Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Azərbaycan Respublikası Milli Məclisinin iclasında respublikada qanunsuz həbslər olub-olmaması haqqında məsələnin müzakirəsi ilə bağlı çıxışı - 29 sentyabr 1993-cü il


Bu məsələni Milli Məclisin səviyyəsinə qaldırmaq və daxili işlər nazirinin, milli təhlükəsizlik nazirinin, baş prokurorun birinci müavininin məlumatlarını burada dinləməyin özü demokratiyanın çox güclü təzahürüdür. Təsəvvür edin, başqa bir yerdə deməyə imkanınız olmayan sözləri burada deyirsiniz. Bu imkanı da sizə mən yaradıram. Bunu bütün respublika eşidir. Siz orada mətbuat konfransı keçirmisiniz və öz fikrinizi 30-40 jurnalistə demisiniz, xarici ölkələrə məlumat vermisiniz. İndi isə bunu bütün dünya eşidir, respublika eşidir. Əgər mən başqa fikirdə olsaydım, onda bu məsələni heç müzakirəyə çıxarmazdım. Srağagün biz nazirin məlumatını dindədik. Sonra mən daxili işlər nazirini də, milli təhlükəsizlik nazirini də, baş prokurorun birinci müavinini də çağırmışdım. Onlar yazılı məlumat verdilər. Həmin məlumatlar buradadır. Bunlarla kifayətlənib, müəyyən göstərişlər vermək olardı. Əgər biz bu məsələni belə geniş miqyasda müzakirəyə çıxarırıqsa və bütün əhaliyə imkan yaradırıqsa ki, bu məsələyə münasibətimizi bilsin, elə bunun özü sözün əsl mənasında ən geniş və əyani demokratiyadır.

Amma bəla burasındadır ki, bizim məclisin üzvü İbrahim bəy kimi adamlar, - bu, Xalq Cəbhəsinin ən böyük bəlasıdır, - belə hesab edirlər ki, onlar Azərbaycanda demokratiyanın Allahıdırlar, dedikləri Quran ayəsidir, yalnız və yalnız onlar demokratik adam ola bilərlər, başqaları əsla ola bilməz və onların gördüyü bütün işlər demokratik işlərdir. Bu, sizin bədbəxtliyinizdir, İbrahim bəy. Mən sizə dəfələrlə demişəm, bəzən mənim sizə yazığım gəlir. Ona görə ki, siz özünüz haqqında elə fikirdəsiniz ki, guya siz böyük hünər göstərib, dağı-dağ üstə qoymusunuz. Axı belə deyil! Yoxsa, yeddi milyon əhalisi olan Azərbaycanda təkcə siz demokratsınız, qalan hamımız anti-demokratıq? Qanun tərəfdarları tək bir siz oldunuz, qalanların hamısı konstitusiyanın əleyhinə çıxan adamlardır? Axı belə olmaz! Bu iddialardan əl çəkin.

Mən Ali Sovetin sədri kimi Milli Məclisin iclasını apararkən şərait yaradıram ki, burada hərə öz fikrini desin. Amma bu o demək deyil ki, burada böhtanlar atasınız, başqa adamlar haqqında hökmlər verəsiniz. Daxili işlər naziri çıxış edib öz fikrini deyir ki, Xalq Cəbhəsi bağlanmalıdır. Siz də sübut edin ki, yox, bağlanmamalıdır. Bax budur, fikir müxtəlifliyi. O deyir ki, İbrahim İbrahimov məclis üzvlüyündən çıxarılmalıdır. Bunu deməyə onun haqqı var. Siz isə özünüzü müdafiə edin. Yoxsa durub deyirsiniz ki, heç kəs məni Milli Məclisin üzvlüyündən çıxara bilməz. Bu nə deməkdir, siz nəyə arxayınsınız? Mən başa düşə bilmirəm. Əgər məclisin üzvləri səs versələr, siz çıxacaqsınız. Amma siz deyirsiniz ki, heç kəs məni çıxara bilməz. Mən bunları ona görə deyirəm ki, siz bu ifadələri işlədəndə düşünmürsünüz axı! Odur ki, sizə yazığım gəlir. Düşünsəydiniz, belə sözlər deməzdiniz.

Bax, bunu sizə də, başqalarına da deyirəm. Siz dediniz ki, burada antikonstitusion yol ilə hakimiyyət dəyişildi. Bu böhtançılıqla nə vaxtadək, nə qədər məşğul olacaqsınız? Deyirsiniz ki, gedən proseslərə siyasi qiymət verilməyibdir. Bu böhtançılıqla nə qədər məşğul olacaqsınız? Əl çəkin bunlardan! Mən bu məsələni müzakirəyə çıxartmışam ki, burada həqiqətən, sözün əsl mənasında milli barışıq elan edim. Gördünüz ki, öz səlahiyyətimdən istifadə edib, burada çıxış edən iki adama göstəriş verdim. Amma siz görün nə iddialar irəli sürürsünüz. Nə qədər danışmaq olar? 74 il ərzində buranı dağıdıblar? Yoxsa buranı siz düzəltmisiniz? Yaşadığınız torpaq da, ev-eşik də, oxuduğunuz, işlədiyiniz məktəb də, bu bina da - hamısı 74 il ərzində yaradılıbdır. Bəs siz nə yaratmısınız? Hər şeyə düzgün qiymət vermək lazımdır. 74 il Azərbaycan xalqının tarixidir, bizim tariximizdir. 74 ildə bir neçə nəsil yaşayıb, qurub-yaradıb. İndi sizin nə haqqınız var ki, bu 74 ilin üstündən qara xətt çəkirsiniz? Nə haqqınız var? Hansı xidmətlərinizə görə? Sizin də, sizin başçınız Elçibəyin də, deyin görək, hansı xidmətləri olub? Göstərin görək, hansı ağacı əkmisiniz? Hansı arxa su çəkmisiniz? Hansı evi tikmisiniz, hansı binanı ucaltmısınız? Belə olmaz axı!

Sözünüzü deyin, amma bu iddialardan əl çəkin. Özünüzü elə qələmə verməyin ki, Allah tərəfindən yaradılmış xüsusi bir təbəqəsiniz. Siz də bu xalqın içərisindən çıxmış, bu xalqın arasında yaşamış adamlarsınız. Sizin fikriniz belədir, başqalarının fikri ayrı cürdür. Mən gərək hər dəfə sübut edəm ki, İbrahim İbrahimov demokratik adam deyil, antidemokratik adamdır? Mən demokratiya ilə məşğul olanda sən hələ kənddə, necə deyərlər, ayaqyalın gəzirdin. Mən məhz demokratiya ilə məşğulam. İndi sən gəlib Azərbaycanda demokratiyanın banisi olmusan, demokratiyanın hakimi olmusan? Hələ bir qiymət verirsən ki, kim demokratiyanın tərəfdarıdır, kim əleyhinədir? Belə şeylər yaramaz axı, qardaş! Belə olmaz, milli barışığa bu cür getmək olmaz. Nə haqla deyirsiniz ki, hakimiyyət antikonstitusion yol ilə dəyişib? Bu, böhtandır. Mən bunu rədd edirəm. Belə düşünürəm ki, bunu bütün məclis rədd edir. Məsələ xeyli vaxtdır ki, müzakirə edilir. Gəncədə baş vermiş hadisələr burada iyulun 15-16-da müzakirə olunub, ona siyasi qiymət verilib və Milli Məclis qərar qəbul edib. Siz o qərarın əleyhinə səs vermisiniz. Əgər demokratik adamsınızsa, bilməlisiniz ki, siz Milli Məclisin qəbul etdiyi qərara tabesiniz, müxalifətdə ola bilərsiniz, o qərarın əleyhinə səs verə bilərsiniz. Ancaq qərar Milli Məclisin qərarıdır. Bu Milli Məclisi isə mən yox, siz yaratmısınız, Xalq Cəbhəsi yaradıb. Bu, sizin təşkilatdır. Bax, sizin bu təşkilatınız iyulun 16-da Gəncə hadisələri haqqında qərar qəbul edibdir. Deyirsiniz ki, referendumu boykot edirdiniz, buna görə də mitinq çağırmışdınız. Bu, demokratik hərəkətdir?

Nə ixtiyarınız var idi ki, referendumu boykot edəsiniz, bir halda ki, Milli Məclis referendum haqqında qərar çıxarmışdı? Siz referenduma gedib öz səsinizi verə bilərdiniz, təbliğat apara bilərdiniz. Amma boykot etməyə ixtiyarınız yoxdur. Siz özünüz qanunları pozursunuz, insan hüquqlarını pozursunuz, konstitusiyanı pozursunuz - hamısını pozursunuz. Özünüz də deyirsiniz ki, siz demokratiya tərəfdarısınız, bəs vaxt gələcək ki, bunlar hamısı dağılacaq və siz burada demokratiyanı yenidən bərpa edəcəksiniz...

Referendum dünya təcrübəsində müəyyən, mühüm məsələləri dövlət səviyyəsində həll etmək üçün, xalqın rəyini öyrənmək üçün ən demokratik yoldur, ən demokratik tədbirdir. Bundan da demokratik tədbir yoxdur. Bu referenduma da biz birdən-birə getmədik. Azərbaycanın prezidenti Əbülfəz Elçibəy öz iş yerini qoyub qaçdı. Bunları mən dəfələrlə demişəm. Bu sözləri deməkdən yoruldum, amma siz məni təkrar deməyə məcbur edirsiniz. Əgər o çıxıb gedibsə, respublikanı başsız qoyubsa, deməli nə isə etmək, bir iş görmək lazımdır. Yoxsa, Əbülfəz Elçibəy peyğəmbər idi ki, biz onsuz yaşaya bilmirdik? Ya gəlib prezidentliyini etməliyli, ya da ki, xalqı bu vəziyyətdə qoymamalıylıq.

İyunun 17-də qaçıb getdi, avqustun 29-da isə referendum keçirildi. Bir təsəvvür edin, iki ay yarım xalq bu vəziyyətdə qaldı. İndi də deyirsiniz ki, anti-konstitusion yol ilə hakimiyyətə gəliblər. Burada heç kəs konstitusiyaya zidd yolla hakimiyyətə gəlməyib. Əgər məni deyirsinizsə, məni siz özünüz gətirmisiniz. İndi deyin görüm, məndən nə istəyirsiniz? Bu sözləri nə qədər təkrar etmək olar? Mən var qüvvəmlə çalışdım ki, Əbülfəz Elçibəy qayıdıb gəlsin. Amma gəlmədi. Biz bütün dünyanın təcrübəsindən istifadə etdik. Hamı dedi ki, referendum olmalıdır. Referendum da keçirdik. Referendumdan sonra prezident seçkiləri təyin etdik. Mən Xalq Cəbhəsinə müraciət etdim. Əbülfəz Elçibəyə televiziya ilə müraciət etdim ki, prezident seçkilərində yenə də iştirak etsin. Siz də, İbrahim bəy iştirak edin. Ədalət Rəhimov da iştirak eləsin, başqaları da . Kimi istəyirsinizsə, iştirak etsinlər. Bəs niyə iştirak etmirsiniz? İndi də başlamısınız ki, bəli, biz prezident seçkilərini pozmaq istəyirik. Ayıb deyilmi sizə?

Buna görə də mən Ali Sovetin sədri kimi, vətəndaş kimi, bir daha qeyd edirəm ki, demokratiyanın bərqərar olması üçün bundan sonra da əlimdən gələni edəcəyəm. Lakin demokratiyanı təhrif etmək, özünü demokratik adam kimi qələmə vermək, qalanlarına pis gözlə baxmaq demokratiya prinsiplərinə ziddir. Qanun pozuntuları da, insan hüquqlarının pozulması da demokratiya prinsiplərinə ziddir. Fövqəladə vəziyyət rejimi tətbiq edildiyi dövrdə mitinq keçirilməməlidir. Amma siz, ailədə ərköyün böyüdülmüş uşaq kimi belə hesab edirsiniz ki, nə istəsəniz edə bilərsiniz. Bax, siz belə bir vəziyyətdəsiniz. Bu vəziyyətdən çıxın. Siz özünüzü ərköyün uşaq kimi aparırsınız, yəni biz nə istəyirik, onu da edirik: "fövqəladə vəziyyət rejimi dövründə mitinq də keçirə bilərik, qanunu da poza bilərik, bir sözlə, hər şey edə bilərik".

Məclisin bəzi üzvləri çıxış edib dedilər ki, Xalq Cəbhəsinin üzvləri bu salonda adamları döyüblər, söyüblər, təhqir də ediblər, qanunsuz olaraq həbsə də alıblar. İndi siz siyahı çıxarıb deyirsiniz ki, min nəfər adam işdən qovulub. Mən bilmirəm, bu, düzdür, ya yox. İnanmıram buna, Xalq Cəbhəsi adamlarının əksəriyyəti iş başındadır. Bəziləri vəzifələrini, özləri demişkən, dondurdular. Bu, onların öz işidir. Elə dondurublar ki, hələ indiyədək bunun içərisindədirlər. Yenə deyirəm, bu, onların öz işidir, amma əksəriyyəti iş başındadır, işləyir.

Bəs siz hakimiyyət başına gəldikdə nə işlər gördünüz? Adamların başına nə işlər gətirdiniz; nə oyunlar açdınız? İşdən də çıxartdınız, həbs də elədiniz, döydünüz lə, söydünüz də. Mən demirəm ki, indi onları təkrar etmək lazımdır, yaxud da kimsə təkrar edirsə, mən ona bəraət qazandırıram, - xeyr, belə deyildir. Mən ona da nifrət edirəm, indi qanunları pozanlara da . Onun da əleyhinəyəm, bunun da . Amma siz elə bilirsiniz ki, tutduğunuz əməllərin hamısı qanunidir, sizin buna haqqınız vardı. Lakin indi sizin qeyri-qanuni hərəkətlərinizi bir balaca qanun çərçivəsinə qoymaq istədikdə dünyaya car çəkirsiniz ki, burada qanun pozulur, insan hüquqları, demokratiya pozulur. Siz nə desəniz də, nə etsəniz də, bilin ki, mən qanunun və insan hüquqlarının pozulmasının əleyhinəyəm. Amma siz də bilin ki, qanun nə deməkdir, qanunun hüdudu haradadır, insan hüquqlarının həddi haradadır. Bunları bilin və özünüzü ərköyün uşaq kimi aparmayın, özünüzə istisna səlahiyyət tələb etməyin, bunlar doğru deyildir.

O ki qaldı Xalq Cəbhəsinin bağlanmasına, İbrahim İbrahimovun Milli Məclis üzvlüyündən çıxarılmasına, Xalq Cəbhəsinin iqamətgahına dair burada irəli sürülən təkliflərə, yenə deyirəm, hər adamın öz təklifini verməyə haqqı var. Məsələn, mən belə təkliflərin müzakirəyə qoyulmasına tərəfdar deyiləm. Ona görə yox ki, İbrahim İbrahiməv deyir: "Məni heç kəs məclis üzvlüyündən çıxara bilməz". Hamını çıxara bilərlər. Buradan məni də çıxara bilərlər, sizi də çıxara bilərlər. Məclis istəsə, deməli, çıxarılmalıdır. Bu, məclisin səlahiyyətinə daxildir. Ancaq mən belə hesab edirəm ki, bu məsələləri müzakirəyə qoymağa ehtiyac yoxdur. Çünki bunlar bizim məclisin ab-havasına, ictimai ab-havaya xeyir gətirməz. Biz bir-birimizlə fikir mübadiləsi aparmalıyıq. Əgər istəyirsinizsə, lap fikir mübarizəsi aparaq. Amma zorla, qol gücünə mübarizə yox. İfadəmə görə üzr istəyirəm, həyasızlıq mübarizəsi yox. Amma təəssüflər olsun ki, qanun pozğunluğu, insanları təhqir etmək, onlara təzyiq göstərmək, hər cür nalayiq sözlər demək Xalq Cəbhəsinin "Cəbbəxanasında", onun adət-ənənələrində möhkəm yer tutub. Mən bunu tam cəsarətlə deyirəm. Bunların hamısını Naxçıvanda görmüşəm. Bəli, hamısını. İbrahim bəy, siz də bilirsiniz ki, bunların hamısını sizinlə birlikdə görmüşük. Mən hələ burada olan şeyləri demirəm - bunları televiziya ilə görmüşəm. Ona görə də belə hesab edirəm ki, bu məsələləri müzakirəyə qoymağa ehtiyac yoxdur.

Lakin burada deyilən bir fikirdə müəyyən qədər məntiq var. O da bundan ibarətdir ki, biz çoxpartiyalılıq tərəfdarıyıq. Partiyalar çoxdur, 40 partiya var. Qoy lap 45 olsun. Əgər Xalq Cəbhəsi, doğrudan da, istəyirsə ki, Azərbaycanın siyasi həyatında yer tutsun, qoy onda partiyaya çevrilsin. Mən bir neçə dəfə demişəm ki, Xalq Cəbhəsi yarandığı dövrdən onun fəaliyyətinə və Azərbaycan Respublikasının tarixində tutduğu yerə, Azərbaycanda azadlıq hərəkatında iştirakına hörmətlə yanaşıram. Əvvəllər dediyim kimi, bu, mənim fikrimdir. O dövrdə Nemət Pənahovun başçılığı ilə Azadlıq meydanında keçirilən izdihamlı mitinqlər xalqın iradəsini ifadə edirdi. Bu, Xalq Cəbhəsi deyildi. Xalq Cəbhəsi ondan sonra yarandı. Bunların hamısı xalqın özündən, onun ürəyindən gələn duyğular idi, fikirlər idi, istəklər idi. Onda xalq oyanırdı, ayağa qalxırdı. Qarabağ hadisəsi ilə əlaqədar olaraq, torpaqlarımızın qorunması, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq baş qaldıran duyğular, niyyətlər idi. Yaxud, 1990-cı ilin yanvar hadisələrini götürək. Xalqın o vaxtkı rejimə nifrəti, etirazı adamları bu meydanlara toplayırdı. Burada Xalq Cəbhəsinin də rolu vardı, onun da xidməti vardı. Bunlar inkarolunmazdır. Amma siz özünüz-özünüzü içinizdən yediniz. Xalqı ayaqa qaldıran Nemət Pənahov kimi adamı özünüzə düşmən etdiniz. Nə var ki, o, sizin bəzi fikirlərinizlə razı deyildi. Bu, demokratiya idi? Axı demokratiya deyildi.

Mən öz fikrimi deyirəm. Məclis üzvlərinin bəzilərinin başqa fikri ola bilər. Əlbəttə, hərənin öz fikri var. Mən bütün bunları Azərbaycan tarixində böyük hadisələr kimi qiymətləndirirəm. Bir Azərbaycan vətəndaşı kimi, belə hesab edirəm ki, bunlar inkarolunmaz faktlardır. Lakin bunlar nə təkcə Əbülfəz Elçibəyin, nə İbrahim İbrahimovun, nə də başqasının fəaliyyəti deyildir. Bu, xalqın Milli-azadlıq hərəkatının təzahürü idi və Azərbaycan xalqının tarixində qalacaqdır. Buna şübhə yoxdur.

Lakin iş burasındadır ki, Xalq Cəbhəsini yaradan adamlar dağılıblar. Bir hissəsi özünə partiya yaradıb. Məsələn, Etibar Məmmədov da Xalq Cəbhəsinin yaradıcılarındandır, bu gün isə Milli İstiqlal Partiyasının başçısıdır. Rəhim Qazıyev də Xalq Cəbhəsini yaradan adamlardandır, indi qaçıb orda-burda gizlənir. Qəhrəman adı alıb, gecə-gündüz şərəfdən, namusdan, qeyrətdən danışır, hamını da qorxudurdu. Əgər günahın yoxdursa, niyə qaçıb gizlənirsən, gəl ədalət mühakiməsi qarşısında cavab ver. Amma qaçıb gizlənir. Bəzi adamlar da ona havadarlıq edib gizlədirlər. Amma bunun sonu yoxdur. O da Xalq Cəbhəsini quran adamlardandır. Nemət Pənahov da, Əbülfəz Elçibəy də Xalq Cəbhəsini yaradan adamlardandır. İbrahim İbrahimov və başqaları sonradan meydana gəldilər. Mən bunun tarixini müəyyən qədər bilirəm. O mitinqlərdə Sabir Rüstəmxanlı da çıxış edirdi, onun da xidmətləri vardı. Nə isə, indi hərə bir partiya yaradır. Elə Sabir Rüstəmxanlının da partiyası var. Sizin də bir partiyanız olsun, heç kəs etiraz etmir. Amma Xalq Cəbhəsi öz tarixi mərhələsini keçib gedibdir. Siz bunu anlamalısınız.

Siz ya bir siyasi partiya formasında olmalısınız, ya da özünüz düşünməlisiniz ki, nə etmək lazımdır. Xalq Cəbhəsi daha əvvəlkitək fəaliyyət göstərə bilmir. Mən Xalq Cəbhəsinin nə bağlanmasının, nə də ləğv olunmasının tərəfdarıyam. Demokratik bir adam kimi, bütün demokratik təşkilatların fəaliyyət göstərməsinin tərəfdarıyam və buna şərait yaradacağam. Amma Xalq Cəbhəsi düşünməlidir - o, özünü ləkələyib. Ona görə ki, bir ictimai-siyasi təşkilat olduğu halda, özünə böyük silahlı dəstələr düzəllib. Bu isə Xalq Cəbhəsi üçün ən böyük ləkədir. Çünki ictimai-siyasi təşkilatın silahlı dəstəsi ola bilməz. Tarixdə heç bir partiyanın silahlı dəstəsi olmayıb. Yalnız faşist partiyasının silahlı dəstəsi vardı. Əgər siz faşist partiyası olmaq istəyirsinizsə, bu, öz işinizdir. Özünüz bilərsiniz. Amma mən bunu sizə məsləhət bilməzdim. Buna görə də fikirləşin.

Şübhəsiz ki, mən bu təkliflərin heç birinə tərəfdar deyiləm və bunları müzakirəyə qoymaq fikrim də yoxdur. Siz hər halda bir fikirləşin. Lakin bilin ki, qanun hamı üçün qanundur. Xalq Cəbhəsi də, hər bir partiya da, mən də, sən də, bir sözlə, hamı qanuna tabe olmalıdır. Heç kəsə müstəsna şərait yaradılmayacaqdır. Heç kəsə! Heç kəs bundan sonra özünü ailənin ərköyün oğlu bilməyəcəkdir. Heç kəs ailənin şıltaq uşağı iddiasında olmayacaqdır. Hamı bərabər hüquqdadır, - bizim təşkilatlar da, o cümlədən siz də.

Odur ki, siz gəlin bu bərabər hüquqlar şəraitində, konstitusiya çərçivəsində hərəkət edin. Böhtanlar da atmayın. Rəqəmlər gətirib, onları şişirtməkdən, fikir yaratmaqdan heç bir şey çıxmaz. Bununla siz özünüz-özünüzü ləkələyirsiniz. Burada məlumat verildi. Daxili işlər nazirinin də, prokurorun müavininin də, milli təhlükəsizlik nazirinin də məlumatı dinlənildi. Mən belə fikirdəyəm: fövqəladə vəziyyət rejimi dövründə mitinqlər keçirmək üstündə inzibati qaydada 15-20 gün, bir ay tutulub saxlanılmış şəxslərin hamısı bu gün buraxılsın. Məsələ araşdırılmadan buraxılsınlar. Bir nəfər də qalmasın. Mənim belə bir səlahiyyətim var, ya yox? Əgər varsa, onda deyirəm, qoy hamısı buraxılsın. Heç nəyi araşdırmaq lazım deyildir. Lakin bu sözlərim məsuliyyətə cəlb edilən, haqqında istintaq işi aparılan şəxslərə aid deyildir. Qanun-qaydanı pozduqlarına görə, fövqəladə vəziyyət rejimini pozduqlarına görə, qanunsuz mitinqlər keçirdiklərinə görə tutulan Xalisbəyli, Arif Rəhimov və başqaları bu gün buraxılsınlar. Mənim belə bir hüququm, səlahiyyətim varsa, ondan istifadə edib, bu cür qərar çıxarıram və xahiş edirəm, onu elə bu gün həyata keçirəsiniz. İbrahim İbrahimovdan, Xalq Cəbhəsinin digər fəallarından xahiş edirəm ki, bilsinlər: qanuna riayət etmək lazımdır!

İndi, xüsusən prezident seçkiləri ərəfəsində kimsə qanunu pozmuş olsa, şübhəsiz, onun barəsində qanuni tədbirlər görüləcəkdir. Mən sizi xəbərdar edirəm, bilin ki, heç kəs qanunu pozmamalıdır. Təşkilat işidir, təbliğat işidir - görün. Siyasi plüralizm var və olacaqdır. Milli Məclisin üzvlərindən biri çıxış edib, mən burada Ali Sovetin sədri seçilərkən bildirdiyim mövqeyimi xatırlatdı. Bəli, mən həmin mövqeyimin üzərində dayanıram. Prezident seçkiləri ərəfəsində də deyirəm: mövqeyim bundan ibarətdir ki, Azərbaycan Respublikasında demokratik dövlət qurulmalıdır, hüquqi dövlət yaradılmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməlidir və heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi partiyaların fəaliyyət göstərməsinə şərait yaranmalıdır və siyasi plüralizm hökm sürməlidir. Demokratiyaya imkan yaradılmalıdır və insan azadlığı, söz azadlığı, din azadlığı, dil azadlığı - bunların hamısı bərqərar edilməlidir.

Hürriyyət insan üçün ən əsas şərtlərdən biridir. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır. Biz ancaq və ancaq bu yolla getməliyik.

Biz iqtisadiyyatda köklü islahatlar aparıb, bazar iqtisadiyyatına keçməliyik. Şübhəsiz ki, gələcəkdə müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatını yalnız bazar iqtisadiyyatı yolu ilə, azad iqtisadiyyat yolu ilə qaldıra bilərik. Lakin indiyədək yol verilmiş pozuntular, dağıntılar, Azərbaycanın iqtisadi potensialının qara günə qoyulması bir ildə olmayıb. Bunlar son dörd-beş ildə olub. Bu möhkəm potensial son dörd-beş ildə dağıdılıb. Mən dünən kondisioner zavoduna getmişdim. Sevindim ki, heç olmasa bu zavod dağıdılmayıb, qalıbdır. Heç bilirsinizmi biz o zavodu nə qədər çətinliklərlə tikmişik. Sizin indi daim söydüyünüz o sovet imperiyasının büdcəsindən yüz milyon dolları ayırtdırıb, dünyanın ən məşhur firmalarından birindən texnologiyalar alıb gətirdik. Azərbaycan üçün belə bir müəssisə yaratdıq. O zamanın yüz milyon dolları isə indikindən bir on dəfə qiymətlidir. O zavod ilk vaxtlar min kondisioner istehsal edirdi. Zavod iki ilin içində tikildi və bir ildə tam istehsal gücünə çatdırıldı. İldə 450 min kondisioner istehsal olunurdu.

Mən sonrakı illərdə Moskvada işlədiyim dövrdə Afrikanın cənubunda məsələn, Mozambikdə, Anqolada, yaxud Cənubi Asiyada - Laosda, Vyetnamda, Şimali Koreyada olarkən orada Bakı kondisionerlərini görəndə ürəyim dağa dönürdü. Sevinirdim ki, nəhayət, Azərbaycan Respublikasının, Azərbaycan xalqının da istehsal etdiyi məhsullar dünya miqyasına çıxıb. Amma indi o zavod öz gücünün heç 50 faizi qədər də işləmir. Yaxşı ki, heç olmasa onu saxlayıblar, dağıtmayıblar. O vaxtlar kondisionerlərin birini 400 manata satırdılar. Onu da hər adam ala bilmirdi. Amma indi soruşuram ki, onun qiyməti neçəyədir deyirlər ki, 180 min rubldur. Budur, son illərin nəticəsi.

Odur ki, biz bazar iqtisadiyyatına keçərkən, şübhəsiz, yaranmış iqtisadi potensialı dağıtmaq, onu oğruların, əliəyri adamların ixtiyarına vermək, xalqın əməyi ilə, əziyyəti ilə, dövlətin pulu ilə yaradılmış nə varsa, hamısını bu oğruların şəxsi malına çevirmək olmaz. Biz bunlara yol verməyəcəyik. Bu, mümkün olan iş deyildir. Lakin bunların hamısını siz etdiniz, dağıtdınız, bir şey tikib-qurmadınız. Amma İsgəndər Həmidov kimisi nə pulun, nə malın, daha nə bilim nəyin, heç miqyasını, həcmini bilmədi, haradan nə istədisə götürdü. Rəhim Qazıyev kimisi və sizin vəzifələrə qoyduğunuz başqa adamlar o zavodları, fabrikləri, binaları dağıtdılar. Yox, təkcə siz dağıtmadınız, qabaq da dağıdırdılar.

Beləliklə, iqtisadiyyatda yolumuz bazar iqtisadiyyatı yoludur, demokratik islahatlar yoludur. Biz bu yolla getməliyik və gedəcəyik. Bir sözlə, mən, Ali Sovetin sədri kimi, bir Azərbaycan vətəndaşı kimi, müəyyən hüquqlara malik bir şəxs kimi bu yolu seçmişəm və bütün imkanlarımdan istifadə edib bu yolla gedəcəyəm. Kim bu yola maneçilik edəcəksə, şübhəsiz, mən onunla bərabər gedə bilməyəcəyəm.

Lakin, indi bəzilərinin dediyi kimi, əgər kimlərsə iddia etsə ki, bu yolun sahibləri ancaq onlardır, başqa adamlar bu yolla gedə bilməzlər - onlar çox böyük səhv edirlər. Buna görə də xahiş edirəm ki, onlar bu səhv yoldan çəkilsinlər.

Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir. Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir. Azərbaycan vətəndaşlarının gələcək həyatını bu hürriyyət yolu ilə, azadlıq yolu ilə, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq, bu yolla da gedəcəyik. Bu yol nə Əbülfəz Elçibəyin, nə İbrahim İbrahimovun, nə Məmmədəmin Rəsulzadənin yoludur. Bu yol dünya demokratiyasının açdığı yoldur. Biz bu yolla gedirik və gedəcəyik də.

Tarixi arayış