Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "İnstityuşnal investor" jurnalının redaktoru Stiven Kinqə və jurnalın sərmayəçisi Sisel Morenə müsahibəsi - Nyu York, 27 iyul 1997-ci il


Jurnalist: Cənab prezident, çox sağ olun ki, vaxt tapıb bizi qəbul edirsiniz. Yəqin, səfərdə çox yorulmusunuz, amma buna baxmayaraq bizi qəbul edirsiniz. Ona görə də biz çox şadıq və Sizinlə görüşmək bizim üçün çox böyük şərəfdir.

Heydər Əliyev: Çox sağ olun.

Jurnalist: Cənab prezident, icazə versəniz, müsahibədən əvvəl bir qədər özüm haqqında danışardım. Mən qısa dövrdə - 10 gün müddətində Bakıda səfərdə olmuşam. Bakıya getməyimə səbəb isə Vaşinqtonda keçirilmiş, Azərbaycanda bank və maliyyə işlərinə həsr olunmuş konfransda iştirak etməyim idi. Bu konfransda mən Azərbaycan dövlətini təmsil edən nümayəndələrlə görüşdüm və respublikanızdakı iqtisadi vəziyyət haqqında məlumat aldım.

Oxucularımıza sizin region və Azərbaycan haqqında məlumat vermək imkanları açılıb. Qeyd etdim ki, mən Azərbaycanda, Bakıda 10 gün qaldım və bu müddətdə ayrı-ayrı şirkətlərin nümayəndələri ilə görüşdüm. Bir sıra nazirliklərdə oldum. Ümumiyyətlə, Sizin ölkəniz haqqında bir qədər məlumat toplaya bildim.

Biz sentyabrda Azərbaycan haqqında raport dərc edəcəyik. Bu raport Beynəlxalq Valyuta Fondunda, Dünya Bankında nəşr olunacaqdır. Biz maliyyə mövzularında məqalələr dərc edirik. Oxucularımızın ümumi sayı 140 min nəfərə qədərdir.

Sizin bu səfəriniz gözəl imkandır. Azərbaycanda iqtisadiyyatın inkişafı bu cür raport yazmağa yaxşı imkan yaradır və mən elə bilirəm ki, bu, oxucular arasında marağa səbəb olacaqdır.

Vaxtınızı çox almaq istəmirəm, suallara keçək.

Sual: Cənab prezident, Amerika Birləşmiş Ştatlarına xoş gəlmişsiniz! Sizə bir neçə sual vermək istəyirəm. Bu suallar Azərbaycanda iqtisadiyyat və maliyyə imkanları, Azərbaycana investisiyaların, sərmayələrin cəlb edilməsi haqqındadır.

Cənab prezident, birinci sualım belə olacaq: Amerika Birləşmiş Ştatlarına rəsmi səfərə gəlməkdə məqsədiniz nədən ibarətdir?

Cavab: Təşəkkür edirəm. Mən jurnalınız haqqında müəyyən məlumatlar almışam və sizin Azərbaycanda olduğunuzu bilirəm. Hesab edirəm ki, sizin jurnal həqiqətən çox hörmətli bir jurnaldır. Əgər siz jurnalınızda Azərbaycan haqqında materiallar dərc etmək istəyirsinizsə, mən bunu məmnuniyyətlə qəbul edirəm.

Sualınızın cavabında isə deyə bilərəm ki, mən Amerika Birləşmiş Ştatlarına prezident cənab Bill Klintonun dəvəti ilə rəsmi səfərə gəlmişəm. Nyu-Yorkda ilk görüşüm sizinlədir.

Sual: İkinci sualım belədir: Azərbaycanda geniş imkanlar vardır. Azərbaycan neftlə zəngindir, kəşf olunmuş yataqlar çoxdur. Sənaye, kənd təsərrüfatı, energetika sahəsində də ölkəniz geniş imkanlara malikdir. Ancaq məlumdur ki, indi Azərbaycan sərmayəçiləri özünə daha çox cəlb edir. Sizin Dövlət Neft Şirkətiniz bir sıra xarici ölkələrin neft şirkətləri ilə müqavilələr imzalamışdır. Bu cür inkişafı siz necə davam etdirmək fikrindəsiniz?

Cavab: Elə siz gördüyünüz kimi də davam etdirmək istəyirik. Yəni biz öz daxili imkanlarımızdan özümüz istifadə edirik. Ancaq indiki mərhələdə Azərbaycana xarici sərmayənin gəlməsini ölkəmizin iqtisadi potensialının inkişaf etdirilməsi və respublikamızın bundan mənfəət götürməsi üçün çox əhəmiyyətli hesab edirik.

Bizim iqtisadiyyatımız çoxsahəlidir. Bu sahələrin bir çoxu artıq xarici sərmayəçilərin diqqətini cəlb edibdir. Belə bir marağa görə biz də öz təkliflərimizi veririk. Ölkəmizin neft və qaz yataqları xarici sərmayədarları daha çox cəlb edir. Bilirsiniz ki, biz Azərbaycanın neft və qaz yataqlarının müştərək işlənməsi üçün bir çox xarici şirkətlərlə müqavilələr imzalamışıq.

Sual: Mən bilən, Siz üç belə müqavilə imzalamısınız, doğrudurmu?

Cavab: Xeyr, altı böyük müqavilə imzalanıbdır. Yəni bu müqavilələr bir çox xarici şirkətlərin daxil olduqları konsorsiumlar ilə imzalanan müqavilələrdir.

Sual: Xarici tərəfdaşlarınız Azərbaycana kifayət qədər investisiya qoyacaqlarmı, yoxsa, Siz başqa yollar axtaracaqsınız?

Cavab: Xeyr, başqa yollar axtarmağa ehtiyac yoxdur. Çünki bizimlə müştərək iş görmək istəyənlər ölkəmizə sərmayə qoymaq istəyirlər və artıq bu sərmayəni qoyurlar. Hər bir müqavilənin öz şərtləri vardır. Bu şərtlərin də əsas məzmunu ondan ibarətdir ki, xarici şirkətlər sərmayə qoyurlar və həmin sərmayənin nəticəsində biz müştərək iş görürük. Əldə olunan gəlir burada hasilatın pay bölgüsü prinsipi əsasında bölünür. Hazırda ölkəmizə xeyli sərmayə qoyulubdur. Bizim dünyanın bir çox ölkələrinin şirkətləri ilə bağladığımız müqavilələrə təxminən bir milyard dollar məbləğində sərmayə qoyulmuşdur.

Sual: Yəqin bu hələ başlanğıcdır?

Cavab: Bəli. Biz birinci müqaviləni 1994-cü ilin sonunda imzalamışıq. Qoyulan bu sərmayə hələ başlanğıcdır.

Sual: Bəziləri Sizin ölkəni "İkinci Küveyt" adlandırırlar. Bu həqiqətdirmi?

Cavab: Bilirsiniz, ölkəmizin özünün adı var, onun adı Azərbaycandır. Vaxtilə keçmiş Sovetlər Birliyində Azərbaycan neft istehsal edən ilk, yeganə və ən böyük bir ölkə idi. Sonrakı illərdə, təxminən 1940-1950-1960-cı illərdə Sovetlər İttifaqının başqa ölkələrində yeni neft yataqları açıldı. Bu yataqların açılmasında və istismar olunmasında Azərbaycan neftçiləri, alimləri, geoloqları iştirak etdilər. Bu yataqlar Tatarıstanda, Başqırdıstanda, sonra Rusiyanın Orenburq vilayətində, Sibirdə, Tümen vilayətində açıldı. Onların adlarına isə "İkinci Bakı", "Üçüncü Bakı, "Dördüncü Bakı" dedilər. Ona görə də bizim ölkəmizin adı başqa yerlərdə həkk olunubdur. Biz qədim neft ölkəsi kimi adımızı Küveytə, yaxud başqa adlara dəyişə bilmərik.

Mən başa düşürəm ki, siz bu sualı niyə verirsiniz. Yəqin, hasil ediləcək neftin miqdarına görə deyirsiniz. Bu mənada, şübhəsiz ki, biz bəlkə Küveytdən də artıq neft istehsal edəcəyik.

Sual: Son rəqəmlərə nəzər saldıqdan sonra görürəm ki, üç milyard barrel neft istehsalı, hətta onun dörd milyard barrelə qalxacağı haqqında söhbətlər gedir. Bunlar doğru rəqəmlərdirmi?

Cavab: Bilirsiniz, bizim neft ehtiyatlarımız boldur. Mən sizə bir şey deyə bilərəm. 1994-cü ilin sentyabr ayında imzaladığımız ilk neft müqaviləsində - ona "Əsrin müqaviləsi" də deyirlər - nəzərdə tutulubdur ki, üç yataqdan 511 milyon ton neft istehsal ediləcəkdir. Ancaq biz indi qazma işləri apararkən məlum olubdur ki, oradan 640 milyon ton neft istehsal olacaqdır. Bu, təkcə bir müqavilənin həcmidir. Amma mən sizə dedim ki, altı müqaviləmiz vardır. Ona görə də indi dəqiq rəqəmi demək mümkün deyil. Ancaq onu müşahidə edirik ki, orada əvvəlcədən hesablanmış, nəzərdə tutulmuş bizim geoloqların verdiyi rəqəmlərdən daha çox neft hasilatı gözlənilir. Hər halda, Xəzər dənizinin Azərbaycan sektorunda çox neft vardır. Bütün Xəzər dənizində isə neft həddindən artıq çoxdur və o, gələcəkdə dünyanın ən zəngin neft hasilatı olan bir nöqtəsinə çevriləcəkdir.

Sual: Möhtərəm prezident, Sizin cavabınız məni digər bir sual - Xəzər dənizinin bölünməsi haqqında sual verməyə təhrik edir. Mübahisələr gedir ki, Xəzər göldür, yoxsa dənizdir? Bu anlaşılmazlıqdır, bu ölkələrin arasında narazılıqlar necə həll ediləcəkdir?

Cavab: Doğrudan da belə mübahisələr gedir. Məsələ ondan ibarətdir ki, keçmiş zamanlarda Xəzər dənizi bir ölkəyə - Sovetlər İttifaqına mənsub olubdur. İranı çıxmaq şərti ilə Xəzəryanı ölkələrin hamısı Sovetlər İttifaqının tərkibində olan respublikalardan ibarət idi. Amma bilməlisiniz ki, o vaxt bizim bir dövlətin tərkibində olmağımıza baxmayaraq, Xəzərin bütün sahəsindən neft çıxarılması geniş yayıldığına görə Sovetlər İttifaqı hökuməti o vaxt Xəzər dənizini neft istehsalı üçün sektorlara bölübdür. Bu, 1970-ci ildə olubdur. Ümumiyyətlə, o vaxtlar Xəzər dənizində neft istehsalı ilə məşğul olan təşkilat Azərbaycanda idi. O illər Xəzərin Azərbaycan sektorundan başqa, Türkmənistan sektorunda da neft istehsal edilirdi, bunu da Azərbaycana mənsub olan idarə həyata keçirirdi. Ancaq Xəzər dənizi o sektorlara bölündüyünə görə Azərbaycan sektorunda hasil edilən neft Azərbaycanın hesabına yazılırdı, Türkmənistan sektorunda hasil olunan neft isə Türkmənistanın hesabına yazılırdı.

Bu prinsip son illərə qədər davam edibdir. Xəzəryanı heç bir ölkə bu prinsipi şübhə altına almayıb, yaxud buna öz narazılığını bildirməyibdir. 1994-cü ilin sentyabr ayında Azərbaycan dünyanın böyük neft şirkətləri ilə ilk müqaviləni - öz sektorunda olan yataqlar üzrə ilk müqaviləni imzalayandan sonra Xəzər dənizinin statusu haqqında məsələlər ortaya atıldı.

Vaxtilə heç kim fikirləşmirdi ki, Xəzər göldür, dənizdir, yaxud başqa bir su hövzəsidir. Ancaq biz bu işə başlayandan sonra bəziləri ayılıblar ki, bəlkə bu prinsip onlar üçün əlverişli deyildir. Ona görə də bu məsələ müzakirə olunur, Xəzəryanı ölkələrin nümayəndələri, ekspertləri tez-tez görüşürlər, danışıqlar aparırlar. Fikirlər müxtəlifdir. Biz hesab edirik ki, Xəzər dənizinin mineral ehtiyatlarından, yəni dənizin dibində olan ehtiyatlardan yalnız sektorlar prinsipi əsasında istifadə olunmalıdır. Qazaxıstan da bizimlə eyni fikirdədir. Amma Rusiya, İran başqa fikirdədirlər. Türkmənistan isə Rusiya və İranın fikrinə tərəfdar çıxır. Ona görə də bu məsələ gələcək müzakirələr nəticəsində həll olunacaqdır. Hələlik isə biz dünya təcrübəsindən bəhrələnərək mövcud olan üstünlükdən istifadə edirik. O da ondan ibarətdir ki, - mən sizə dedim, - təqribən 30 il bundan öncə müəyyən olunmuş Xəzər dənizi sektorundan istifadə edirdik.

Sual: Cənab prezident, deyə bilərsinizmi ki, bu neft kimə məxsusdur, kimin sektorundadır?

Cavab: Sizə deyirəm ki, bizim sektorda olan neft bizə mənsubdur. İndiyə qədər belə olubdur. Hesab edirəm ki, bu gün də belə olmalıdır, gələcəkdə də belə olacaqdır.

Sual: Qeyd etmək lazımdır ki, bütün dünya şirkətləri neft sənayesinə böyük maraq göstərirlər. Başqa sənaye sahələrində vəziyyət necədir? Oraya maraq artırmı? Amerika Birləşmiş Ştatlarının şirkətləri bu sahələrə maraq göstərirlər?

Cavab: Göstərirlər, göstərirlər. İndi təbii sərvətlərimizdə başqa bir sahə də var, - bizim qızıl yataqlarımız var. Amerika şirkətləri Azərbaycanın qızıl yataqlarına da maraq göstərirlər. Biz onlarla danışıqlar aparmışıq, ola bilər ki, bu yaxınlarda bu barədə müqavilə imzalayaq.

Sual: Sənayenin daha hansı sahələrində imkanlar vardır?

Cavab: Kənd təsərrüfatı məhsullarının emalı ilə əlaqədar sahələrdə, kimya sənayesində, metallurgiya sahəsində imkanlar çoxdur.

Sual: Ümumi bir sual verim: Sizin ölkə Amerika sərmayəsini əsas nə ilə cəlb edə bilər?

Cavab: Nə barədə? Çox şey ilə cəlb edə bilər. Birinci növbədə, mineral ehtiyatlarla, ikincisi, sənayenin bir çox sahələri ilə - telekommunikasiya, infrastruktur və bir çox digər sahələr ilə.

Sual: Amerika Birləşmiş Ştatlarından olan sərmayəçiləri Azərbaycana nə ilə cəlb edirsiniz, digər ölkələrdən fərqi nədədir? Burada vergi sistemi daha yaxşıdırmı, islahatlar daha yaxşı həyata keçirilirmi? Nə üçün sərmayəçilər Azərbaycana başqa ölkələrə nisbətən daha həvəslə gəlirlər?

Cavab: Bilirsiniz, mən deyə bilmərəm ki, digər ölkələrdən fərqi nədədir. Hər ölkənin özünəməxsus imkanları var. Ancaq onu deyə bilərəm ki, Azərbaycanın təbii sərvətlərinin, iqtisadi potensialının imkanları və bu imkanlardan istifadə etmək üçün əlverişli şərtləri vardır, - həyata keçirilən iqtisadi islahatlar Azərbaycanın bütün dünya investisiyaları üçün açıqlığı, vergi sisteminin çox əlverişli olması. Məsələn, xarici sərmayəçilər üçün xüsusi şərait yaratmaq məqsədilə bizim qanun nəzərdə tutur ki, xarici sərmayəçi Azərbaycana sərmayə qoyduğu halda, bu, sərmayəçiyə zərər gətirərsə, on il müddətində o dəyişikliklər bu sərmayəçiyə tətbiq olunmur. İnvestorların gəlirlərinin repatriasiya olunması üçün xüsusi şərtlər var. Məsələn, gömrük vergisi bizdə çox aşağıdır. Bütün mallara gömrük vergisi 15 faizdən yuxarı deyildir.

Bir çox başqa şərtlər də vardır. Azərbaycanda indi özəlləşdirmə gedir. Hər bir xarici şirkət gəlib özəlləşdirmədə iştirak edə, Azərbaycanın sənaye müəssisələrini öz idarəsinə götürə bilər. Məsələn, biz gil-torpaq zavodunu Böyük Britaniya şirkətinin, tütün istehsal edən böyük bir fabriki isə Amerika şirkətinin idarəsinə vermişik.

Sual: Cənab prezident, özəlləşdirmə haqqında söhbət getdi. Məlumdur ki, yerli şirkətlərlə birlikdə xarici şirkətlər də özəlləşdirmədə iştirak edə bilərlər. ABŞ-ın iri və orta həcmli şirkətlərin özəlləşməsində rolu necə ola bilər?

Cavab: İstədiyi kimi. Biz onları özəlləşdiririk, satırıq və kim o şərtlərlə gəlib onu ala bilsə, alar.

Sual: Bu özəlləşdirmə "Prodakşn Servisis Limited" əsasında olacaq?

Cavab: Əgər şirkətlər böyük bir müəssisəni, fabriki, zavodu, istehsal müəssisəsini alacaqlarsa, onların şəxsi mülkiyyəti olacaqdır.

Sual: Bu, auksionda həyata keçiriləcəkdir?

Cavab: Bəli, auksionlar indi keçirilir. Şirkətlər gəlib iştirak edə bilərlər.

Sual: Hər bir şirkət iştirak edə bilərmi?

Cavab: Bəli.

Sual: Cənab prezident, məlumdur ki, pay bölgüsünə əsaslanan imzalanmış neft müqavilələrinə görə 5 ildə Azərbaycanın gəlirləri birdən-birə xeyli artacaqdır. Əldə olunan gəlirlərdən Siz necə istifadə edəcəksiniz?

Cavab: Gəlir olandan sonra ondan istifadə etmək yolları çətin deyildir və burada heç bir problem yoxdur.

Sual: Onları hansı zonalara, sahələrə daha çox yönəldəcəksiniz?

Cavab: Şübhəsiz ki, bu gəlirlərin bir hissəsi yeni istehsalat yaratmaq üçün istifadə olunacaqdır. İndi biz xarici sərmayələr cəlb edirik, ancaq gələcəkdə, gəlirimiz çox olanda, ola bilsin ki, xarici sərmayəyə ehtiyacımız olmasın. Eyni zamanda bu, respublika iqtisadiyyatının inkişaf etdirilməsinə, əhalimizin yaşayışının yaxşılaşdırılmasına sərf olunacaqdır.

Sual: Bu sualım Sizin səfəriniz haqqındadır. Məlumdur ki, bu, Sizin Ağ evə ilk rəsmi səfərinizdir. Sualım 907-ci maddə haqqındadır. Məlumdur ki, 907-ci maddənin Amerika Birləşmiş Ştatlarının sərmayələrinə mənfi təsiri olubdur. Bu maddə aradan götürülərsə, vəziyyət necə olacaqdır?

Cavab: Bilirsiniz, bu, Amerika Birləşmiş Ştatlarına bizim ən böyük müraciətimizdir, xahişimizdir. 907-ci maddə 1992-ci ildə Azərbaycana qarşı tətbiq olunubdur, bununla Amerika Birləşmiş Ştatlarının Konqresi tərəfindən Azərbaycana qarşı ədalətsizlik edilibdir. ABŞ burada çox şey itiribdir. Əgər 907-ci maddə olmasaydı, bizim iqtisadi əlaqələrimiz daha da genişlənərdi, ABŞ şirkətləri və hökuməti də Azərbaycanın iqtisadi əlaqələrindən daha çox mənfəət götürərdi. Ancaq son vaxtlar ABŞ-ın özündə və xüsusən, hökumətində, Konqresin özündə də 907-ci maddənin ədalətsiz tədbir olduğunu dərk ediblər və bunun aradan götürülməsi üçün Amerika Birləşmiş Ştatlarında da təkliflər irəli sürülübdür. Bir neçə gün bundan öncə konqresmen Kinq 907-ci maddənin ləğv olunması üçün xüsusi qərar layihəsi təqdim edibdir. Mən konqresmen Kinqə çox təşəkkür edirəm.

Dövlət və hökumət rəhbərləri ilə qarşıdakı görüşlərimdə, o cümlədən Konqresdə və Ağ evdə də bu məsələ bizim danışıqlarımızın əsas mövzularından biri olacaqdır.

Sual: Məlumdur ki, Siz Amerikaya rəsmi səfərə gəlmisiniz. Vaşinqtonda rəsmi görüşləriniz olacaqdır. Azərbaycanın neft şirkətləri ilə yaxşı əlaqəsi olan Çikaqoya, Hyüstona gedəcəksiniz. Adlarını çəkdiyiniz digər sənaye sahələri haqqında söhbətləriniz olacaqdır?

Cavab: Tək neft sahəsində yox, başqa sahələrdə də söhbətlərimiz olacaqdır.

Sual: Neft sənayesindən başqa, hansı sənaye sahəsinə çox sərmayə axını olmasını istərdiniz?

Cavab: Bilirsiniz, istərdik kənd təsərrüfatı məhsulları istehsalı sahəsinə, kimya sənayesinə, metallurgiya sahəsinə sərmayəçilər gəlsin. Bizim imkanlarımız çoxdur.

Sual: Bilirsiniz ki, Sumqayıt layihəsi yaxın gələcəkdə həyata keçiriləcəkdir?

Cavab: Siz yəqin ki, Sumqayıtda sərbəst iqtisadi zonanın yaradılmasını nəzərdə tutursunuz? Bəli, biz buna çox böyük əhəmiyyət veririk. Hesab edirik ki, bu, çox realdır və bunu həyata keçirmək mümkündür. Sumqayıt gənc bir şəhərdir. 45 il bundan öncə yaranıbdır. Onun yaranmasına da səbəb orada böyük sənaye müəssisələrinin tikilməsidir. Orada neft sənayesi üçün borular hazırlayan nəhəng boru-prokat zavodu var. O zavodun modernləşdirilməsi və istehsal prinsiplərinin müasirləşdirilməsi çox əhəmiyyətlidir və xüsusən bizim bölgədə neft sənayesinin sürətli inkişafı ilə əlaqədardır. Sumqayıtda böyük alüminium zavodu var, onun inkişaf etdirilməsi də çox əhəmiyyətlidir. Bu şəhərdə neft və qaz məhsullarının emal olunması, kimya məhsulları alınması üçün böyük bir kimya kompleksi var. O zavodların yenidən qurulması və modernləşdirilməsi bizim üçün çox böyük əhəmiyyətə malikdir. Sumqayıtda toxuculuq fabrikləri də var.

Görürsünüz, bir şəhərdə nə qədər cürbəcür sahələr yaranıbdır. Hesab edirik ki, sərbəst iqtisadi zona Sumqayıtda vaxtilə yaranan bu sənaye müəssisələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar açacaqdır. Mən Amerika şirkətlərini də bu şəhərə - Sumqayıta dəvət edirəm. Çünki artıq başqa ölkələrin şirkətləri, xüsusən Yaponiyanın şirkətləri bu bölgəyə çox böyük maraq göstərirlər. Siz bilirsiniz ki, Yaponiya Amerikanın ən böyük rəqiblərindən biridir. Yaponiya şirkətləri indi bizim neft yataqlarına və başqa sahələrə də çox böyük maraq göstərirlər və çox yaxşı təkliflər irəli sürürlər. Əgər Amerika şirkətləri geciksə, Yaponiya şirkətləri gəlib yerləri tutacaqlar.

Jurnalist: Doğru deyirsiniz, Amerika şirkətlərinə bunu bildirmək lazımdır.

Heydər Əliyev: Mən sizə deyirəm, siz də bunları jurnalınızda yazın.

Sual: Cənab prezident, mən bilirəm ki, Sizin vaxtınızı çox aldıq. Amma mən Sizə bir qədər kövrək olan daha bir sual vermək istəyirəm. Necə bilirsiniz, Ermənistan-Azərbaycan münaqişəsi sabitliyi poza bilər, yoxsa bir sülh yolu tapılacaqdır?

Cavab: Bilirsiniz, bu münaqişənin tarixi sizə məlumdur. Doqquz il bundan əvvəl Ermənistan Azərbaycanın Dağlıq Qarabağ deyilən vilayətini ələ keçirmək üçün ölkəmizə qarşı hərbi təcavüz edibdir. Bu hərbi təcavüzün nəticəsində Azərbaycanın həm Dağlıq Qarabağ, həm də onun ətrafında olan bir çox hissəsi - respublikamızın ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal edilmiş torpaqlardan bir milyondan çox Azərbaycan vətəndaşı öz yurdlarından zorla çıxarılıbdır. İndi onlar çadırlarda ağır vəziyyətdə yaşayırlar. Siz bilməlisiniz ki, işğal edilmiş ərazilərimizdə bizim çox zəngin təbii sərvətlərimiz, münbit torpaqlarımız vardır, sənaye müəssisələrimiz olubdur. Onlar hamısı dağılıbdır və bizə çox böyük maddi zərbə vurulubdur. Ancaq buna baxmayaraq biz müharibə etmək istəmirik. Üç il bundan əvvəl biz atəşi dayandırmışıq, indi atəş yoxdur. Biz ancaq sülh əldə etmək və işğal olunmuş torpaqlarımızın azad edilməsinə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına nail olmaq istəyirik.

Bilirsiniz ki, bu məsələ artıq bir çox beynəlxalq təşkilatlarda müzakirə edilibdir. ATƏT-in Minsk qrupu bu münaqişənin sülh yolu ilə həll edilməsi məsələsi ilə məşğul olur. Minsk qrupunun həmsədrlərindən biri də Amerika Birləşmiş Ştatlarıdır. Ağ evdə və ümumiyyətlə, Amerikada keçirəcəyim görüşlərdə bü münaqişənin sülh yolu ilə həll edilməsi məsələsi bizim danışıqlarımızın əsas mövzusu olacaqdır.

Mən ümid edirəm ki, Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün bizə kömək edəcəkdir. Biz sülh istəyirik.

Sual: Cənab prezident, inanmağa sizdə elə bir əsas varmı Amerika Birləşmiş Ştatları bu işlə məşğul olacaqdır?

Cavab: Bəli. Prezident cənab Bill Klinton mənə deyib ki, şəxsən o, bu işlə ciddi məşğul olacaqdır. Mən iyulun 8-9-da Madriddə olarkən görüşümüz zamanı cənab Bill Klinton belə bəyanatlar veribdir. Mən sizə təşəkkür edirəm.

Jurnalist: Cənab prezident, çox sağ olun. Biz Sizə uğurlu səfər arzulayırıq.

"Azərbaycan" qəzeti, 30 iyul 1997-ci il