"Kitabi -Dədə Qorqud" dastanının 1300 illik yubileyi şərəfinə həsr olunmuş Azərbaycan Prezidenti Heydər Əliyevin adından Gülüstan sarayında keçirilən rəsmi qəbulda Prezident Heydər Əliyevin nitqi - 9 aprel 2000-ci il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

İki gündür ki, Azərbaycan, Azərbaycanın paytaxtı Bakı böyük bayram əhval-ruhiyyəsi ilə yaşayır. Dünən biz Türkdilli Dövlətlər Birliyinin VI zirvə görüşünü keçirdik və məmnuniyyət hissi ilə deyə bilərəm ki, türkdilli dövlətlərin başçılarının bu zirvə görüşü uğurla başa çatdı. Bu, böyük hadisədir. Çünki türk xalqları, türk dilində danışan xalqlar və türkdilli müstəqil dövlətlər son illərdə birlik yaratmağa və bu birlik çərçivəsində dövlətlərin, xalqların mühüm məsələlərini həll etməyə, qarşılıqlı faydalı əməkdaşlıq qurmağa fürsət tapıblar.

Biz dünən, ayın 8-də Türkdilli Dövlətlər Birliyinin səkkiz illik həyat yoluna yüksək qiymət verdik, hamımız eyni fikirdə olduq. Bir daha qeyd etmək istəyirəm ki, Türkdilli Dövlətlər Birliyinin yaranmasında və bu səkkiz il müddətində yaşamasında, uğurla fəaliyyət göstərməsində Türkiyə Cümhuriyyətinin və xüsusən Türkiyə Cümhuriyyətinin hörmətli prezidenti, mənim əziz dostum, qardaşım Süleyman Dəmirəlin xüsusi xidmətləri olmuşdur. Biz onu dünən xüsusi qeyd etdik.

Türkdilli Dövlətlər Birliyinin nə qədər gərəkli olmasını və onun işinin nə qədər səmərəli olmasını biz hamımız bu gün "Kitabi Dədə Qorqud" dastanının 1300 illik yubileyi ilə əlaqədar keçirilən təntənəli mərasimdə hiss etdik Türkdilli xalqların milli oyanış, dirçəlişi dövlət müstəqilliyini əldə etməsi öz tarixi köklərini dərindən öyrənməsi, dərk etməsi məhz belə gözəl nəticələr veribdir. Onun da ən parlaq nümunəsi "Kitabi-Dədə Qorqud" dastanının yubileyini hamımızın bir yerdə, o cümlədən müxtəlif ölkələrdən Azərbaycana gəlmiş qonaqlarla bir yerdə təntənəli qeyd etməyimizdir. Mən əminəm ki, Türkdilli Dövlətlər Birliyi bundan sonra da yaşayacaq, öz fəaliyyətini genişləndirəcək və xalqlarımızın daha da yaxınlaşması üçün, xüsusən bizim xalqlarımızın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənlərini daha da dərindən öyrənmək üçün çox böyük faydalar verəcəkdir.

Azərbaycan xalqının, bütün türk xalqlarının tarixi abidəsi, elm abidəsi, fəlsəfə abidəsi olan "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyini qeyd etmək, deyə bilərəm ki, Azərbaycanın çoxəsrlik tarixində indiyə qədər bizim qeyd etdiyimiz bayramların, yubileylərin hamısından üstündür. Biz bundan nəyə nail olduq? Son üç il müddətində Azərbaycanda indiyə qədər heç vaxtlar olmadığı kimi, "Kitabi-Dədə Qorqud"un tədqiqinə, təhlilinə, onun mənasının və məzmununun dərindən öyrənilməsinə, böyük əsərlərin yaranmasına və ən əsası isə "Kitabi-Dədə Qorqud"un bizim xalqımıza - Azərbaycan xalqına yenidən qayıtmasına nail olduq. "Kitabi-Dədə Qorqud"un 1300 il yaşı olduğunu bütün dünyaya bəyan etdik. Tarixdə - nəinki Azərbaycan tarixində, dünya tarixində - "Kitabi-Dədə Qorqud"un yaşı dəqiq, düzgün müəyyən olundu.

"Kitabi-Dədə Qorqud"u dünyaya tanıtdıq. YUNESKO çərçivəsində "Kitabi-Dədə Qorqud"un yubiley mərasimlərinin keçirilməsi, Drezdendə, Moskvada, Türkiyənin bir çox şəhərlərində, başqa yerlərdə "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi və bununla bərabər yaranmış əsərlər, üç il müddətində "Kitabi-Dədə Qorqud"un təbliğ olunması "Kitabi-Dədə Qorqud" dastanını bütün dünyaya tanıtdı.

Xalqımız, Azərbaycanın bütün vətəndaşları bu üç il ərzində "Kitabi-Dədə Qorqud" ruhu ilə yaşamış və bizim apardığımız işləri, son yubiley tədbirlərini böyük məmnuniyyət hissi ilə alqışlamış və dəstəkləmişlər. Ancaq bəziləri də var ki, deyirlər: "Belə yubileylərin keçirilməsi nəyə lazımdır?". Hətta bəyan edirlər ki, "Bu keçmiş sovet sisteminin yaratdığı adət-ənənələrdir və biz bundan imtina etməliyik". Bəziləri deyirlər ki, "Ölkəmizin ərazisinin 20 faizi işğal olunduğu zaman, işğal edilmiş ərazilərdən bir milyon vətəndaşı didərgin düşüb, qaçqın və köçkün vəziyyətində çadırlarda ağır şəraitdə yaşadığı bir zaman, indi bir çox iqtisadi çətinliklərlə rastlaşdığımız zaman belə təntənələrin, belə yubileylərin keçirilməsi nəyə lazımdır?"

Mən belələrinə əvvəl də cavab vermişəm, bu gün də cavab verirəm və onların hamısına deyirəm ki, bəli, belə yubileylərin hazırlanması, keçirilməsi bizim xalqımız üçün, millətimiz üçün olduqca vacibdir və lazımdır. Bunlar bizim vətəndaşlarımıza, azərbaycanlılara, bu gün yaşayanlara və gələcək nəsillərə göstərir ki, biz kimik, haradan gəlmişik, haradayıq, hara gedirik. Biz beləliklə özümüz öz varlığımızı, öz milli köklərimizi dərk edirik. Biz belə yubileylərlə öz keçmişimizə öz zəngin tariximizə hörmət və ehtiramımızı qayğı və diqqətimizi ifadə edirik. Biz belə yubileylərlə dost, qardaş ölkələrlə, xalqlarla bir kökə, bir mədəniyyətə, bir milli-mənəvi ənənələrə mənsub olduğumuzu bir daha təsdiq edirik və bugünkü, gələcək nəsillərə nümunə göstəririk.

Təbiidir ki, hər bir xalqın tarixi çox maraqlı səhifələrlə doludur. Azərbaycan xalqı əsrlər boyu öz varlığını hifz edib, bunun üçün döyüşüb, vuruşub, mübarizə aparıb, şəhidlər verib, torpağını itirib, torpağını yenidən bərpa edib, bir çox çətin günlər, ağır günlər keçiribdir. Amma Azərbaycan xalqı yaşayıb, inkişaf edib, bütün itkilərə baxmayaraq bu gün böyük xoşbəxtliyə çıxıbdır, dövlət müstəqilliyini və milli azadlığını əldə edibdir.

Zəngin tariximizi əks etdirən çox əsərlər var, kitablar var, maddi əşyalar var. Ancaq bunların hamısının içərisində bizim milli mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi əks etdirən əsərlər hamısından qiymətlidir və bu gün üçün, gələcək üçün hamısından da gərəklidir. Bu baxımdan "Kitabi-Dədə Qorqud" dastanının, Azərbaycan tarixində görkəmli yer tutmuş böyük şəxsiyyətlərin, böyük əsərlərin və xüsusən mədəniyyətimizə, ədəbiyyatımıza aid olan əsərlərin əvəzsiz qiyməti vardır və onların hər birinin yubileyini keçirərək biz bir daha, bir daha öz milliliyimizi zəngin mədəniyyətə malik olduğumuzu, qədim, zəngin tarixə malik olduğumuzu nümayiş etdiririk, təsdiq edirik, xalqımıza bir daha çatdırırıq və bütün dünyaya bəyan edirik.

Bunların içərisində "Kitabi-Dədə Qorqud" dastanı xüsusi yer tutur. Ötən üç il ərzində xalqımız bunu özü üçün aşkar etdi, dünya bununla tanış oldu və nəhayət, son günlər keçirilən elmi konfranslar və bugünkü təntənəli mərasim bunu əyani surətdə sübut etdi. Bunlar hamısı hər bir azərbaycanlının milli qürur hissini yüksəldir, onda iftixar hissi doğurur. Bunlar hamısı bizim xalqımızın nə qədər zəngin mədəniyyətə, böyük tarixə və dərin köklərə malik olduğunu göstərir. Bunlar hamısı və xüsusən "Kitabi-Dədə Qorqud" bizim hamımızda böyük iftixar hissi yaradır.

Biz fəxr edirik ki, "Kitabi-Dədə Qorqud" kimi böyük tarixi abidəmiz var. Biz fəxr edirik ki, Dədə Qorqud övladlarıyıq. Biz fəxr edirik ki, Dədə Qorqud elində yaşayırıq. Biz fəxr edirik ki, "Kitabi-Dədə Qorqud" bütün türkdilli dövlətlərə mənsub olaraq, eyni zamanda və birinci növbədə Azərbaycan xalqına mənsubdur. Fəxr edirik ki, biz "Kitabi-Dədə Qorqud" un sahibiyik, onu yaşadacağıq və gələcək nəsillərə daha da böyük töhfələrlə verəcəyik.

Bu gün bayram mərasimləri ən zirvə nöqtəsinə çatdı. Amma bizim "Kitabi-Dədə Qorqud" dastanının öyrənilməsi, təbliğ, tədqiq olunması işimiz bununla bitmir. Bu. bizim işimizin ancaq başlanğıcıdır. Son üç ildə görülən işləri mən çox yüksək qiymətləndirirəm və bu münasibətlə yaranmış dövlət komissiyasının üzvlərinə və "Kitabi-Dədə Qorqud" yubileyinin hazırlanması dövründə fəaliyyət göstərmiş hər bir vətəndaşımıza, alimlərimizə, ziyalılarımıza, yazıçılarımıza, incəsənət, mədəniyyət xadimlərimizə dərin təşəkkürümü bildirirəm.

"Kitabi-Dədə Qorqud" dastanının yubiley mərasimlərində iştirak etmiş qardaş türkdilli dövlətlərin başçılarına, nümayəndə heyətlərinin üzvlərinə bir daha öz təşəkkürümü bildirirəm. Bizim dəvətimizi qəbul etmiş və "Kitabi-Dədə Qorqud" yubileyinə gəlmiş hörmətli qonaqlarımızı - qorqudşünasları, alimləri, yazıçıları, ictimai-siyasi xadimləri səmimi qəlbdən salamlayıram və bizimlə bərabər olduqlarına görə onlara minnətdarlığımı bildirirəm.

Hesab edirəm ki, bu gün "Dədə Qorqud" yubileyinin təntənəli bayram mərasimlərinin keçirilməsi çox yüksək səviyyədə oldu, hamımızda böyük ruh yüksəkliyi yaratdı və bunun üçün zəhmət çəkmiş, iş görmüş insanların hamısına təşəkkür edirəm.

Yubiley mərasiminin bugünkü rəsmi hissəsi çox məzmunlu və çox maraqlı oldu. Qonaqlarımız - dövlət başçıları, məclis başçıları çox dəyərli çıxışlar etdilər. Amma bununla bərabər, "Dədə Qorqud" yubileyini qeyd etmək üçün bizim mədəniyyət, incəsənət xadimləri tərəfindən hazırlanmış, xüsusi mövzu üzərində qurulmuş bədii hissə də çox yüksək qiymətə layiqdir.

Türk tarixini, türk mədəniyyətini, türk dilini çox gözəl bilən Azərbaycan xalqının böyük dostu, prezident Süleyman Dəmirəl mənimlə yan-yana oturmuşdu və bədii hissəni əvvəldən axıra qədər maraqla izlədi, ona çox yüksək qiymət verdi, çox heyran olduğunu bildirdi. Təbiidir ki, - bu, bizim özümüzünküdür, - mənim dediyim sözlər, ola bilər, subyektiv xarakter daşısın, ancaq həqiqətən bu gün "Dədə Qorqud" yubileyinin bədii hissəsi Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, teatr sənətinin, musiqi sənətinin, balet sənətinin, rəqs sənətinin nə qədər yüksək səviyyədə olduğunu əyani surətdə göstərdi.

Bədii hissəni hazırlamış və bu gün bizə təqdim etmiş Azərbaycanın dəyərli mədəniyyət, incəsənət xadimlərinə bu gözəl əsər üçün xüsusi minnətdarlığımı bildirirəm.

Bizim yubiley təntənələrində çoxlu xarici qonaqlar iştirak edirlər. Ən çox qonaq Türkiyə Cümhuriyyətindən gəlibdir və bunlar təkcə qorqudşünaslar, elm, mədəniyyət xadimləri deyildir. Belələri də çoxdur, ancaq qonaqlarımızın içərisində dövlət xadimləri var, valilər var, siyasi xadimlər var. Bunların hamısının Dədə Qorqud irsinə bu qədər maraq göstərməsi Azərbaycana gəlib konfranslarda iştirak etməsi və bugünkü yubiley təntənələrində iştirak etməsi xüsusi qiymətə layiqdir və buna görə də mən onlara təşəkkür edirəm.

Sizi, Azərbaycan xalqını, bütün Azərbaycan vətəndaşlarını təbrik edirəm. Gözünüz aydın olsun. 1300 il yaşı olan Dədə Qorqud yenidən Azərbaycana gəlmiş, bizimlə bərabərdir.

Dədə Qorqud dühasının şərəfinə, Azərbaycan xalqının zəngin mədəniyyətinin, ədəbiyyatının şərəfinə, xalqımızın zəngin tarixinin şərəfinə, bütün Azərbaycan xalqının şərəfinə, müstəqil Azərbaycan dövlətinin şərəfinə, Azərbaycanın bütün vətəndaşlarının şərəfinə badələri qaldırmağı xahiş edirəm. Sizin hamınıza cansağlığı, səadət, xoşbəxtlik arzulayıram.

"Azərbaycan" qəzeti, 10 aprel 2000-ci il.