Azərbaycan Prezidenti Heydər Əliyevin Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin sədri Saleh bin Hümeydlə görüşdə söhbətindən - 7 iyun 2003-cü il


Saleh bin Abdulla Hümeyd: Zati-aliləri, icazə verin, iki müqəddəs məscidin xadiminin, vəliəhdin və Nazirlər Şurası sədrinin, eləcə də Səudiyyə Ərəbistanı xalqının səmimi salamlarını, xoş arzularını Sizə yetirim.

Azərbaycan parlamentinin sədrinə səmimi təşəkkürümüzü bildirmək istəyirik ki, bizə belə bir dəvət göndərdi və ziyarətimiz üçün çox yaxşı proqram hazırlandı. Səfərimiz çox maraqlı və səmərəli keçdi. Qəti əminik ki, bu, Sizin müdrik tövsiyələriniz və tapşırıqlarınız əsasında belə təşkil olunmuşdu.

Zati-aliləriniz yaxşı bilir ki, bizim səfərimiz ölkələrimiz arasında qardaşlıq və dostluq əlaqələrinin daha da möhkəmlənməsi işinə xidmət edir. Çox sevinirik ki, ölkələrimiz arasındakı əlaqələr artıq həyatın müxtəlif sahələrində, o cümlədən siyasi, iqtisadi, turizm, mədəniyyət və başqa sahələrdə inkişaf etməyə başlamışdır.

Milli Məclisin sədri ilə danışıqlarımız çox səmərəli keçdi. Biz dostluq qrupu yaratdıq və razılaşdıq ki, parlament nümayəndə heyətlərinin mübadiləsini həyata keçirək, beynəlxalq təşkilatlarda fəaliyyətimizi əlaqələndirək. Bu səfərimiz zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının sabit və qətiyyətli mövqeyini bir daha vurğuladıq. Əlbəttə, Səudiyyə Ərəbistanı Krallığının bu mövqeyi onun islami mövqeyindən irəli gəlir.

Allah-təala Səudiyyə Ərəbistanı Krallığına belə bir şərafət qismət edib ki, məhz Qurani-Kərim orada nazil olub, islamın peyğəmbəri orada anadan olub və islamın müqəddəs ocaqları bu ölkədədir. Əlbəttə, Səudiyyə Ərəbistanı Krallığı bu şərafətlə fəxr edir və bu şərafətdən doğan məsuliyyətini, müsəlman qardaşları qarşısındakı məsuliyyətini də hiss edir. Səudiyyə Ərəbistanı Krallığının müsəlmanların problemləri ilə bağlı sabit və qətiyyətli mövqeyi məhz bundan irəli gəlir.

Biz ölkəmizin iqtisadi vəziyyətindən və dünya miqyasındakı yerindən çıxış edərək, belə bir mövqe tuturuq. Eyni zamanda, ölkəmizin beynəlxalq forumlardakı yerindən də istifadə edərək bu mövqedəyik. Bu mənada ölkəmiz çalışır ki, onun mövqeyi həmişə haqq və ədalətin müdafiəsi mövqeyi olsun. Əlbəttə, mənim üçün çox xoşdur ki, zati-alinizin hüzurundayam. Mənə verilən belə gözəl fürsətdən sui-istifadə edib söhbəti uzatmaq istəmirəm. Amma çox istərdim ki, Sizin hüzurunuzda saatlarla olam.

Mən bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan xalqının qədim tarixi, zəngin adət-ənənələrə malik olması ilə biz də fəxr edirik. Biz Sizin müdrik rəhbərliyinizlə Azərbaycana, xalqınıza daha böyük irəliləyiş və tərəqqi arzulayırıq. Çox sağ olun.

Heydər Əliyev: Sizin çox dəyərli sözlərinizi yüksək qiymətləndirirəm. Mən də bu sözləri demək istəyirdim. Amma bu sözlərin hamısını dediniz. Elə bil ki, mənim fikirlərimi oxudunuz.

Saleh bin Abdulla Hümeyd: Zati-aliləri, bu, mənim üçün böyük şərəfdir.

Heydər Əliyev: Amma bir neçə kəlmə demək istəyirəm.

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq əlaqələri var. Mənim Səudiyyə Ərəbistanına səfərimdən sonra bu əlaqələr daha da inkişaf edib, genişlənibdir. Biz buna çox şadıq. Bu əlaqələr bütün sahələri əhatə edir. Mən çox şadam ki, bütün sahələrdə biz dostluq edirik.

Səudiyyə Ərəbistanı böyük tarixə malik olan dövlətdir. İslamın peyğəmbəri də orada anadan olub, Qurani-Kərim də orada yazılıbdır.

Beləliklə, Səudiyyə Ərəbistanı bütün islamiyyətin köküdür. Biz müsəlmanıq və müsəlmanlığımızı qoruyub saxlamışıq. Baxmayaraq ki, elə şəraitdə yaşamışıq ki, bu, mümkün deyildi. Müsəlman kimi biz həmişə Səudiyyə Ərəbistanına hörmət edirik, əlaqələrimizi daha da genişləndirmək istəyirik və bu əlaqələrdən daha da səmərəli istifadə etmək istəyirik. Çünki bütün sahələrdə əməkdaşlıq var. Amma onların böyük nəticələri yoxdur. Lazımdır ki, bizim əməkdaşlığımız daha da sıx olsun və konkret nəticələr versin. Düşünürəm ki, siz də belə fikirdəsiniz.

Səudiyyə Ərəbistanında bizim tələbələr oxuyur. 30 tələbənin oxuması çox yaxşı haldır. Orada Azərbaycandan 180 həkim işləyir.

Saleh bin Abdulla Hümeyd: Səudiyyə Ərəbistanının bəzi sərmayədarları da Azərbaycanda fəaliyyət göstərir.

Heydər Əliyev: Bəli. Amma biz istərdik ki, bu sərmayələr daha da çox olsun. Çünki bizdə buna imkanlar var. Yaxşı olar ki, siz sərmayənizi burada işə qoyasınız, nəinki başqa yerdə.

Saleh bin Abdulla Hümeyd: Ona görə də biz bu gün İqtisadi İnkişaf Nazirliyində olduq və bu məsələləri nazirlə müzakirə etdik. Bizim Şura Məclisinin bəzi üzvləri biznesmendirlər. Onlar da bizim söhbətimizdə iştirak etdilər və bu məsələlər barədə fikir mübadiləsi apardılar.

Heydər Əliyev: Çox məmnunam. Əməkdaşlıq inkişaf etməlidir. Biz daha da yaxın olmalıyıq. Bizim əlaqələrimiz sarsılmazdır.

Mən Məkkədə, Mədinədə oldum. Məkkədə heyrətamiz bir mənzərə gördüm. Sizin İslam dini qarşısında böyük xidmətiniz ondan ibarətdir ki, bütün çətin dövrlərdə Məhəmməd peyğəmbərin qəbrini qoruyub saxlamısınız, Qurani-Kərimi qoruyub saxlamısınız və hamısını dünyaya bəxş etmisiniz. İndi o saraylar çox zəngindir. Bəlkə də bir milyon, iki milyon insan bu saraylarda, eyni vaxtda namaz qılır.

Saleh bin Abdulla Hümeyd: Zati-aliləri, binanın özü bir milyon adamın namaz qılmasına imkan verir. Amma binanın, məscidin ətrafındakı sahə ondan da artıq adamların namaz qılmasına imkan verir.

Heydər Əliyev: Çox yaxşı. Mən bunları görəndə düşündüm, Səudiyyə Ərəbistanı indi zəngin dövlətdir. Amma keçmişdə belə zəngin olmayıbdır. Zəngin olmadığı dövrdə oranı qurub, yaradıb və mühafizə edibdir.

Sizin dövlətiniz, hörmətli kral çox iş görübdür. Mən bunu yüksək qiymətləndirirəm. Xahiş edirəm, mənim səmimi salamlarımı, əziz dostum krala çatdırasınız, Şura Məclisinə çatdırasınız, orada bütün islam hümmətindən olan adamlara çatdırasınız. Mən sizin parlamentə, onun işinə çox yüksək qiymət verirəm, görünür, çox yaxşı işləyirsiniz. Sizə təşəkkür edirəm. Çox sağ olun.

Saleh bin Abdulla Hümeyd: Zati-aliləri, mən və həmkarlarım doğrudan da böyük fəxarət duyuruq ki, Siz bizim ölkə haqqında ürəkdən gələn belə xoş sözlər deyirsiniz.

Bizim kral həzrətləri hətta kral titulundan imtina edərək, iki müqəddəs məscidin xadimi titulunu üzərinə götürübdür. Döğrudan da Səudiyyə Ərəbistanı Krallığı həmin o iki müqəddəs məscidə xidmət etməklə, ümumən, islam dininə, xalqlarına xidmət etməklə böyük fəxr duyur.

Zati-aliləri, bu hədiyyə Kəbənin üstünə örtülmüş kisvanın bir parçasıdır. Oradan Sizə gətirilibdir. Bu, çox qiymətli hədiyyədir. Bu isə ərəb qəhvəsi içmək üçündür. Xalis qızıldan hazırlanmış dəstdir.

Heydər Əliyev: Təşəkkür edirəm. Çox sağ olun.

Saleh bin Abdulla Hümeyd: Zati-aliləri, Allah amanında qalın, Sizə minnətdarıq.

Heydər Əliyev: Sağ olun.

"Azərbaycan" qəzeti, 8 iyun 2003-cü il.