Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rumıniya Prezidenti Emil Konstantinesku ilə görüşdəki söhbətindən - Yalta, 5 iyun 1998-ci il


Heydər Əliyev: Cənab prezident Emil Konstantinesku!

Bu gün Sizinlə görüşməyimdən çox məmnunam. Sizə səmimi salamlarımı yetirir, hörmət və ehtiramımı bildirirəm.

Rumıniyaya rəsmi səfərimi bəyük məmnunluqla xatırlayıram. Bizim çox səmərəli, əhəmiyyətli görüşlərimiz, danışıqlarımız oldu. Rumıniya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığı təmin etmək üçün müqavilələr, o cümlədən dostluq və əməkdaşlıq haqqında müqavilə imzalandı. Azərbaycan-Rumıniya əməkdaşlığının genişlənməsindən razı qaldığımı bildirirəm.

Emil Konstantinesku: Cənab prezident Heydər Əliyev, bu görüşümüzdən böyük şərəf duyduğumu vurğulayıram və vaxt tapıb mənimlə görüşdüyünüzə görə hədsiz dərəcədə minnətdaram. Qeyd etmək istəyirəm ki, Rumıniya Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə xüsusi maraq göstərir. Yadımdadır apardığımız danışıqlar və imzalanmış sənədlər Rumıniya ilə Azərbaycan arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı üçün olduqca əlverişli imkan yaradacaqdır.

Heydər Əliyev: Azərbaycan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Artıq aydın olmuşdur ki, Azərbaycanın Qafqazda, ümumiyyətlə, Avropa-Asiya bölgəsində mühüm strateji əhəmiyyəti və Xəzər hövzəsinin neft ehtiyatlarından istifadə olunmasında Azərbaycanın xüsusi rolu vardır. Xəzər dənizinin Azərbaycan sektorundakı yataqlardan hasil edilən neftin daha geniş miqyasa çıxması, ixracı da çox böyük əhəmiyyət daşıyır. Qədim “İpək yolu”nun bu vasitə ilə bərpa olunması Şərq ilə Qərbin, Asiya ilə Avropanın bilavasitə əlaqələrinin yaranmasında çox faydalıdır. Çox güman ki, biz Avropa Birliyinin himayəsi ilə TRASEKA proqramı çərçivəsində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı üzrə 1998-ci il sentyabrın 7-8-də Bakıda keçiriləcək beynəlxalq konfransda bu məsələləri geniş şəkildə müzakirə edəcəyik.

Emil Konstantinesku: Rumıniya bu beynəlxalq konfransın keçirilməsinə çox böyük əhəmiyyət verir və əmin olduğumu bildirirəm ki, indiki dövrdə bu konfrans Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının bütün ölkələri üçün faydalı olacaqdır.

Heydər Əliyev: Cənab prezident, səmimi söhbətimizdən razı qaldığımı bildirirəm və bir daha Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Emil Konstantinesku: Cənab prezident Heydər Əliyev!

Dəvətə görə minnətdarlığımı bildirirəm. Mənim Azərbaycana səfərim çox güman ki, iyun ayının axırlarında baş tutacaqdır. Sağ olun.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa