Dünya azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müraciəti - Bakı, 24 dekabr 1998-ci il


Hörmətli həmvətənlər!

Əziz soydaşlarımız!

31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd edilməsi artıq ənənəyə çevrilmişdir. Bu bayram qədim tarixə və böyük mədəniyyətə malik olan Azərbaycan xalqının müstəqillik əldə etdiyi andan bütün dünya azərbaycanlılarına bəxş etdiyi, ümummilli əhəmiyyət kəsb edən yeni və çox ümidverici bayramdır.

Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət təşkil edir.

Heç kəsə sirr deyil ki, hal-hazırda bütün dünya azərbaycanlılarının milli-mənəvi varlığını yaşadan bir dövlət var. Bu dövlət Azərbaycan Respublikasıdır. Onun müstəqilliyini dönməz etmək, dövlətçliyini qorumaq, ərazi bütövlüyünü, təhlükəsizliyini və sərhədlərinin toxunulmazlığını təmin etmək, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa nail olmaq tək Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının borcudur. Bu sahədə ilkin vəzifə işğal olunmuş torpaqlarımızın geri alınması, öz Vətənlərində qaçqın və köçkünə çevrilmiş insanların doğma ocaqlarına qaytarılmasıdır.

Xalqımızın mədəniyyətini, dilini, milli adət-ənənələrini yaşatmaq, inkişaf etdirmək və bütün dünyada təbliğ etmək bizim hər birimizin üzərinə düşən çox məsuliyyətli bir tarixi yükdür. Azərbaycan Respublikasından kənarda on milyonlarla soydaşımız yaşayır. Onların içərisində çoxlu məşhur elm və mədəniyyət xadimləri, iş adamları, yüksək mənsəb sahibi olan insanlar vardır. Onları dünyada və Azərbaycanda tanıtmaq hamımızın borcu olduğu kimi, bizim də onlardan öz tarixi vətənləri, doğma ata-baba yurdları üçün qayğıkeş və təəssübkeş olmağı tələb etməyə haqqımız var.

Hal-hazırda qarşımızda duran ən vacib və taleyüklü vəzifələrdən biri əl-ələ verərək, dünya azərbaycanlılarının hər hansı bir ölkədə və mühitdə yaşamaq, fəaliyyət göstərmək, özünün milli-mənəvi dəyərlərini qorumaq, inkişaf etdirmək, beynəlxalq aləmdə mədəni, istedadlı, qədim tarixə və demokratik dövlətə malik olan xalq kimi təmsil olunmaq hüququnu təmin etməkdir.

XXI əsrin astanasında Dünya Azərbaycanlılarının həmrəyliyinə daha böyük ehtiyac vardır. Sayca dünyanın ən iri millətləri ilə müqayisə olunan xalqımızı qarşıdan gələn yeni yüzillik və minillikdə ciddi və müqəddəs mübarizələr gözləyir. Biz nəinki təkcə müstəqil Azərbaycanın dövlətçiliyinin qorunması, möhkəmlənməsi və inkişaf etməsi uğrunda, eyni zamanda bütün dünya azərbaycanlılarının milli hüquqlarının, tarixi haqlarının həyata keçməsi ilə bağlı ciddi iş aparmalıyıq. Bütün bu müqəddəs vəzifələrə nail olmaq üçün biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz ətrafında daha sıx birləşməliyik. Vətənini, xalqını sevən hər bir soydaşımız və ya digər tellərlə ölkəmizlə bağlı olan hər bir şəxs Azərbaycan dövlətini öz arxasında hiss edərək azərbaycançılıq, vətənpərvərlik hissləri ilə tarixi torpaqlarımıza, yurdumuza, mədəniyyətimizə məhəbbət aşılamalıdır. Vətənimizin, respublikamızın taleyi hər bir azərbaycanlının taleyinə çevrilməlidir.

İnanıram ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı əsrlərdən bəri arzusunda olduğumuz və uğrunda mübarizə apardığımız müstəqil və azad Azərbaycan ideyasının, ümummilli məqsədlərimizin tam gerçəkləşməsi üçün daha sarsılmaz həmrəylik nümayiş etdirəcək. Xalqımızın müstəqillik əzmi və iradəsi, sıx birliyi qarşılaşdığımız hər bir çətinliyə qalib gələcəkdir.

Sizi bu ümummilli bayram münasibətilə ürəkdən təbrik edir və ali məqsədlərimizin reallaşması naminə yenilməz birliyə, həmrəyliyə çağırıram.

Ulu Tanrıdan hamınıza səadət və əmin-amanlıq diləyirəm.

Tarixi arayış

DİASPOR

Əlavə sənədlər