Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin İqdır vilayətinin nümayəndələri ilə görüşdə çıxışı - Prezident Sarayı, 21 iyun 1996-cı il


İqdır Azərbaycan üçün çox mühüm bir vilayətdir. Şəxsən mən İqdır haqqında hələ qırx-əlli il bundan əvvəl kitablar oxumuş və oranı görmək arzusunda olmuşam. Orada olduğum günlərdən də çox məmnunam. Türkiyənin bir hissəsi kimi İqdırla Azərbaycan həmişə bağlıdır və şəxsən mən də bağlıyam. Bu baxımdan buraya gəlməyinizi bəyənir və sizinlə görüşməyi lazımlı hesab edirəm.

5008 nəfər iqdırlının imzaladığı və Prezident Heydər Əliyevə ünvanlanmış məktub:
  
 Azərbaycan Respublikasının Prezidenti hörmətli Heydər Əliyevə

Hörmətli və çox dəyərli böyüyümüz.

Öncə, sizlərə göndərdiyimiz bu məktuba imza atan və ya ata bilməyən bütün iqdırlıların salam və sevgilərini yollayırıq.

О salamlar ki, sizlərin dar günlərinizdə, о salamlar ki, köməksiz günlərinizdə, о salamlar ki, zəhmətli günlərinizdə yanınızda olan və dostluğunuzdan heç bir zaman şübhə içinə düşməyən iqdırlıların salamlarıdır.

О salamlar ki, iki türk cümhuriyyətini bir-birinə bağlayan torpaqlar üstündə yaşayan insanların salamlarıdır.

О salamlar ki, millətinin hər fərdinə Azərbaycan və Naxçıvan deyəndə ürəyi kövrəlib gözləri dolan insanların salamlarıdır: о salamlar ki, böyük dünyanın öndər yetişdirdiyi böyük liderinə olan sevginin salamlarıdır.

О böyük lider ki, dünyada Atatürkdən sonra yetişmiş ən böyük siyasət adamı - hörmətli Heydər Əliyevə və onun xalqına göndərilən dostluq və qardaşlıq salamlarıdır.

Hörmətli prezidentimiz!

Bütün İqdır xalqının sizdən ricası budur ki, Azərbaycanda sizə və sizin hər hansı vətəndaşmıza bir zərrə də olsun heç bir qəsdi və qərəzi olmayacağına inandığımız bir qardaşımızın bir səhv üzündən orada tutularaq həbsə salınması nəticəsində bizi, ailəsini və bütün iqdırlıları üzüntü və kədərə salan bu acıya son qoyasınız. Şanınıza, böyüklüyünüzə və liderlik simanıza yaraşan bir şəkildə onu əfv edəcəyinizə tamamilə inanırıq.

Bu işdə hörmətli bələdiyyə başqanlarımızın, hörmətli partiya başqanlarımızın və bütün İqdır xalqının həmin qardaşımız üçün zamin olacağına inanmağınızı istəyirik. O, əsla xain və pis niyyətli bir adam olmamışdır və ola bilməz də.

Onun xəstəxanada xərçəngdən yatmaqda olan arvadının və gözü yollarda qalan cocuqlarının və İqdır xalqının bu ağrısına son qoyacağınıza inanırıq..

Onu bağışlamağınızla İqdır xalqının ürəyində sizə olan sevginin min qat artacağını bilməyinizi istəyirik. Bu ümid və inancla sizə hörmət və ehtiramımızı çatdırırıq.

Sizə uzunömürlü və dünyanın qürur duyacağı bir dövlət rəhbəri həyatı diləyir, əllərinizdən öpürük.

İqdır xalqı adından:

Əli Əsgər AŞIRIM,
İqdır bələdiyyə başqanı,
Feyzulla TÜRKELI,
Mələkli bələdiyyə başqanı,
Müzəffər GƏNCƏ,
"Ana vətən" il başqanı

İqdır nümayəndələrini dinlədikdən və məktubla tanış olduqdan sonra çıxışı

Bir də qeyd edirəm, İqdır Azərbaycan üçün Türkiyənin ən önəmli, ən əziz bir yeridir. Türkiyə Cümhuriyyətinin hər yeri bizim üçün əzizdir. Azərbaycan xalqı üçün, Azərbaycan Respublikası üçün Türkiyə Cümhuriyyəti ən yaxın dost, qardaş ölkədir. Bu dostluq, qardaşlıq əlaqələrinin böyük tarixi, dərin kökləri var. Biz bu barədə dəfələrlə danışmışıq. İndi, Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra onun ən sıx, ən yaxın əlaqəsi Türkiyə ilədir. Yenə deyirəm, Türkiyənin hər bir nöqtəsi, hər bir qəzası, şəhəri Azərbaycan üçün əzizdir.

Biz Azərbaycanda uzun illər - yetmiş il Türkiyənin həsrəti ilə yaşamışıq ki, oranı görək, ziyarət edək. Bu baxımdan İqdırın xüsusi əhəmiyyətini ona görə vurğulayıram ki, İqdır Türkiyəni Azərbaycana bağlayan, Azərbaycanla sərhəddə olan yerdir. Türkiyə-Azərbaycan sərhədi Azərbaycanın Naxçıvan hissəsi, Türkiyənin də İqdır hissəsidir. Ona görə də burada həmin əlaqələr keçmişdə də daha yaxın olubdur. Bilirsiniz ki, keçmış zamanlarda Azərbaycan təkcə indiki hüdudlarda deyildi. İndi Ermənistanın əlində olan Göyçə mahalı da, yaxud sizin İqdırın qarşısındakı Vedibasar, Zəngibasar, İrəvan xanlığı da Azərbaycanın olubdur. Sizin ulu babalarınızın əksəriyyəti oralardandır. İqdırda yaşayanlardan soruşsan ki, kökün haradandır, hər on nəfərdən dördü-beşi deyəcək ki, ya Zəngibasardan, ya Vedibasardan, ya İrəvandan, yaxud Borçalıdan, ya da Gəncədəndir, Naxçıvandandır. (Müzəffər Gəncə bildirdi ki, mən gəncəliyəm, babam oradandır). Necə olub ki, sən Gəncədən İqdıra gedib çıxmısan? Çünki о məntəqə, о bölgə azərbaycanlılar üçün, - Türkiyədə azərilər deyirsiniz, - azərilər üçün həmişə bir məskən olubdur. Bunların tarixi kökləri var. İqdırın Azərbaycana daha əziz olması və sevilməsi, bax bu tarixi köklərə əsaslanır. Siz gəncsiniz, kitablar oxuyursunuz, mən də bunların bir hissəsini kitablardan bilirəm. Amma bir hissəsini şəxsi həyatımdan bilirəm.

Hələ 1940-cı illərdə, İkinci dünya müharibəsi zamanı, Sovetlər İttifaqı alman faşizmi ilə müharibə edəndə, - tarix tarixdir, - Türkiyə Almaniyanın tərəfində idi, amma müharibə etmirdi. Hitler faşizminin qoşunları 1942-ci ildə Qafqaz dağlarına gəlib çatmışdı, Bakını işğal etmək istəyirdilər. Əgər onlar Bakını işğal edə bilsəydilər, bəlkə də alman faşizmi Sovetlər İttifaqına qalib gələrdi. Çünki о vaxtlar Bakı nefti bütün Sovetlər İttifaqının ordusunu saxlayırdı. Biz burada yaşayırdıq və biz də təhlükədəydik ki, Türkiyə Almaniya ilə müttəfiqdir. Məlumatlar gəlirdi ki, ola bilər Türkiyə Qafqazı işğal etmək üçün bu tərəfdən hücum etsin. Amma Türkiyədə ağıllı adamlar çox oldu: Almaniya ilə müttəfiq oldular, ancaq onunla birlikdə ikinci dünya savaşma qoşulmadılar və Qafqaza girmədilər. Girsəydilər, çox böyük bəla olardı.

Bunu ona görə xatırlayıram ki, mən о vaxtlardan bütün İqdırın xəritəsini bilirəm, Ərzurumun, Qarsın, Diyarbəkrin, Ərdəhanın xəritəsini bilirəm. О vaxt bu bölgələr bizi çox maraqlandırırdı. Eyni zamanda onlara bizdə həmişə bir sevgi, məhəbbət vardı. 70-ci illərdə mən Azərbaycana rəhbərlik edərkən Türkiyə ilə əlaqələr qurmağa çalışırdım. Ancaq Sovetlər Birliyi bizi sıxırdı, müstəqil hərəkət etməyə imkanımız yox. idi. Amma 1992-ci ildə açdığımız "Həsrət körpüsü"nün, "Ümid körpü 4-ü"nün əsasını mən о vaxt qoydum. Sonra Moskvada Sovetlər İttifaqının başçılarından biri olarkən həmin qərarın həyata keçirilməsinə şərait yaratdım, onu təmin etdim.

Amma Sovetlər İttifaqının rəhbərləri də, ermənilər də, başqaları da bunu istəmirdilər. Deyirdilər, Sovetlər İttifaqı böyük bir ölkədir, bir tərəfdən Gürcüstandan, о biri tərəfdən Ermənistandan Türkiyəyə yolları var. Belə bir körpü nəyə lazımdır, ona nə üçün xərc qoyulsun? Belə iqtisadi məsələlər ortaya atırdılar. Amma mən buna nail oldum və Allah elə buyurdu ki, Moskva ilə vidalaşdım, gəldim Bakıya, sonra da gəldim Naxçıvana və həmin körpünün tikilməsi ilə şəxsən özüm məşğul oldum.

Siz о vaxtlar İqdırda oturmuşdunuz, bilmirdiniz ki, həmin işləri biz necə görürdük. Ancaq mən həftədə üç dəfə Arazın kənarına gəlirdim. Adamları çayın о tərəfinə, bu tərəfinə göndərirdik ki, körpünü tikək. Tikinti ləngiyirdi. Biz orada müvəqqəti körpü düzəltdik, xatirinizdədirmi, dəmir körpü idi. Körpü Arazın о tayında tikilirdi, bu işi Türkiyə öz üzərinə götürmüşdü. Bizim maddi imkanımız yox idi. Çayın bu sahili ilə əlaqə lazım idi ki, inşaatçılar gedib-gələ bilsinlər. Biz bunu yaratdıq. Mən həmin müvəqqəti körpünü açdım. Ola bilər, siz о vaxt İqdırda deyildiniz. Orada idiniz, hə? О vaxt hələ Sovet hökuməti, rus əsgərləri vardı. Mən elan etdim ki, sabah saat 10-da körpünün açılışı olacaq. Naxçıvandan oraya iyirmi minədək adam gəldi, mitinq keçirdik. Amma sizin tərəfdən adamlar gəlməmişdi, qorxmuşdular. Orada sizin sərhədçilər toplaşmışdılar, sərhədi qorumağa çalışırdılar. Bizim tərəfdən sərhədi qoruyanlar rus əsgərləri idilər. Orada bir polkovnik vardı, mənə tabe deyildi, amma şəxsiyyətimə hörmət edirdi. Mənə bildirdi ki, bunu etmək olmaz. Dedim ki, sən çəkil.

Əsgərləri gətirdi ki, bizim adamların qarşısını kəssinlər. Dedim, yox, əsgərləri götür, yoxsa bu insanlar onları əzəcəklər. Ara qızışdı, bu proses bir-iki saat çəkdi.

Mən elan etdim ki, biz özümüz sərhədi açırıq. Dəmirdən, taxtadan düzəldilmiş körpü çox kiçik idi. Onu açan kimi insanlar körpüyə doluşdular. Sizin tərəfdən sərhədçilər gəlib körpünün ortasında dayandılar ki, buraxmırıq, qayıtsınlar. İnsanlar da həsrətlə о tərəfə keçmək istəyirdilər. Çünki Naxçıvanda Türkiyəyə, Türkiyə torpağına insanlarda о qədər məhəbbət, sevgi var ki, keçib oranı görmək istəyirdilər. Əslində orada, Arazın kənarında nə var ki, heç nə yoxdur. Oradan Aralığa getmək üçün təxminən 40 kilometr, buradan da İqdıra getmək üçün 30 kilometr yol keçmək lazımdır. Amma insanlar bunu təsəvvür etmirdilər, elə bilirdilər ki, Arazın о tərəfinə keçdilər - elə Türkiyədir, Türkiyənin hər yerini görəcəklər.

Xatirimdədir, "Zaman" qəzetinin başqanı İlham bəy İşbilən mənim yanımda idi. Gördüm, körpüyə о qədər adam yığılıb ki, körpü uçacaq, insanlar da hamısı Araza töküləcəklər. Sizin adamlar da buraxmırdılar. Mən onlara bir az qışqırdım, geriyə çəkildilər və körpü açıldı. Təxminən on min adam Türkiyə torpağına keçdi. Keçənlər də orada dayanmır, qaçırdılar ki, mümkün qədər çox getsinlər. Bax burada, mənim yanımda olan Bəylər indi generaldır, mənim mühafizəçilərimin başçısıdır. O, sonra mənə danışırdı ki, getdim oradan torbaya yığıb torpaq gətirdim, Türkiyə torpağı. Bunu təsəvvür edirsinizmi? Sonra mənə Moskvadan ittihamlar gəldi ki, - о vaxt hələ Moskva hakim idi, - Heydər Əliyev orada qanunsuz iş görüb, filan edibdir.

Bunu qəzetlərə verdilər, televiziyada göstərdilər. Rus polkovniki də gəlib mənə dedi ki, sizin insanların bir çoxu Türkiyəyə gedib, amma qayıtmayıblar. Hətta mənə dedilər ki, iki gənc orada su kanalına düşüb boğulmuşdur. Belə bir faciə də olmuşdu. Ondan sonra biz həmin körpünü işlətdik və nəhayət, böyük körpünü tikdik. Xatirinizdədir, 1992-ci il mayın 28-də hörmətli dostum, əziz qardaşım Süleyman Dəmirəl bütün Türkiyəni yığıb gətirdi. Naxçıvanın tarixində belə bir şey olmamışdı. Bütün nazirlər, 80 nəfər millət vəkili, nə qədər başqa insanlar gəlmişdi. О vaxt Süleyman Dəmirəlin bütün yardımçıları orada idi. Ərdal İnönü də, Tansu Çillər, Hikmət Çətin, İsmət Sezgin də - hamısı orada idi, Naxçıvana gəldilər. Naxçıvandan о körpüyə qədər 75 kilometrdir.

Türkiyədən gələn qonaqları qarşılamaq üçün bütün bu yolda insanlardan canlı divar çəkilmişdi. Bəlkə də otuz beş-qırx yerdə bizi saxlayaraq qurban kəsdilər. Amma о zaman Naxçıvanın vəziyyəti, yaşayışı çox ağır idi. Biz blokada şəraitində yaşayırdıq. Körpünü bax, belə açdıq.

Gəldilər, İqdırı gördülər. Hamı gəlib İqdırı ziyarət etdiyini deyir, özünü xoşbəxt adam hesab edirdi. Ona görə də Türkiyənin bir məntəqəsi kimi İqdır və iqdırlılar Azərbaycan üçün çox. əzizdir. İqdırlılar otuz il idi ki, istəyirdilər İqdır vilayət olsun, siz buna il deyirsiniz. Otuz il idi siz mübarizə aparırdınız, amma alınmırdı. Bunu da etdik. Yəni baş nazir, hörmətli Süleyman Dəmirəl mərhum Turqut Özalla birlikdə belə bir qərar qəbul etdilər. İqdır da vilayət oldu. Bu, çox böyük işdir. Sizin üçün də böyük işdir. Amma bizim üçün, Azərbaycan üçün də böyük işdir. Siz Qarsa bağlı idiniz. Qars ilə İqdır arasında nə qədər məsafə var. İqdır vilayət olandan sonra daxili imkanları artır. Mən о vaxtlar həm hörmətli Süleyman Dəmirələ, həm də mərhum Turqut Özala deyirdim ki, İqdırın bu problemini həll edin, iqdırlılar bunu arzulayırlar, azərbaycanlılar - naxçıvanlılar da bunu istəyirlər. Bu, bizim üçün, Naxçıvan üçün də lazım idi. Səbəblərini bilirsiniz.

Ona görə də İqdır bizim üçün əzizdir. Mən də İqdırı əziz bir yer sayıram. Mən keçmişdə, Sovetlər İttifaqı zamanı Türkiyədə olmuşdum. Təyyarə ilə gedib-gəlmişdim. Amma Naxçıvanda olarkən Türkiyəyə ilk səfərlərim İqdırdan başlamışdı. Xatirimdədir, iqdırlılar məni necə qarşılayırdılar. Məni bir kilometr əlləri üstündə apardılar. Bələdiyyə idarəsinin qarşısında çıxış da etmişdim. Bunlar hamısı təbiidir, çünki biz bir millətik, bir xalqıq. Biri Arazın о tayında, biri bu tayındadır. Hamımız birik, köklərimiz də birdir. Ona görə mənim İqdıra da, iqdırlılara da xüsusi münasibətim var.

İqdır Naxçıvan üçün, Azərbaycan üçün dayaqdır. Bilirsiniz ki, Ermənistan səkkiz ildir ki, Azərbaycana qarşı təcavüz edibdir, torpaqlarımızı işğal edibdir. Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı düşübdür. Bu da ədalətsizlikdir, çünki Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında olan Mehri rayonu ki var, о da Azərbaycanındır. Amma Azərbaycana düşmənçilik edən adamlar 20-ci illərdə о yerləri Ermənistana verərək Naxçıvanı Azərbaycanın əsas hissəsindən ayırıblar. Ermənistana da bu lazım idi ki, İranla sərhədi olsun. Bunu о vaxt Moskvada oturanlar, Ermənistana kömək göstərənlər ediblər, ədalətsizlik ediblər. Ancaq bu, olub.

Naxçıvan Azərbaycanı Türkiyəyə bağlayan ərazidir. Bu tərəfdən Naxçıvan, о tərəfdən də İqdır hər ikisinin böyük əhəmiyyəti var. Naxçıvanın qorunması, Ermənistanın təcavüzündən müdafiə edilməsi üçün İqdırın çox böyük əhəmiyyəti var. İqdırla Naxçıvan arasında bilavasitə əlaqələr çox sıx olmalıdır. Mən Naxçıvanda olanda da bunu etməyə çalışmışam, indi də Naxçıvanın rəhbərlərinə daim tövsiyə edirəm ki, bunu etmək lazımdır.

İqdırlılar, Türkiyədə olan qardaşlarımız və xüsusən azərilər Azərbaycanda gedən proseslərdə, milli müstəqillik, dövlət müstəqilliyi əldə etmək üçün mübarizəmizdə bizə mənəvi dayaq olublar, mətbuatda çox işlər görüblər, mitinqlər keçiriblər. Bunlar hamısı qiymətlidir. Bu belə də olmalıdır. Türkiyə gərək indi də Azərbaycanın dərdi ilə yaşasın. Çünki Türkiyə böyük gücü olan dövlətdir. Azərbaycan isə gənc müstəqil bir dövlətdir, müstəqilliyini yenicə əldə edib, ancaq torpağının 20 faizi işğal olunub, bir milyon əhalisi qaçqın vəziyyətindədir. Bunları unutmaq lazım deyil.

Bir vaxtlar Sovetlər İttifaqı ilə Türkiyə arasında münasibətlər çox soyuq idi, gedib-gəlmək imkanımız yox idi, xüsusən mən burada, Azərbaycanda işləyən zaman, Azərbaycandan tutaq ki, Amerikaya yaxud Almaniyaya, Avropanın hər hansı ölkəsinə bir nümayəndə heyəti gedirdisə, bunun problemi yox idi. Amma Türkiyəyə getməyə Moskvada maneçilik edirdilər. Çünki heç vaxt istəmirdilər ki, Azərbaycan Türkiyə ilə yaxınlaşsın. Ermənilər də həmişə Moskvaya məlumat verir, çalışırdılar ki, Türkiyə ilə Azərbaycana yaxınlaşmasına imkan olmasın.

İndi bunlar aradan götürülüb, biz müstəqil dövlətik. Sərhədlərimiz, yolumuz açıqdır, gedib-gəlirik. Ancaq bu о demək deyil ki, bütün problemlər həll olunub. Yox, olunmayıb. Azərbaycan üçün həll olunmayıb. Türkiyə üçün də həll edilməyibdir. Bunu bilməlisiniz. İndi Ermənistan hərbi ittifaqlar, birliklər yaradır. Siz eşitdiniz ki, bu yaxınlarda Ermənistan Yunanıstanla strateji saziş bağlayıbdır. Eyni saziş bir il bundan öncə Rusiya ilə də bağlanıbdır. Kimə qarşı, kimin əleyhinə? Yunanıstan sizinlə keçmişdə də savaşda olubdur, Ermənistan da savaşda olubdur. İndi Ermənistan həm Yunanıstanla, həm Suriya ilə, həm də Rusiya ilə strateji saziş bağlayır. Bunları görməmək olmaz.

Siz Ermənistanla da sərhəddəsiniz. Mən eşidirəm ki, İqdırda bəziləri çox təlaş edirlər ki, oradan Ermənistana qapı açmaq lazımdır. Neyləyirsiniz о qapını? Hörmətli Məsud Yılmaz buraya gələrkən bəzi iqdırlılar bu qapını açmaq istəyirdilər. Mən buna etiraz etdim. Süleyman bəyə də dedim. О qapı nəyə lazımdır? Onsuz da PKK-nı dəstəkləyənlərin hamısı sərhədin о tayında oturub. Bilirsinizmi о sərhədlə Ermənistandan sizə nə qədər casus göndərirlər, PKK-nı dəstəkləyirlər? Bunları bilməlisiniz. İndi qapı da açırsınız ki, onların işlərini daha da asanlaşdırasınız? Siz qapını açanda tacir-tüccar gedib bir şey satacaq, bir şey alacaqdır. Amma dövlətinizə, millətinizə nə qədər zərbə vurulacaqdır. Bunları düşünmək lazımdır. Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz. Hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin. Mən bunları sizə dost, qardaş olaraq, bir də bu işləri yaxşı bildiyimə görə deyirəm.

Bir məsələni də deyim. О vaxtlar ki, Sovet İttifaqında kommunist rejimi var idi. Azərbaycan Sovetlər Birliyinin tərkibində idi, Türkiyə ilə əlaqə yox ıdi, orada Azərbaycan kültür dərnəyi vardı. Bu, о vaxtlar - 20-30-cu illərdə Azərbaycandan mühacirət etmiş və qəlbləri Azərbaycanla döyünən azərilər tərəfindən yaradılmış kültür dərnəyidir və onun da böyük xidmətləri olmuşdur. O, mərhum Məmməd Əmin Rəsulzadənin vaxtında yaradılmış və ondan sonra da davam etdirilmişdi. Bu dərnəyə girən adamların bir qismi də İqdırdan olmuşdur, bu da sizə məlumdur. Onların xidmətləri məlumdur və tarixdə qiymətini alıbdır.

Amma indi Azərbaycan müstəqil dövlətdir. Türkiyə ilə də bütün əlaqələri var. İndi Türkiyədə Azərbaycana aid olan hər bir dərnək, yaxud təşkilat ölkələrimiz arasındakı əlaqələri daha da yaxınlaşdırmağa çalışmalıdır. Amma о dərnək kommunist rejimi vaxtında Azərbaycanda olan hakimiyyətin əleyhinə getdiyi kimi, indi də müstəqil Azərbaycan dövlətinin əleyhinə gedir. Orada bir neçə adam oturub, bəziləri də İqdırdan olanlardır, bilirsiniz, mən heç onların adlarını çəkmək istəmirəm, çünki layiq görmürəm. Amma о dərnəyin tarixi xidmətlərinə hörmət etdiyimə görə, 1994-cü ilin fevralında hörmətli dostum, prezident Süleyman Dəmirəlin dəvəti ilə Türkiyəyə rəsmi səfərə gələrkən dedim proqrama salsınlar ki, mən о dərnəyin üzvləri ilə görüşüm. Dərnəyin başçıları - bir neçə adam mənimlə görüşməkdən imtina etdilər. Dedim ki, heç mən də görüşmək istəmirəm. Orada yaşayan azərbaycanlılar, yəni sağlam fikirli adamlar gəldilər. "Şeraton" otelində boyük bir salonda onlarla görüşdüm. Dərnəyin nümayəndələri orada mənim əleyhimə məqalələr yazdılar, indi də yazırlar. Bunlar sizin adamlar iqdırlılardır. Nə istəyirlər, kimdir onlar, nə haqları var? Onlar Türkiyədə yaşayan azərilərin heç də hamısını təmsil etmirlər.

Yenə də deyirəm, о vaxt ki, burada kommunist rejimi vardı, Türkiyə ilə Azərbaycan arasında əlaqələr yox idi, onda о dərnəyin fəaliyyətinin əhəmiyyəti var idi. Amma dərnək köhnə əhval-ruhiyyə ilə yaşayırsa, yaşaya bilməz. Əgər Azərbaycana xidmət etmək istəyirsə, о dərnək bilməlidir ki, indi Azərbaycan müstəqil dövlət olub, onun hökuməti var, bu dövlətlə, hökumətlə iş görmək lazımdır. Əgər orada oturub Azərbaycanın qanuni hökumətinin əleyhinə iş görürlərsə, demək, Azərbaycana düşmənçilik edirlər. Orada bülleten buraxırlar, - bizim səfir mənə göstərmişdi, - yazırlar ki, Azərbaycanda belə oldu, elə oldu. Bu nədir, bizə düşməndirlər, Azərbaycana düşmənçilik edirlər?

Mən burada Türkiyənin bütün mənafelərini təmin etmişəm. Türkiyə dövləti ilə, bütün Türkiyə ilə sıx qardaşlıq əlaqələrimiz var. Bu dərnək isə orada özlərinə bir "dövlət" yaradıb bizim buradakı müxalifətlə Azərbaycanın əleyhinə gedir. Belə şeylər yaramaz. Biz demokratiya tərəfdarıyıq və onu tətbiq etdik; konstitusiya qəbul etdik, çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirdik. Hər şey var, sabitlikdir.

Düz üç il bundan öncə, iyun ayında mən Naxçıvandan buraya gəlmişəm. Mən gəlmək istəmirdim. Həmin о dərnəyin dəstəklədiyi adamlar, Xalq Cəbhəsi burada hakimiyyətdə bir il qala bilmədi. Vətəndaş müharibəsi başlandı, Bakıda qan töküldü. Hakimiyyətə gəldilər, mən də Naxçıvanda onlara səs verdim, yardım etdim. Amma hakimiyyəti əldə saxlaya bilmədilər. Vətəndaş müharibəsi qalxdı, Azərbaycanı parçalamağa başladılar. Bir tərəfdən həmin Xalq Cəbhəsinin liderlərindən olan Rəhim Qazıyev, digər tərəfdən Talış Cümhuriyyəti yaratmaq istəyən Əlikram Hümbətov, - о da Xalq Cəbhəsinin liderlərindən idi, о biri tərəfdən - İskəndər Həmidov, İsa Qəmbərov, Pənah Hüseynov, Əbülfəz Elçibəy Azərbaycanı parçaladılar.

Məcburiyyət qarşısında qaldılar, xalq məni dəvət etdi. Mənim dalımca Naxçıvana beş-altı gün təyyarələr gəldi. Dedim ki, gəlməyəcəyəm. Naxçıvanı qoruyacağam. Başqa şey istəmirəm. Ancaq özləri dəvət etdilər. Əbülfəz Elçibəy neçə dəfə mənə telefonla müraciət etdi ki, rica edirəm, gəlin. Buraya gəldim, ancaq işləmək üçün yox, sadəcə olaraq öz məsləhətlərimi vermək üçün. Amma mənə dedilər ki, gəl, parlamentin sədri ol. Dedim, olmaram. Mənimlə bir həftə danışıqlar apardılar. Bir həftə razılıq vermədim. Sonra gördüm ki, Azərbaycan dağılır, parlamentin sədri olmağa razılıq verdim. Ondan iki gün sonra Əbülfəz buradan qaçdı, üç ildir dağlarda yaşayır. Bilirsiniz, vəzifə tutmusansa, xalq səni seçibsə, sona qədər dayanmalısan - ya borcunu yerinə yetirməlisən, ya da həlak olmalısan. Qaçıb canını qurtarmaq qəhrəmanlıq deyil, buna fərarilik deyirlər - ordudan, səngərdən, döyüş meydanından qaçmaq deməkdir. Bu, qəhrəmanlıq deyil.

Mən üç il meydanda tək qaldım, bu üç ildə Azərbaycanda sabitlik yaratdım. İndi о kültür dərnəyi nə istəyir, Azərbaycanda yenə qovğamı istəyir, qan tökülməsini, silahlı dəstələrini istəyir? Burada məni üç dəfə devirmək istədilər, bacarmadılar. Bir dəfə Surət Hüseynov devirmək istədi, xalqı çağırdım. Siz televiziyada gördünüz, mənim bir çağırışımla nə qədər xalq yığışdı. Amma Əbülfəz Elçibəy xalqa müraciət etdi, xalq onu müdafiə etmədi, məni Naxçıvandan dəvət etdilər.

Mən bilirəm, siz kültür dərnəyi ilə əlaqədəsiniz, ona görə də sizə deyirəm - gedin onları başa salın. Buraxılmasını xahiş etdiyiniz şəxs də həmin dərnəyin adamıdır, onun göstərişi ilə burada Azərbaycanın əleyhinə materiallar toplamaq üçün gəlibdir. Bu adama görə yox, sizə, iqdırlılara hörmət edərək onu əfv edirəm. Amma bilirsinizmi onu necə. tutublar? Pənah Hüseynovla birlikdə maşında tutublar. Üç il idi Pənah Hüseynov qaçıb gizlənirdi, bizim polis onu tuta bilmirdi. Bu isə gedib onu haradan tapıbdır? Pənah Hüseynovla nə işi var - qəzetçidir, gəlsin öyrənsin ki, nə var nə yox, sonra gedib yazsın. Nə yazır yazsın. Pənah Hüseynovla - üç il axtarışda olan, gizlənən, cinayət etmiş adamla nə işi var? О biri – Arif Hacıyev Müsavat Partiyasındandır, bizə müxalifətdə olan adamdır, onunla nə işi var? Qəzetçi sərbəst adamdır, öz işi ilə məşğul olsun. O, həmin dərnəyin adamıdır. Gəlib Pənah Hüseynovla görüşməsi onu göstərir ki, dərnək Azərbaycanın əleyhinə iş aparır. Azərbaycanın indiki hakimiyyətinə qarşı düşmənçilik edir. Ancaq burada neçə-neçə silahlı dəstələr Azərbaycanın bugünkü hakimiyyətinə bir şey edə bilməyiblərsə, dərnəkdəki ağlını itirmiş bəzi adamlar heç nə edə bilməzlər.

Mən о adamı, birincisi, sizə görə, ikincisi İqdıra olan məhəbbətimə görə, üçüncüsü, qəzetçi olduğuna görə, - qəzetçilərə mənim hörmətim var, - günahı da varsa, bağışlayıram. İndi əmr verəcəyəm, bu gün azad etsinlər, götürüb aparın. Ancaq mənim bu sözlərimi, birincisi, özünüz yadda saxlayın, ikincisi, о dərnəyi yığın, başa salın - onların nə bu günü, nə də gələcəyi var. Müstəqil Azərbaycanın və onun prezidenti Heydər Əliyevin Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq üçün böyük gələcəyi var. Bunu unutmasınlar. Əgər onlar Azərbaycanı sevirlərsə, xalq tərəfindən seçilmiş hakimiyyətlə əməkdaşlıq etsinlər. Yoxsa, nə ilə razıdırlar, nə ilə yox - kimdir onlar? Kültür dərnəyi olub Azərbaycana nə xidmət ediblər? Heç bir şey. Burada, Azərbaycanda canlarından keçib, ölkəni bu günə çatdıran adamlar var. Bakını görürsünüz, onu yaradanlar var. İqdır gözəl yerdir. Ancaq mən gedib oranı görəndə dedim ki, əcəba, nə üçün İqdır belə kasıbdır? Acığınız gəlməsin, mən həqiqəti deyirəm. Naxçıvana da baxın, İqdıra da baxın. Naxçıvan sovet hakimiyyəti şəraitində olub, İqdır yox. Biz Naxçıvanda nə qədər qurub-yaratdıq, zavodlar, fabriklər saraylar tikdik, iş yerləri açdıq. İqdırda nə var? İndi vilayət olub, güman edirəm, orada da dəyişikliklər olacaqdır.

Bu sözləri sizə ona görə deyirəm ki, Türkiyə ilə Azərbaycanın dostluğunun möhkəmlənməsini, orada yaşayan azərilərin daha yaxşı mövqe tutmalarını, ölkələrimiz arasında körpünü daha da qüvvətləndirmələrini və Azərbaycanın bu günü, gələcəyi üçün hər bir adamın çalışmasını istəyirəm.

Gəlib burada Azərbaycanın daxilini qarışdırmaq lazım deyildir. İqdırda bələdiyyə başqanı var idi - Əli bəy, yaxşı bir insan, mənim yaxın dostumdur. О vaxtlar mən İqdıra gedib-gələndə bələdiyyə başqanı idi. Seçki sizin daxili işinizdir, bir müddət biri olur, sonra başqası. Heç kəs daimi deyildir. Ancaq mənim ona hörmətim var, siz, də ona hörmət edin və əməkdaşlıq edin. Mən dostluqda etibarlı adamam.