Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın "AMOKO" şirkətinin Bakıda yeni ofisinin açılışı mərasimində çıxışı - 11 aprel 1997-ci il


Hörmətli cənab Riçard Fleri!

Hörmətli cənab Don Steysi!

Hörmətli səfir Riçard Kozlariç!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Azərbaycanın həyatında bu gün yeni bir əlamətdar hadisə baş verir: Amerika Birləşmiş Ştatlarının böyük neft şirkəti olan "AMOKO"-nun Azərbaycanda, Bakıda daimi ofisi açılır. "AMOKO"-nun Bakıda ofisi çoxdan açılıbdır, bu ofis indi yeni binaya keçir və şirkət burada öz işini daha da yaxşı qurmağa çalışır.

"AMOKO" Azərbaycanın neft yataqlarından müştərək istifadə olunması üçün respublikamıza gəlmiş ilk xarici şirkətlərdən biridir. "AMOKO" şirkəti 1994-cü ilin sentyabrında Azərbaycanda imzalanmış və "Əsrin müqaviləsi" adlanan ilk müqavilənin hazırlanmasında çox xidmətlər göstərmişdir və bu müqavilənin həyata keçirilməsində aparıcı şirkətlərdən biridir. "AMOKO" şirkəti 1996-cı ildə respublikamızda imzalanmış başqa bir müqavilənin də iştirakçısıdır. Mən bilirəm ki, cənab Steysinin gələcək işlər haqqında da çox böyük planları vardır. Güman edirəm ki, bu planların həyata keçirilməsi mümkün olacaqdır. Hər halda biz uzunmüddətli əməkdaşlığa başlamışıq. İlk müqavilə 30 il müddətinə imzalanıbdır. Həmin müqavilə imzalananda da demişəm və bu gün daha qətiyyətlə deyirəm ki, bu 30 ilin üstünə bir neçə onilliklər də gəlmək lazımdır. Yəni XXI əsr Amerika Birləşmiş Ştatlarının şirkətləri ilə və xüsusən "AMOKO" şirkəti ilə Azərbaycan arasında əməkdaşlıq əsri olacaqdır.

Güman edirəm, bilirsiniz, mən də bilirəm - aparılan qazma işləri, alınan nəticələr onu göstərir ki, biz müqavilədə nəzərdə tutulmuş göstəricilərdən daha da yüksək səviyyələrə gəlib çata biləcəyik. Yəni bizim əməkdaşlığımız çox əsaslı və etibarlıdır. İndiyə qədər görülən işlər bu nəticəyə gətirir ki, biz burada həqiqətən böyük neft sahibi olacağıq. Ona görə də əməkdaşlığımız uzunmüddətli olacaqdır.

Mən bütün bu işlərdə "AMOKO" şirkətinin xidmətlərini xüsusi qeyd edirəm, o cümlədən cənab Don Steysinin Azərbaycanla qurduğu əlaqələrdə səmimi, çox fədakar olduğunu xüsusi qeyd edirəm. Belə münasibətlər məni çox sevindirir. Azərbaycanın prezidenti kimi mən yaratdığımız bütün əlaqələrin, xüsusən ABŞ şirkətləri ilə və ümumiyyətlə, Amerika Birləşmiş Ştatları ilə yaratdığımız əlaqələrin daha da genişlənməsini və səmimi olmasını istəyirik.

"AMOKO" şirkəti ilə bizim yaratdığımız əlaqələr, cənab Don Steysi ilə olan əlaqələrimiz məhz bu sahədə nümunədir. Ona görə də bu gün mən bu dəvəti məmnuniyyətlə qəbul edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu binada sizin, "AMOKO" şirkətinin Azərbaycanda olan nümayəndələrinin işi daha da müvəffəqiyyətli olacaqdır və daha da sürətlə gedəcəkdir. Biz isə indiyədək olduğu kimi, bundan sonra da əməkdaşlıq edəcəyik və "AMOKO" şirkətinin burada fəaliyyət göstərməsi üçün lazımi imkanları yaradacağıq.

Mən sizi bir daha təbrik edirəm, bu ofisdə sizə uzun ömür arzulayıram. Bütün işlərinizdə sizə uğurlar arzulayıram. Arzu edirəm ki, "AMOKO" şirkəti Amerika Birləşmiş Ştatlarının ən böyük şirkətləri səviyyəsinə gəlib çata bilsin. Mən buna kömək edəcəyəm. Sizi təbrik edirəm.