Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimi, professional vokal sənətimizin banisi Bülbülün anadan olmasının 100 illiyi münasibətilə müğənninin Bakıdakı xatirə ev-muzeyində çıxışı - 3 dekabr 1997-ci il


Hörmətli və sevimli Adilə xanım!

Bu evdə - Azərbaycanın bu gözəl guşəsində bir daha olmağıma son dərəcə şadam. Bildiyimiz kimi, bu ev Bülbülün adı ilə bağlıdır. Adilə xanım, mənim ünvanıma söylədiyiniz səmimi sözlərə görə sağ olun Mən bunu bilirəm və bu sözləri mənə bəslədiyiniz böyük hörmətə aid edirəm.

Siz bilirsiniz ki, mən Bülbülü sağlığında da sevirdim, onun xatirəsinə də böyük məhəbbətlə yanaşıram.

Hörmətli dostlar!

Bu gün biz Bülbülün ev-muzeyindəyik və onun ailə üzvləri ilə görüşürük. Onun həyat yoldaşı Adilə xanım, Polad və ailənin digər üzvləri hamısı bir yerdədirlər.

Bu gün mən çox iftixar hissi keçirirəm ki, biz Bülbülün 100 illik yubileyini təntənə ilə keçirməyə nail ola bilmişik. Məlumdur ki, ölkəmizin həyatında çox çətin və ağır problemlər vardır. Ölkəmiz keçid dövrünü yaşayır. Bir milyondan artıq qaçqınlarımız, o cümlədən Bülbülün doğulduğu yerdən - Şuşadan, Qarabağdan zorla qovulmuş insanların çox hissəsi çadırlarda yaşayır. Problemlərimiz çoxdur. Amma eyni zamanda biz problemlərə, başımıza gələn faciələrə görə aylarla inildəməməliyik.

Biz bu dərdi çəkərək, problemləri aradan qaldırmağa çalışaraq, eyni zamanda insanları da, mədəniyyətimizi də yaşatmalıyıq və tariximizi də daim qiymətləndirməliyik. Məhz tariximizə böyük hörmət, ehtiram əlaməti olaraq biz böyük Bülbülün 100 illik yubileyini yüksək səviyyədə, təntənəli keçirmək qərarını qəbul etmişik. Mən çox məmnunam ki, bu qərar həyata keçirilir. Nəhayət, bu gün hamımız təntənəli mərasimin iştirakçısı olacağıq.

Bu gün biz Bülbülün məzarını ziyarət etdik. İndi isə Bülbülün yaşadığı evə gəlmişik. Burada Bülbül ab-havası indiyədək yaşayır. Bülbülün həyatını əks etdirən eksponatlar, şəkillər, rəsmlər hamısı bizi bir daha o dövrə qaytarır, o dövrü yadımıza salır. Mən hesab edirəm ki, biz vaxtilə xalqımızın gələcəyi üçün çox əhəmiyyətli bir iş görmüşük, - Azərbaycanın böyük şəxsiyyətlərinin və xüsusən elm, mədəniyyət, incəsənət xadimlərinin xatirəsini əbədiləşdirərək onların ev-muzeylərini yaratmağa başlamışıq.

Xatirimdədir ki, biz o vaxt ilk dəfə böyük bəstəkarımız, dahi Üzeyir Hacıbəyovun ev-muzeyini yaratdıq. Sonra böyük şairimiz Səməd Vurğunun ev-muzeyini yaratdıq. O vaxt biz Azərbaycanın tarixində mühüm yer tutmuş böyük şəxsiyyətlər Üzeyir Hacıbəyovun, Səməd Vurğunun ev-muzeylərindən sonra Bülbülün ev-muzeyinin yaradılması haqqında qərar qəbul etdik. Mən o günləri, ayları da xatırlayıram Adilə xanım burada dedi, həmin qərar xeyli bundan əvvəl qəbul olunmuşdu, ancaq həyata keçirilməmişdi. Üzeyir Hacıbəyov 1949-cu ildə vəfat etmişdir, amma onun ev-muzeyini biz 1974-cü ildə yaratdıq. Yaxud Səməd Vurğun 1956-cı ildə vəfat etmişdir, biz onun ev-muzeyini 1977-ci ildə yaratdıq. Bilirsiniz, həyatdan getdikdən sonra onların ev-muzeylərinin gec yaranması bizim günahımız deyil Əksinə, biz öz dövrümüzdə bunları yaratdıq. Amma bizə qədər onlar yaradılmamışdı.

Ona görə də bu gün çox fəxr edirəm ki, mən Azərbaycanın tarixini əks etdirən, xalqımızın tarixində böyük izlər qoymuş, xalqımıza böyük xidmətlər göstərmiş dahi, böyük insanların ev-muzeylərinin yaradılmasının həm təşəbbüskarı olmuşam, həm də onların həyata keçirilməsini təmin etmişəm. Mən bu gün fəxr edirəm ki, yenidən Bülbülün ev-muzeyindəyəm. Biz 1982-ci ildə bu ev-muzeyini təntənəli surətdə açdıq. O vaxt biz hamımız buraya toplaşmışdıq. Mən o vaxt burada nitq söylədim, bu muzeyin yaradılmasının nə qədər zəruri olduğunu dedim. Bu gün həmin vaxtdan 15 il keçibdir. Yaratdığın, qurduğun bir əsərə 15 ildən sonra gəlib baxmaq həqiqətən böyük iftixar hissi doğurur. Mən çox sevinirəm. Xatirimdədir, mən Bakıya qayıdandan sonra bir dəfə bu muzeyə gəldim. Ancaq indi Bülbülün yubileyi ilə əlaəqdar gəlmişəm.

Bu muzey 15 ildir yaşayır. O, 15 ildir ki, Azərbaycan xalqının mədəniyyətini, incəsənətini, xüsusən Bülbülün yaradıcılığını dünyaya tanıtdırır. Bu muzey onu həm də Azərbaycanını həyatına gələn yeni-yeni nəsillərinə, həm də ölkəmizi ziyarət edən qonaqlara tanıtdırır. Bu, böyük bir hadisədir, işdir. Mən 15 il bundan əvvəl muzeyin açalışında söz demişəm, bu gün isə muzeyin 15 illik fəaliyyəti haqqında çıxış edirəm. Mən bu muzeyin fəaliyyətini çox yüksək qiymətləndirirəm.

* * *

Bülbülün ev-muzeyinin xatirə kitabında ürək sözləri:

Azərbaycan xalqının böyük oğlu Bülbül mədəniyyətimizin, incəsənətimizin inkişafında əvəzsiz xidmətlər göstərmişdir, böyük irs qoymuşdur. Onun parlaq siması bizim qəlbimizdə daim yaşayacaq, müstəqil Azərbaycanın gələcək nəsilləri üçün örnək olacaqdır.

Bülbülün ev-muzeyinə Bülbül işinin, Azərbaycan mədəniyyətinin təbliğinə yeni uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Heydər Əliyev: müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyənatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar) - 13-cü cild, səh. 296.

Tarixi arayış

MƏDƏNİYYƏT