Görkəmli dövlət, ictimai və elm xadimi Əziz Əliyevin 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 16 may 1998-ci il


Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar, dostlar!

Bugünkü təntənəli yubiley gecəsi Azərbaycan və Dağıstan xalqlarının görkəmli oğlu Əziz Əliyevin nurlu şəxsiyyətinə, onun 100 illik yubileyinə həsr olunmuşdur. Eyni zamanda, bugünkü mərasim Dağıstan və Azərbaycan xalqlarının dostluq və qardaşlıq bayramıdır.

Biz son illər bu möhtəşəm sarayda Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin yubileylərini təntənə ilə qeyd etmişik. Bu, çox gözəl ənənədir, bugünkü nəsillərin öz tarixi keçmişinə, görkəmli şəxsiyyətlərinə hörmət və ehtiramını, təşəkkür və minnətdarlığını ifadə edir. Ancaq bugünkü təntənəli yubiley gecəsinin fərqi vardır. Bu da ondan ibarətdir ki, biz Əziz Əliyevin 100 illik yubileyini qeyd edirik, eyni zamanda Dağıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluq, qardaşlıq tarixinə yeni gözəl, parlaq səhifələr yazılır.

Aprelin 27-də Dağıstanda, Mahaçqalada Əziz Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Azərbaycanın yüksək səviyyəli nümayəndə heyəti də orada iştirak etmişdir. Bu gün biz Dağıstanın yüksək səviyyəli, çox mötəbər nümayəndə heyətini Azərbaycanda qəbul edirik, Əziz Əliyevin yubileyini birlikdə qeyd edirik, eyni zamanda, Azərbaycan və Dağıstan xalqlarının dostluq, qardaşlıq bayramını keçiririk.

Mən bütün Azərbaycan xalqı adından Dağıstan xalqına hörmət və ehtiramımızı bildirərək, Dağıstan Respublikasının baş naziri Xızrı Şıxsəidovun rəhbərliyi ilə bu gün Azərbaycana gəlmiş Dağıstan nümayəndə heyətini səmimi qəlbdən salamlayıram, onlara "Xoş gəlmisiniz!" deyirəm, Dağıstan və Azərbaycan xalqlarının dostluğunun sarsılmaz olduğunu bir daha bəyan edirəm.

Dağıstan xalqına və Dağıstan nümayəndə heyətinə dərin hörmət bəsləyərək və deyəcəyim sözləri onların da dinləməsini arzu edərək, nitqimin qalan hissəsini hamımız üçün aydın olan rus dilində davam edəcəyəm.

Hörmətli qonaqlar, bizim dostlarımız!

Ümidvaram ki, siz mənim Azərbaycan dilində dediklərimi olduğu kimi başa düşdünüz. Mənim dediklərimi olduğu kimi başa düşməyiniz üçün rus dilində danışacağam, yəqin ki, həmvətənlərim məni düz başa düşəcəklər. Azərbaycanda rus dilini, demək olar, hamı bilir, ona görə də hesab edirəm ki, məni başa düşəcəklər.

Bugünkü təntənə, Əziz Əliyevin 100 illiyinə həsr olunmuş, Dağıstanda və Azərbaycanda keçirilmiş yubiley tədbirləri xalqlarımız, ölkələrimiz, dövlətlərimiz arasında, insanlar arasında olan səmimi dostluq münasibətlərini bir daha nümayiş etdirir. Əziz Əliyev özünün çoxcəhətli fəaliyyəti, humanizmi və qayğıkeşliyi sayəsində Dağıstan və Azərbaycan xalqlarının sarsılmaz dostluğunun simvollarından birinə çevrilmişdir.

Burada Əziz Əliyevin həyat yolu haqqında çox sözlər deyildi. Mən daha çox, daha yaxşı, daha dolğun danışa bilərəm, çünki onu şəxsən tanıyırdım, bir çox illər onunla birlikdə olmuşam. Özü də mənim bildiklərimin bir çoxunu bəlkə də heç kim bilmir. Ancaq bununla belə vaxtınızı almayacağam. Hesab edirəm ki, deyilənlər tamamilə kifayətdir. Mən yalnız bəzi məqamlar üzərində dayanacağam.

Mən əminəm ki, Əziz Əliyev, - bu aylar ərzində dəfələrlə deyildiyi kimi, - Azərbaycan xalqının görkəmli nümayəndələrindən biridir. O, lap əvvəldən qeyri-adi insan idi. Onun tərcümeyi-halına diqqət yetirin. İrəvanda rus gimnaziyasında təhsil almaq və oranı qızıl medalla bitirmək, gənc ikən kömək üçün milyonçu Hacı Zeynalabdin Tağıyevə müraciət etmək, ondan bu köməyi almaq və bütün dünyada məşhur olan hərbi tibb akademiyasında ali tibb təhsili almaq üçün Peterburqa getmək - gənclik illərində bunu heç də hər kəs bacarmazdı. Heç də hər kəs bu qədər məqsədyönlü ola bilməzdi. Başqa sözlə, bu qeyri-adi istedadı ilahidən gələn insan özünün məqsədyönlülüyü, fədakarlığı, zəhmətsevərliyi, biliklərə can atması sayəsində çox şey qazanmış, hərtərəfli insani keyfiyyətlər əldə etmişdir. O, həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi, Moskvada, sonra isə Azərbaycanda məsul işdə çalışmışdı. Ancaq eyni zamanda, onun həyatı heç də asan keçmirdi, maneələrlə, çətinliklərlə, özünə qarşı edilən bir çox haqsızlıqlarla rastlaşırdı. Amma bunların hamısını aradan qaldırır və yolundan dönmürdü.

Bizim üçün xüsusi əhəmiyyəti olan odur ki, Azərbaycan xalqının oğlu Əziz Əliyev yüksək bacarığını, fayda vermək qabiliyyətini yalnız təkcə öz respublikasında, ölkəsində nümayiş etdirməmişdir. O, müharibə illərində İranda çox məsul işi uğurla yerinə yetirmiş, Dağıstanın rəhbəri kimi son dərəcə məsuliyyətli vəzifənin öhdəsindən çox gözəl gəlmiş, Moskvada - tərkibində yaşadığımız Sovetlər İttifaqı kimi bir dövlətin paytaxtında müvəffəqiyyətlə çalışmışdır.

Bizim xalqımız üçün bunun xüsusi əhəmiyyəti var, ona görə ki, xalqımız, Azərbaycanın ən yaxşı oğulları təkcə öz ölkəsində deyil, həm də başqa ölkələrdə, respublikalarda layiqli yer tuta bilir. Bu, hər bir azərbaycanlının qəlbində çox böyük iftixar hissi doğurur.

İkinci dünya müharibəsi bəşər tarixində ən ağır müharibədir. Böyük Vətən müharibəsi faşizmə, cəhalətə, təcavüzə qarşı müharibə idi. Faşizmə qarşı vuruşanlar, qələbənin təmin olunması işinə öz töhfəsini verənlər, öz fəaliyyəti ilə bu qələbənin çalınmasına kömək edənlər, şübhəsiz, ən yüksək qiymətə və ən yüksək hörmətə layiqdirlər.

Bəli, faşist qoşunları Sovet İttifaqına hücuma keçdikdən sonra qısa bir vaxtda çox irəliləmiş və Qafqaz dağlarının ətəklərinə, Dağıstanın həndəvərinə çatmışdılar. Dağıstan istisna olmaqla, bütün Şimali Qafqaz faşist qoşunları tərəfindən işğal edilmişdi. Onlar Bakıya can atır, Bakı neftini ələ keçirmək istəyirdilər. Bu baş tutsaydı müharibənin nəticəsi bəlkə də başqa cür olardı. Sovet Ordusu, Vətənin müdafiəsinə qalxan insanlar kütləvi qəhrəmanlıq göstərdilər. Bir neçə gün əvvəl, mayın 9-da biz alman faşizmi üzərində qələbənin 53-cü ildönümünü qeyd etdik. Biz cəbhədə vuruşmuş, arxada qələbəni təmin etmiş, faşizmin qarşısını kəsə bilmiş insanlara indiki nəslin bəslədiyi hissləri bir daha və dönə-dönə ifadə etdik. Belə görkəmli insanlardan biri də Əziz Əliyev idi.

O, ön xətdə, Dağıstanda olmuşdur. Onun qismətinə olduqca çox çətin vəzifələr düşmüş və o, bu vəzifələrin öhdəsindən uğurla gəlmişdir. 1941-ci ilin yayında, Sovet İttifaqına faşistlərin hücumu başlandıqdan az sonra sovet qoşunları İrana daxil oldular. Əziz Əliyev Azərbaycan nümayəndələrinin böyük bir qrupuna başçılıq etdi və İranda mürəkkəb şəraitdə xüsusi missiyanı yerinə yetirdi.

Bəli, vaxt gələcək və onun həmin dövrdəki fəaliyyətinin təfərrüatı da aşkara çıxarılacaqdır. Lakin, məsələn, mənə məlumdur ki, o görkəmli Azərbaycan yazıçıları Süleyman Rüstəm, Mirzə İbrahimov, Süleyman Rəhimov və bir çox başqaları ilə birlikdə orada necə cəsarətlə və ağılla iş aparırdı. Ancaq faşist qoşunları Dağıstan sərhədlərinə yaxınlaşan kimi, - orada son dərəcə mürəkkəb vəziyyət yaranmışdı, - Dövlət Müdafiə Komitəsinin qərarı ilə Əziz Əliyev Dağıstana göndərildi. Dağıstanlılar 1942-ci ilin sentyabrında onların respublikasında vəziyyətin necə olduğunu yaxşı bilirlər. Orada əvvəllər yaşamamış, işləməmiş olan bu adam oraya gəldi və qısa müddətdə bu çoxmillətli diyarı öz ətrafında sıx birləşdirməyə, hamını öz ətrafına toplamağa və onları Dağıstanın müdafiəsinə, deməli, həm də Zaqafqaziyanın, Bakı neftinin müdafiəsinə qaldırmağa müvəffəq oldu. Bu, böyük iş idi və o, həmin işi gördü. Bu işi o özünün qeyri-adi insani keyfiyyətləri, istedadı, ağıl-zəkası sayəsində həyata keçirdi.

Açığını deyək ki, o vaxtlar Əziz Əliyev Azərbaycanın dövlət xadimləri arasında ali təhsili olan, ziyalılığı, zəngin elmi biliyi ilə fərqlənən bir neçə adamdan biri, bəlkə də yeganə adam idi. Bütün bu keyfiyyətlər qısa müddətdə Dağıstanda vəziyyəti sabitləşdirməkdə, bu respublikanın xalqını Qafqazın müdafiəsi üçün birləşdirməkdə ona kömək etdi. Dağıstanlılar Əziz Əliyev başda olmaqla və bizim ordumuzla, o vaxtkı sovet ordusu ilə birlikdə çox böyük vəzifəni yerinə yetirdilər. Onlar Qafqazı müdafiə etdilər, faşist qoşunlarını irəliləməyə qoymadılar, Bakı neftini xilas etdilər.

Təbii ki, bütün bunlar ali komandanlığın, qoşunların, Qafqazın müdafiəsinə səfərbər edilmiş bütün şəxslərin çox böyük, qəhrəmancasına fəaliyyətinin nəticəsi idi. Lakin Əziz Əliyev başda olmaqla dağıstanlıların töhfəsi də çox böyük və sanballı olmuşdur.

Sonra Əziz Əliyev Moskvada işlədi. Daha sonra, 50-ci ildə onu yenidən Azərbaycana qaytardılar, burada Nazirlər Soveti sədrinin müavini işlədi, bir il sonra isə bütün vəzifələrdən çıxardılar, partiya cəzası verdilər, beləliklə də, əslində ona qarşı cinayət etdilər. Mən bunu xatırlayıram.

İndi deyə bilərik ki, onun çox çətin, ancaq eyni zamanda xoşbəxt taleyi olubdur. O, öz həyat yolunda bir çox çətinliklərlə, maneələrlə rastlaşmış, ancaq onları aradan qaldırmışdır. Ədalətsizliklə də qarşılaşmış, amma ruhdan düşməmişdir.

Əziz Əliyev İrəvanda anadan olmuş və artıq 1918-ci ildə özü və bütün ailəsi soyqırıma, deportasiyaya məruz qalmışdır. O, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı çox gənc yaşında özü görmüş və doğma diyarını tərk edərək Naxçıvana, oradan da Bakıya köçməyə məcbur olmuşdur. O, çalışır, çox iş görürdü, əvəzində 40-cı ildə ona töhmət elan edirlər ki, guya tibb institutunu antisovet ünsürlərdən, millətçilərdən və sairdən təmizləməmişdir.

O, müharibə vaxtı İranda, Dağıstanda nə qədər böyük iş görmüş, Moskvada müvəffəqiyyətlə işləmiş, sonra vətənə qayıtmışdı. Bir il sonra isə onu işdən çıxarmışdılar ki, guya valideynlərinin sosial mənşəyini, bacısının İranda olmasını gizlətmişdir. Bu paradoks indi artıq bizə məlumdur.

Əziz Əliyev mənə danışırdı ki, o, 1938-ci il repressiyasından möcüzə nəticəsində xilas olmuşdur. Onu sonralar, 50-ci illərin əvvəlində repressiya etdilər. İşdən çıxarıb Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru təyin etdilər, amma tezliklə bu vəzifədən də çıxardılar. Professoru, elmlər doktorunu, bu qədər xidmətləri olan bir insanı Sabunçu xəstəxanasına adi həkim göndərdilər və o, üç il orada işlədi. Bu, onun o vaxtkı rejimin bilavasitə Mir Cəfər Bağırov tərəfindən həyata keçirdiyi repressiyalara məruz qaldığı dövr idi.

Əziz Əliyevin heç bir günahı yox idi. Hamı yaxşı bilirdi ki, əri kimi özü də İran təbəəsi olan böyük bacısı 1938-ci ildə, İran təbəəli azərbaycanlılar buradan çıxarılan vaxt İrana köçməyə məcbur olmuşdu. Bu, məlum idi və heç kim bunu gizlətmirdi. Onun isə boynuna qoydular ki, bu faktı gizlətmişdir.

Onun ailəsinin sosial mənşəyi də məlum idi. 1926-cı ildə o, Kommunist Partiyasına daxil olmuş, yüksək vəzifələrdə işləmiş, SSRİ, Azərbaycan, Dağıstan ali sovetlərinin deputatı seçilmişdi və sairə. O, müharibə zamanı necə hünər göstərmişdir. 1951-ci ildə isə birdən-birə deyirlər ki, guya o, özünün sosial mənşəyini gizlətmişdir. Onu repressiyaya məruz qoymaq üçün sadəcə olaraq nəyəsə öcəşmək lazım idi.

Deməliyəm ki, mən özüm də bu repressiyadan əziyyət çəkmişəm. O vaxt mənim Əziz Əliyev ilə qohumluq münasibətlərim yox idi və bu gün geniş ictimaiyyətə bəlkə də ilk dəfə deyəcəyəm ki, mərhum həyat yoldaşım Zərifə xanımla 1948-ci ildə tanış olmuşdum. Az sonra mən Leninqrada oxumağa getdim. 50-ci ildə oradan Bakıya qayıdandan sonra, şübhəsiz ki, öz ailə həyatımı qurmaq, evlənmək fikrində idim. Ancaq mənim mənzil-məişət şəraitim buna imkan vermirdi - anam və qardaşlarımla İçərişəhərdə zirzəmidə kirayədə yaşayırdım. Şərait yox idi və mən mənzil almağımı gözləyirdim.

1952-ci ildə mən ikiotaqlı mənzil aldım. Lakin o vaxt mənə Əziz Əliyevin ailəsi ilə ünsiyyətdə olmaq qadağan edilmişdi. Xatirimdədir, 1951-ci ildə Əziz Əliyev işdən çıxarıldıqda Zərifə xanımla biz görüşdük və o, mənə dedi: "Deyəsən, biz bir daha görüşə bilməyəcəyik, çünki atamı işdən çıxarıblar və ona qarşı siyasi ittiham irəli sürüblər. Sən isə dövlət təhlükəsizliyi orqanlarında işləyirsən və bu, sənə zərər gətirə bilər. Odur ki, deyəsən, bizə birlikdə olmaq qismət deyilmiş". Mən, əlbəttə, etirazımı bildirdim və münasibətlərimiz davam etdi.

Bundan az sonra, - həmin vaxtlar Əziz Əliyevin ailəsini isə izləyir və onu həbsə almaq üçün fəal məşğul olurdular, - o vaxtkı dövlət təhlükəsizliyi naziri general Yemelyanov məni yanına çağırıb bu sözləri dedi: "Sən cavan və bacarıqlı işçisən, Leninqradda çox yüksək təhsil alıbsan, təhsili uğurla başa çatdırıbsan, sənin gələcəyin var. Ancaq sən Əziz Əliyevin ailəsi ilə bütün əlaqələri kəsməlisən, yoxsa, biz səni işdən çıxarmalı olacağıq". Orqanlarda işlədiyimə və məsələnin nə yerdə olduğunu bildiyimə görə, ondan belə ittihamlar üçün nə kimi əsaslar olduğunu soruşdum. O, məni danlayıb dedi: "Sən hələ cavansan və başa düşmürsən. Yoldaş Mircəfər Bağırov göstəriş verib və biz onu yerinə yetirməliyik".

Aradan bir il keçdi. Mənim əlaqələrim qeyri-leqal xarakter aldı, əks halda başqa cür mümkün deyildi. Bir ildən sonra, 1953-cü ilin əvvəllərində general Yemelyanov yenidən məni yanına çağırdı və qəti şəkildə xəbərdarlıq etdi: "Əgər sən öz əlaqələrini kəsməsən, onda nəzərə al ki, işdən çıxarılacaqsan, həm də nəinki işdən çıxarılacaqsan, eyni zamanda, ciddi şəkildə cəzalandırılacaqsan". Artıq o vaxt bilirdim ki, hər şey ona doğru gedir ki, Əziz Əliyevi həbs etməli, onun ailəsini isə Mircəfər Bağırovun göstərişi ilə buradan sürgün etməli idilər.

Amma Allah kömək etdi. 1953-cü ilin martında Stalin öldü, həmin ilin yayında isə Mircəfər Bağırovu əvvəlcə işdən çıxardılar, sonra da həbs etdilər. Bütün bu müddətdə Əziz Əliyev Sabunçuda həkim işləyirdi və onu öz əvvəlki vəzifəsinə - Ortopediya və Bərpa Cərrahiyyə İnstitutunun direktoru vəzifəsinə yalnız 1954-cü ilin martında qaytardılar. Bundan sonra mən, necə deyərlər, azadlığa çıxdım və 1954-cü ilin noyabrında öz ailə həyatımı qura bildim.

Qohum olduğumuz illərdə mən Əziz Əliyev ilə çox yaxından ünsiyyət saxlayırdım. Açığını deyim ki, bütün burada deyilənlərlə yanaşı, o, həm də olduqca gözəl insan idi. Bir insan kimi, bir ata kimi olduqca gözəl adam idi. Sadə, məhrəm, ağıllı həmsöhbət olan bu insan tarixdən, ədəbiyyat və incəsənətdən çox şey bilirdi. Azərbaycanda və Dağıstanda işlədiyi illərdə o, elm xadimləri ilə çox sıx təmasda olurdu. Bütün tibb professorları onun dostları idi, onların çoxunu o hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox başqaları kimi görkəmli xadimləri ilə onun çox yaxın, mehriban və ailəvi münasibətləri vardı. Bütün bunlar ona görə olurdu ki, o, çox ziyalı bir adam idi, yüksək səviyyədə savadlı, mədəni adam olduğuna görə həmişə məhz bu mühitlə təmasda olmağa çalışırdı. Həmin adamlar da onunla yaxın olmaq istəyirdilər. O, hər cəhətdən gözəl insan idi.

Əlbəttə, o, vaxtilə məruz qaldığı repressiyalara görə son illərdə çox həyəcan keçirirdi. Lakin, bununla yanaşı, Əziz Əliyev ona qarşı ədalətsizlik edərək repressiya törədənləri də, onların özlərinin nə kimi cəzalar çəkdiyini də görmüşdür. O, nəinki Mircəfər Bağırovun tutulduğunu, həm də 1956-cı ildə Bakıda onun və digər cinayətkarların məhkəmə prosesini də görmüşdür.

Müttəhimlər kürsüsündə Mircəfər Bağırovla birlikdə həmin general Stepan Yemelyanov da əyləşmişdi, o Yemelyanov ki, Əziz Əliyevlə əlaqə saxladığıma görə mənə iki dəfə xəbərdarlıq etmiş və məni danlamışdı. Ona 25 il həbs cəzası kəsdilər. Görün, tale necə olur. Sonralar, 70-ci illərdə mən MK-nın birinci katibi işləyərkən, Yemelyanov öz cəzasını çəkib Bakıya qayıtdı və mənə məktub yazaraq ona bəzi şəxsi işlərində kömək göstərməyi xahiş etdi. Həyat bax, belədir.

Bütün bunları ona görə deyirəm ki, öz təəssüratlarımı bölüşmək istəyirəm, həmçinin bildirmək üçün ki, keçmişdə bizim çox xoş, yaxşı münasibətlərimiz olubdur, biz onları qiymətləndirməli və unutmamalıyıq. Amma keçmişdə çox ağır hallar da olubdur. Biz elə hallara gərək heç zaman yol verməyək. Xalqımız XIX və XX əsrlər ərzində, 1918-ci ildə soyqırımlara məruz qalıbdır. Sonra Ermənistanda yaşamış azərbaycanlıları 1948-ci ildən etibarən Stalinin xüsusi qərarı ilə və yenə də Mircəfər Bağırovun iştirakı ilə zor gücünə Azərbaycana deportasiya etmişlər. Birinci deportasiya əsrin əvvəllərində başlanmışdır. 1918-ci ildə Əziz Əliyevin ailəsi soyqırıma məruz qalaraq deportasiya edilmişdir. Onun orada qalan nəsilləri 1948-1953-cü illərdə köçürülmüşlər. Ermənistanda qalanlar isə 1988-ci ildə Ermənistanla Azərbaycan arasında münaqişə başlandıqda gözümçıxdıya salınmış, məhv edilmiş, zorla oradan çıxarılmışlar.

20-ci, 30-cu, 40-cı, 50-ci illərin repressiyaları totalitar sovet rejiminin bütün sovet xalqına qarşı, xüsusən Azərbaycan xalqına qarşı törətdiyi ən ağır cinayətdir. 37-38-ci illərdə Azərbaycan xalqının məruz qaldığı repressiyalar, zənnimcə, heç bir respublikada olmayıbdır. Azərbaycanın ən görkəmli elm və mədəniyyət, təhsil xadimləri məhv edilmişlər. Bunu da unutmaq olmaz. Bununla birlikdə, belə hallar bir daha təkrar edilməməlidir.

Bu gün Azərbaycan müstəqil respublikadır. İndi biz azad insanlarıq. O illərdə çalışan, Azərbaycanın elmini, təhsilini, səhiyyəsini, iqtisadi potensialını və sənayesini yaratmış insanlar Azərbaycanın bugünkü müstəqilliyinin bünövrəsini qoymuşlar. Biz onları unutmamalıyıq, onları xatırlamalı, onların xidmətlərini lazımınca qiymətləndirməliyik. Bu adamlar arasında Əziz Əliyev də var.

Mən çıxışımın əvvəlində dedim və bir daha demək istəyirəm ki, bugünkü gün Dağıstan və Azərbaycan xalqları arasında dostluğun parlaq bir səhifəsidir. Xalqlarımız həmişə dostluq etmişlər və indi biz bu dostluğu, münasibətlərimizi möhkəmləndiririk. Ötən ilin noyabrında biz Qafqazın böyük oğlu, bütün Qafqaz xalqlarının görkəmli qəhrəmanı Şeyx Şamilin 200 illiyini birlikdə qeyd etdik. Xalq Məclisinin sədri Muxu Əliyev başda olmaqla Dağıstandan Bakıya böyük bir nümayəndə heyəti gəlmişdi. Bizim nümayəndə heyəti Mahaçqalaya getmişdi. Biz bir yerdə olduq və Şeyx Şamil bizim ümumi qəhrəmanımızdır. Təsadüfi deyil ki, həmin gecədə Şeyx Şamilin indi Şəki rayonunda yaşayan nəticəsi Məryət Əsgərova da çıxış etdi.

Biz həmişə bir-birimizin yanında olmuşuq və azərbaycanlılarla dağıstanlıları bir-birindən heç vaxt ayırmamışıq. Əslən Dağıstan xalqlarından olan adamlar bu gün Azərbaycanda tamhüquqlu vətəndaşlar kimi yaşayırlar. Dağıstanda da azərbaycanlılar yaşayırlar, təkcə azərbaycanlılar deyil, başqa millətlər də yaşayırlar. Dağıstanda yaşayanların hamısı bizim qardaşlarımız, dostlarımızdır. Hesab edirəm ki, Azərbaycanda yaşayanların da hamısı bütün dağıstanlıların qardaşları və dostlarıdır.

Mən artıq dedim, Əziz Əliyev kimi görkəmli insanlar Dağıstan və Azərbaycan xalqları arasında dostluğun və qardaşlığın möhkəmlənməsinə çox böyük töhfə vermişlər. İndi bu işə biz də öz töhfəmizi verməliyik. Ona görə ki, heç nə bir yerdə donub qalmır, hər şey inkişafda, hərəkətdədir. Həyatımızın indiki dövrü keçmişdəkindən - biz bir dövlətin, bir ölkənin tərkibində olduğumuz dövrdəkindən fərqlidir. İndi Azərbaycan müstəqil dövlətdir. Respublika olan Dağıstan eyni zamanda Rusiya Federasiyasının bir hissəsidir. Bizim Dağıstanla olan münasibətlərimiz - Rusiya ilə dostluq münasibətləri deməkdir. Biz Rusiya, rus xalqı ilə həmişə dostluq və mehriban münasibətlər şəraitində yaşamışıq. İndi də bu cür münasibətlər şəraitində yaşayırıq. Biz Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlığı gələcəkdə də möhkəmləndirəcəyik.

Dağıstan özünün coğrafi mövqeyi, Azərbaycana xüsusi yaxınlığı baxımından Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində xüsusi rol oynayır. Biz Dağıstanla Azərbaycan arasında dostluğu nə qədər çox möhkəmləndirsək, Rusiya Federasiyası ilə Azərbaycan arasındakı dostluq da bir o qədər möhkəm olacaqdır.

Keçmişimizə dair gözəl nümunələr çoxdur, bugünkü həyatımızda da xeyirxah, yaxşı cəhətlər az deyildir. Mən buna böyük hörmət hissi ilə yanaşıram ki, Dağıstanın həm Dövlət Şurası, həm hökuməti, həm də parlamenti, Məhəmmədəli Məhəmmədov da, Xizri Şıxsəidov da, Muxu Əliyev də, bütün başqa dostlarımız da Azərbaycanla münasibətləri möhkəmləndirir və inkişaf etdirirlər. Əziz dostlar, Sizi əmin etmək istəyirəm ki, bu dostluğun daha da möhkəm, sarsılmaz olması üçün biz Azərbaycanda hər şeyi edirik və bundan sonra da edəcəyik.

Bizim necə birgə tariximiz olduğunu sübut etməyə ehtiyac yoxdur. Gözəl şair Fazu Əliyevanın dediyi kimi, Dağıstan qadınlarının Azərbaycan kişilərini və Azərbaycan kişilərinin, cavanlarının Dağıstan gözəllərini necə sevdiklərini sübut etməyə lüzum yoxdur. Gözəl deyilmişdir, özü də bunu belə bir gözəl dağlı qızı, bizim böyük dostumuz Rəsul Həmzətovla birlikdə öz yaradıcılığı, şerləri ilə Dağıstan xalqlarını şöhrətləndirən gözəl şair Fazu Əliyeva demişdir.

Bütün bunlar bizim ümumi, misilsiz sərvətimizdir. Bizim borcumuz, vəzifəmiz, gələcək nəsillərin borcu və vəzifəsi isə bu sərvəti, nə varsa hamısını qoruyub saxlamaq, möhkəmləndirmək və inkişaf etdirməkdir. Əminəm ki, Dağıstan və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq əbədi olacaqdır. Əziz Əliyev bu dostluğun simvoludur. Onun davamçıları olan biz isə bu dostluğun əbədi olması üçün hər şeyi edirik.

Azərbaycan xalqına bəslədiyi çox böyük hisslərə, Əziz Əliyevin xatirəsinə göstərdiyi diqqətə görə Dağıstan xalqına bir daha ən dərin minnətdarlığımı bildirirəm.

Yaşasın Dağıstan! Yaşasın Azərbaycan! Dağıstan və Azərbaycan xalqlarının əbədi və sarsılmaz dostluğuna eşq olsun!

"Azərbaycan" qəzeti, 17 may 1998-ci il

Tarixi arayış