İran İslam İnqilabının 24-cü ildönümü münasibətilə keçirilən mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 12 fevral 2003-cü il


Hörmətli cənab səfir!

Hörmətli cənab Səlamiyən!

Mən buraya sizdən hədiyyələr almaq üçün gəlməmişəm. Ancaq mənə təqdim etdiyiniz hədiyyələrə görə sizə təşəkkür edirəm. Çox sağ olun ki, mənə belə diqqət göstərmisiniz. Mənim bu gün buraya gəlməyimin səbəbi hörmətli cənab səfirin dəvətidir və həm Qurban bayramı münasibətilə, həm də İran İslam İnqilabının 24-cü ildönümü münasibətilə bu mərasimdə iştirak etmək olmuşdur.

- Hörmətli cənab səfir!

- Hörmətli xanımlar və cənablar!

Mən sizi, bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm, bütün dünya müsəlmanlarına sülh, əmin-amanlıq və rifah arzu edirəm.

Bu günlər İran İslam İnqilabının 24-cü ildönümüdür. İran xalqı bunu böyük iftixar hissi ilə qeyd edir, bayram edir. Bu milli bayram münasibətilə mən də İran İslam Cümhuriyyətinin prezidenti hörmətli cənab Xatəmiyə və İranın ali dini rəhbəri hörmətli cənab Xomneiyə təbrik məktubları göndərmişəm. Məktublar bizim mətbuatda dərc olunubdur. Azərbaycan xalqının bu bayram münasibətilə fikirlərini, arzularını orada ifadə etmişəm. Ancaq bundan əlavə, bu gün bir daha burada sizinlə birlikdə bayram mərasimində iştirak edirəm və sizi, qardaş İran xalqını, İran İslam Cümhuriyyəti dövlətini İran İslam İnqilabının 24-cü ildönümü münasibətilə ürəkdən təbrik edirəm. İran xalqına gələcəkdə daha böyük uğurlar arzulayıram.

İran ilə Azərbaycan arasındakı münasibətlər çox böyük, qədim və olduqca zəngin tarixə malikdir. Bunu siz də bilirsiniz, biz də bilirik. Bu gün buna vaxt itirməyə ehtiyac yoxdur. Ancaq eyni zamanda, bir daha təsdiq etmək lazımdır ki, xalqlarımızın müştərək adət-ənənələri, mədəniyyəti, dini mənsubiyyəti və bir çox başqa amillər həmişə bizi bir yerdə etmiş, dost etmişdir və bu dostluq münasibətləri bu gün də davam edir. Bizim bugünkü münasibətlərimizin keçmişdən keyfiyyətcə böyük fərqi ondan ibarətdir ki, bu, İran İslam Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlərdən ibarətdir. Xalqlar arasında münasibətlər həmişə çox xoş, mehriban olubdur və bizim xalqlarımız arasında heç vaxt heç bir ixtilaf olmayıbdır.

Ancaq Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra Azərbaycan Respublikası ilə İran İslam Cümhuriyyəti arasında dövlətlərarası diplomatik əlaqələr qurulub və ötən illərdə inkişaf edibdir. Biz indi müstəqil dövlətlər kimi əməkdaşlıq, dostluq edirik və müştərək çox işlər görürük. Bizim ticarət əlaqələrimiz, iqtisadi əlaqələrimiz çox genişdir və çalışırıq ki, bu əlaqələri daha da genişləndirək. Buna həm İran tərəfindən, həm də Azərbaycan tərəfindən böyük cəhdlər göstərilir və bundan sonra da göstəriləcəkdir. Bu, həm İran xalqının, həm də Azərbaycan xalqının mənafeyinə uyğundur.

Biz dost ölkələrik, dostluğumuzu davam etdiririk və etdirəcəyik. Mənim 2002-ci ilin may ayında İrana rəsmi səfərim, hesab edirəm ki, bizim bu əlaqələrin tarixində mühüm bir hadisə oldu. Biz bu səfər zamanı çox səmərəli, çox əhəmiyyətli, dostluğumuzu, əməkdaşlığımızı gücləndirə biləcək qərarlar qəbul etdik, müqavilələr imzaladıq. İran ilə Azərbaycan arasında prezident Xatəmi və prezident Heydər Əliyevin tərəfindən imzalanmış müqavilə tarixi əhəmiyyət kəsb edir. Bir çox başqa sənədlər də imzaladıq. Amma bizim bu görüşlərimizin mənası, əhəmiyyəti təkcə bu sənədlərlə bitmir, biz İran-Azərbaycan əlaqələrinin, demək olar ki, yeni bir mərhələsinin bünövrəsini qoyduq. Çox məmnunam ki, bu görüşlər, bu sənədlər ötən aylarda öz bəhrəsini verir və bizim əlaqələrimiz daha da sürətlə inkişaf edir.

Mən prezident cənab Xatəmini Azərbaycana rəsmi səfərə dəvət etmişəm. İndi biz onun səfərini gözləyirik. Güman edirəm ki, bu səfər də həyata keçəndən sonra bizim əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaqdır.

Bizim dövlətlərarası əlaqələrimizdə bəzi məsələlər də meydana çıxır. Amma bu məsələləri danışıqlar, qarşılıqlı anlaşma vasitəsilə həll edirik və güman edirəm ki, bundan sonra da biz bunları həll edəcəyik.

İranda da, Azərbaycanda da hamı bilir ki, - respublikamızın ən ağır problemi Ermənistan-Azərbaycan münaqişəsidir və Azərbaycan ərazisinin bir qisminin müəyyən səbəblərdən Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, işğal edilmiş torpaqlardan bir milyona qədər azərbaycanlı, müsəlman bacı-qardaşlarımızın yerlərindən-yurdlarından köçürülməsi və ağır vəziyyətdə çadırlarda yaşamasıdır. O illərdə burada qanlı müharibə, döyüşlər getdi. Dediyim kimi, bəzi səbəblərdən Ermənistan qəsbkarları Azərbaycan torpaqlarının bir qismini işğal etdilər.

Ancaq biz 1994-cü ildən atəşi dayandırdıq, bu məsələnin sülh yolu ilə həll olunması üzərində işləməyə başladıq və bu gün də işləyirik. Biz bu işdə həmişə İranla məsləhətləşmələr, danışıqlar aparmışıq. Bəzən bu danışıqlar nəticə verib, bəzən isə nəticə verməyibdir. Ancaq İran İslam Cümhuriyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanı təcavüzkar ölkə kimi qiymətləndiribdir. Bu, həm İran dövlətinin bəyanatlarında, həm də İslam Konfransı Təşkilatının müştərək, bir yerdə qəbul etdiyimiz bəyannamələrində öz əksini tapıbdır.

Təbiidir ki, İran İslam Cümhuriyyətinin Azərbaycanla əlaqədar belə prinsipial mövqeyi məsələlərin həll edilməsində bizə müəyyən qədər dəstək vermək deməkdir. Ümidvaram ki, biz bu dəstəyi bundan sonra daha da çox hiss edəcəyik.

Bizim ölkələrimiz bir-birinə nə qədər çox bənzərdisə, dövlət quruluşunda o qədər də çox fərqlər var. Fərqlər ondan ibarətdir ki, Azərbaycan öz dövlət müstəqilliyini elan edəndən ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi həyata keçirilir və biz bu sahədə böyük nailiyyətlər əldə etmişik. Bu, bizim əsas yolumuzdur. Biz bu yol ilə gedirik. Yəni demokratik dövlət, bazar iqtisadiyyatı, insanlara bütün azadlıqların verilməsi, mətbuat, söz azadlığı, din azadlığı və demokratiyanın tələbləri ilə əlaqədar bir çox məsələlər - bunlar Azərbaycanda təmin olunubdur və bundan sonra da təmin olunacaqdır.

Azərbaycan dünyəvi dövlətdir və bu da bizim strateji yolumuzdur. Biz bundan nə o tərəfə, nə də bu tərəfə dönə bilmərik. Dönə bilmərik ona görə yox ki, dönmək istəmirik. Çünki biz özümüz üçün bu yolu uyğun hesab edirik və bu yol ilə də gedirik.

Məmnuniyyətlə deyə bilərəm ki, İran İslam Cümhuriyyətində də demokratiya çox geniş inkişaf edibdir. Prezident Xatəminin birinci, ikinci dəfə prezident seçilməsində də mən bu seçkilərin nə qədər yüksək demokratik şəraitdə keçməsinin şahidi oldum. Nəinki mən, bütün dünya bunun şahidi oldu. Bu, çox gözəl bir haldır və İranda demokratiyanın bu cür inkişaf etməsi, bizim fikrimizcə, ümumiyyətlə, İranın inkişaf etməsində və dünya sivilizasiyasına qatılmasında çox böyük rol oynayır və oynayacaqdır. İranda bu sahədə başqa nailiyyətlər də var, siz onları məndən yaxşı bilirsiniz.

Bu fərqlər heç də bizim dostluğumuza, qardaşlığımıza, əməkdaşlığımıza mane olmur və mane də ola bilməz. Bir də görürsən, iki qardaş olur. Biri bir cür yaşayır, o biri də başqa cür yaşayır. Onun kefi elə istəyir, elə yaşayır. Bu birisinin də kefi belə istəyir, belə yaşayır. Nə bu qardaş o qardaşı məcbur edə bilər, nə də o qardaş bu qardaşı məcbur edə bilər. Heç lazım da deyil, gərək insan azad olsun. Hər insanın daxili azadlığı böyük bir şeydir. Qonşunun da biri belə, biri elə olur. Ümumiyyətlə, dünya belədir.

Biz dünyada heç bir ölkəyə bənzəmək istəmirik. Ancaq, eyni zamanda, ümumbəşəri dəyərlər var. Bizim milli-mənəvi dəyərlərimiz var - dinimiz, adət-ənənələrimiz, biz heç vaxt bunlardan əl çəkmərik. Məsələn, o mənəvi dəyərlər ki, Azərbaycan xalqına mənsubdur, başqa yerdə onun əksini görürük, amma biz onu qəbul edə bilmərik. Yəni biz öz milli köklərimizi, dini mənsubiyyətimizi qorumuşuq, qoruyacağıq. Mənəvi ənənələrimizi, adətimizi qoruyub inkişaf etdirəcəyik. Ancaq bununla bərabər, biz ümumbəşəri dəyərlərdən də bəhrələnirik. Hesab edirik ki, bizim milli-mənəvi dəyərlərimizin ümumbəşəri dəyərlər ilə birgə inkişaf etməsi, onların sintezi xalqımızın gələcəyi üçün, inkişafı üçün daha da əhəmiyyətli olacaqdır.

Bunları deyərək onu bildirmək istəyirəm ki, hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı beynəlxalq hüquq normalarının əsas prinsipidir, Birləşmiş Millətlər Təşkilatının əsas prinsipidir və biz bu prinsipin həyata keçirilməsini tələb edirik. Biz heç kəsin ərazi bütövlüyünə göz dikməmişik. Ancaq pozulmuş öz ərazi bütövlüyümüzü isə bərpa etməyə çalışırıq və bərpa etməliyik. Hər bir ədalətli dövlət, yəni öz hüquqlarını qiymətləndirən dövlət, gərək başqa dövlətlərin də hüquqlarını qiymətləndirsin. Lakin öz hüquqlarını qoruyub saxlasın, başqa dövlətin hüquqları tapdalananda isə buna biganə olsun, yaxud da bəzi hallarda ona dəstək versin - bu, yaramaz haldır. Bu barədə İran İslam Cümhuriyyəti ilə bizim münasibətlərimiz tam gözəldir, tam yaxşıdır. Mən bunları ona görə demirəm ki, burada bir məsələ, problem var. Yox, sadəcə, bizim münasibətlər haqqında danışanda bunları bir daha demək istəyirəm.

İran böyük, qüdrətli bir ölkədir. Böyük ərazisi, zəngin təbii sərvətləri, çox fədakar insanları və çoxsaylı əhalisi, qədim tarixi var. Biz İranın bütün bu varlığını, yəni vahid İranı, onun ərazi bütövlüyünü həm tanıyırıq, həm də hesab edirik ki, buna heç kəs qəsd etməməlidir. Biz kiçik ölkəyik, amma bizim vəziyyətimiz başqa cürdür. Güman edirəm, bu da daim belə olmayacaqdır. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, yaşayacağıq, inkişaf edəcəyik.

Dünyada bir prinsip də çox mühümdür: bir ölkənin o biri ölkənin daxili işlərinə qarışmamaq. Biz heç bir ölkənin işinə qarışmaq istəmirik. Qarışmaq da istəmirik ona görə ki, biz dünyanın ədalətli qanunlarına riayət edirik, bir də bizim o qədər öz işlərimiz var ki, nə üçün başqa ölkənin daxili işlərinə qarışmalıyıq? Allah imkan versin ki, biz öz işlərimizi həll edək, öz xalqımızın problemlərini həll edək. Amma eyni zamanda, hesab edirik ki, Azərbaycanın da daxili işlərinə heç kəs qarışmamalıdır. Yəni ölkələrin bir-birinin daxili işlərinə qarışmaması çox vacib məsələdir. Biz bunu may ayında mən Tehranda olanda söhbətlərdə əks etdirdik və hətta bu, bizim imzaladığımız müqavilədə də var. Bunlar hamısı İran-Azərbaycan xalqlarının və dövlətlərinin dostluğunu daha da möhkəmləndirən, inkişaf etdirən amillərdir. Buna görə də biz bunu həmişə bilməliyik və bu amillərə həmişə riayət etməliyik.

İndi bizim bölgədə, yəni Şərqdə bəzi proseslər gedir. İstəyirik ki, bunların hamısı ədalət çərçivəsində olsun. Ancaq bunların heç biri İran-Azərbaycan dostluğuna, əməkdaşlığına heç bir mənfi təsir göstərə bilməz. Bizim bu əməkdaşlığımız, dostluğumuz bu gün də var, sabah da olacaq, gələcəkdə də olacaqdır. Biz qonşu xalq kimi, özü də qədim zamanlardan bir-birinə qarışmış xalq kimi, bir yerdə, bir ərazidə dostluq, mehribanlıq şəraitində yaşamağa məhkumuq. Bunu bilməliyik və belə bir yaşayışın təmin olunması üçün də lazımi səylərimizi qoymalıyıq.

Mən hesab edirəm ki, bu gün İslam inqilabının 24-cü ildönümünü qeyd edərək, İranın böyük nailiyyətlərlə fəxr etməyə haqqı var. İranın iqtisadiyyatı inkişaf edir, həyat çox yüksək səviyyədə inkişaf edir. İnanıram ki, gələcək illər İranın daha da sürətlə inkişaf etməsini təmin edəcəkdir. Dost, qardaş ölkənin prezidenti kimi mən bu bayram günü bunu arzu edirəm. Sizi bu bayramlar münasibətilə bir daha təbrik edirəm, hamınıza cansağlığı arzu edirəm, xoşbəxtlik arzu edirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 13 fevral 2003-cü il.