiz kimi gəlirik, nə kimi problemlərimiz olduğundan, nə ilə yaşadığımızdan danışmaq üçün, hansı istiqamətdə irəliləmək barədə məsləhət almaq üçün gəlirik. Demək istəyirəm ki, mən həmişə Azərbaycanı müdrik, ardıcıl siyasət nümunəsi kimi göstərirəm. Haradasa başqa fikirlər olduqda, sonradan bunları müzakirə edirdik və ümumi birlik üzrə düzgün adımlar atırıq. Türkmənistanda zirvə görüşü ilə bağlı bütün sənədləri nəzərdən keçirmək üçün işçi qrupunun rəsmi səfəri aprelin 5-6-da olacaqdır. Xatəminin səfərindən dərhal sonra Qazaxıstana getdim və ertəsi gün biz buraya gəlməli idik. Lakin XİN işçiləri Sizin Türkiyəyə səfərinizə hazırlıqla məşğul olduqlarına görə - indi bizimkilər Mahaçqalada gözləyirlər - görüşü bu vaxta keçirməyi xahiş etdilər. Ona görə də burada direktorlar şurasında iştirak etməyə imkan oldu və təbii ki, biz Artur Rasizadə ilə görüşdük, Xatəminin səfərindən sonra meydana çıxan bir sıra məsələləri və bəyanatla əlaqədar yaranmış incə mətləbləri müzakirə etdik. Bu, bir çox suallar doğurdu. Lakin mən həmişə demişəm ki, bu, kütləvi informasiya vasitələrinin məsələni başa düşməməsi ilə bağlıdır. Tutduğumuz mövqelərdə də dövlətlərimiz arasında fikir ayrılıqları yoxdur. Biz Bakı və Qazaxıstan bəyannamələrində yazılmış razılaşmalara tərəfdarıq. Orada nəyinsə gücləndirilməsini müxtəlif cür yozmaq olar, başlıcası budur ki, biz əvvəllər əldə edilmiş mövqelərdən geri çəkilmirik. Bakı bəyannaməsinə görə məni tənqid etmişdilər ki, heç də hamının xoşuna gəlməyən iki bənd yazmışıq. Mən isə deyirəm, əksinə, biz burada, Bakıda irəliyə doğru addım atdıq, hətta Qazaxıstan barəsində mövqeyi gücləndirdik. Xatəminin səfəri oldu və mən də səfərimi İranda başa çatdırıram. Zirvə görüşü barədə bir qərara gəlmək üçün biz ayın 7-8-də ləngimədən oraya gedəcəyik. Xatəminin gəlişi hər hansı bir ümumi anlaşma üçün qapı açmadı, amma işıq yeri göründü.

Onlar başa düşdülər ki, ən mümkün variant kimi orta xətt haqqında qərar qəbul etmək lazımdır. Lakin onlar yenə də 20 faizlik zonadan danışmağa başladılar, halbuki Xərrazi ilə söhbət zamanı mən ona demişdim ki, orta xətt 20 faizlik zona vermir. O, bunda təkid etmədi və bunu şərh də etmədi, onlar bu işi qəbul etdilər. Bu, onu göstərir ki, işi ikitərəfli formada davam etdirmək lazımdır. Düşünürəm ki, irəliləyiş üçün imkanlar var. Üstəlik, yaxınlaşma yolunda Türkmənistanla da mövqelər daha aydın olmağa başlamışdır.

Mən sabah Türkmənistana gedirəm. Düşünürəm ki, Xəzərin problemini istənilən halda həll etmək lazımdır. Bu gün direktorlar şurasında çıxışımda dedim ki, biz bölgü problemini nə qədər tez həll etsək, "Xəzər sülh dənizidir" çağırışını bir o qədər tez həyata keçirərik.

"LUKoyl" kəşfiyyat işlərində yaxşı nəticələr alır, neft tapılır, ehtiyatlar aşkara çıxarılır. Təbii ki, maraq artır və bölgü məsələləri həll edilməsə, çoxlu problem olacaqdır.

Biz "LUKoyl" şirkətinin direktorlar şurasının iclasında nə üçün iştirak edirdik? Mənə orada olmaq tapşırılmışdı, çünki Xəzərin stasutunu müəyyənləşdirmək lazımdır. Bu, Xəzərin ikinci həyatıdır. Siz haqlısınız, heyf ki, indi burada neft hasilatı ilə təkcə "LUKoyl" məşğul olur. Mən bu gün ilk dəfə dedim ki, Rusiya konsorsiumu yaradılmışdır. Bax, burada "LUKoyl" gah "Ekson"la, gah "Britiş petroleum"la, gah da "Şevron"la iştirak edir, burada Rusiya şirkətləri yoxdur. Budur, indi "LUKoyl", "Qazprom" və "Yukas" konsorsiumu yaradılmışdır. Biz istərdik ki, bu, Xəzərdə Rusiyanın sıx birləşməsinin başlanğıcı olsun. Biz onlara hər cür kömək göstərəcəyik ki, inkişaf etsinlər və səmərəli işləsinlər. "LUKoyl"un bu strukturda olduğunu nəzərə alaraq, geriyə addım atılmayacaqıdr. Ona görə ki, "LUKoyl" ancaq irəliyə gedir. Onların hamısı "LUKoyl"un ardınca getməlidir.

Bu, bütövlükdə Rusiya yanacaq-energetika kompleksinin vəzifəsidir. Bu, XİN-in vəzifəsidir, ona görə ki, bu, müsbət haldır. İndi "Rosneft" Dağıstan şelfinə çıxmışdır. Bizə xoşdur ki, onlar Dağıstan şelfində səmərəli və kifayət qədər yaxşı işləməyə başlamışlar. Vahid Yusuboviçin şirkətlə birlikdə işlədiyi sektorda olduğu kimi, oranın da öz imkanları var. Ona görə də Azərbaycan sektorunda əldə edilmiş təcrübənin şimala doğru irəliləməsini istərdik ki, Rusiya şirkətləri Xəzərdə özlərini var qüvvə ilə göstərə bilsinlər. Bu, bizim vəzifəmizdir. Amma birinci dərəcəli vəzifə, əlbəttə, Xəzərin bölgüsüdür. Düşünürəm ki, aprelin 5-6-da işlədikdən sonra gəlib vəziyyət barədə Sizə məlumat verəcəyik. Mənə elə gəlir ki, zirvə görüşünün hazırlanmasında bizim Azərbaycanla bağlı xüsusi problemlərimiz yoxdur.

Heydər Əliyev: Mən razılıq vermişəm, lakin sənədlərə baxmaq lazımdır.

Viktor Kalyujnı: İranda çoxlu orta mötərizələr qoymuşlar, biz onları burada açacağıq. Ona görə ki, bunu beştərəfli görüşdə etmək çətindir. Bir daha görüşmək və indiki mərhələdə işlərimizin necə getdiyindən, nə kimi planlarımız olduğundan danışmaq imkanına görə sağ olun. Öz qarşımda belə bir vəzifə qoyuram ki, 2001-ci ildə Xəzərin statusu barədə müəyyən bir qərara gəlmək və onu həll etmək lazımdır. Ona görə ki, bu, bizim hamımıza, təkcə Rusiyaya deyil, eləcə də hamımıza gərəkdir. Düşünürəm ki, Sizin köməyinizlə, - Allah canınızı sağ eləsin, - biz onlara qalib gələcəyik.

Heydər Əliyev: Mən də belə düşünürəm.

Vahid Ələkbərov: Heydər Əliyeviç, Rusiya Federasiyasının hökuməti "LUKoyl" şirkətinin ən böyük səhmdarıdır. Səhmlərin 15 faizi Rusiya Federasiyasına məxsusdur. Ona görə də Rusiya Federasiyasının hökuməti öz qərarı ilə Rusiya naziri, Federal Əmlak Fondunun sədri Vladimir Vladimiroviç Malini "LUKoyl" şirkəti direktorlar şurasının üzvü təyin etmişdir. O, direktorlar şurasında fəaliyyətimizi müşahidə edir, dövlətin mənafelərini qoruyur. "LUKoyl" dövlətin mənafelərini hər şeydən üstün tutur, çünki bu, bizim ən mühüm mövqeyimizdir. Rusiya Federasiyasının mənafeləri ən böyük səhmdarımızın mənafeləridir. Ona görə də icazənizlə, Rusiya Federasiyası hökumətinin üzvü Vladimir Vladimiroviç Malinə söz vermək istəyirəm.

Vladimir Malin: Hörmətli Heydər Əliyeviç, çıxış etmək imkanına görə çox sağ olun. Mən Bakıya ilk dəfə gəlmişəm və mehribancasına qəbula görə, işləmək imkanına görə, səmimi sözlərə və bütün xalqlarımız kimi, neftçiləri də həmişə birləşdirmiş dostluq tellərinə görə Sizə və bütün əməkdaşlarınıza, respublikanın neft kompleksinin rəhbərlərinə təşəkkür edirəm.

Bu gün iclasda üçüncü məsələ kimi, çox adi səslənən bir məsələyə - beynəlxalq standartlar, Amerika standartları sistemi üzrə mühasibat hesabatına keçilərkən auditorların hesabatının təsdiq edilməsinə baxılmışdır. Xəzərdə fəaliyyətə dair birinci məsələnin müzakirəsi kifayət qədər emosional keçdi. Ona görə də üçüncü məsələ sönük, adi göründü, amma bu, "LUKoyl" şirkəti üçün də, ölkə üçün də müstəsna əhəmiyyətli hadisədir. Biz olduqca çox işləyirik - Rusiya Federal Əmlak Fondu şirkətlə birlikdə işləyərək, onu dünya kapital bazarlarına çıxarmağa çalışır. Auditorların işi iki il davam etmişdir - çox böyük auditor firması işləyirdi, iki il ərzində 100 mütəxəssis Rusiyada və bir o qədər mütəxəssis də xaricdə işləmişdir. Bu, olduqca böyük, çox zəhmətli işdir. Kifayət qədər əsəbi işdir. Çünki auditorlarla iş heç də həmişə xoşa gələn deyildir, üstəlik, cəsarət tapıb əvvəlki hesabatı göstərmək lazım idi. Qərbdə çoxları inanmırdılar ki, bu iş axıra çatdırılacaqdır. İndi, budur, Rusiya şirkəti ilk dəfə belə bir hesabat almışdır. Bu hesabata, necə deyərlər, ixtisas rəyi olmadan qiymət verilmişdir, yəni auditorlar şirkətin tam açıq olduğunu təsdiqləmişlər. "LUKoyl" bir çox məsələlərdə birinci idi - Rusiyanın neft şirkətləri arasında səhmdar cəmiyyəti olmuşdur, özəlləşdirməyə birinci başlamışdır, korporativ vasitələrə birinci yiyələnmişdir. Budur, indi Rusiyanın ən iri neft şirkəti nəinki Rusiyanın birinci neft şirkətinə, həm də, ümumiyyətlə, xarici sərmayəçilər üçün tamamilə açıq şirkətə çevrilmişdir. Bu, sərmayəçilərin tamamilə yeni-yeni təbəqələrini şirkətin üzünə açır. Elə iri sərmayəçiləri ki, onlar mühasibat hesabatına diqqətlə yanaşır, bu və ya digər vəsaiti haraya sərf etdiklərini bilirlər. Bu, həqiqətən, əlamətdar hadisədir, zənnimizcə, Rusiyada korporativ idarəetmə dövrünü açır. Yəni bu, şirkətin menecerlərin mənafeyi naminə işləməyə keçməsi deməkdir. Bu gün şirkətin direktorlar şurasının xaricdə, Azərbaycanda keçirilmiş ilk iclasında həmin iş ümumən yerinə yetirilmişdir. Bu isə korporativ quruculuq işində şirkət üçün, həqiqətən, tarixi hadisədir.

Heydər Əliyev: Sağ olun. Mən görüşümüzə şadam və deməliyəm ki, bizim "LUKoyl" ilə lap əvvəldən çox xoş və yaxşı münasibətlərimiz yaranmışdır. Bayaq dedim ki, "LUKoyl" Azərbaycanın yeni neft strategiyasının mənbəyində durmuşdur və durur. Bizim bu yeni strategiyamız isə Xəzəryanı ölkələrin hamısına fayda gətirmişdir. Ümumiyyətlə, bilirsiniz ki, keçmişdə Sovetlər İttifaqında Xəzərdə neft-qaz kəşfiyyatı və hasilatı məsələləri ilə təkcə Azərbaycan məşğul olurdu. Buna baxmayaraq, 70-ci illərdə biz müttəfiq respublikaların maraqlarını nəzərə alaraq, Xəzəri sektorlara böldük. Azərbaycan alimlərinin malik olduqları biliklər, yəni Xəzər dənizinin tədqiqinə dair toplanmış materiallar heç yerdə yoxdur. Aydındır ki, bu işlərlə məşğul olan ittifaq təşkilatı idi və bu materiallar da Moskvadadır. Amma bünövrə buradadır. Ona görə də biz bu işə başladıqda və digər Xəzəryanı ölkələr də bu işin perspektivli olduğunu hiss etdikdə, böyük maraq göstərməyə başladılar. "LUKoyl" isə bu məsələnin perspektivli olduğunu hamıdan çox hiss etdi və lap əvvəldən bizimlə birlikdədir.

Şadam ki, indi digər Xəzəryanı ölkələr - Qazaxıstan, şimalda Rusiya neft yataqları aşkara çıxarırlar. Mən buna şadam. Xəzər dənizində neft və qaz ehtiyatlarını az göstərməyə çalışan bütün yazılara rəğmən, - siz neftçisiniz, mən isə neftçi deyiləm, amma artıq 40 ildir neft sənayesi ilə bağlıyam, - əminəm ki, bu ehtiyatlar güman etdiyimizdən xeyli çoxdur. Vahid, sən deyirdin ki, qazma işləri apardığınız yerdə bu qədər neft olacağını heç ağlınıza da gətirmirdiniz. Məsələn, bizim geoloqlar deyirdilər ki, "Şahdəniz" yatağında 400 milyard kubmetr qaz var, lakin orada bir trilyon kubmetrdən də çox qaz olduğu aşkara çıxarılmışdır. Yeri gəlmişkən, bu layihədə payın 10 faizi "LUKoyl"a məxsusdur. Ona görə də şadam ki, indi Xəzər dənizi belə böyük əhəmiyyətə malikdir, dünyanın bir çox ölkələrinin marağını cəlb edir.

Ancaq bu da xoşdur ki, bu məsələlərin həlli üçün konstruktiv dialoqun zəruri olduğunu indi Xəzəryanı ölkələrin özləri dərk etmişlər. Viktor İvanoviçin Rusiya prezidentinin Xəzər üzrə xüsusi nümayəndəsi təyin olunması çox düzgün və əsaslandırılmış qərardır. Rusiya prezidenti Vladimir Vladimoroviç Putin burada rəsmi səfərdə olarkən biz bu məsələni ətraflı müzakirə etdik. Yeri gəlmişkən, bu səfərin olduqca böyük tarixi əhəmiyyəti var. Çünki biz müstəqillik qazandıqdan, Rusiya özünü suveren ölkə elan etdiyi vaxtdan bəri Rusiya prezidentinin Azərbaycana səfəri olmamışdı, halbuki biz burada çoxlu prezident, baş nazir qəbul edirdik.

Şadam ki, mənim dəvətim qəbul edildi, o, buraya gəldi, səfər çox uğurlu keçdi, Azərbaycanda gözəl təsir bağışladı. Deməliyəm ki, səfər dünyada böyük maraq doğurdu və hətta indi də azalmayıbdır. Bir sözlə, Rusiya prezidenti Putin Azərbaycanda oldu. Düzdür, o, MDB-nin digər ölkələrində də olmuşdur, amma onun Azərbaycana səfərinə marağı xüsusi xarakter daşıyır. Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında imzaladığımız birgə bəyanat çox yaxşı sənəddir. Bəlkə də hələlik hər şeyi əhatə etmir, lakin, hər halda, bu məsələni irəlilətmək üçün Qazaxıstanla imzalanmış sənəddən sonra yaxşı sənəddir.

Viktor İvanoviç, düşünürəm ki, Türkmənistana səfəriniz uğurlu olacaqdır. Çünki eşitmişəm ki, orada daha realist mövqe tutmağa başlayıblar. Sonra, siz orada, cənubda nə kimi işlər görüldüyünü də bilirsiniz. Biz bu işlərə qarışmırıq. Biz özümüz hər şeyi doğru-düzgün edəcəyik. Biz öz prinsiplərimizi müdafiə edirik və edəcəyik. Üstəlik, ötən 6 il bizim prinsiplərimizin doğru olduğunu göstərdi. Əvvəl-axır, hamı bu prinsiplərlə razılaşır.

Direktorlar şurasının iclasını burada keçirməyinizdən məmnun qaldığımı bir daha bildirmək istəyirəm. Xüsusən də ona görə ki, bu, direktorlar şurasının Rusiyanın hüdudlarından kənarda keçirilmiş ilk iclasıdır. Siz çox uğurla işlədiniz, amma "LUKoyl" da, əlbəttə, yaxşı səviyyədədir. Yaratmaq istədiyiniz konsorsiuma gəldikdə, hesab edirəm ki, bu, yaxşı işdir, əlbəttə, əgər bunu həyata keçirə bilsəniz. Öz ölkənizin şirkətlərindənsə, digər ölkələrin şirkətləri ilə konsorsium yaratmaq asandır. "LUKoyl"un nə qədər tərəfdaşı var. Burada o, bəzi layihələrdə iştirak edir. Bu layihələrdə Bi-Pi də, "Amoko" da, "Statoyl" da, "Acip" də var. Başqa yerlərdə də - Qazaxıstanda da belədir və s. İndi o, gedib Fars körfəzinə çıxmışdır, orada nə isə edir. Ona görə də neçə-neçə belə müstəqil neft şirkətindən ibarət konsorsiuma malik olmaq, əlbəttə, ölkənin xeyrinədir. Mən sizə uğurlar arzulayıram. Amma siz burada, görünür, ilk növbədə "LUKoyl"un təcrübəsini öyrənəcəksiniz. Əgər "LUKoyl" bu konsorsiumu öz ətrafında toplaya bilsə, onda bu, baş tutar. Məsələn, Rusiyanın dostu olaraq mən istəyirəm ki, baş tutsun. Mən sizə bir daha uğurlar arzulayıram və Azərbaycan sizin üçün həmişə açıqdır, siz istənilən vaxt əziz qonağımız ola bilərsiniz.

Vahid Ələkbərov: Heydər Əliyeviç, sağ olun, görüşə görə sağ olun.