Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvanda baş vermiş təyyarə qəzasında həlak olan həmvətənlərimizin xatirəsini yad etmək üçün keçirilmiş matəm mərasimində çıxışı - Təzəpir məscidi, 7 dekabr 1995-ci il


Hörmətli həmvətənlər, əziz qardaşlarım!

Vətəndaşlarımızın həlak olması ilə əlaqədar cümə axşamı günündə onların ruhunu yad etmək üçün buraya - müqəddəs evə, Təzəpir məscidinə, Allah evinə gəlmişik. Bildiyiniz kimi, dekabrın 5-də Naxçıvan Muxtar Respublikasından Bakıya uçan təyyarə Naxçıvan üzərində qəzaya uğramışdır. Bunun nəticəsində sərnişinlərin bir hissəsi, demək olar, əksəriyyəti həlak olmuşdur. Verilən məlumatlara görə 81 sərnişindən və ümumiyyətlə təyyarədə olan insanlardan 11-i həlak olubdur. Yaralananlar, xəsarət alanlar da var, onlar müalicə olunurlar.

Bilirsiniz ki, mən bu zaman xaricdə səfərdə idim və həmin gecə Fransadan, Parisdən Bakıya, Vətənimizə gəldim. Gələn kimi bu məlumatı aldım. Artıq bizim müvafiq orqanlar bu qəza, bu faciə ilə əlaqədar müəyyən işlər görməyə başlamışdılar və mən bu işlərlə şəxsən məşğul oldum. Bu qəzanın baş verməsinin səbəblərini araşdırmaq üçün, qəza nəticəsində yaranmış çətinlikləri aradan qaldırmaq, həlak olanların dəfnini təşkil etmək, onların ailələrinə yardım göstərmək üçün və başqa işlərin görülməsi üçün lazımi fərmanlar, sərəncamlar verdim, özüm də şəxsən bu işlərlə məşğul oldum.

Bu, bütün xalqımızın faciəsidir. İnsanların həyatdan getməsi, xüsusən belə qəza nəticəsində həyatdan getməsi həmişə çox böyük kədər doğurur, qəm-qüssə doğurur və matəm gətirir. Ona görə də biz hamımız bu hadisədən kədərlənmişik, matəm keçiririk. Çünki Azərbaycanın hər bir vətəndaşı dövlət üçün əzizdir və güman edirəm ki, başqa bir vətəndaşların həlak olması hər bir vətəndaş üçün faciədir.

Mən həlak olanların hamısının ailələrinə və Azərbaycan xalqına bu faciə ilə əlaqədar dərhal başsağlığı vermişəm. Həlak olanların ailələrinə həm maddi, həm mənəvi yardım göstərilməsi üçün lazımi tədbirlər görmüşəm. Bu gün isə, bu cümə axşamı biz dini adət-ənənəmizə görə buraya, Təzəpir məscidinə toplaşmışıq ki, bu faciədən bir daha kədərləndiyimizi bildirək, həlak olanların ruhuna dualar oxunsun və onlara Allahdan rəhmət diləyək.

Həyatımız son illər çətin mərhələlərdən keçir, ağır günlər keçiririk. Bildiyiniz kimi, yeddi ildən artıqdır ki, Azərbaycana qarşı Ermənistan tərəfindən təcavüz olunubdur. İtkilər vermişik, şəhidlər vermişik. Bu gün, cümə axşamı bütün şəhidlərin qəhrəmanlığını, cəsurluğunu yad edirik, onların xatirəsinə sadiqliyimizi bildiririk. Mən bütün şəhidlərə bir daha Allahdan rəhmət diləyirəm.

Ermənistan Azərbaycana qarşı təcavüzü nəticəsində ərazimizin bir qismi işğal olunubdur. İşğal olunmuş torpaqlardan vətəndaşlarımız qaçqın düşüb, ağır vəziyyətdə yaşayırlar.

Naxçıvan Muxtar Respublikası isə, bilirsiniz ki, vaxtilə, tarixi keçmişdə buraxılmış səhvlərə görə Azərbaycanın əsas hissəsindən Ermənistanın ərazisi ilə ayrı düşübdür, demək olar, bir ada şəklindədir. Hər tərəfdən Ermənistanın ərazisi ilə əhatə olunubdur. Ona görə də Ermənistan ilə Azərbaycan arasında müharibə, hərbi münaqişə başlanandan bəri Naxçıvan Muxtar Respublikası blokada şəraitindədir. Yəni öz doğma Vətəninin başqa hissəsi ilə, onun paytaxtı Bakı ilə əlaqələri tamamilə kəsilib, yeganə əlaqə yolu hava yoludur, təyyarə ilədir. Dəmir yolu xətti kəsilib, avtomobil yolu kəsilib, başqa yollar da yoxdur. Naxçıvan Muxtar Respublikasının vətəndaşları ancaq hava yolu ilə, təyyarələr vasitəsilə Azərbaycanın paytaxtı Bakı ilə, Azərbaycanın başqa bölgələri ilə əlaqə saxlaya bilirlər. Bir də ki, şübhəsiz, qonşularımız İran və Türkiyənin ərazisindən yollar var, bunlardan da istifadə olunur. Ancaq Azərbaycanın öz ərazisindən Naxçıvan Muxtar Respublikasının dövlətimizin paytaxtı ilə bilavasitə əlaqəsinin kəsilməsinin muxtar respublikada yaşayan Azərbaycan vətəndaşları üçün nə qədər ağır və çətin şərait yaratdığını şübhəsiz ki, təsəvvür edə bilərsiniz.

Belə bir şəraitdə insanlar orada həm iqlimin sərt olması ilə əlaqədar, həm də ki, bu şəraitin çox ağır iqtisadi çətinliklər yaratması ilə əlaqədar olduqca ağır vəziyyətdə yaşayırlar, ağır həyat tərzi keçirirlər. Amma buna baxmayaraq, Naxçıvan Muxtar Respublikasının vətəndaşları ancaq hava yolu ilə, təyyarələr vasitəsilə Azərbaycanın paytaxtı Bakı ilə, Azərbaycanın başqa bölgələri ilə əlaqə saxlaya bilirlər. Bir də ki, şübhəsiz, qonşularımız İran və Türkiyənin ərazisindən yollar var, bunlardan da istifadə olunur. Ancaq Azərbaycanın öz ərazisindən Naxçıvan Muxtar Respublikasının dövlətimizin paytaxtı ilə bilavasitə əlaqəsinin kəsilməsinin muxtar respublikada yaşayan Azərbaycan vətəndaşları üçün nə qədər ağır və çətin şərait yaratdığını şübhəsiz ki, təsəvvür edə bilərsiniz.

Belə bir şəraitdə insanlar orada həm iqlimin sərt olması ilə əlaqədar, həm də ki, bu şəraitin çox ağır iqtisadi çətinliklər yaratması ilə əlaqədar olduqca ağır vəziyyətdə yaşayırlar, ağır həyat tərzi keçirirlər. Amma buna baxmayaraq, Naxçıvan Muxtar Respublikasının vətəndaşları heç vaxt iradələrini itirməyiblər, sınmayıblar, Azərbaycanın ərazisini mərdliklə, cəsurluqla qoruyublar və qoruyurlar, öz torpaqlarının keşiyində durublar, Ermənistanla üzbəüz dayanaraq öz torpaqlarını son dəqiqəyə qədər qorumağa qabil və hazırdırlar. Bütün bu çətinliklərin, bütün bu ağırlıqların üzərinə bir dərd də gəldi ki, təyyarənin qəzaya uğraması nəticəsində Naxçıvan Muxtar Respublikası vətəndaşlarının böyük bir qrupu bir dəqiqə içərisində həlak oldu. Orada Azərbaycanın başqa bölgələrindən olan bir neçə vətəndaşımız da var. Amma həlak olanların əksəriyyəti Naxçıvan Muxtar Respublikasının sakinləridir.

Bütün bunlar hamısı birlikdə bizim ümumi dərdimizə, ümumi kədərimizə, ümumi qəm-qüssəmizə çevrilibdir. Ona görə siz də buraya gəlmisiniz, ona görə mən də buraya gəlmişəm. Baş vermiş bu qəza ilə əlaqədar və vətəndaşlarımızın həlak olması ilə əlaqədar olaraq Azərbaycan xalqına bir daha dərin hüznlə başsağlığı verirəm. Həlak olanların ailə üzvlərinə, yaxınlarına, qohum-əqrəbalarına bir daha dərin hüznlə başsağlığı verirəm. Allah həlak olmuş soydaşlarımıza rəhmət eləsin, onların qəbirləri nurla dolsun. Allah onların ailə üzvlərinə, qohum-əqrəbalarına səbr versin. Allah xalqımıza səbr versin.

Xalqımız səbrli, dözümlü xalqdır. Son illər biz dəfələrlə faciələrlə rastlaşmışıq, torpaqlarımızı qoruyaraq şəhidlər vermişik. İşğal olunmuş torpaqlarımızdan qaçqın düşmüş vətəndaşlarımız həddindən artıq ağır şəraitdə yaşayırlar. Amma xalqımız buna dözür və biz dözəcəyik. Dözəcəyik ona görə ki, artıq bizim müstəqil Azərbaycan Respublikamız var, biz müstəqil dövlətik. Dözəcəyik ona görə ki, özümüz öz taleyimizin sahibiyik və öz adət-ənənələrimizi geri qaytarmışıq, ulu babalarımızın qoyduğu yolla gedirik. Dözəcəyik ona görə ki, bizim mənəvi mənbəyimiz olan İslam dinimiz Azərbaycanın hər yerində özünə layiq yerini tutubdur və güman edirəm ki, Allah bizə yardımçı olacaq, kömək edəcək və biz belə ağır şəraitdən çıxacağıq. Dözürük, dözəcəyik ona görə ki, bizdə inam var ki, zəbt olunmuş torpaqlardan işğalçı dəstələri çıxaracağıq, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edəcəyik, müstəqil dövlət kimi Azərbaycan Respublikasının sərhədlərinin toxunulmazlığını təmin edəcəyik və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparacağıq. Bax, buna görə də xalqımız dözür və buna görə mən bütün xalqımıza, bütün vətəndaşlarımıza təşəkkürümü bildirirəm. Sizi əmin etmək istəyirəm ki, xalqımızı bu vəziyyətdən çıxarmaq üçün, respublikamızı bu dərd-bəladan xilas etmək üçün, inkişaf etdirmək üçün əlimdən gələni edirəm və bundan sonra da edəcəyəm.

Bizə təskinlik verən odur ki, dünya birliyində öz yerimizi tutmuşuq. Azərbaycan xalqının dünyada, hər yerdə özünəməxsus yeri var, adı var, bütün xalqlar içərisində biz də varıq. Birləşmiş Millətlər Təşkilatının üzvüyük. Dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu iqtisadi, siyasi əlaqələr yaradırıq. Artıq bizimlə, yəni Azərbaycan Respublikası ilə, müstəqil Azərbaycanla, Azərbaycan dövləti ilə hər bir dövlət hesablaşır, bizə hörmət edir, hörmət və ehtiramla qarşılıqlı əlaqələr yaradır. Bu, bizim böyük nailiyyətimizdir. Bu, xalqımızın tarixində çox yüksək və parlaq bir mərhələdir. Bu nailiyyətlərə görə biz özümüzə təskinlik veririk. Buna görə də biz dözməliyik ki, gələcəyimizi, gələcək nəsillərin daha da firavan həyatını təmin edə bilək.

Bilirsiniz ki, mən son günlər Böyük Britaniyada, Fransada olmuşam. Beynəlxalq iqtisadi təşkilatlar, maliyyə təşkilatları ilə, dövlət orqanları ilə danışıqlar aparıb yenə də Azərbaycanın mövqelərini möhkəmləndirmək, iqtisadi əlaqələrimizi genişləndirmək üçün lazımi tədbirlər gördüm, bunlar da öz nəticələrini verir və verəcəkdir.

Yaxın dostumuz, Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Süleyman Dəmirəl mənim dəvətimlə bu gün Azərbaycana rəsmi səfərə gəlir, Azərbaycan artıq müstəqil dövlətdir və böyük-böyük dövlətlərin başçıları, nümayəndə heyətləri onu ziyarət edirlər. Azərbaycanın nümayəndələri də dünyanın böyük dövlətlərinə səfərlər, ziyarətlər edirlər, görüşlər keçirir, müqavilələr imzalayırlar. Bunlar bizim həyatımızda olan yeniliklərdir və müstəqilliyimizin bizə bəxş etdiyi nemətlərdir. Biz bunlarla öyünə bilərik, fəxr edə bilərik, özümüzə təskinlik verə bilərik, bunlarla özümüzə təskinlik verməklə bu dərd, bəla, kədər şəraitinə dözə bilərik.

Mən bir daha sizə başsağlığı verirəm, Azərbaycan xalqına başsağlığı verirəm, həlak olanların ailələrinə başsağlığı verirəm və həlak olanların ailələrinə, qohum-əqrəbalarına Allahdan səbr diləyirəm. Allah həlak olanlara rəhmət eləsin, Allah Vətənimizin keşiyində, torpaqlarımızın müdafiəsində şəhid olanların hamısına rəhmət eləsin.

"Azərbaycan" qəzeti, 8 dekabr 1995-ci il.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər