Azərbaycan Dövlət Neft Sənayesi Elm-Tədqiqat və Layihə İnstitutunun əməkdaşlarına - Bakı şəhəri, 2 mart 1999-cu il


Sizi - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat və Layihə İnstitutunun əməkdaşlarını institutun yaradılmasının 70 illiyi münasibətilə səmimi - qəlbdən təbrik edirəm.

Azərbaycan qədim neft ölkəsi kimi məşhurdur. Dünyada ilk dəfə 1847- ci ildə məhz Azərbaycanda neft fontan vurmuş və sənaye üsulu ilə neft hasilatına başlanmışdır.

Əsrimizin əvvəllərində Azərbaycan dünyanın neft hasil edən ən böyük ölkəsi olmuşdur. İkinci dünya müharibəsi zamanı Sovetlər İttifaqının istifadə etdiyi neftin 75 faizi Azərbaycanda hasil olunmuşdur.

Azərbaycan XX əsrə bir neft ölkəsi kimi daxil olmuş və inkişaf etmişdir. 70 il bundan öncə məhz Azərbaycanda neft sənayesinin dövlət əhəmiyyətli Elmi Tədqiqat və Layihə İnstitutunun yaradılması zamanın tələbi idi.

Fəaliyyətinin ilk dövrlərindən başlayaraq, Azərbaycan Dövlət Sənayesi Elmi Tədqiqat və Layihə İnstitutunda fundamental tədqiqatlar aparılmış və burada yerinə yetirilən bir sıra işlər neft elminin ayrı - ayrı istiqamətlərinin nəzəri əsaslarını təşkil etmişdir. İnstitutun əməkdaşları keçmiş Sovet İttifaqının bir çox neft rayonlarında elmi tədqiqat mərkəzlərinin yaradılmasında bilavasitə iştirak etmişlər.

Ötən illərdə Azərbaycanın neft sənayesində yaranmış elmi - texniki potensial, istehsal və maddi - texniki baza, güclü infrastruktur müstəqil respublikamızın neft sənayesində yeni mərhələdə böyük işlər görülməsi üçün möhkəm zəmin yaratmışdır. İndi Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətlərinin iri və məşhur neft şirkətləri ilə əməkdaşlıq edir. Bu sahədə işlər uğurla davam etdirilir və əldə edilmiş nailiyyətlərə əsaslanaraq demək olar ki, Azərbaycan XXI əsrə yüksək elm və sənaye potensialına malik demokratik, hüquqi dövlət kimi daxil olacaqdır.

Əmin olduğumu bildirirəm ki, zəngin ənənələri, yüksək elmi, mühəndis və texniki kadrları olan Azərbaycan Dövlət Neft Sənayesi Elmi Tədqiqat və Layihə İnstitutu bundan sonra da müstəqil Azərbaycan dövlətinin neft sənayesi qarşısında duran böyük və şərəfli vəzifələri həyata keçirməyə qadir olan bir kollektiv kimi fəaliyyət göstərəcəkdir.

Bu əlamətdar yubiley münasibəti ilə institutun yaradıcı və əməksevər kollektivinə möhkəm cansağlığı və ölkəmizin tərəqqisi naminə yeni - yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

NEFT STRATEGİYASI

Ümumi tarixi arayış

NEFT STRATEGİYASI

Tarixi arayış