Bakı Ali Birləşmiş Komandirlər Məktəbində keçirilən görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 20 iyun 2001-ci il


Əziz Azərbaycan əsgəri!

Əziz əsgərlər, zabitlər, generallar!

Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram və sizinlə bugünkü görüşümdən böyük məmnunluq hiss edirəm.

Azərbaycan bu il dövlət müstəqilliyinin onuncu ildönümünü qeyd edəcəkdir. Bu, Azərbaycanın çoxəsrlik tarixində mühüm və demək olar ki, indiyə qədər heç vaxt olmamış bir hadisədir.

Azərbaycan xalqı öz dövlət müstəqilliyinə, azadlığına nail olub, öz müstəqil dövlətini qurub və Azərbaycan dövləti dünyanın inkişaf etmiş dövlətləri ilə sıx əlaqə yaradaraq, müasir dövrün tələblərinə uyğun olaraq dövlət quruculuğu prosesini həyata keçirir.

Azərbaycanın dövlət quruculuğunda siyasəti ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət qurmaqdır. Biz bu sahədə çox iş görmüşük. Artıq Azərbaycanda belə bir dövlət, belə bir cəmiyyət mövcuddur. Ancaq eyni zamanda, bizim müstəqilliyimiz gənc olduğu kimi, qurduğumuz, yaratdığımız dövlət də və dövlətin bütün sahələri də gəncdir. Biz Azərbaycanda dövlət quruculuğu prosesini həyata keçirərək, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, Azərbaycan xalqının demokratiya yolu ilə, azad, sərbəst inkişafını təmin etmək, azad, sərbəst iqtisadiyyat qurmaq məqsədi ilə bir çox islahatlar həyata keçirmişik və keçirəcəyik. Bir şey artıq dünyaya məlumdur. Bizim əsgərlərimiz də, bizim ordumuz da bilməlidir ki, Azərbaycan demokratiya, azadlıq yolu ilə, azad iqtisadiyyat yolu ilə gedir. Biz bundan sonra da ardıcıl olaraq bu yolla gedəcəyik və bu yolu müstəqil Azərbaycanın möhkəmlənməsi, inkişaf etməsi üçün yeganə yol hesab edirik.

Bilirsiniz ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə edən zaman çox böyük çətinliklərlə rastlaşmışdı. Çünki o vaxt Ermənistanın Azərbaycana qarşı hücumu bir neçə il idi ki, davam edirdi. Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı ələ keçirmək məqsədi ilə Ermənistan tərəfindən başlanmış təcavüz müstəqillik əldə edən zaman Azərbaycan xalqı üçün çox böyük çətinliklər, böyük problemlər yaratmışdı. Ona görə də Azərbaycanda ordu quruculuğu prosesi ləng getmişdir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ordu quruculuğu haqqında bəyanatlar verilsə də, həqiqi, Azərbaycanın müstəqilliyinə cavab verən ordunun yaradılması üçün hələ çox işlər görmək lazım idi. Bu işləri çətinləşdirən bir də o idi ki, bir tərəfdən, Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzünün qarşısı alınmalı idi, eyni zamanda dövlət qurulmalı və Azərbaycanın milli ordusu yaranmalı idi.

Biz belə çətin illər yaşamışıq. O illərdə Azərbaycanın mütəşəkkil, yüksək peşəkar hərbi kadrları olsaydı, onda, təbiidir ki, biz torpaqlarımızın müdafiəsini daha da yaxşı təmin edə bilərdik və Ermənistan silahlı qüvvələrinin təcavüzünə lazımi cavab vermək mümkün olardı. Ancaq, təəssüf ki, bunlar olmayıbdır. Əlavə etsək ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdiyi zaman Azərbaycanın daxilində ictimai-siyasi sabitlik pozulmuşdu, burada müxtəlif siyasi qüvvələr hakimiyyət uğrunda mübarizə apararaq, o vaxt bizim onsuz da az olan hərbi kadrlarımızı hərəsi bir tərəfə çəkib, hərəsi onlara öz təsirini göstərmək, hərəsi onlardan öz məqsədləri üçün istifadə etmək istəyirdi, onda təsəvvür edə bilərsiniz ki, Azərbaycanda ordu quruculuğu nə qədər çətin bir dövr keçibdir.

Ancaq, şükürlər olsun ki, keçmişdə, hələ sovet hakimiyyəti zamanı - 70-ci illərdə, ondan sonrakı illərdə biz Azərbaycanın gələcəyi haqqında düşünərək, ölkəmizin milli zabit kadrlarının hazırlanması ilə çox ciddi məşğul olmuşduq. Bu da hamıya məlumdur. 1970-ci ildə Naxçıvanski adına Orta Hərbi Məktəbin, - indi ona hərbi litsey deyirik, - yaranması və ondan sonrakı illərdə sovet ordusunun Azərbaycanda mövcud olan iki ali hərbi məktəbində hər il azərbaycanlı gənclərin sayının artırılması, SSRİ məkanında təxminən 140-dan artıq hərbi məktəbə Azərbaycan gənclərinin göndərilməsi - bunların hamısı 70-ci illərdən başlayaraq azərbaycanlı zabit kadrları hazırlanmasının əsasını qoymuşdur.

Təsəvvür edə bilirsiniz ki, əgər bunlar olmasaydı, Ermənistan müxtəlif ölkələrin hərbi birləşmələrindən istifadə edərək və Azərbaycana təcavüz üçün müəyyən hazırlıqlar görərək ölkəmizə hücum etdiyi zaman Azərbaycan nə qədər ağır vəziyyətə düşərdi. O vaxt Azərbaycanda ordu quruculuğunun əsasını keçmiş illərdə bizim hazırladığımız hərbi kadrlar təşkil etdi.

Ancaq bu, müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün heç də yetərli deyildir. Azərbaycanın güclü ordusunu qurmaq, Azərbaycan ordusunu dünya standartlarına qaldırmaq üçün bizə müasir tələblərə uyğun olan hərbi məktəblər və bu məktəblərdə milli zabit kadrlarının hazırlanması lazım idi. Təəssüflər olsun ki, o dediyim səbəblərə görə, biz bu işə vaxtında başlaya bilmədik. Ancaq 1995-1996-cı illərdən sonra, birincisi, Ermənistan ilə Azərbaycan arasında atəşkəs haqqında saziş əldə olunandan sonra, ikincisi, Azərbaycanın daxilində ictimai-siyasi vəziyyəti sabitləşdirəndən sonra biz hərbi məktəblərimizin təşkil edilməsi, onların yüksək səviyyəyə qaldırılması işi ilə ciddi məşğul olmağa başladıq. Bu gün də məşğul oluruq və bundan sonra da məşğul olacağıq.

Bəli, burada - keçmiş Sovetlər İttifaqının çox qabaqcıl bir Ali Hərbi Dənizçilik Məktəbinin yerləşdiyi yerdə, bu böyük kompleksdə Azərbaycanın milli ali hərbi məktəbinin yaranması, 1997-ci ildə işə başlaması və dörd il müddətində yüksək təhsil almış zabit dəstəsinin builki buraxılışı Azərbaycan ordusunun güclənməsinə təsir edəcək və ordu quruculuğumuz üçün mühüm hadisə olacaqdır.

Amma bu, işin başlanğıcıdır. Bizdə Hərbi Akademiya yaranıbdır. Bu məktəbi qurtaran məzunlar Hərbi Akademiyada da bir il təhsil alandan sonra ən yüksək hərbi biliyə, hərbi peşəyə malik olacaqlar. Bunların hamısı bizdə daha da güclü, daha da peşəkar, dünya standartlarına daha da cavab verən ordunun yaranmasına kömək edəcəkdir.

Mən sizin dəvətinizi qəbul edirəm. Avqust ayında burada keçiriləcək buraxılışa gələcəyəm. Bu hərbi məktəbi ən əla qiymətlə bitirənlərə diplomları mən özüm təqdim edəcəyəm. Bilin ki, indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan ordusunun qurulması üçün, ölkəmizdə ordunun tələbatını təmin etmək məqsədi ilə hərbi məktəblərin inkişaf etməsi, genişlənməsi, onların səviyyəsinin qaldırılması üçün, bir prezident kimi Ali Baş Komandan kimi lazım olan bütün tədbirləri görəcəyəm.

Mən bu gün sizin məktəbinizin bəzi hissələri ilə tanış oldum. Bəzi siniflərdə oldum. Dərs verən zabitləri dinlədim, gənc kursantları dinlədim. Bunlar məni sevindirdi. Sevindirdi ona görə ki, burada artıq yüksək səviyyədə hərbi təhsil təşkil olunubdur. Bunu, təbiidir, bir ildə, iki ildə təşkil etmək mümkün deyildir. Dörd il bundan öncə burada ilk ali hərbi təhsilə başlayan gənclər bu il təhsili bitirib orduda xidmət etməyə gedəcəklər. Bu, çox əlamətdar hadisədir.

Mən burada sizin siniflərinizdə, laboratoriyalarınızda, təcrübə otaqlarınızda müasir tələblərə uyğun olan cihazları gördüm və müəllimlərin, - təbiidir ki, gördüyüm müəllimlərin, - biliklərini hiss etdim və o qənaətə gəldim ki, bizdə artıq ali hərbi məktəb yaranıbdır. Bu ali hərbi məktəb bu il birinci buraxılışını edəcək, hər il yeni-yeni buraxılışlar edəcək və qısa bir müddətdə - demək olar ki, 4-5 il içərisində bizim ordumuzda bu məktəbi bitirmiş yüksək səviyyəli zabit heyəti öz xidmətini göstərməyə nail olacaqdır.

Hərbi quruculuq - ordu quruculuğu çətin prosesdir. Mən qeyd etdim ki, bunu bir ilə, iki ilə etmək mümkün deyildir. Bizim yaratdığımız silahlı qüvvələr keçmişdə hazırladığımız kadrlar əsasında yaranmışdır. Amma indi isə bizim silahlı qüvvələrə, ordumuza müstəqil dövlətin yaratdığı ali hərbi məktəblərdə təhsil almış, müasir tələblərə uyğun olan səviyyəyə çatmış zabit heyəti ilbəil daxil olcaqdır. Bu, gələcəkdə Azərbaycanda ordu quruculuğu sahəsində dövlətin strategiyasını həyata keçirmək üçün ən əsas şərtlərdən biridir. Biz bunu edirik, bundan sonra da edəcəyik.

Bu məktəbi lazımi səviyyəyə qaldırmaq üçün və ümumiyyətlə, Azərbaycanda hərbi təhsili istənilən səviyyəyə qaldırmaq üçün hələ çox işlər görmək lazımdır. Mən sizin bu işlərinizi müsbət qiymətləndirərək, eyni zamanda, hərbi məktəblərin təşkil olunması və onların istənilən səviyyədə fəaliyyət göstərməsi ilə əlaqədar Müdafiə Nazirliyinin nöqsanlarını da bilirəm, onları da qeyd edirəm. Sizin məktəbinizdə də nailiyyətlərlə bərabər nöqsanlarınız, çatışmazlıqlarınız vardır. Ona görə də əldə olunanlarla heç də arxayınlaşmaq olmaz.

Biz bununla qane ola bilmərik. Əldə olunanlar bizim böyük işimizin, müstəqil dövlətimizin gələcəkdə daha da güclü ordusunun yaranmasının ilk addımlarıdır. Ancaq bundan sonra addımlar daha da iri, daha da güclü olmalıdır. Əldə olunan təcrübədən daha da səmərəli istifadə etmək lazımdır ki, gələcəkdə, buraxılışdan-buraxılışa məzunların səviyyəsi daha da yüksək olsun. Buraxılışdan-buraxılışa bizim ordumuza gedən zabitlər daha da yüksək standartlara cavab verən zabitlər olsun.

Burada siz çox fənlər keçirsiniz. Hamısı lazımdır. Təbiidir ki, birinci növbədə hərbi peşəni mənimsəmək əsas şərtdir. Çünki nə qədər güclü, nə qədər qəhrəman adam olsa da, əgər o şəxs hərbi peşəni və dünyada olan hərbi nailiyyətləri mənimsəməsə, onlardan istifadə etmək qabiliyyətinə yiyələnməsə, və bunu təmin edə bilməsə, onda, əlbəttə ki, istənilən nəticə əldə oluna bilməz. Ona görə də bu sahə - əsas sahədir. Mən güman edirəm ki, siz, həm zabit-müəllim heyəti, həm də kursantlar bunlara daha da çox fikir verəcəksiniz. Bizim Müdafiə Nazirliyi də bu sahədə öz işini gücləndirəcəkdir.

Burada xarici dillər öyrədilir. Onlara ciddi fikir vermək lazımdır. Çünki indi bizim ordumuz dünyanın bir çox ölkələrinin ordusu ilə əməkdaşlıq edir. Biz NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında və başqa proqramlarda iştirak edirik. Ona görə də xarici dilləri bilmək çox vacibdir. Təkcə bir dili yox, bəlkə də bir neçə dili bilmək lazımdır.

Siz gənc insanlarsınız. Sizin həyat fəaliyyətiniz yeni başlayır. 18-19-20-21 yaşında olan adamlarsınız. Bilin, böyük həyat yaşayan adam kimi mən sizə demək istəyirəm ki, bu, insanın ən xoşbəxt dövrüdür və bu dövrdən səmərəli istifadə etmək lazımdır. İtirmək lazım deyildir. Bu dövrdə, bu yaşda itirilən kiçik bir imkan sonra insanın həyatında böyük çətinliklər yaradır. Ona görə mən sizə tövsiyə edirəm və Ali Baş Komandan kimi əmr edirəm ki, təhsil prosesində bütün fənləri yüksək səviyyədə mənimsəməyə çalışmalısınız. Bunun üçün də təbiidir ki, mən zabit-müəllim heyətindən tələb edirəm ki, onlar öz səviyyələrini də qaldırsınlar və təhsil işini daha da yaxşı qursunlar. Bizim bu gənc kursantlara müxtəlif fənləri öyrətmək üçün can yandırsınlar, çalışsınlar. Çünki hər bir vicdanlı Azərbaycan vətəndaşının, azərbaycanlının borcu, vəzifəsi ondan ibarətdir ki, bizim gələcək nəslimiz daha da bilikli olsun, daha da sağlam olsun, dünya təcrübəsini daha da mənimsəmiş olsun. Ümidvaram ki, siz həm nöqsanların aradan qaldırılması ilə məşğul olacaqsınız, həm də öz səylərinizi artıracaqsınız.

Hərbi peşədə xidmət göstərmək üçün fiziki hazırlıq çox vacibdir. Hər bir gənc adam istəsə, fiziki cəhətdən çox güclü ola bilər. Əgər o, öz bədəninin, vücudunun fiziki imkanlarından doğrudan səmərəli istifadə etsə, düzgün, doğru həyat tərzi keçirsə, mənfi hallara meyl göstərməsə, həmişə sağlam, fiziki cəhətdən güclü olacaqdır. Bu, insanın özü üçün lazımdır. Amma bizim ordumuz üçün, hər bir zabit üçün, dövlət üçün də lazımdır. Ona görə də bunları deyərək, mən birincisi, dövlətin bizim gənclərimizə, vətəndaşlarımıza qayğısını ifadə edirəm, ikincisi, mən bizim ordumuzun bütün zabit heyətinin, şəxsi heyətinin istənilən tələblər səviyyəsində olması qayğımızı ifadə edirəm. Ancaq fiziki hazırlıqla yanaşı, mənəvi saflıq, sağlamlıq da çox vacibdir və böyük yer tutur. Hesab edirəm ki, bu sizin təlim-tərbiyə işinizdə, bütün müəllim-zabit heyətinin fəaliyyətində əsas yer tutmalıdır.

Özünü hərbi peşəyə həsr edən hər bir gənc anlamalıdır: bu peşəyə özünü nə üçün həsr edir? Çünki hərbi peşə başqa peşələrə nisbətən asan deyil, çətindir. Nə üçün həsr edir? Demək, vətəni qorumaq üçün, öz dövlətini, öz millətini qorumaq üçün! Hesab edirəm ki, hərbi təhsil alıb orduda xidmət etmək istəyən gəncin əsas məqsədi budur. Əgər siz hamınız həqiqətən bu məqsədi nəzərə alaraq özünüzü hərbi peşəyə həsr etmək istəyirsinizsə və hərbi məktəbə daxil olub ali hərbi təhsil almaq, bizim orduda, silahlı qüvvələrdə xidmət etmək istəyirsinizsə, demək, siz sağlam mənəviyyata malik olmalısınız.

Sağlam mənəviyyat isə Azərbaycanın müstəqilliyinə sədaqət, Azərbaycan dövlətinə sədaqət, Azərbaycan xalqının bu gününə və gələcəyinə sədaqət, millətimizə sədaqət - bunlardan ibarət olmalıdır. Bu keyfiyyətlərə malik olmayanlar yaxşı olar ki, nə özlərini əziyyətə salsınlar, nə hərbi məktəbə gəlsinlər, nə də orduda xidmət etsinlər.

Təəssüf ki, bizim orduda hələ bu tələblərə cavab verməyən şəxslər var. Güman edirəm, bunlar bu keçid dövrünün əlamətləridir. Biz bunları aradan qaldıracağıq. Mən bu vəzifəni Müdafiə Nazirliyinin qarşısında, hərbi hissələrin qarşısında dəfələrlə qoymuşam.

Azərbaycanın dövlətinə, müstəqilliyinə sədaqətli olmayan adam, xalqa xidmət etməyi özünə şərəf kimi qəbul etməyən adam silahlı qüvvələrdə xidmət edə bilməz. Ona görə də burada təhsil müddətində müəllim-zabit heyəti bu vəzifəni təmin etməlidir. Sizin hər biriniz bilməlisiniz ki, bu mənəvi dəyərlərə, mənəvi keyfiyyətlərə malik olmasanız, bütün başqa biliklərinizə baxmayaraq, siz müstəqil Azərbaycan ordusunun dəyərli zabiti, dəyərli döyüşçüsü ola bilməzsiniz.

Mən güman edirəm ki, bu işi daha çox Müdafiə Nazirliyi aparmalıdır. Ali məktəblərdə, o cümlədən bu ali məktəbdə müəllim-zabit heyətinin özünün mənəvi tələblərə, dəyərlərə cavab verməsini təmin etməlidir.

Burada sadəcə xidmət edib, bu xidmətinə görə maaş alıb, bu məktəbin imtiyazlarından istifadə edib, ancaq dövlətə, millətə, müstəqilliyimizə, dövlət quruculuğuna biganə qalan adamlar belə məktəblərdə işləyə bilməzlər, təhsil, təlim işi ilə məşğul ola bilməzlər. Ona görə mən məktəbin komandanlığından tələb edirəm, Müdafiə Nazirliyindən tələb edirəm ki, bu məsələ ilə ciddi məşğul olasınız və bəlkə də bu məsələni yüksək səviyyəyə qaldırmaq üçün müəyyən konkret tədbirlər görəsiniz.

İndi bizim ordumuz dünyanın bir çox ölkələrinin orduları ilə əməkdaşlıq edir. Ona görə də bizim ordumuzun beynəlxalq əlaqələri inkişaf edir və inkişaf etməlidir. Ancaq bizim ordu quruculuğumuzda, xüsusən ali hərbi məktəblərin və bütün hərbi məktəblərin yaranmasında, ordumuzda olan zabitlərin biliyinin, hərbi peşəsinin təkmilləşməsində qardaş Türkiyə Cümhuriyyətinin və onun çox şanlı-şöhrətli ordusunun nümayəndələri bizə daim yardım edibdir, bu gün də yardım edir.

Ona görə mən bu gün fürsətdən istifadə edərək, Türkiyə Cümhuriyyətinə, Türkiyə Silahlı Qüvvələrinə və onun Baş Qərargah rəisinə, Azərbaycanda xidmət edən qardaş Türkiyə zabitlərinə və generallarına təşəkkürümü, minnətdarlığımı bildirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu əməkdaşlıq bundan sonra daha da güclənəcək, daha da genişlənəcəkdir.

Başqa ölkələrin həm təhsil mərkəzlərindən, həm də təcrübəsindən istifadə etmək bizim üçün, yəni sizin üçün vacib məsələlərdən biridir. Ona görə də Müdafiə Nazirliyi bu barədə indiyə qədər gördüyü işləri daha da təkmilləşdirməlidir, daha da genişləndirməlidir və lazımi tədbirlər görməlidir ki, Azərbaycan ordusu, Azərbaycan zabiti dünyanın inkişaf etmiş ölkələrinin ordusunun, zabitinin səviyyəsində ola bilsin.

Mən bu vəzifələri sizin qarşınızda qoyaraq ümidvar olduğumu bildirmək istəyirəm ki, hərbi məktəblərin təşkil olunma prosesi bundan sonra da inkişaf edəcək və gələcək illərdə bizim hərbi məktəblərimiz daha da yüksək səviyyəyə qalxacaqdır.

Burada, sizin hərbi məktəbin yerləşdiyi bu kompleksdə çox böyük imkanlar var. Keçmişdə burada çox yaxşı binalar tikilibdir, böyük əraziniz var. Demək olar ki, Azərbaycanda heç bir ali məktəbin, mən təkcə hərbi məktəb demirəm, ümumi ali məktəbin, universitetin bu qədər geniş ərazisi və bu qədər də binaları yoxdur. O vaxtlar bunlar hamısı sovet ordusuna mənsub idi. Sovet ordusu da öz gücünü daim artıraraq, bu kimi məktəblərin maddi-texniki şəraitini inkişaf etdirmək üçün hər il çox işlər görürdü. Ancaq bizim keçid dövründə burada müəyyən durğunluq olubdur. İndi görürəm ki, siz bəzi hissələrdə yaxşı təmir aparmısınız, maddi-texniki təminat işləri görmüsünüz. Amma bu, bütün korpusları, ərazini əhatə etmir. Görülən işləri bəyənirəm, ancaq bundan sonra bütün bu ərazidə olan korpuslar müasir səviyyəyə qaldırılmalı və burada təhsil alanlar, zabit-müəllim heyəti onlardan daha da səmərəli istifadə etməlidirlər.

Dünyada çox peşələr var. Hər bir ölkədə, o cümlədən müstəqil Azərbaycanda da. Amma bütün peşələrdən xalq üçün, millət üçün, hər bir vətəndaş üçün, dövlət üçün ən vacib, ən dəyərli peşə milləti, xalqı, torpağı qorumaq peşəsidir, yəni hərbi peşədir. Siz özünüzü bu işə sərf etməyi qərara almısınız. Mən sizin bu qərarınızı dəstəkləyirəm və Azərbaycan gənclərini dəvət edirəm ki, onların daha çoxu bu yolu seçsinlər. Çünki bu yol şərəfli yoldur, ən şərəfli peşədir. Mən məmnunam ki, Azərbaycan gənclərinin bu peşəyə marağı ilbəil artır. Biz isə - dövlət, mən, Ali Baş Komandan bu peşənin Azərbaycanda, təhsil sahəsində inkişaf etməsi üçün hər bir şeyi edəcəyik.

İnanıram, siz gələcəkdə də heç vaxt heyfsilənməyəcəksiniz ki, bu peşəni seçmisiniz. İnanıram, siz gələcəkdə daha çox iftixar hissi keçirəcəksiniz ki, bu peşəni seçmisiniz. Eyni zamanda inanıram ki, hər bir Azərbaycan vətəndaşı da, bizim müstəqil dövlətimizin cəmiyyəti də bu peşəni seçən adamlara, bu peşə ilə məşğul olan adamlara, bu yolla gedən adamlara daha da böyük hörmət, ehtiramla yanaşacaqlar. Mənim üçün hər bir əsgər, hər bir döyüşçü, hər bir zabit Azərbaycan vətəndaşlarının hər birindən daha da qiymətlidir, daha da yüksəkdir. Tutduğunuz bu yolda sizə uğurlar arzulayıram. Məktəbi qurtarandan sonra orduya gedəcəksiniz. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz orduda, hər bir hissədə daha da yüksək peşəkarlıq səviyyəsini təmin edəcəksiniz, daha da sağlam ab-hava yaradacaqsınız, daha da sağlam mühit yaradacaqsınız. Çünki siz dörd il müddətində burada təhsil almış, müstəqil Azərbaycan dövlətinin imkanları ilə özünüzü hərbi peşəyə həsr etmiş insanlarsınız. Bu dörd illik təhsilinizin nəticəsini biz hərbi hissələrdə sizin xidmətinizdə görmək istəyirik. O, orada daha da düzgün qiymətləndiriləcəkdir: sizin bu təhsiliniz bizim hərbi hissələrin döyüş qabiliyyətini, döyüş keyfiyyətini, nizam-intizamını və mənəvi təmizliyini nə qədər təmin edəcəkdir. Ümidvaram ki, biz bunların şahidi olacağıq.

Mən sizin hamınıza cansağlığı arzu edirəm. Tutduğunuz bu şərəfli yolda sizə böyük-böyük uğurlar arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 21 iyun 2001-ci il.

Tarixi arayış

ORDU QURUCULUĞU